Qandallar qandıracaqmı?

Qandallar qandıracaqmı?
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Yalnız icra başçılarının həbsi ilə kifayətlənmək olmaz

 Artıq 2019 – cu ilin son aylarında rüşvətxorluq və korrupsiya zəminində bəzi icra başçıları Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Rüşvət və korrupsiya əməlinə görə icra başçılarının həbs edilməsi iki gün öncə yenidən baş verdi və Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev rayonda vəzifəli məmurlardan ibarət yaratdığı «cinayətkar» qrupla bərabər həbs olunub. Bu həbs sayca dördüncü icra başçısını da azadlıqdan məhrum etdi. Həbs əməliyyatının videogörüntülərini telekanallarda izlədim. Məmurların, o cümlədən Mahir Quliyevin acı etiraflarını seyr etdikcə, insan həyasızlığının ən müdhiş durumunu gördüm. Həbs olunanların videogörüntüsünü bir neçə dəfə izlədikdən sonra xeyli fikrə getdim. Danışanların qalstuklu, səliqəli geyimdə, törətdikləri rüşvət cinayətləri barədə çox sərbəst şəkildə danışmaları fikrimi haçaladı.

 Sanki filmə baxan kimi, hadisənin əvvəlcədən səhnədə tamaşa olduğunu zənn etdim. Zənnimin təsadüfi yaranmadığını hiss etdim. Dərhal bu hadisədən əvvəl həbs olunmuş icra başçılarının istintaqının gedişi barədə son zamanlar ictimaiyyətə məlumat verilməməsini xatırladım. Və bu hal düşüncələrimi hər tərəfə çəkdi. Xəyalıma gəldi ki, bəlkə, bu həbslər doğrudan da tamaşa kimi əvvəlcədən düşünülüb, ssenariləşdirilib və baş verən hadisələrin pərdəarxası ictimaiyyətdən gizlin saxlanılır. Hər şeyin mümkün olduğu ölkədə belə bir fikrin yaranmasını təsadüf saymıram. Bir sıra yüksək vəzifəli şəxslərin ağır cinayət ittihamı ilə suçlanmasına, vəzifədən kənarlaşdırılmasına baxmayaraq, onların həbsdən kənarda qalmasının səbəbləri hələ də sirr olaraq ictimaiyyətə açıqlanmır. Bu da cəmiyyətdə bir sıra suallar yaranması ilə nəticələnir.

Bu cür suallara cavab tapmaq üçün ölkədə mövcud olan xoşagəlməz hallara qəti son qoyulmalıdır. Son illər ərzində böyük işlər görülüb və beynəlxalq təşkilatlar bunu qeyd edir. Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan daim irəliyə gedir. Ancaq irəliləyiş olsa da, bu nəticə qaneedici ola bilməz. Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir. Bunu etmək üçün də imkanlar var. Həm güclü siyasi iradə, həm də indi institusional mexanizmlər var. Ən önəmlisi, kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəksə, onlar işdən çıxmalıdır və bu, bütün dövlət məmurlarına şamil olunmalıdır. Korrupsiya hallarının baş verməməsi üçün institusional mexanizmlər işə düşməlidir. Dünyanın aparıcı ölkələrində bu çirkin əmələ qarşı hansı yollarla  mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır. Əlbəttə, dövlət xərclərinə nəzarət gücləndirilməlidir. Köhnə korrupsiyalaşmış kadrlarla vidalaşıb müxtəlif ranqlı məmurların özbaşınalığına son qoyulmasa, Azərbaycanın gələcəyi zülmətə bürünəcək. Buna görə də, bu gün geniş miqyaslı kadr islahatı Azərbaycan üçün mahiyyət etibarilə ölüm-qalım məsələsidir. Müstəqil Azərbaycan dövlətçiliyinin və xalqımızın gələcəyi məhz kadr islahatlarının gedişindən çox asılıdır. Artıq bu islahatları gecikdirmək olmaz, əks halda ölkəmiz həlli praktiki olaraq mümkün olmayan daha faciəvi problemlərlə üzləşə bilər.

Müşahidələrimiz göstərir ki, ölkədə rüşvətxorluq və korrupsiya ilə tək icra başçıları məşğul olmur, digər dövlət orqanlarında da bu mənfi hal geniş yayılıb. Həbslərin nəticələrinin təhlili göstərir ki, Azərbaycanda dövlət idarəetmə sisteminin ən yuxarı pillələrində, xüsusən icra hakimiyyətı başçılarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirən dövlət orqanlarının rəhbərləri də rüşvət və korrupsiyadan bəhrələndiklərinə görə, bu prosesin dayanmasına yox, davam etməsində maraqlıdır. Ona görə də ərazi icra hakimiyyətləri ilə işləyən ən yüksək dövlət instansiya rəhbərliyinin icra hakimiyyətlərində geniş yayılmış rüşvətxorluqda bilavasitə iştirak etməsi məntiqlə inkar edilə bilməz.

Azərbaycanda fəaliyyət göstərən bütün nazirliklərin hər birinin ölkə üzrə fəaliyyətdə olan strukturlarında, məsələn, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə ciddi rüşvət torunun olmasından ölkə əhalisi ciddi şəkildə şikayət edir. Redaksiyamıza bu barədə hər gün saysız məktublar daxil olur. Şikayətlərin kütləviliyi və həmin şikayətlərdə qeyd olunan faktlara nəzər yetirərkən, nazirlik və baş idarə işçilərinin yerli icra hakimiyyətləri ilə bərabər rüşvətxorluqda fəal iştirak etdikləri xüsusi qeyd olunur. «Qaçqınkom»un yerli icra hakimiyyət orqanlarının nümayəndələri ilə cinayət əlaqəsinə girərək, qaçqınlar üçün tikilən evləri rüşvət əsasında paylamaları barədə siqnallar, şikayətlər gəlməkdə davam edir.

Yəni Azərbaycanda bir neçə icra başçısını həbs etməklə, kütləvi şəkildə yayılmış rüşvətxorluğun qarşısının alınacağını düşünmək düz deyil. Rüşvətxorluqla mübarizə işi ölkənin bütün strukturlarını əhatə etməlidir.

0.024513006210327