Müharibə zonalarında öldürülən jurnalistlərin sayı niyə ildən ilə artır? - Təhlil

 

 

2011-ci ildə vətəndaş müharibəsinin başlamasından bu yana Suriyada 707 jurnalist öldürülüb. Bunlardan doqquzu əcnəbi, altısı isə qadın olub. İŞİD Suriya ərazisində üçü əcnəbi, ikisi qadın olmaqla 64 media mənsubunu qətlə yetirib. Həmçinin, kürd silahlı qrupları, müxaliflər və hökumət qüvvələri, eləcə də prezident Əsədə dəstək verənlər tərəfindən də onlarla media əməkdaşı öldürülüb.

Bu, təxminən hər il 80-ə yaxın media işçisinin təkcə Suriyada öldürülməsi mənasına gəlir. Ümumiyyətlə, beynəlxalq təşkilatların hesabatlarında son illərdə öldürülən jurnalistlərə dünyanın müxtəlif regionlarında rast gəlinir. Ancaq bu qara siyahıda liderlik döyüş bölgələrinə aiddir. Və təbii ki, əsasən də Suriya kimi vətəndaş müharibəsi gedən ölkələrə... Bu haqda bir qədər sonra...
 
Ancaq siyahıda yalnız Suriya deyil. Sırada İraq və Əfqanıstan da var. Son iki ildə Əfqanıstanda 25 jurnalist öldürülüb ki, bunların doqquz nəfəri Kabildə baş verən bir terror aktında həyatını itirib. Müharibə və terrorun artıq 40 ildən çoxdur dayanmadığı Əfqanıstanda hər il onlarla media təmsilçisi öldürülür, qaçırılır və ya zorakılığa məruz qalır. 

İraqda isə ABŞ-ın bu ölkəyə daxil olmasından, yəni 2003-cü ildən bu yana 470-dən çox jurnalist öldürülüb. Bu rəqəmlərə əsasən, İraq Suriyadan sonra dünyada ən çox jurnalistin öldürüldüyü ölkə ünvanını əldə edib.

Son illərin statistikasına əsasən, dünyada ən çox jurnalist öldürülən ölkələr Suriya İraq, Əfqanıstan və Meksikadır. Digər üç ölkədə terror və vətəndaş müharibəsi davam edir, Meksikada isə bu göstəriciyə görə narkokartellərə “borcludur”. Bu ölkədə mafiyadan yazan jurnalistlər tezliklə ağır cəzalandırılır.

Daha bir narahaetdici məqam ondan ibarətdir ki, media əməkdaşlarının hədəfə alınması tendensiyası ildən ilə yüksəlir. 20-ci əsrdə mövcud olan münaqişələrdə media əməkdaşları bu qədər hədəfə alınmayıb. Bu, bir tərəfdən daha əvvəl media orqanlarının savaş bölgəsində az əməkdaşla təmsil olunması, yəni başqa sözlə jurnalistlərin döyüş xəttində az olması ilə bağlı idisə, digər tərəfdən 21-ci əsrin müharibələrinin xaraketi ilə izah olunmalıdır. Xüsusən də son illərdə davam edən vətəndaş müharibələri zamanı ən çox media nümayəndəsinin hədəfə alınması müşahidə olunub.

Məlum olduğu kimi, təsadüfi qurbanlar nəzərə alınmazsa, media əməkdşaları əsasən müharibə cinayətlərini gizlətmək məqsədi ilə öldürülür. Yəni tərəflərdən biri və ya hər ikisi işlətdiyi müharibə cinayətlərinin ifşa olunmasına imkan verməmək üçün hadisə yerində olan jurnalistləri qətlə yetirir. Bu necə deyərlər, “ənənəvi metod” sayılır. Mafiya, terror qrupları, savaşan tərəflər bu cür cinayətlərə yol verir.

Lakin Suriya, İraq kimi vətəndaş müharibəsi gedən ölkələrdə öldürülən jurnalist sayı daha da artdı. Bunun əsas səbəbi isə bu müharibələrdə ideoloji xəttin kəskin olması, tərəflərin bir-birinə, eləcə də müharibə regionundakı hər kəsə dini, ideoloji, həmçinin, siyasi kontekstdən baxmasıdır. Üstəlik, bu ölkələrdə konkret cəbhə xətti demək olar ki, mövcud olmadığından hər kəs, o cümlədən media təmsilçiləri hər zaman rahat hədəfə çevrilə bilir. Və bu zaman yaxalanan KİV əməkdaşının nədən yazması, nəyi çəkməsi ilə yanaşı kim olması, hansı ölkəni və ya hansı savaşan tərəfin media orqanını təmsil etməsi faktoru da önəmli rol oynayır. Məsələn, 2017-ci ildə Kabildə terrorçunun kütləvi tədbir zamanı məhz jurnalistlərin cəm olduğu yerə gedib özünü partlatması göstərir ki, hədəf bilərəkdən seçilib. Terrorçu üçün əsas məqsəd media orqanlarını hədəfə almaq olub. 

Yaxud da Suriyada amerikalı jurnalistlərin İŞİD tərəfindən qaçırılıb edam olunması bu hadisədə motivin yalnız məlumatın yayılmasının qarşısını almaq deyil, ideoloji olduğunu göstərir. Eyni şəkildə iki yaponiyalı jurnalist də Yaxın Şərq terror müharibəsinin edam edilən qurbanları oldu. Oxşar şəkildə hökumət qüvvələri və ya onlara bağlı silahlı qruplar da düşmən hesab etdikləri ölkə və ya media qurumlarını hədəfə ala bilirlər. Bu zaman ən zəif və köməksiz olan yerli jurnalistlər olur. Çünki onların əcnəbi media işçilərindən fərqli olaraq, hədəfə alınma səbəbləri daha çoxdur. 

Yəni başqa sözlə, müasir vətəndaş müharibələri zamanı jurnalistlər daha müdafiəsiz və təhlükə altındadır. Çünki istənilən halda tərəflərdən biri onları hansısa bir səbəbə - işlədiyi media orqanına, vətəndaşlığına, mənsub olduğu qrup və ya etnik kimliyinə görə özü üçün təhlükə olaraq qəbul edir və bir qayda olaraq bu zaman jurnalistlərin taleyi acı sonluqla bitir. Müasir müharibələrin ideologiyası onları qeyri-döyüş qruplarına, o cümlədən media işçilərinə qarşı daha da amansız edir. 

Lakin buna baxmayaraq, media müasir dövrdə müharibə bölgələrində bütün təhlükə və risklərə rəğmən fəaliyyətini davam etdirir. Bunu təkcə döyüş bölgələrindən alınan xəbər və kadrlar deyil, həm də hər il müharibə zonalarında öldürülən jurnalistlərin sayı da təsdiq edir.

Rəşad Quliyev

0.11705899238586