Vladimir Lepexin: “Azərbaycan AİB-in “imtiyazlı tərəfdaşı” ola bilər” 

 

 

Özbəkistan Ali Məclisinin (Parplament) Senatı ölkənin Avrasiya İqtisadi Birliyinə (AİB) müşahidəçi ölkə statusunda daxil olmasını təsdiqləyib. AİB-ə üzv olmağın tərəfdarları xarici ticarət imkanlarının genişlənməsini əsas gətirdilər. Böyük investisiya layihələri haqqında da danışıldı.

Özbəkistan kənd təsərrüfatı məhsullarını AİB-ə üzv dövlətlərə gömrük rəsmiləşdirmələri olmadan ixrac hüququ əldə edəcək. AİB-ə inteqrasiya əleyhdarları isə bir sıra sektorlarda istehsalın azalması və iş yerlərinin itirilməsindən danışdılar. Buna baxmayaraq, müşahidəçi statusu ilə bağlı qərar qəbul edildi.

Qeyd etmək lazımdır ki, uzun müddətdir Azərbaycanın müəyyən şərtlər altında AİB-ə üzv ola biləcəyi barədə məlumatlar yayılır.

Media.Az AİB İnstitutunun direktoru Vladimir Lepexinlə bu barədə söhbət edib.

- AİB genişlənir. Özbəkistanın qurumdakı müşahidəçi statusu ilə bağlı qərarı buna əyani sübutdur. Hətta müşahidəçi qismində olsa belə, başqa hansı ölkələr AİB-ə daxil ola bilər?

- Koronavirus pandemiyası və bununla əlaqədar yaranan qlobal maliyyə-idarəetmə böhranı regionlaşmaya, Avrasiya iqtisadi inteqrasiyasına əlavə təkan verdi. Özbəkistan və Azərbaycanın AİB-lə daha sıx inteqrasiya istiqamətində fəallaşması bu tezisin təsdiqidir.

Hesab edirəm ki, Özbəkistanın müşahidəçi ölkə olaraq 2020-ci ilə qədər Avrasiya İqtisadi Birliyinə daxil olması üçün bütün əsaslar var. Ən azı ölkə parlamentinin Özbəkistanın AİB-ə daxil olması ilə bağlı qərarı Ali Avrasiya İqtisadi Şurasının müsbət cavabı üçün ciddi əsasdır.

Müvafiq olaraq, 2021-2022-ci illərdə Tacikistan da AİB-ə müşahidəçi qismində üzv ola bilər. Düşünürəm ki, həmin vaxta qədər bu ölkənin qurumdakı statusunun dəyişdirilməsi ilə bağlı AİB ölkələri ilə Tacikistan arasında bütün lazımi məsələlər işlənə bilər. Ancaq Tacikistanın Birliyə daxil olması ilə bağlı qərar Qazaxıstan, Qırğızıstan və Özbəkistanın razılaşdırılmış mövqeyindən asılı olacaq.

- AİB-ə üzv olmağın tərəfdarları və əleyhdarları müxtəlif arqumentlərlə çıxışlar edirlər. Bir çoxları AİB-ə üzv olmağın heç bir prefensiya vermədiyini deyir, Rusiya enerji daşıyıcılarının yüksək qiymətini vurğulayırlar (Bunun üçün Belarus, Ermənistan və hətta Qırğızıstanı xatırlamaq kifayətdir). Bu barədə nə düşünürsünüz?

- Bu və ya digər ölkənin AİB-ə daxil olmasının heç bir mənfi tərəfini görmürəm. Fikrimcə, mənfilik barədə ancaq Rusiya əleyhinə müvafiq qüvvələr tərəfindən rusofob qurğuları həyata keçirən hansısa Qərb strukturlarının lobbisti danışa bilər.

Əslində, AİB-də müxtəlif ticarət sazişlərinin bağlanması üçün təxminən 20-dən çox dövlət növbədə durub, çünki bu gün dünyada malların həddən artıq istehsalı mövcuddur və əsas problem bu məhsulların satışıdır. İstənilən AİB tərəfdaşı birliyə qoşulduqdan sonra mallarını Rusiya və Avrasiya bazarlarında rüsumsuz satmaq imkanı əldə edir. Bu da Avrasiya inteqrasiyasının əsas üstünlüyüdür.

Rusiya qazının guya baha olmasına gəldikdə, bu, həmişə AİB-dəki tərəfdaşlar üçün bazardan aşağı qiymətə olub. 2019-cu ildə ilk dəfə bu qiymət nisbətən yüksək göründü, çünki dünya qazının qiyməti aşağı düşdü, Rusiyanın tərəfdaş dövlətləri isə illik və ya uzunmüddətli müqavilələr bağlamışdılar.

Lakin gələn il bu qiymətlərin yenidən baxılmasına heç nə mane olmur. Hər halda, Orta Asiya ölkələri üçün bu problem deyil, çünki Özbəkistanın özünün bir seçimi var: o, təkcə Rusiyadan deyil, Qazaxıstan və ya Türkmənistandan da qaz ala bilər.

- Azərbaycan haqqında danışsaq, ölkəmizin AİB-ə üzv olmasında perspektiv görürsünüzmü? Həmçinin, münaqişədə olan iki ölkənin - Azərbaycan və Ermənistanın bir təşkilatda yer almasını necə uyğunlaşdırmaq olar?

- Azərbaycana gəldikdə, ölkənizin Birliklə özü üçün ən sərfəli olan ticarət sazişləri bağlayaraq, AİB-in “imtiyazlı tərəfdaşı” olmağa bütün əsasları var.

Eyni zamanda, AİB-də de-fakto və de-yure iştirak məsələlərini ayırmaq lazımdır. Ermənistanın buna qarşı olması səbəbindən yaxın illərdə Azərbaycanın AİB-də rəsmi üzv və ya hətta müşahidəçi olması, demək olar ki, mümkünsüzdür. Ancaq, bayaq da vurğuladığım kimi, “imtiyazlı tərəfdaş” kimi Azərbaycanın AİB-in de-fakto proqramlarına üzv olmasına heç nə mane olmur.

0.37502694129944