Koronavirus kimin kəşfidir?

Koronavirus kimin kəşfidir?
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 ABŞ Çini, Çin isə Amerikanı günahlandırdı

 Dünya çətin durumdadır. Koronavirus pandemiyası bütün iddialıların planlarını alt – üst edib. Dünya ağalığı iddiasında olanlar da başlarını itiriblər. Amerika hər vəchlə dünyanı özünə tabe etmək istədiyi halda, indi özü çətin duruma düşüb. Amerikada koronavirusdan həyatını itirənlərin sayı 70 min nəfərə çatıb. Amma bu fəlakətin qarşısını almağa çalışan dünyanın ağası ha çalışsa da, istədiyi nəticəni əldə edə bilmir. Koronavirus pandemiyasının yaratdığı gözlənilməz fəlakətin nə qədər davam edəcəyini söyləmək belə,  problemə çevrilib. Amerika ilə Çin arasında əvvəli iqtisadi boğuşma kimi başlayan mübahisə müharibəyə çevrildi, ardınca Çinin Uhan vilayətində peyda olan koronavirusu hər kəs ABŞ – ın rəqibə qarşı tətbiq etdiyi bioloji silah olduğu kimi başa düşdü. Amma hadisələrin gedişi göstərdi ki, koronavirusun hansı dövlət tərəfindən dünyaya «bəxş» olunmasını müəyyən etmək xeyli çətindir. Lakin yuxarıda qeyd etdiyim kimi, Çin yetkililəri öncə ABŞ – ı günahlandırsalar da, bir qədər keçəndən, yəni pandemiya ABŞ – ı “işğal” edəndən sonra ABŞ mütəxəssisləri Çin dövlətini koronavirusu dünyaya və ABŞ – a yaydığına görə, ittiham etdi və hətta belə bir iddia irəli sürdülər ki, dəyən ziyanın müqabilində Çin ABŞ – ın ona olan borcunun yarısını silməlidir. Hadisələrin müşahidəsinə əsasən, belə nəticəyə gəlmək mümkündür ki, koronavirus laboratoriyada hazırlanmış bioloji silah kimi icad olunsa da, onun qarşısının alınması üçün lazım olan antikod (vaksin) hələ icad olunmayıb.

Hazırda koronavirus pandemiyasının geniş yayılması nəticəsində dünyada bu virusa yoluxanların sayı 4 milyon nəfərə çatmaq üzrədir. İndiyədək virusdan dünyasını dəyişənlərin sayı isə 300 min nəfərə yaxınlaşır. Koronavirusun dünyada gündəlik statistikasının dinamikasına əsasən, bəzi peşəkar mütəxəssislər pandemiyanın sönməyə doğru getdiyini proqnozlaşdırır. Başqaları isə bu proqnozun əksini söyləyir. Amma bu proqnozların nə qədər doğru olacağına heç kim zəmanət vermir. Bəşəriyyət bu virusun dünyada yayılmasına qarşı ciddi mübarizə aparmaq sahəsində çox acizdır. Acizliyin kökündə isə, hər şeydən öncə qeyd edim ki,Tanrının iradəsi dayanır. Əsas səbəbkarlar isə, Uca Allahın mövcudluğuna şübhə ilə yanaşan, dünyanı özünün qudurmuş nəfsinə, əxlaqsızlığına, hədsizliyinə meydan seçmiş krallar, prezidentlər, insanların kütləvi qırğınına səbəb olan müharibə həvəskarlarıdır. Saydığım insanların bəlasını hazırda bütün dünya çəkir. Allah təbərəkətala sonuncu Peyğəmbəri Məhəmməd əl-Mustafaya (s.a.s.) göndərdiyi “Qurani – Kərim”in bir neçə surəsində qiyamətin əlamətlərinin, məhz bu cür hallarla baş verəcəyini bildirir və dünyada Allahın buyuruqlarının əksinə gedən günahkar insanlar haqqında cəhənnəm vəd edir.

Azərbaycanda koronavirus pandemiyasının vurduğu ziyana gəlincə, qeyd etmək lazımdır ki, o, başqa dövlətlərlə müqaisədə xeyli azdır. Onu qeyd etmək lazımdır ki, bunun əsas səbəbi ölkə Prezidentinin vaxtında gördüyü qabaqlayıcı tədbirlərdir. Etiraf edək ki, Azərbaycanda görülmüş qabaqlayıcı tədbirlər bu gün də öz bəhrəsini verir. Koronavirusa yoluxanların sayı 2 minə yaxındır, bu virusdan dünyasını dəyişənlərin sayı isə bu gün 26 nəfərdir! Rəqəmlərdən göründüyü kimi, ölkəmizdə koronavirusla mübarizə ilə bağlı heç bir ciddi səhvə yol verilməyib və hazırda ciddi karantin tədbirləri ölkəmizin yalnız böyük şəhərlərində qüvvədədir. Bakı, Xırdalan, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərində sərt karantin rejiminin saxlanması bu şəhərlərdə virusa yoluxma hallarının artan dinamikası ilə bağlıdır.

Dövlətimizin vaxtında gördüyü tədbirlər nəticəsində ölkəmizdə virusa yoluxanların və vəfat edənlərin sayının az olmasına baxmayaraq, karantin rejimini pozan vətəndaşlarımızın sayı xeyli çoxdur. Bunu qaydaları pozduqlarına görə cərimələnən və ağır cəza alan şəxslərin sayından da aydın müşahidə edirik. Karantin rejiminə nəzarət edən dövlət orqanlarının apardıqları yoxlamalar nəticəsində qaydaları pozan vətəndaşların cərimə olunmasına baxmayaraq, bu hala hər gün rast gəlinir və statistikada görünür. Vətəndaşlarımızın bu cür riskli hərəkətləri ilk növbədə həmin şəxslərin öz həyatlarını, ailələrinin taleyini böyük təhlükə qarşısında qoyur. İnsanların bu cür məsuliyyətsiz hərəkətlərinin xalqımızın da həyatını böyük təhlükə altına aldığını düşünmələri olduqca vacib məsələdir. Hər kəs özünü, ailəsini və xalqını koronavirus təhlükəsindən qorumaq üçün diqqətli olmalıdır. Xırda bir məsuliyyətsiz hərəkətin böyük faciələrə səbəb ola biləcəyini və dövlətimiz üçün ciddi problem yaradacağını diqqətdən qaçırmaq olmaz.

Yazının “Koronavurus kimin kəşfidir?” başlığına uyğun olaraq, güman edirəm ki, bu virusun kim tərəfindən kəşf olunmasından və yayılmasından asılı olmayaraq o, bəşəriyyəti imtahana çəkmək üçün ALLAH tərəfindən göndərilmiş bəladır! Bu bəlaya qarşı hər kəs birləşməyə və birlikdə mübarizə aparmağa həm borcludur, həm də məhkumdur!

0.01411509513855