Azərbaycanda dövlət-din münasibətləri beynəlxalq hüquq normaları müstəvisində tənzimlənir

Azərbaycan multikulturalizmi xalqımızın humanistliyi və başqalarına qarşı tolerant münasibətindən qaynaqlanır

Müasir dünyamızda baş verən bütün mənfiliklərə, dini və milli zəmində meydana çıxan qarşıdurmalara rəğmən Azərbaycan multikulturalizmi dünyada ən mükəmməl modellərdən biri kimi qəbul olunur.

Çünki multikulturalizm daha müasir bir anlayış olsa belə, bu dəyərlər sistemi  Azərbaycanda ta qədim zamanlardan mövcud olub. Burada muxtəlif mədəniyyətlərin, dinlərin, azsaylı xalqların və etnik qrupların nümayəndələri tarixin bütün dövrlərində qarşılıqlı hörmət, birgəyaşayış prinsipləri və tolerantlıq şəraitində yaşayıblar. Bu hörmət və qarşılıqlı anlaşma isə Azərbaycan xalqının humanistliyi, qonaqpərvərliyi və başqalarına qarşı tolerant münasibətindən qaynaqlanır. Burada heç şübhəsiz ki, ölkə vətəndaşlarının böyük əksəriyyətinin ibadət etdiyi İslam dini dəyərlərinin də mühüm rolu var. Azərbaycanın yerləşdiyi coğrafi mövqe, eləcə də əhalisinin etnik tərkibi də, ta qədim zamanlardan burada fərqli dinlərin mövcudluğuna imkan yaradıb. Belə ki, ölkəmizin ərazisində, zərdüştilik, yəhudilik, xristianlıq və islam dini ilə yanaşı, bütpərəstlik və digər dini inanclar da özünə yer tapa bilib.

Tarixi mənbələrdə göstərilən məlumatlara görə, yəhudilərin Azərbaycana gəlişi  eramızdan əvvələ - 586-cı ildə Babil hökmdarının Yerusəlimi zəbt etdiyi dövrə təsadüf edir. O dövrdə Babil hökmdarının zülmündən, təqib və təzyiqindən qaçan yəhudilər ölkəmizdə özlərinə sığınacaq tapıblar. Bu da maraqlı faktdır ki, ölkəmizdə yəhudilərin hər üç icmasının nümayəndələri - dağ yəhudiləri, aşkenazilər və gürcü yəhudiləri məskunlaşıb.

Xristianların ölkəmizdə məskunlaşması isə hələ İsa Məsihin həvariləri dövrünə-Qafqaz Albaniyası dövrünə aid edilir və Azərbaycanda bunu sübut edin bir çox tarixi faktlar var. Hazırda ölkəmizdə xristianlığın pravoslavlıq, katoliklik və protestantlıq məzhəbləri, həmçinin müxtəlif sektant icmaları fəaliyyət göstərir.

Azərbaycanda  islam dininin yayılması isə erkən islam dirçəlişi dövrünə təsadüf edir və bu dinin yayılması ilə burada yaşayan əhali arasında tolerantlıq, birgəyaşayış mühiti daha da güclənib. Mərhəmət və sevgi dini olan islamda başqalarının düşüncələrinə hörmətlə yanaşmaq anlayışı yüksək mənəvi dəyər və mədəniyyət kimi dəyərləndirilir və bu baxımdan Azərbaycan xalqına xas olan milli xüsusiyyətləri ilə üst-üstə düşüb. Məhz bu səbəbdən də əsrlər boyu müsəlmanlarla bərabər, digər dinlərin mənsubları da regionda dinc -yanaşı yaşayıblar və aralarında heç zaman nə milli, nə də dini zəmində anlaşılmazlıq və narazılıq halları baş verib. Bununla belə, qeyd etmək lazımdır ki, tarixin müxtəlif dövrlərində, xüsusən də XIX əsrin əvvəllərində rus imperiyası ilə İran dövləti arasında bağlanan Gülüstan və Türkmənçay müqavilələrindən sonra həmin dövlətlər bu birgəyaşayışı pozmağa çox cəhd edib. Çar Rusiyası Şimali Azərbaycan ərazilərini işğal etdikdən sonra əhalini öz milli-mənəvi dəyərlərindən uzaqlaşdırmaq məqsədilə burada yad mədəniyyətlərin təbliği istiqamətində ciddi iş aparıb. Lakin Azərbaycanın 1918-ci il may ayının 28-də öz müstəqilliyini elan etməsi rusların bu cəhdini puça çıxarıb. Ölkədə çar Rusiyasının mənfur siyasəti olan din və məzhəb ayrı-seçkiliyinə son qoyulub, dini dəyərlər milli ideologiyanın tərkib hissəsi kimi qəbul edilib. Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində isə milli, dini, ictimai vəziyyətindən, cinsindən, məzhəbindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarına bərabər hüquqlar verildiyi bildirilir. Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsinə yönəlik qərar və tədbirlərdə əhalinin vicdan azadlığının təmin olunması xüsusi yer tuturdu.

Rus-bolşevik rejiminin 1920-ci ilin aprelində Azərbaycanın müstəqilliyinə son qoyması ilə xalqımızın milli-dini dəyərlərinə qarşı da səlib yürüşü başladı.  İşğalın ilk illərində bolşevik-kommunist ideoloqlar bütün dinlərin, o cümlədən də islamın özünəməxsusluğunu və dindarların milli heysiyyətini nəzərə alaraq müəyyən güzəştlərə gedərək, dindarları ələ almaq məqsədilə müxtəlif gedişlər etdilər. İlk zamanlar Qurban və Ramazan bayramlarının, dini ayinlərin keçirilməsinə imkan verildi. Bir müddət sonra - 30-cu illərinin əvvəllərində, SSRİ-nin başqa respublikalarında olduğu kimi, Azərbaycanda da dinə qarşı hücumlar başladı, məscidlər və mədrəsələr bağlandı,  bir çox tanınmış din xadimləri repressiya qurbanı oldu. Qurani-Kərimin oxunması qadağan edildi. Ölkəmizin ərazisində mövcud olan bütün məscidlər bağlandı və sonradan anbar, kitabxana, mağaza və digər məqsədlər üçün istifadə olunmağa başladı. Beləliklə, ötən əsrin 20-ci illərinin əvvəllərində Sovet hakimiyyətinin elan etdiyi vicdan, din azadlığı heçə endirildi və bu proses, təxminən 1943-cü ilə qədər davam etdi. Müharibənin gedişində əsaslı dönüş yarandıqdan sonra Sovet hökuməti Qərb dövlətləri ilə münasibətləri yaxşılaşdırmaq məqsədi ilə müəyyən siyasi gedişlər etmək və islahatlar həyata keçirmk məcburiyyətində qaldı.

Məlumdur ki, sovet rejiminin süquta uğraması dünyanın mövcud siyasi xəritəsinin dəyişməsinə, həm də bir sıra qlobal problemlərin yaranmasına səbəb oldu. Bu  dövrdə dünya iqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, həm də mənəviyyat  böhranı yaşayırdı. Bəzi siyasi dairələr isə mədəniyyətlər və dinlər arasındakı fərqləri qabardaraq bunu "sivilizasiyaların toqquşması" nəzəriyyəsi kimi ortaya qoyurdular. Burada da əsas məqsəd xalqlara, millətlərə, dövlətlərə təsir göstərməklə onları özlərinin istədikləri kimi idarə etməyə nail olmaq idi.

Dünya güclərinin, dünya düzənini yenidən qurmağa cəhd göstərdiyi bir çətin zamanda Azərbaycan öz dövlət müstəqilliyinə qovuşdu. Sovet rejiminin süqutu ilə yeni eranın əsası qoyulsa da, ateizmə əsaslanan cəmiyyətdən milli-dini dəyərlərə hörmətlə yanaşılan cəmiyyətə keçid heç də asan başa gəlmədi. O dövrdə ölkəmizin müharibə şəraitində olması, ağır iqtisadi-sosial vəziyyət, hakimiyyət kürsüsü uğrunda gedən daxili mübarizə və xaos Azərbaycanı parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu və bu, ölkədəki dini duruma da ciddi təsir göstərirdi. Ölkəmizdə yaranan bu kritik vəziyyətdən istifadə edən bəzi radikal dini cərəyanların nümayəndələri "xeyriyyəçilik" adı altında Azərbaycanda öz mövqelərini gücləndirməyə çalışırdılar. Bir müddət sonra onların böyük əksəriyyətinin öz niyyətlərində səmimi olmadıqları, fəaliyyətləri şəxsi və ya qrup maraqlarına hesablandığı üzə çıxdı. Bu vəziyyətdən çıxmaq üçün ilk növbədə ölkədə dövlət-din münasibətlərini tənzimləmək lazım idi. Bunu edə biləcək qüvvə isə meydanda yox idi. Bu çətin vəziyyətdə Azərbaycan xalqı öz böyük oğlundan, Ümummilli lideri Heydər Əliyevdən təkidlə hakimiyyətə qayıtmasını tələb etdi. Ulu öndərin hakimiyyətə qayıdışı ilə az bir zamanda ölkədə dövlət-din münasibətlərinin hüquqi əsasları formalaşdırıldı. İnsanların dini etiqad və vicdan azadlığı təmin olundu, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırılaraq qəbul edildi. Ölkədə sabitlik yarandı, eyni zamanda dini durumun müsbət yöndə inkişafına şərait yaradıldı. Dövlətin din siyasəti respublikamızın milli maraqlarını, onun vətəndaşlarının təhlükəsizliyini təmin etmək, ümumiyyətlə, cəmiyyətdə sabitlik yaratmaq prinsipləri üzərində quruldu. Azərbaycan dünyəvi, demokratik, hüquqi, unitar dövlət olmaqla yanaşı, həm də öz milli-mənəvi dəyərlərinə söykənən bir dövlət olaraq özünü təsdiq etdi. İbadət yerlərinin fəaliyyətinə, dini ayinlərin icrasına qoyulan qadağalar aradan qaldırıldı, yeni ibadət evləri, dini təhsil müəssisələri yaradıldı.

Heç şübhəsiz ki, bütün bunlar ulu öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində həyata keçirdiyi uzaqgörən siyasətinin nəticəsi idi.

Ümummilli liderin bu siyasəti sayəsində din sahəsində sabitlik tam təmin edildi, milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişdi, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı və diqqət göstərilməyə başladı. Ölkəmizdə dövlət-din münasibətləri beynəlxalq hüquq normaları müstəvisində tənzimləndi, xalqımız öz milli, dini bayramlarını azad və sərbəst şəkildə qeyd etmək imkanı əldə etdi. Sovet rejimi dövründə baxımsız vəziyyətdə qalan, dağıdılan ibadət yerləri-məscidlər təmir və bərpa olunaraq inanclı insanların istifadəsinə verildi. Müxtəlif dini konfessiyalar arasında dözümlülük mühiti daha da inkişaf etdirildi. Prezident Heydər Əliyev milliyyətindən, irqindən, dinindən asılı olmayaraq, Azərbaycanda məskunlaşan hər kəsin bütün sahələrdə hüquq bərabərliyinin dövlət tərəfindən təmin edilməsini prinsipial məsələ kimi bəyan etdi: "Ölkəmizin vətəndaşları dini, irqi mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq eyni hüquqlara malikdirlər və onların hüquqları Azərbaycan dövləti tərəfindən qorunur. Əmin ola bilərsiniz ki, biz bu prinsiplərimizə daim sadiq qalacağıq və Azərbaycan vətəndaşlarının din, dil mənsubiyyətindən və siyasi baxışlarından asılı olaraq bir-biri ilə münaqişəyə girməsinə heç vaxt yol verməyəcəyik".

Müstəqil Azərbaycan dövləti bu gün, məhz Ulu öndərin ortaya qoyduğu bu prinsiplərə sadiq qalaraq, öz uğurlu inkişaf yolunu davam etdirir.

ardı var

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.18461799621582