Sonuncu rüşvətxor qalana qədər

Bu mübarizə fasiləsiz davam etməlidir

 Azərbaycanda rüşvətxorluğa qarşı mübarizə tədbiləri genişlənir. Dövlət Təhlükəsizlik Xidmətinin xətti ilə həyata keçirilən həbslər rüşvətxorluğun ölkəmizdə geniş yayıldığını təsdiq edir. Beş rayonun icra başçısının və Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxslərinin həbs olunması nəticəsində aşkar edilmiş rüşvətxorluq əməlləri cəmiyyət tərəfindən təbii qarşılanıb çünki «gözü tərəzi» olan el bunu çoxdan görürdü və hətta deyirdi. 

Bəşəriyyəti çıxılmaz bəlalarla üzləşdirən koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərin əsas məqsədi vətəndaşların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsidir. Bu məqsədlə həyata keçirilən tədbirlərin uğurla davam etdiyini qeyd etmək lazımdır. Pandemiyanın ilk günlərindən dövlət mexanizmi çevik, operativ, fasiləsiz və ahəngdar işlədi, Azərbaycan hökuməti ən doğru addım atdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiya dövrünün çağırışlarına uyğun olaraq yeni işlək strukturların yaradılması və bir sıra dövlət qurumlarının fəaliyyətinin yenidən qurulması, onların əlaqəli və operativ işlərinin təşkili koronavirusla mübarizənin uğurla aparılmasına əlverişli şərait yaratdı. Hazırda pandemiyanın ölkədə genişlənməsinin qarşısını önləmək məqsədilə tədbirlər ardıcıl davam etdirilir.

Dünya və ölkəmiz üçün belə çətin, ağrılı-acılı günlərdə xalqın, dövlətin malını mənimsəyən məmurların vəzifə səlahiyyətlərindən istifadə edərək, korrupsiya və rüşvətxorluqla məşğul olması təbii olaraq, cəmiyyətdə ciddi mənfi rezonans yaradır. Cənab Prezident xalqa xəyanət edən belə insanlara aramızda yer olmadığını, onların layiq olduğu cəzaları alacaqlarını hələ xeyli əvvəl bildirmişdi. Son vaxtlar dövlətçiliyimizə, xalq malına xəyanət edən bir neçə dövlət məmurunun həbsi ölkəmizdə korrupsiya və rüşvətxorluqla mübarizənın daha ciddi xarakter aldığını bir daha təsdiq edir. Cənab Prezident haqlı olaraq deyir: “Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin”.

Lakin prezidentin bu cür aydın, açıq, ciddi xəbərdarlığına baxmayaraq, hələ də ölkəmizdə elə insanlar tapıldı ki, onlar öz vəzifə məsuliyyətlərini yaxşı dərk etmirlər və cinayətkar fəaliyyətlərini davam etdirirlər. Son vaxtlar çoxsaylı şıkayətlər, korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakını talama nəticəsində Ağstafa, Yevlax, Neftçala, Biləsuvar, İmişli rayon icra hakimiyyətlərinin başçıları öz layiq olduqları cəzaya layiq görülüb, həbs olunmuşlar. Sonuncu həbs olunan Biləsuvar və Imişli rayon icra başçıları dövlətin mənafeyinə ciddi zərbə vurmaqla bərabər, pandemiya dövrü maddi köməyə ehtiyacı olan şəxslərə dövlət tərəfindən ayrılmış yardımları mənimsəmişlər. Görəsən, belə acgöz, şərəfsiz insanlara daha nə ad vermək olar?! Onlar üçün vicdan anlayışı yoxdur. Cənab Prezident deyir ki, bizim siyasətimizin əsasında insan amili dayanır. Bu məmurlar isə Prezidentimizin yoxsul insanlara yardımını mənimsəyirlər.

Ölkə rəhbəri deyir: “Bu, vicdansızlıqdır, buna başqa ad vermək olmaz. Artıq bu gün biz nəzarəti gücləndirmişik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də tapşırıq verildi ki, onlar bu işlərə də nəzarəti gücləndirsinlər.”

Azərbaycanda islahatlar davam etməkdədir. İslahatlar yeniləşmə deməkdir. Ölkəmizdə ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatlarının növbəti mərhələsi həyata keçirilir. Cənab Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının yeni Baş prokurorunu təyin etdi. Dövlət başçısı Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən, korrupsiya və rüşvətxorluqla mübarizə tədbirlərinin davam etdiriləcəyini bir daha bəyan etdi. Prezident deyib: "Əfsuslar olsun ki, belə xoşagəlməz hallar digər rayonlarda da var. Bu haqda məlumat var və bir daha demək istəyirəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Heç kim qanundan üstün deyil və əgər kim fikirləşirsə ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır”.

Əlbəttə, bu mübarizədə dövlət orqanları ilə yanaşı, xalqın, ictimaiyyətin, medianın üzərinə də böyük məsuliyyət düşür. Hər kəs fəaliyyət göstərdiyi sahədə rüşvət və korrupsiyaya qarşı barışmaz olmalı, dövləti və xalqı təhdid edən bu cür çirkin əməlin baş verməsinə imkan verməməlidir.

 Mahir Abbaszadə

0.32787084579468