Azərbaycan ən ali dəyərlərin - tolerant və multikultural ənənələrin beşiyidir

Dünyada baş verən və baş verə biləcək bütün çətinliklərdən ancaq birlikdə çıxa bilirik: Biz birlikdə güclüyük!

(Əvvəli ötən sayımızda)

Hazırda dünyada baş verənlər onu deməyə əsas verir ki, Prezidenti İlham Əliyev öz fikirlərində tam haqlıdır. Əgər biz dünyada mükəmməl birgəyaşayış mühiti formalaşdırmaq istəyiriksə, o zaman ilk növbədə multikulturalizmin qorunaraq inkişaf etdirilməsi istiqamətində bütün səylərimizi birləşdirməliyik.

Bu gün bütün dünyanı təşviş və təlatüm içində saxlayan koronavirus pandemiyası da bir daha sübut etdi ki, dünyada baş verən və baş verə biləcək bütün çətinliklərdən ancaq birlikdə çıxa bilirik: Biz birlikdə güclüyük.

Azərbaycan multikulturalizmi modeli də dünyaya, məhz bu siyasəti təbliğ etməyə çalışır. Ölkəmizin son illər bu istiqamətdə gördüyü işlərin əsas qayəsini də dünyada və ölkəmizdə multikultural dəyərlərin və tolerantlığın təbliği və təşviqi təşkil edir. Azərbaycanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də, bu istiqamətdə görülən işlərin bir qismidir. 

Biz birlikdə güclüyük. Dünya düzənində söz sahibi olan bir çox siyasilərin, elm və din xadimlərinin, alimlərin, yazıçıların və jurnalistlərin, ölkəmizin paytaxtına yığışaraq, bu gün dünyanı narahat edən problemləri müzakirə etməsi də, ölkəmizin beynəlxalq aləmdəki yerindən və nüfuzundan xəbər verir. 

Burada Prezident İlham Əliyevin V Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində dövlətimizin multikulturalizmə münasibəti barədə söylədiyi bir fikrə diqqət yetirmək yerinə düşər: "Bizim tariximiz multikulturalizm və tolerantlıq əsasında qurulub. ...İctimai-siyasi quruluşundan asılı olmayaraq Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olub və biz bu ənənələri yaşadırıq. Bu gün biz müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və Azərbaycanda aparılan siyasət bu müsbət meyilləri gündəlik həyatda gücləndirir".

Azərbaycan sözün həqiqi mənasında, məhz müstəqillik əldə etdikdən sonra dünyada multikultural və tolerant məkan olaraq mədəniyyətlərin, dinlərin müxtəlifliyini yaşadan və inkişaf etdirən unikal ölkə olaraq tanınmağa başlayıb. Baxmayaraq ki, ölkəmizdə irqindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqları

tarixin bütün dönəmlərində qorunub və onlara qarşı heç bir ayrı-seçkilik, diskriminasiya, yaxud assimilyasiya halları olmayıb.

Ateizmi öz siyasətinin ana xətti sayan mənfur sovet rejimi dövründə bütün xalqları bir xalq-"sovet xalqı" etmək, eləcə də insanları öz dinlərindən, inanclarında sapdırmaq cəhdləri olsa da, bu ideyalar 70 il sonra məhvə məhkum oldu. O zamanlar belə, ölkəmizdə bütün azsaylı xalqlara, etnoslara və müxtəlif dini düşüncə sahiblərinə eyni-tolerant münasibət bəslənib. Bu tolerantlıq, qarşılıqlı qardaşlıq və dostluq münasibətləri o dərəcədə möhkəm təməl üzərində bərqərar olmuşdu ki, bəziləri bunun sanki sovet rejiminin yaratmaq istədiyi "sovet xalqı" ideologiyasından qanaqlandığını düşünürdülər. Əslində isə ölkəmizin ərazisində məskunlaşan bütün xalqların və dinlərin nümayəndələri tarixin bütün dönəmlərində burada qarşılıqlı anlaşma şəraitində yaşayıblar və bu qardaşlıq ənənəsi sovet dörəmində də davam edib. Bu gün əksər dünya dövlətləri üçün örnək olan multikulturalizm və dini tolerantlıq modeli müxtəlif inanc və mədəniyyətlərə sahib Azərbaycan vətəndaşlarının həyat tərzi, eyni zamanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycanda mövcud olan multikultural və dini tolerantlıq ənənələrini yüksək dəyərləndirən Moskva və bütün Rusiyanın Patriarxı II Aleksi 2001-ci ildə Bakıya səfəri zamanı Ümummilli Lider Heydər Əliyevə müqəddəs Moskva knyazı "Daniel" ordenini təqdim edərkən belə deyib: "Ölkənizdəki tolerantlıq və dini dözümlülük başqa dövlətlər üçün nümunədir". Ondan bir müddət sonra- 2002-ci ildə ölkəmizə rəsmi səfər edən Roma Papası mərhum II İohann Pavel də  Azərbaycanın dinlərarası dialoqa, multikulturalizmə və tolerantlığa verdiyi töhfəni çox yüksək qiymətəndirib.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan artıq dünyada dialoqun təşviqi və inkişafı istiqamətində aparılan müzakirələrdə mühüm yer tutur. Bu da səbəbsiz deyil. Belə ki, hazırda həm Avropa Şurasına, həm də ISESCO-ya yeganə müsəlman ölkəsi kimi üzv olan Azərbaycan istər müsəlman, istərsə də Qərb ölkələri arasında möhkəm dostluq və əməkdaşlıq münasibətləri qurmağı bacarıb.

Bu münasibətlərin məntiqi nəticəsidir ki, son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq istiqamətində keçirilən beynəlxalq tədbirlərin coğrafiyası da dəyişib. Belə ki, bu sahədə təşəbbüslərin böyük əksəriyyətinin beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan kimi tanınan Azərbaycandan gəldiyini görürük. Məsələn, buna nümunə kimi, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan "16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü"nün ölkəmizdə hər il qeyd olunmasını, ISESCO-nun 2009-cu ildə Bakı şəhərini İslam Mədəniyyətinin Paytaxtı elan etməsini, habelə mədəniyyətlərarası dialoqla bağlı paytaxtımızda müxtəlif tədbirlərin - 2006-cı ildə "İslamda dözümlülük" mövzusunda beynəlxalq konfransın, 2011-ci ildən başlayaraq hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının keçirilməsini, 2012-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə Toplantısının, "Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumunun, Beynəlxalq Humanitar Forumlarının, 2016-cı ilin aprelində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsini və digər mötəbər tədbirləri göstərə bilərik.

Heç şübhəsiz ki, bütün bu tədbirlərin keçirilməsində məqsəd Şərqlə Qərb arasında tarixi körpü rolunu oynayan Azərbaycanın islam dünyası ilə Qərb sivilizasiyası, eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu nəzərə alınmaqla, müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanı təsis etmək, xalqımızın dözümlülük mədəniyyətini, tarixi ənənələrini beynəlxalq aləmə tanıtmaq, eyni zamanda, hazırda  dünyada qlobal problemə çevrilən dini radikalizm və zorakı ekstremizmin kökünün kəsilməsi istiqamətində birgə həll yollarını axtarmaqdır.

Bütün bunlarla yanaşı, Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində də çox mühüm layihələr həyata keçirir. Dövlətimizin başçısı həyatımızın bütün sahələrində olduğu kimi, dini, milli-mənəvi dəyərlərin qorunması istiqamətində də ardıcıl siyasət yürüdür və onu uğurla həyata keçirir. Bu baxımdan, Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə 2014-cü il noyabrın 27-də imzaladığı sərəncam böyük əhəmiyyət kəsb edir. Bu mühüm sənədə əsasən, dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb ki, bu vəsait hesabına islam və qeyri-islam dini icmaları tərəfindən təqdim edilən layihələrin və yüzlərlə tədbirin həyata keçirilməsinə imkan yaranıb. Bu kimi tədbirlərdə cəmiyyətin dini məlumatlarının artırılması, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin düzgün təbliği  xüsusi yer tutur. Eyni zamanda gənclərə dinin olduğu kimi izah edilməsi xurafat və radikalizmlə mübarizədə öz müsbət təsirini göstərmiş olur.

Bununla yanaşı, dövlətin din siyasətini həyata keçirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi milli-mənəvi və ənənəvi dini dəyərlərimizi cəmiyyətə düzgün çatdırmaq məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlər keçirir, eyni zamanda müxtəlif nəşrlər çap etdirməklə geniş ictimaiyyət arasında təbliğat işini gücləndirməyə çalışır. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə dini maarifləndirmə sahəsində fəaliyyəti təkcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirmir, Qafqaz Müsəlmanları İdarəsi də bu istiqamətdə geniş təbliğat işləri aparır ki, bu da görulən işlərin səmərəsini xeyli artırır. Bu istiqamətdə görülən işlər arasında məzhəblərarası qarşıdurmaların baş verməməsi üçün həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Burada bir maraqlı məqamı da diqqətinizə çatdırmaq istərdik ki, İslam dünyasında Qafqaz Müsəlmanları İdarəsi yeganə dini təşkilatdır ki, onun rəhbəri Şeyx əhli-şiə, müfti olan birinci müavini əhli-sünnə, eyni zamanda, Şeyxülislamın müavinlərindən biri qadındır.  Bu, müasir İslam dünyası üçün bir tolerantlıq nümunəsidir. Bu faktın özü də Azərbaycanın ən yüksək tolerant və multikultural dəyərlərə malik bir dövlət olduğunu bir daha təsdiqləyir.

Müasir, qloballaşan dünyamızda yaşananlar bir daha sübut edir ki, hər bir cəmiyyətdə, hər bir dövlətdə sabitliyin əsas sütunlarından biri də multikultural və tolerant dəyərlərin qorunması, inkişaf etdirilməsidir və bunun alternativi yoxdur. Hazırda bütün dünyada dini-milli, sosial-iqtisadi zəmində baş verən münaqişələrin, vətəndaş müharibələrinin fonunda ölkəmizdə müşahidə olunan sabitlik həm də onun sübutudur ki, Azərbaycan bir çox ölkələrin sahib olmaq istədiyi, ancaq əldə etməkdə çətinliklər və uğursuzluqlar yaşadığı ən ali dəyərlərin - tolerant və multikultural ənənələrin beşiyidir. Ölkəmizin bu sahədə öz təcrübəsi, bu təcrübəni qoruyub saxlayan, gələcək nəsillərə ötürən dövlət-din modeli mövcuddur. Bu model indi dünyanın bir çox ölkələri tərəfindən tədqiq edilir, öyrənilir və tətbiqinin əhəmiyyəti bütün mötəbər tədbirlərdə xüsusi qeyd olunur. 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.36094212532043