Müəllim onlayn tədris zamanı şagirdlərlə fərdi ünsiyyət qurmalıdır

Təhsil ocaqlarının korona virus pandemiyasınagörə bağlandığı çətin şəraitdə tədrisin onlayn təşkil edilməsində müəllimin pedaqoji ustalığı mühüm rol oynayır. Şagird-müəllim münasibətləri, təlim-tərbiyənin inkişafı, tədrisin səmərəliliyinin artırılması burada da böyük önəm daşıyır. Müəllim - şagird münasibətlərinin düzgün qurulması bu mərhələdə onlayn tədrisin keyfiyyətinin səviyyəsini daha da artırır, görülən bütün işlərin uğurla həyata keçirilməsinə zəmin yaradır.

Şagird-müəllim münasibətinin düzgün təşkili, ünsiyyət qurmaq bacarığının həllində əhəmiyyətli rol oynayır. Onlayn tədris zamanı müəllim tərəfindən şagird üçün elə şərait yaradılmalıdır ki, təlimin təsiri şagird üçün cansıxıcı olmasın, əksinə, maraqlı olsun. Şagird öz bacarığını, nəyə qadir olduğunu nümayiş etdirə bilsin. Bunun üçün müəllim-şagird münasibətləri səmimiyyətə və qarşılıqlı etimada əsaslanmalıdır.

Müəllim-şagird münasibətlərinin mərkəzində müəllim dayanır. Xalq özünün ən qiymətli, ən əziz sərvətini – övladlarını müəllimə etibar edir. Şagird şəxsiyyətini formalaşdırmaq vəzifəsini həyata keçirən müəllim özü hərtərəfli şəxsiyyət kimi təşəkkül tapmalı, hər bir şagirdə humanistcəsinə yanaşmalı, eyni zamanda müasir tələblərlə ayaqlaşmağı bacaran ziyalı olmalıdır.

Təcrübə göstərir ki, müəllim şəxsiyyətinin şagirdə təsirini heç nə ilə əvəz etmək mümkün deyil. Müəllimin sözü ilə əməli arasında fərq olmamalıdır. Hazırkı dövrün müəllimi hərtərəfli biliyə, elmi-texniki nailiyyətləri tətbiq edə bilmək bacarığına malik olmalıdır. Şagirdin də, məhz bu tələblər səviyyəsində hazırlanması onun pedaqoji əməyinin əsas məqsədi olmalıdır. Bu məqsədə nail olmaq üçün müəllim dövri mətbuatı müntəzəm izləməli, qabaqcıl pedaqoqların yeniliklərini öyrənib işində tətbiq etməlidir.

Məlumdur ki, şagird kollektivi yekcins deyil. Onlayn tədris zamanı təhsilin fərdiləşməsi kollektiv təhsil almanın bəzi ümumi xüsusiyyətlərini ortadan qaldırır. Burada yaxşı, nümunəvi sayılanlarla yanaşı, «çətin», «intizamsız» şagirdlərə daha rast gəlmirik. Bəzi hallarda belə şagirdlə iş faydasız görünür, bir çox müəllimlər isə belələri ilə məşğul olmağı əhəmiyyətsiz hesab edir. Hazırkı koronavirus pandemiyası dövründə şagirdlərin təlimə marağının azalması faktlarına çox rast gəlirik. Müəllimlər belə şagirdlərə həmişə nikbin yanaşmalı, ardıcıl, məqsədyönlü, tərbiyəvi təsir göstərməli, onlarda öz qüvvələrinə inam yaratmalıdır.

«Müsbət cəhətlərinə istinad etməklə şəxsiyyətin tərbiyələndirilməsi» pedaqoji prinsipinə riayət edən hər bir müəllim şagirdlərlə onlayn münasibətin düzgün qurulmasına nail ola bilər.

Koronavirusun təhsil sahəsində yaratdığı çətinlik şəraitində belə, müəllim onlayn tədrislə məşğul olmaq məcburiyyətində olsa da, öz şagirdlərini sevməlidir, onların psixoloji yaş və əqli keyfiyyətlərini nəzərə almalıdır. Hər bir şagirdin fərdi xüsusiyyətlərini bilmək müəllimə şagirdlərin hər birinə düzgün yanaşa bilmək imkanı yaradır. Düzgün, humanist və demokratik yanaşma müəllimi hakim, şagirdi günahkar durumdan çıxarır, onların arasında qarşılıqlı etimad, dostluq və hörmət münasibətlərinin formalaşmasına şərait yaradır. Şəxsiyyətinə hörmət edilən şagird öz ləyaqətini dərk edir, özünün cəmiyyətə, xalqına layiq bir vətəndaş olacağına, həyatda layiqli yer tutacağına inanır. Müəllim şagirdin şəxsiyyətinə hörmət etməklə onun qəlbinə, mənəviyyatına bir sakitlik bəxş edir. Müəllim şagirddə dosta, xalqa, vətənə qarşı məhəbbətlə yanaşı, düşmənə nifrət oyatmalıdır. Düşmənə nifrət oyatmaq vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsidir. Bu hisslərə istinad etməklə şagirdləri vətənin müdafiəsinə hər an hazır olmağa hazırlamaq günümüzün tələbidir.

 

Züleyxa Ələkbərqızı

0.15279197692871