Müxtəlif dinlərin, xalqların və etnosların birliyinin təcəssümü- Azərbaycan

Dövlət Komitəsi Azərbaycan multikulturalizminin təbliği və təşviqi ilə bağlı mühüm layihələr həyata keçirir

(Əvvəli ötən sayımızda)

...Bu prinsiplərdən biri də,"Dini etiqad azadlığı haqqında" Qanunun müddəalarına tam və dəqiqliklə əməl olunmasıdır. "Dini etiqad azadlığı haqqında"  Azərbaycan Respublikasının Qanunu 1992-ci ildə qəbul olunub. Daha sonrakı illərdə, ələlxüsus da Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıdışı ilə qanuna  zamanın tələbinə uyğun şəkildə bir sıra ciddi dəyişikliklər edilib. Bununla da Qanun ölkədə vicdan azadlığının təmin edilməsi, dini qurumların statusu, onların fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı bütün məsələlərə aydınlıq gətirə biləcək hüquqi bazaya çevrildi. Buna baxmayaraq, o zaman respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsi ilə bağlı qəbul edilən qanunların icrasını həyata keçirəcək müəyyən bir idarəetmə orqanında yaradılmasına ciddi ehtiyac var idi. Bunu nəzərə alan mərhum Heydər Əliyev 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə bağlı fərman verdi. Bununla da ölkəmizdə dövlət-din münasibətlərinin inkişafının yeni mərhələsi başladı. Bu gün Dövlət Komitəsi dövlət-din münasibətlərinin tənzimlənməsi və inkişafında, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin verilməsində, müvafiq qanunvericiliyin icrasına nəzarətin, eyni zamanda, dövlət-din münasibətləri sahəsində məqsədyönlü proqramların həyata keçirilməsi istiqamətində çox mühüm işlər görür. Ölkəmizdə və ölkəmizdən kənardan Azərbaycan multikulturalizminin təbliği və təşviqi ilə bağlı mühüm layihələr həyata keçirir.

Ulu Öndər Heydər Əliyevin dövlətimizin bütün sahələrində olduğu kimi, dövlət-din münasibətləri sahəsində də təməlini qoyduğu siyasətin, Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın multikulturalizm mərkəzi kimi qəbul olunur.

Prezidenti İlham Əliyevin bu istiqamətdə gördüyü işlərin arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması, o cümlədən yeni dini məbədlərin inşası, mövcud olanların əsaslı təmiri, yenidən qurulması və bərpası xüsusi yer tutur.  Sovet rejiminin süqutu ərəfəsində Azərbaycanda bir neçə dini icma və cəmi 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2000-i keçib. Son 10-15 ildə ölkədə 140-dan çox məscid inşa olunub, 80-dən çox məsciddə əsaslı təmir-bərpa işləri aparılıb. Dövlət başçımızın müvafiq sərəncamlarına və tapşırığına əsasən Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy, Şamaxı və Sumqayıt Cümə məscidlərində əsaslı təmir-bərpa işləri aparıldıqdan sonra, bu ibadət yerləri dindirların istifadəsinə verilib. Bu da xüsusi qeyd olunmalı faktdır ki, 2014-cü ildə dövlət başçımızın tapşırığı ilə Binəqədi rayonunda ölkənin ən böyük məscidi olan Heydər məscidinin açılışı, ölkə dindarları üçün böyük töhfə və sevinc mənbəyi oldu.

Prezident İlham Əliyev müsəlmanlarla yanaşı ölkəmizdə yaşayan digər dini konfessiya nümayəndələrinin də bütün problemlərinə diqqətlə yanaşır, onların yüksək səviyyədə həlli üçün lazım olan bütün işləri görür. Dövlət başçımızın bu diqqətinin nəticəsidir ki, hazırda ölkəmizin ərazisində 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Azərbaycan vətəndaşlarının böyük əksəriyyətini müsəlmanlar təşkil etsə də, ölkəmizdə digər dinlər də heç vaxt diqqətdən kənarda qalmır. Sovet rejiminin ilk günlərindən bağlanan "Jen Mironosets" kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinin istifadəsinə verilib. Kilsədə 1999-cu ildə bərpa işləri başlanılıb, 2001-ci ildə başa çatıb. Moskvanın və bütün Rusiyanın o dövürdəki Patriarxı II Aleksi 27 may 2001-ci il tarixdə  Azərbaycanda səfərdə olduğu zaman bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib.

Bu da danılmaz faktdır ki, Roma papası II İohann Pavelin Azərbaycana səfərindən sonra Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə Bakının mərkəzində Roma-katolik kilsəsi üçün yer ayrılıb və 2005-ci ildə burada yeni məbədin tikintisinə başlanıb. Kilsənin tikintisinə Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycanda fəaliyyət göstərən digər konfessiyaların nümayəndələrinin maddi yardım göstərməsi, ölkəmizdəki dini durumun, multikulturalizmin və tolerantlığın açıq təzahürü idi. Onu da qiqqətə çatdıraq ki, kilsənin tikintisi cəmi bir ilə başa çatdırılıb, rəsmi açılış mərasimi isə 2 il sonra, 2008-ci ildə keçirilib. Kilsənin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak ediblər.

Bu da məlumdur ki, 5 aprel 2011-ci ildə rəsmi açılış mərasimi keçirilən və dağ yəhudiliri üçün nəzərdə tutulan yeni sinaqoq isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə inşa edilib.  Avropada ən böyük sinaqoqlardan biri hesab edilən Avropa və Gürcüstan yəhudilərinin sinaqoqu isə  2003-cü il mart ayında açılıb. Bu ibadət ocağı son 60-80 ildə Yaxın Şərqdə tikilən birinci sinaqoq hesab olunur.

 Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra burada məskunlaşan  yəhudi icmaları beynəlxalq yəhudi təşkilatları ilə də əlaqələrini möhkəmlədərək, öz dini məktəblərini, mədəniyyət mərkəzlərini, cəmiyyətlərini, mətbu orqanlarını yaratmaq imkanı əldə ediblər.

Bu da ondan irəli gəlir ki, müasir dünyamızda demokratik dəyər kimi təbliğ olunan tolerantlıq Azərbaycan xalqının min illiklər boyu formalaşdırdığı  xarakterik xüsusiyyətlərindən biridir. Azərbaycan xalqı tolerantlığa, başqalarına qarşı dözümlülüyə təkcə hüquqi yox, həm də mənəvi dəyər kimi baxır. Əks təqdirdə, müxtəlif tarixi dövrlərdə fərqli dinlərin mənsubları və etnik qruplar burada özlərinə sığınacaq tapa, bu ölkəni tamhüquqlu vətəndaşları kimi yaşaya bilməzdilər.

Multikulturalizmin və tolerantlığın Azərbaycan xalqının xarakterik xüsusiyyəti olduğunu sübut etmək üçün geniş tədqiqatların aparılmasına belə, ehtiyac yoxdur, çünki ölkəmizdə əsrlər boyu kilsələrin, sinaqoqların və məscidlərin yanaşı fəaliyyət göstərməsi, artıq bunu tam sübut edir. Məhz bu səbədən də, bu gün Azərbaycan dünyanın ən güclü tolerantlıq mərkəzlərindən biri hesab olunur.

Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının tarixi uğuru olmaqla yanaşı, həm də onun gələcək inkişafının və sabitliyinin təminatçısı rolunda çıxış edir. Buna görə də,  Azərbaycan xalqının gələcəyi naminə bu uğuru təbliğ etməli, qorumalı, möhkəmləndirməli və inkişaf etdirməliyik.

Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərinə, onun tərkib hissəsi olan dözümlülük və birgəyaşayış ənənəsinə böyük həssaslıqla yanaşan ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva da ölkədə ibadət evlərinin bərpası və yeni məscidlərin tikintisi istiqamətində çox böyük işlər görüb. "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlərin inşa edilməsi, eyni zamanda bu torpaqlarda yüz illiklər boyu xalqımızla dinc yanaşı yaşayan digər dinlərin nümayəndələrinin öz mədəni müxtəlifliyini qoruyub saxlamaq, dini etiqadlarını sərbəst yerinə yetirmək üçün ibadət evlərinin bərpası və inşası işində fəallıq nümayiş etdirməsi də, onun müstəsna xidmətləri sayəsində mümkün olub. Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondunun layihəsi çərçivəsində Mərdəkan qəsəbəsindəki XVI əsrə aid "Pir Həsən" ziyarətgahında, Binə qəsəbəsindəki "Möhsün Səlim" və "İmam Rza", Gəncədəki "Həzrəti Zeynəb", Buzovna qəsəbəsindəki "Cümə" və s. məscidlərdə əsaslı təmir və bərpa işləri aparılıb, o cümlədən yeni məscidlər tikilib. Eləcə də, həmin layihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb, yəhudi uşaqları üçün təhsil kompleksi istifadəyə verilib.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda dini etiqad azadlığı tam bərqərar olub. Əsrlərdən bəri burada məskunlaşan xalqlar arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi isə hazırda dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi həyata keçirilir. Bu siyasətin nəticəsidir ki, hazırda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu kimi qurumlar da, dövlət başçımızın azərbaycançılıq ideologiyasının inkişafı, milli-mənəvi dəyərlərin qorunması, dözümlülük siyasətinin təbliği istiqamətindəki fəaliyyətini daim diqqətdə saxlayır və onun təşviqi istiqamətində fəal iş aparırlar. Bütün bu işlərin zirvə nöqtəsi isə ölkəmizdə müxtəlif mədəniyyətlər, dinlər və məzhəblər arasındakı dözümlülük ənənəsinə dövlətin verdiyi dəstək, eyni zamanda 2016-cı ilin  "Multikulturalizm ili" elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin sərəncamı oldu.

Həmin sərəncamın icrası üçün görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan xalqı dünyagörüşünə, intellektual səviyyəsinə, bütövlükdə mentalitetinə görə həm tolerant, həm də multikultural xalqdır və tarixin bütün dönəmlərində bu prinsiplərə sadıq qalıb. Multikulturalizm termini bir qədər yeni hesab olunsa da, Azərbaycan cəmiyyətinin tarixən multikultural olması da, artıq beynəlxalq aləmdə belə, öz təsdiqini tapıb. Azərbaycan əsrlər boyu müxtəlif dinlərin, xalqların, etnosların birliyini təcəssüm edib və bu gün də həmin ənənəni davam etdirir. Buna görə də, bu gün Azərbaycanın multikultural dəyərləri dünyaya örnək ola biləcək nümunə kimi təqdim olunur.

Hazırda qloballaşan dünyamızda baş verənlər onu deməyə əsas verir ki, Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri şərait var. Biz bundan istifadə edərək öz dəyərlərimizin təbliği istiqamətində fəaliyyətimizi daha da gücləndirməliyik.

Çünki Prezident ilham Əliyevin də dediyi kimi: "Multikulturalizmin alternativi yoxdur..."

(Ardı var)

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.11274313926697