Milli-dini tolerantlığın inkişaf etdirilməsi üçün ilk növbədə lokal münaqişələrdən qorunmaq lazımdır

  1. H. Əliyev: "...Bizim öz vətənimizlə, doğma Azərbaycanla fəxr

etməyə haqqımız var. Mən fəxr edirəm ki, azərbaycanlıyam..."

Azərbaycan qloballaşan müasir dünyamızın bir parçası olaraq, burada baş verən bütün proseslərdə yaxından iştirak edir. Dünyada baş verən terror hallarının, dini və milli münaqişələrin aradan qaldırılması istiqamətində görülən işlərə dəstək verir. Həmçinin bu kimi halların ölkəmizdə baş verməməsi üçün ciddi işlər görür. Çünki müasir dünyamızda qloballaşmanın qaçılmaz bir proses olduğu artıq hamıya bəllidir və bu mərhələnin qarşılıqlı anlaşma, dialoq və əməkdaşlıq yolu ilə tənzimlənməsi, yarana biləcək münaqişələrin qarşısının alınmasında mühüm rol oynayır.

Son zamanlar dünyanın bir sıra bölgələrində, eləcə də Ukraynada baş verən qanlı toqquşmalar da, demokratik inkişaf yolu ilə gedən Avropaya inteqrasiya yolunu tutan bu dövlətin çox böyük çətinliklərlə üzləşdiyini deməyə əsas verir.  Bu toqquşma və qarşıdurmaların da heç şübhəsiz ki, bir çox səbəbləri var. Bu da məlumdur ki, hər hansı bir ayrıca götürülən dövlətin hansı istiqamətə üz tutmasından, hansı inkişaf formasını seçməsindən asılı olmayaraq, ilk növbədə ölkə daxilində milli və dini tolerantlığın təmin olunması və dövlət-din münasibətlərinin tənzimlənməsi ən mühüm məsələlərdən biridir. Çünki ölkədə mövcud olan dini və milli azlıqların hüquqlarının pozulması, birmənalı olaraq ölkədə arzuolunmaz proseslərin başlanmasına səbəb olur. Bu proseslərin qarşısının alınması isə bəzən çox böyük itkilər hesabına başa gəlir. Ukraynada bunun müsbət tərəflərini Krım tatarlarının slavyan ukraynalıları müdafiə etməsi formasında gördük. Bu da onu deməyə əsas verir ki, eyni ərazini paylaşan fərqli millətə və dinə məxsus iki toplum çətin məqamda bir araya gələ bilər. Burada bir məsələni də qeyd etmək yerinə düşür ki, istənilən bir dövlətin daxilində baş verən dini, yaxud milli münaqişələrdə, hər zaman kənar qüvvələrin təsiri açıq hiss olunur. Məhz bu səbəbdən, yəni Ukraynada baş verənlərə kənar qüvvələrin ciddi təsiri üzündən münaqişənin lokallaşmasının qarşısını almaq mümkün olmadı.

Ona görə Ukraynanı bir misal kimi qeyd etdik ki, bu gün Ukraynada baş verənlər, sovet rejiminin süqutu ərəfəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş qaldıran erməni separatizmini xatırladır. Bu münaqişə də, artıq 30 ildən uzun bir zamandır ki, davam edir. Səbəb yenə də kənar qüvvələrin bu münaqişəyə loyal münasibətidir.  

Bu da maraqlıdır ki, tarixin bütün dönəmlərindən müxtəlif xalqların, o cümlədən ermənilərin də hüquqları və maraqları ən yüksək səviyyədə qorunduğu Azərbaycanda gözlənilmədən erməni radikal separatçılarının baş qaldırması, heç də adi bir millətçilikdən doğan hadisə deyildi və prosesin gedişatı da bunu təsdiq etdi. Bu, süqut edən rus-sovet rejiminin postsovet məkanında lokal münaqişələr yaratmaqla milli və dini tolerantlığı sarsıtmaq və bu yolla da öz hegemonluğunu qorumaq siyasətindən irəli gəlirdi.

Bu siyasətin qarşısının alınmasında isə tolerantlıq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Çünki dünyada tolerantlığın və multikulturalizmin bu kimi proseslərin qarşısını alacaq bir çox modelləri mövcuddur və onlara diqqət etdikdə bir sıra maraqlı məqamlar üzə çıxır. Ən çox diqqətçəkən isə heç şübhəsiz ki, ABŞ -da yaranan tolerantlıq modelidir. Məlumdur ki, ABŞ da bir dövlət kimi formalaşması prosesində bir çox ciddi maneələrlə üzləşib. Bu maneələrin arasında qaradərililərlə ağdərililərin toqquşması, irlandlarla almanların bir-birini həzm edə bilməməsi, italyanlarla ingilislər arasında mövcud olan anlaşılmazlıqlar mühüm yer tutur və dövlətin formalaşması prosesinə ciddi əngəllər yaradıb. Dini baxımdan katoliklərlə protestantların toqquşması, xristianlarla müsəlmanların bir-birini həzm edə bilməməsi də, Amerikada sözün həqiqi mənasında böyük xaos yaratmışdı. Hələ o dövrdə dövlət bu vəziyyətdən çıxmaq üçün yollar axtarır, dövlət-din münasibətlərinin tənzimlənməsinə çalışırdı. O zaman bəziləri hətta ABŞ-da daha çox hansı millətin nümayəndələrinin yaşamasını nəzərə alaraq dövlət dilinin həmin millətin dilində olmasını və onlara müəyyən imtiyazların verilməsini də təklif edirdilər. Uzun sürən müzakirələrdən və debatlardan sonra maraqlı bir məntiq ortaya qoyuldu və bütün millətləri bir araya gətirəcək "amerikalı" məfhumu ortaya qoyuldu. Bu sistemin tətbiqi ilə qısa zaman ərzində ABŞ-da mövcud olan lokal münaqişələr aradan qaldırıldı, tolerantlıq ən yüksək səviyyədə tətbiq və təşviq olunmağa başladı. Milli və dini tolerantlığın, millətlərarası münasibətlərin inkişafına yönəlik bu sistem, daha sonralar dünyanın bir çox yerlərində tətbiq olunmağa başladı.

Ekspertlər də hesab edirlər ki, milli və dini tolerantlığın qorunması və inkişaf etdirilməsi üçün dövlət ilk növbədə özünü lokal münaqişələrdən qorumalıdır.

Diqqətinizə çatdıraq ki, Azərbaycan dövləti də, müstəqilliyinin ilk illərində belə bir vəziyyətlə üz-üzə qalmışdı. Bu da səbəbsiz deyildi.  Müstəqilliyinin ilk illərində millətçilik prinsiplərinin daha qabarıq şəkildə üzə çıxması, dövlət dilinin türk dili elan edilməsi və bu prinsiplərin dövlət idarəetmə sisteminə şamil olunması, ölkədə ciddi milli problemlərin yaranmasına gətirib çıxarmışdı. Məhz bu səbəbdən, ölkəmizdə yaşayan azsaylı xalqlar, etnik qruplar dövlətdən incik düşdülər və nəticədə cənubda Talış-Muğan Respublikası avantürası, şimalda Ləzgistan eyforiyası baş qaldırdı və Azərbaycan dövlətnin parçalanması təhlükəsi yarandı. Əslində, bu prosesə artıq 1988-ci ildə erməni separatçılarının ölkəmizə qarşı torpaq iddiası ilə çıxış etməklə, lokal münaqişə zonasını yaratmaqla start verilmişdi. Bu yolla da bəzi maraqlı qüvvələr ölkəmizdə mövcud olan milli və dini tolerantlığı məhv etməyə çalışırdılar. Bu da danılmaz tarixi faktdır ki, lokal konfliktlər daha sonra həm də sosial gərginliklərlə əvəzlənir ki, onların da qarşısını almaq mümkün olmur və dövlət xaosa sürüklənir.

Sosial konfliktlər həm də milli-dini tolerantlığa birbaşa təsir edən amillərdən biridir və 1992-ci ildə müəyyən qüvvələr, ölkəmizdə məhz bu problemi qabartmağa çalışırdılar.

Bu kimi problemlərin qarşısını almaq isə çox çətin olur. Dünyanın əksər dövlətlərinin tarixində belə hallar olub və onların aradan qaldırılmasında böyük şəxsiyyətlər və onlanın yürütdüyü siyasət mühüm rol oynayıb. Onlar bütün həlli müşkül problemlərdən çıxış yolu taparaq öz xalqını və dövlətini çətin vəziyyətdən çıxarmağı bacarıblar. Azərbaycan üçün belə bir şəxsiyyət həmin dövrdə ölkəmizi sosial-siyasi xaosdan xilas edən, xalqımızın böyük oğlu, Ümummilli lider Heydər Əliyev oldu. Bu günlərdə anadan olmasının 97-ci ildönümünü  böyük hörmət və ehtiramla yad etdiyimiz bu böyük şəxsiyyət, o dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldi və elə ilk gündən səsləndirdiyi fikir və ideyaları ilə sosial və siyasi konfliktlərin qarşısının alınmasına nail ola bildi. Bu da Azərbaycanda yaşayan bütün xalqları bir araya gətirəcək çox mühüm prinsiplərin gerçəkləşdirilməsi ilə mümkün oldu. Bu prinsiplər Azərbaycanın ərazi bütövlüyünə xidmət edəcək, burada yaşayan insanlarda qarşılıqlı inam yaradacaq azərbaycançılıq ideyalarından qaynaqlanırdı.

Azərbaycan xalqı bu prinsiplərə inamla yanaşdı və sonrakı gedişlər də sübut etdi ki, Heydər Əliyev Azərbaycanın dövlətçiliyini qorumaq üçün mümkün olan ən doğru yolu seçə bilib. Bu məqamda Ümummilli liderin çıxışlarından birində söylədiyi fikirlərə diqqət edin: "Bütün dünyaya məlumdur ki, Azərbaycan zəngin təbii sərvətlərə, yüksək elmə, mədəniyyətə, təhsilə, tərəqqiyə malik bir ölkədir. Ona görə də bizim öz vətənimizlə, doğma Azərbaycanla fəxr etməyə haqqımız var. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycan torpağı mənim doğma torpağımdır. Mən fəxr edirəm ki, mənim Azərbaycan kimi millətim var. Mən fəxr edirəm ki, mənim doğma ana dilim, Azərbaycan dilim var. Mən fəxr edirəm ki, müstəqil, azad, qüdrətli Azərbaycan dövləti var".

O dövrdə Prezident Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın dövlət dili Azərbaycan dili adlandırıldı və bununla da vahid xalq prinsipini zədələyəcək bütün maneələr aradan qaldırıldı. Ümummilli liderin təşəbbüsü ilə Azərbaycanın yeni Konstitusiyası işlənildi və burada milli-dini tolerantlığın bütün aspektləri öz əksini tapdı. Daha sonra dövlət-din münasibətlərinin tənzimlənməsi üçün "Dini etiqad azadlığı haqqında" qanun yenidən işlənildi və bununla da milli və dini tolerantlığın qorunması üçün mühüm hüquqi baza yaradıldı. Bütün bu proseslər ölkəmizə ciddi xarici təzyiqlərin mövcud olduğu bir vaxtda həyata keçirilirdi. Əsas məsələ o idi ki, Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevə inanır, onun yürütdüyü siyasəti qəbul edir və dəstəkləyirdi. Ulu Öndərin həyata keçirdiyi bu siyasətlə bir daha sübut etdi ki, lokal münaqişələr və sosial konfliktlər olan yerdə dövlət quruculuğunda ortaya qoyulan məqsədə çatmaq çox çətindir, lakin mümkünsüz deyil.

Ulu Öndər Heydər Əliyevin bütün ideyalarının daşıyıcısı olan Prezident İlham Əliyev də milli-dini tolerantlığın qorunması, millətlərarası münasibətlərin inkişafı üçün çox böyük layihələr həyata keçirir və mühüm nailiyyətlər əldə olunub. Bu fəaliyyətin nəticəsidir ki, İlham Əliyevin bu istiqamətdə gerçəkləşdirdiyi siyasət, beynəlxalq arenada artıq intellektual inqilab kimi diymətləndirilir və dəstəklənir. Bu gün dünyanın bütün beyin mərkəzlərinin Azərbaycanı tolerantlıq və multikulturalizm mərkəzi kimi qəbul etməsi də, bilavasitə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətlərinin nəticəsidir. Milli-dini tolerantlığın, millətlərarası münasibətlərin inkişafı istiqamətində hazırda Azərbaycanda həyata keçirilən layihələrə nəzər salsaq görərik ki, Azərbaycan multikulturalizmi modeli artıq dünyanı fəth etməkdədir.

Hazırda Azərbaycan multikulturalizmi modelinin təbliği və təşviqi istiqamətdə görülən qlobal işlərin nəticəsidir ki, ölkəmizdə separatçılığı inkişaf etdirmək istəyən qüvvələr çox çətin duruma salınıb və onların proseslərə təsir etmək imkanları tamamilə məhdudlaşdırılıb. Bu qələbə xalqın və dövlətin birliyinin təcəssümüdür.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.086216926574707