“Birə kimi xalqın canına yapışıblar...” – “Həmin icra başçıları başqa cür yaşaya bilmirlər”

Bir neçə icra hakimiyyəti başçısının həbsi, onların törətdiyi korrupsiya və rüşvət əməlləri hazırda ölkə gündəminin əsas mövzusudur. Əslində, əksər icra orqanları rəhbərlərinin korrupsiyaya bulaşdığı bugünün, dünənin hadisəsi deyil və bu bəlaya son qoyulması cəmiyyətin çoxdankı arzusudur. Bəs hazırda davam edən korrupsiya əleyhinə tədbirlər gözlənilən effekti verəcəkmi və bu proses davamlı olacaqmı?

“AzPolitika.info” bu mövzu ilə bağlı Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin fikirlərini öyrənib. Paralel.az onunla müsahibəni təqdim edir:

- Asim bəy, korrupsiya və rüşvətlə mübarizə tədbirləri çərçivəsində icra hakimiyyəti başçılarının həbsini necə qiymətləndirirsiniz?

- Qeyd edim ki, Prezidentin islahatlar strategiyası idarəetmə sistemində korrupsiya ilə amansız mübarizədən ibarətdir. Məmur özbaşınalığının qarşısını almaq, məmurları cilovlamaq, törətdikləri cinayətləri önləmək üçün çox vaxt ən sərt addımların atıldığını müşahidə edirik. Mən hesab edirəm ki, bu, çox düzgün addımdır. Son hadisələr məmurlar üçün ciddi siqnal olmalıdır. Onlar “özlərinə gəlməli”, məsuliyyətlərini dərk etməlidirlər. Azərbaycan dövləti ilə mübarizə aparmaq olmaz. Azərbaycan dövləti bütün zəruri addımları atacaq ki, korrupsiyaya son qoyulsun, məmur özbaşınalığı aradan birdəfəlik qalxsın. Onlar anlamalıdırlar və Prezident də dəfələrlə bildirib ki, məmurlar bu vəzifələrə xalqa xidmət etmək üçün təyin ediliblər, onun “qanını içmək” üçün yox. Mənə elə gəlir ki, bu addımlar tam məntiqlidir və ümumi strategiyaya uyğun olan gedişlərdir.

- Siz Vaşinqtonda elan etmişdiniz ki, Azərbaycana sovet kadrları deyil, müasir düşüncəli mütəxəssislər lazımdır...

- Bəli, mən həmin fikirlərimi xatırlayıram. Uzun illərdir ki, bu barədə danışıram. Hazırda məmnunam ki, ölkə islahatlar strategiyasını həyata keçirir. Əslində, bu islahatlar Azərbaycanın iderəetmə sisteminin demək olar ki, bütün sahələrini əhatə edir, sistemli xarakter daşıyır. Azərbaycan parlamentinin özündə islahatlar aparılır, eləcədə ölkənin hüquq və məhkəmə sistemində islahatlar başlayıb. Bu islahatları həyata keçirmək üçün fərqli və müasir təfəkkürə malik şəxslərin icra sistemində olması vacibdir. Mənə elə gəlir ki, bu istiqamətdə hal-hazırda Prezident ciddi addımlar atır, islahalatlar planını həyata keçirir.

- Saxlanılan məmurları hansı düşüncə kateqoriyasına aid şəxslərə və qruplara aid edərdiniz?

- Görünən odur ki, bunlar köhnə təfəkkürə sahib insanlardır. Onlar ancaq düşünürlər ki, tutduqları vəzifələrin verdiyi fürsətdən yararlanaraq xalqın qanını içmək yolu ilə zənginləşməlidirlər. Artıq bunun da qarşısı alınmağa başlayıb. Mənim fikrimcə, hələ çox şey etmək lazımdır ki, Azərbaycan məhz müasir idarəetmə sisteminə malik olsun.

Mən dəfələrlə qeyd etmişəm ki, köhnə təfəkkürdən imtina etməli, xilas olmalıyıq. Müasir Azərbaycanın dünya təcrübəsinə, təhsilli, peşəkar və məsuliyyətli məmurlara ehtiyacı daha çoxdur. Bu proses də başlanıb. Düşünürəm ki, yeni nəsil yetişməli, çox iş görülməlidir ki, yüksək səviyyəli, təhsilli idarəetmə mədəniyyətinə çata bilək. Biz bu işləri aparmalı və bolşevik təfəkküründən qurtulmalıyıq.

- Bir icra başçısı rüşvət alarkən həbs edilir, amma bu hadisə digər icra başçısına təsir etmir, onu əməlindən çəkindirmir. Sizcə, bu, nə ilə bağlıdır?

- Çünki həmin icra başçıları başqa cür yaşaya, dəyişə bilmirlər. Başqa əsas görmürəm. Onların islah olunması üçün ciddi tədbirlər görülməlidir. Bu adamların təfəkkürü belədir. Onları dəyişdirmək çox çətindir. Ona görə də bu islahatlar idarəetmənin özünü də dəyişdirməli, məsuliyyət artmalı, ictimai nəzarət olmalıdır. Hazırda bununla bağlı addımlar atılır. İctimaiyyətin və medianın bu istiqamətdə peşəkarlıq səviyyəsi artmalıdır, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti qurumları da bu mübarizəyə qoşulmalıdır.

- Sizcə, belə təfəkkürlü məmurları bir müddət əvvəl hakimiyyətdən uzaqlaşdırılan yüksək çinli şəxslərin kadrları hesab etmək olarmı?...

- Mən düşünürəm ki, bunların çoxu cinayətkar məmur özbaşınalığı sistemində böyüyən köhnə təfəkkürə malik adamlardır. Onlar birə kimi xalqın canına yapışıblar. Onları dəyişmək, yeni sistemi formalaşdırmaq üçün çox işlər görülməlidir və buna başlanılıb. Mən ümidvaram ki, bu proses sürətlə davam edəcək.

- Asim müəllim, sizcə, biz hazırda kadr dəyişikliyi müşahidə edirik, yoxsa sistem dəyişikliyi?

- Mənə elə gəlir ki, yeni sistem əslində yeni kadrlar tələb edir və onları prosesə cəlb edir. Gördüyünüz kimi, bizdə sistemli islahatlar aparılır. Bu, açıq-aydın görünür.

- Ölkənin son 20 illik Baş prokuroru da vəzifədən getdi. Sizcə, onun əvəzlənməsi nəyə işarədir?

- Deməli, islahatlar hər sahəni əhatə edir və bunun özü gözəl mənzərədir. Bu, o deməkdir ki, islahat icra strukturlarını, məhkəmə hakimiyyətini, qanunvericilik qolunu, hüquq-mühafizə sistemini və s. əhatə etməkdədir. Bütün bunlar Azərbaycan dövlətini müasirləşdirir və gücləndirir. Ölkəmizin ciddi çağırışlara hazır olması üçün Azərbaycan dövləti hərtərəfli güclü olmalıdır. Bəzən proseslər bizdən asılı olmayaraq baş verir və bizi də əhatə edir. Məsələn, pandemiyanı götürək. Pandemiya zamanı Azərbaycan dövlətinin çox müsbət və güclü reaksiyası oldu. Azərbaycan vətəndaşını qorumaq istiqamətində addımlar atıldı, bununla paralel olaraq, beynəlxalq təcrübəyə baxıldı. Biz digər ölkələrlə Azərbaycandakı vəziyyəti müqayisə edəndə görəcəyik ki, zamanında və çox düzgün addımlar atıldı. Bu, özü-özlüyündə göstərir ki, müasirləşmə, beynəlxalq praktikadan düzgün istifadə və müasir qabaqcıl formaları tətbiq etmək hər zaman müsbət nəticələr verir.

0.1083619594574