Nazirlik Nazirlər Kabinetinin 127 saylı qərarım pozur

Vətəndaşlar haqqı olan 190 manatlıq yardımdan məhrum edir

 Məlum olduğu kimi ölkəmizdə koronavirus pandemiyasının yaratdığı fəsadların aradan qaldırılması məqsədilə dövlət büdcəsindən iqtisadiyyatın bərpa edilməsi və işsiz vətəndaşlara yardım üçün 3,5 milyard manat vəsait ayrılıb. Həmin vəsaitdən işsiz vətəndaşlarımıza iki aylıq, 190 manat həcmində yardımın verilməsi barədə Nazirlər Kabineti 127 saylı qərar qəbul edib. Qərarda aydın şəkildə kriteriyalar müəyyənləşdirilib və bu kriteriyalara uyğun gələn bütün vətəndaşlar sözügedən yardımı almaq haqqına malikdir. Əvvəl elan edildi ki, bu yardım cəmi 200 min vətəndaşa veriləcək, çünki elə bu qədər işsiz əhalimiz var. Lakin sonradan bəli oldu ki, bu yardımı almağa haqqı çatan insanların - işsizlərin sayı hökumətin nəzərdə tutduğundan bir neçə dəfə çoxdur. Ona görə də yardım alanların sayını 600 minə çatdırdılar və ailədə ər və arvaddan başqa, yaşı 18-də yuxarı olan, işsiz övlada da bu yardımın verilməsini nəzərə aldılar. Prosesin gedişindən aydın oldu ki, 190 manatı almağa hüququ olan vətəndaşların sayı 600 mindən də çoxdur və hökumət bundan artıq əhaliyə yardım vermək fikrində deyil. Vəziyyətdən çıxış yolunu çox axtarmaq lazım gəlmədi, məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıldı.

 İşsiz və qeyri-leqal (gizli) məşğul vətəndaşlara gələn kütləvi imtina mesajlarının təhlili göstərir ki, ƏƏSMN Nazirlər Kabinetinin 127 saylı qərarını pozaraq, sistemə əlavə filtirlər (süzgəclər) qoyub. Əslində, Nazirliyin belə bir səlahiyyəti yoxdur, bu cinayət məsuliyyəti yaradan ciddi qanun pozuntusu, vəzifə səlahiyyətlərinin aşılması faktıdır. Nazirlik icraedici orqandır və onun qanunu dəyişmək, ona əlavə bəndlər artırmaq səlahiyyəti yoxdur. Sözügedən iddiamızı əsaslandırmaq üçün əlimizdə olan iki qeyri-qanuni imtina mesajını diqqətinizə çatdıracağıq.

Ötən həftə redaksiyamıza 190 manatlıq yardım verilməsindən imtina cavabı alan və bunu qeyri-qanuni hesab edən iki oxucu elektron poçt vasitəsi ilə şikayət ünvanlayıb. Biz də bu şikayətləri araşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazl Talıbovla əlaqə saxladıq. Fazil müəllim təklif etdi ki, şikayətləri elektorn poçt ünvanına göndərin, ən qısa zamanda cavablandıraq. Aşağıdakı iki qısa mətinlə Fazil Talıbova emeil vastəsi ilə müraciət etdik:

- Salam. İbrahimli Natiq Etibar oğlunun adına atasına məxsus şəxsi minik avtomobilini idarəetmə etibarnaməsi olduğu üçün ona 190 manat yardımın verməsindən imtina edilib, bu səhvi düzəltmək üçün hara müraciət edilməlidir? (Beyləqan rayonu)

- Dadaşova Sevda Arif qızının həyat yoldaşı 5 il əvvəl dünyasını dəyişib, özü isə işsizdi, heç bir pensiya və müavinət almır, sadəcə şəxsiyyət vəsiqəsində ailə vəziyyəti evli yazıldığına görə ona 190 manat yardım verməkdən imtina edilib, bu səhvi düzəltmək üçün hara müraciət edilməlidir? (Xətai rayonu).

Operativliyinə görə Fazil müəllimə təşəkkürlərimizi izhar edirik - vəzifəyə təyin ediləndən indiyə qədər ona ünvanladığımız müraciətlərdən fərqli olaraq, sözügedən müraciətə bir neçə saat ərzində cavab gəldi və bu cavab Nazirliyin qeyri-qanuni əməllərini ifşa etdi:

- İlk öncə onu qeyd edim ki, birdəfəlik ödəmə avtomatlaşdırılmış sistem tərəfindən, yəni insan müdaxiləsi olmadan təyin edilir. Çoxsaylı müraciətlər müxtəlif dövlət orqanlarına məxsus 25 fərqli elektron informasiya bazalarından inteqrasiya şəraitində emal, təhlil və qiymətləndirilir vətəndaşa imtina və təsdiq cavabı verilir.

- Birinci hal ilə bağlı qeyd edim ki, vətəndaşın (İbrahimli Natiq Etibar oğlu) mülkiyyətində/istifadəsində nəqliyyat vasitəsi (minik, yük, sərnişin daşıma) olması barədə məlumat Daxili İşlər Nazirliyinin informasiya bazasından əldə edilmişdir. Buna uyğun olaraq Nazirlər Kabinetinin 127 saylı qərarına əsasən, aztəminatlılıq meyarına uyğun gəlmədiyi üçün imtina verilmişdir.

- İkinci halda isə vətəndaşın (Dadaşova Sevda Arif qızı) nigahda olub-olmaması ilə bağlı məlumat Ədliyyə Nazirliyinin informasiya bazasından əldə edilmişdir. Buna uyğun olaraq vətəndaşın özünün və ya həyat yoldaşının adına aktiv əmək müqaviləsi, aktiv VÖEN-i, pensiyası, müavinəti, təqaüdü, daşınmaz əmlakı, nəqliyyat vasitəsi, torpaq payı və s.-dən biri olduğu üçün aztəminatlılıq meyarına uyğun gəlmədiyi üçün imtina verilmişdir.

Aşağıda NK-nın 127 saylı qərarındakı birdəfəlik ödəmənin verilmə şərtlərini olduğu kimi veririk:

  1. Birdəfəlik ödəmənin verilməsi şərtləri

2.1. Birdəfəlik ödəmə "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir.

2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir:

2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə.

2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara;

2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;

2.3.6. işsizlikdən sığorta ödənişi alanlara;

2.3.7. peşə hazırlığına görə təqaüd alanlara;

2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in "Əmək müqaviləsi bildirişi" altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə.

2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.

Göründüyü kimi, nazirlik yetkilisinin birinci hal üçün göstərdiyi 190 manatlıq yardımdan imtina səbəbi (mülkiyyətində/istifadəsində nəqliyyat vasitəsi (minik, yük, sərnişin daşıma) olması qanunun birdəfəlik ödəmənin verilməsi şərtlərində nəzərdə tutulmayıb. Bu o deməkdir ki, əslində bütün mülkiyyətində və istifadəsində nəqliyyat vasitəsi olan işsiz vətəndaşlar sözügedən yardımı almaq hüququna malikdir, amma ƏƏSMN özbaşına olaraq bu kateqoriyadan olan onminlərlə vətəndaşın hüquqlarını pozub və onları halal haqqından  dövlətinin yardımından məhrum edib.

İkinci hal üçün verilən cavab daha gülüncdür, çünki əlimizdə təsdiqləyici sənəd ("Ölüm haqqında şəhadətnəmə" 01.02.2016, №122) var ki, Dadaşova Sevda Arif qızının həyat yoldaşı - Dadasov Sahib Mali oğlu 21.05.2015-si il tarixdə vəfat edib. Sənədi 1 saylı Bakı "ASAN" xidmət mərkəzi verib. Bu isə ondan xəbər verir ki, həmin  "Ölüm haqqında şəhadətnəmə" elektron hökumət portalının alt sistemlərində mövcuddur və təhlil zamanı həmin sənəd sözsüz ki, ortaya çıxıb. Lakin şəxsiyyət vəsiqəsindəki "evli" qeydini bəhanə gətirərək, qeyri-qanuni olaraq vətəndaşa yardım verilməsindən imtina edilib. İkinci hal üçün verilən cavabda bir yeni nüans da ondan ibarətdir ki, ƏƏSMN alt sistemində daşınmaz əmlaka sahib olan işsiz vətəndaşlar üçün də bu yardımın verilməsindən imtina edilib. Halbuki qanunun yuxarıda qeyd etdiyimiz şərtində belə bir qadağa mövcud deyil. Bununla yanaşı, bir neçə il əvvəl boşanmış işsiz qadın və kişilərə də yardımın verilməsindən imtina cavabı gəlir. Bu halda sistem əsas gətirir ki, vətəndaşın əri/arvadı barədə məlumat əldə etmək mümkün olmadı. Bir çox işsiz vətəndaşlarımız da var ki, hansısa səbəbdən onları xəbəri olmadan qeydiyyatda olduğu ünvanda qeydiyyatdan çıxarılıblar və belə işsizlərə də yardım verilməsindən imtina cavabı gəlib. Halbuki, qanunda nəzərdə tutulan şərtdə qeydiyyatla bağlı heç bir bənd yoxdur.

Ümumiyyətlə, bu proses ölkədəki bir çox qaranlıq məqamlara aydınlıq gətirdi və bir daha Azərbaycan hökumətinin qanunlara necə hörmət qoyduğunu nümayiş etdirdi. Birincisi, şahidi oldu ki, 600 min işsizə yardım verilsə də, elə bir o qədər də işsizə qeyri-qanuni olaraq yardımdan imtina qərarı gəldi, yəni ölkədə işsizlərin sayı beş faiz deyil, yüzminlərlə - daha dəqiq desək, bir milyondan çox işsiz vətəndaşımız var.

İkincisi, bəlli oldu ki, icra orqanları üçün qanunun aliliyi prinsipi boş şeydi, lazım olanda istənilən nazir Azərbaycan qanunlarını ayaqları altına atıb taptalayır- Sahil Babayev kimi!

 Akif Nəsirli

0.10486078262329