Multikulturalizm, sivilizasiyalar və mədəniyyətlərarası dialoq prosesinə Azərbaycan dövlətinin böyük töhfəsidir

Azərbaycanda kilsələr, sinaqoqlar və məscidlər azad, sərbəst, tolerantlıq şəraitində fəaliyyət göstərir

Müasir dünyamızı təhdid altında saxlayan koronavirus pandemiyası bir daha sübut etdi ki, qloballaşan dünyamızda birgəyaşayışın təmin olunması üçün multikulturalizmin və tolerantlığın qorunması, qarşılıqlı əməkdaşlıq və dialoq mühüm şərtlərdən biridir. Məhz buna görə də, müasir Azərbaycan dövləti də daxil olmaqla bir sıra dünya dövlətləri multikulturalizmi dövlət siyasəti elan edərək, onu qorumağa  və daha da inkişaf etdirməyə çalışırlar. Lakin təəssüflər olsun ki, digər bir qrup dövlət bu siyasəti təhlükəli hesab edərək, multikulturalizmin artıq iflasa uğradığı iddiasındadır. Burada bir sual meydana çıxır, umumiyyətlə, multikulturalizmin alternativi nədir, multikulturalizmin alternativi varmı?

Bu suala ən doğru-düzgün cavab da məhz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən gəldi. O, öz çıxışlarının birində vurğuladı ki, multikulturalizm Azərbaycanda həyat tərzidir, dövlət siyasətidir və alternativi yoxdur. Multikulturalizmin alternativi ksenofobiya, antisemitizm, islamofobiya, ayrı-seçkilikdir, insanların faciəsidir Bu anlayış multikulturalizm siyasətinin güclü olduğu hər bir dövlətə məlumdur. O da məlumdur ki, hər hansı bir dövlətin qanunlarını, siyasi quruluşunu və ya idarəetmə sistemini bir aya,  uzağı, bir ilə dəyişmək olar. Lakin hər hansı bir xalqın mədəniyyətini, milli-mənəvi və dini dəyərlərini yüz illər keçsə belə, dəyişmək mümkün deyil.

 Məlumdur ki, dünyada xalqların sayı dövlətlərin sayından 10 dəfə çoxdur. Bu da o deməkdir ki, hər bir dövlətin tərkibində birdən ona qədər, bəlkə də daha çox  xalq yaşayır. Əgər onların bu dövlət daxilində öz mədəniyyətlərini, adət-ənənələrini, milli mənliyini, dini inanclarını qoruyub saxlamaq hüququ olmasaydı, həmin coğrafiyada etnik və dini münaqişələr qarşısıalınmaz problemə çevrilərdi.

Bunu bildikləri halda, bu gün bəzi Avropa və Qərb dövlətləri multikulturalizmin iflasa uğradığını iddia edir və bu siyasətə qarşı çıxır. Bunun əsas səbəbi odur ki, həmin dövlətlərdə mövcud olan çoxmədəniyyətlilik heç də qədim tarixə malik deyil. Bu müxtəliflik miqrasiya prosesi nəticəsində sonradan yaranıb və bu səbəbdən də onlar gəlmə mədəniyyətlərin yerli mədəniyyəti dəyişdirdiyini və ya məhv etdiyini iddia edirlər. Məhz bu səbəbdən də, həmin dövlətlər bu gün multikulturalizm siyasətinə alternativ axtarırlar. Bunun üçün də daha çox vahid Avropa dəyərləri və mədəniyyəti anlayışına  dəstək verməyə çalışırlar. Bununla da vaxıtı ilə kollektivçiliyə, demokratiyaya üstünlük verən Avropa yenidən fərdiçiliyə qayıdır və fərdi şəkildə insan hüquqlarının qorunması məsələsini ön plana çəkir.

Bununla da, Avropaya miqrasiya prosesinin qarşısını almaqda çətinlik çəkən bəzi dövlətlər mədəni böhran və ya toqquşmalarla üzləşdilər və tarixən monoetnik cəmiyyətlərdən ibarət olan Avropa dövlətlərində, artıq əsas xalqın mədəniyyətini

qorumaq mümkünsüz hala gəldi. Eyni zamanda, bioloji irqi ayrı-seçkilik etmək də mümkün deyildi, çünki liberal - demokratik Avropa dəyərləri buna yol vermirdi. Buna görə də gəlmə xalqların mədəniyyətlərinin Avropa dəyərlərinə və demokratiyaya zidd olduğunu deməkdən başqa bir yolları qalmırdı. Bu səbəbdən də multikulturalizmin iflasa uğraması iddiasını ortaya ataraq, öz mədəniyyətlərini qorumağa çalışırlar. Bir sıra Qərb dövlətlərində baş verənlərin əksinə olaraq, Azərbaycan hazırda öz multikulturalizm modelini dünyaya təqdim və təşviq edir. Ölkəmizin bu sahədəki təcrübəsi kifayət qədər zəngindir və qədim tarixi köklərə malikdir. Biz Azərbaycan klassiklərinin əsərlərində, şifahi xalq ədəbiyyatında və s. kifayət qədər multikulturalizm dəyərlərinə dair nümunələrə rast gəlirik. Ölkəmizdə kilsələrin, sinaqoqların və  məscidlərin azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında tolerantlıq şəraitində fəaliyyət göstərməsi də, multikultural dəyərlərə verilən böyük önəmin bariz nümunəsidir. Bu mühit dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış normalarını həyat tərzinə çevirməsi nəticəsində formalaşıb. Bu da danılmaz faktdır ki, tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı məkan olan ölkəmizdə siyasi multikulturalizmin banisi Ulu Öndər Heydər Əliyev hesab olunur. Ümummilli Lider Heydər Əliyev xalqın dəvəti və təkidi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanı nəinki vətəndaş müharibəsindən qurtardı, eyni zamanda ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirməyə nail oldu.

Ümummilli Liderin həyata keçirdiyi bu siyasəti Prezident İlham Əliyev də uğurla davam etdirir və daha yüksək səviyyəyə qaldırmağa müvəffəq olub. Bu gün Azərbaycanın yüksək multikulturalizm dəyərlərinə sahib olması, onu təşviq etməsi aparıcı beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bir çox dövlətlərin multikulturalizm siyasətindən imtina etdiyi bu gərgin beynəlxalq vəziyyət şəraitində   Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, praktiki, elmi, təbliğati və təşviqati istiqamətdə fəaliyyət göstərməsi də xüsusi əhəmiyyət daşıyır. Çünki bu gün Azərbaycan təcrübəsi tədqiqat obyektidir, bir çox ölkələrdə öyrənilir və tədris olunur. Bu istiqamətdə aparılan işlər xalqlar və dövlətlərarası əməkdaşlığa marağı artırır, əlaqələr genişlənir və proses durmadan davam edir. Azərbaycan xalqının nümayiş etdirdiyi birgəyaşayış təcrübəsi və həyat tərzi bir daha sübut edir ki, multikulturalizm yaşayır və onun alternativi yoxdur. Dünyada sülhə və sabitliyə nail olmaq üçün bu prinsipləri qorumaq və inkişaf etdirmək, eyni zamanda təbliğ və təşviq etmək lazımdır. Multikulturalizmin təbliğ və təşviqinə böyük önəm verən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın bu sahədəki təcrübəsi aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir: "Bu, multikulturalizmin yaşadığını, onun gələcəyinin olmasını sübut edir, sadəcə, siyasətçilər, ictimaiyyətə təsir etmək iqtidarında olanlar, o cümlədən media nümayəndələri daha məsuliyyətli olmalıdırlar. Hesab edirəm ki, bu məsələdə medianın rolu daha müsbət olmalıdır. Təəssüf ki, bir çox hallarda biz xəbərlərdə qarşıdurma, qaçqın böhranı və bunlarla bağlı kadrlar görürük. Bu yanaşma yalnız təcridolunmaya gətirir. Biz buna imkan verə bilmərik. Çünki qeyd etdiyim kimi, biz bir-birimizə bağlıyıq və eyni planetdə yaşayırıq. Artıq şahid olduğumuz kimi, Avropa ilə Yaxın Şərq arasındakı məsafə o qədər də böyük deyil... Biz bir-birimizə bağlıyıq. Dünya ölkələrinin mütləq əksəriyyətinin əhalisi çoxmillətli və çoxdinlidir. Biz bununla fəxr etməliyik".

Bu gün dünyada çox dəhşətli hadisələr baş verir, Yaxın Şərqdə, Orta Asiyada, Avropa qitəsində baş verən böhranlar bu vəziyyəti daha da ağırlaşdırır. Bir sıra dövlətlərdə   iqtisadi, siyasi, hərbi, həm də mənəvi böhran yaşanır ki, bunun da nəticəsində çox ciddi qarşıdurmalar yarana bilər. Buna səbəb həmin dövlətlərin özlərinin bəyan etdikləri dəyərlərə sahib çıxa bilməməsidir. Ölkəmizdə isə sabitlik, inkişaf, rifah, təhlükəsizlik mövcuddur və Azərbaycan bəyan etdiyi bütün dəyərlərə sadiqdir. Milli- mənəvi dəyərlər, azərbaycançılıq, milli, dini dözümlülük , tolerantlıq- sosial-iqtisadi inkişaf və dövlətin öz siyasi xəttinə güvənməsi davamlı inkişafın və uğurların əsas faktorudur.

Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, multikulturalizm ənənələri və tolerantlıq Azərbaycan xalqının həyat tərzi, mənəvi-əxlaqi dəyəri, Azərbaycan Respublikasının həyata keçirdiyi siyasətin əsas qayəsidir. Dünyada multikultural dəyərlərin tədqiqatı ilə məşğul olan ekspertlər də hesab edirlər ki, Azərbaycanda multikulturalizm siyasəti tarixi ənənələrə söykənən milli və dini münasibətlər modeli olmaqla yanaşı, ilk növbədə mədəni müxtəlifliyin, xalqların milli-mədəni irsinin qorunması və inkişafına, onların qarşılıqlı faydalı inteqrasiyasına yönəlik bir siyasətdir. Burada yaşayan müxtəlif etnik mədəniyyətlər arasında mövcud olan  ənənəvi birgəyaşayış, qarşılıqlı hörmət prinsiplərinə söykənən bu model sivilizasiyalar və mədəniyyətlərarası dialoq prosesinə Azərbaycan Respublikasının böyük  töhfəsidir.

Buna görə də multikulturalizmin Azərbaycan modeli dünya xalqları arasında münasibətlərin dərinləşməsini hədəfləyən mühüm dəyər olaraq geniş və hərtərəfli təşviq və təbliğ olunur.

Bu təbliğatın da əsas məqsədi, dözümsüzlüyə, ayrı-seçkiliyə, ksenofobiyaya, müxtəlifliyə qarşı olan qorxuya qalib gəlməkdir. Çünki zorakılıq tərəfdarları dini dəyərləri təhrif etməklə yaratdıqları utopiyalarla gənc nəsillərə təsir göstərir, onları fəlakətə sürükləməyə cəhd edirlər. Biz isə bunun əvəzində yeni nəsillərə inancları, ədaləti, bərabərliyi əsas götürərək həqiqi mesajları ən doğru şəkildə təqdim etməyi bacarmalıyıq. Bunu bacardığımız zaman dünyanın hamımızın birlikdə yaşaya biləcəyi  bir məkan olduğunu daha yaxşı anlamış olacağıq.

Tolerantlığın və qarşılıqlı anlaşmanın təmini üçün isə ilk növbədə ölkələr və xalqlar arasında əməkdaşlığı və dostluğu inkişaf etdirməyin zərur olduğunu anlamalıyıq.

Onu da qeyd etməyi vacib bilirik ki, hər hansı bir ölkənin iqtisadi inkişafı onun mədəni inkişafı ilə sıx bağlıdır. Çünki iqtisadi inkişaf mədəni inkişafdan kənarda qalırsa, onun nəticələri də natamam olar. Hazırda Azərbaycan dövləti özünün iqtisadi göstəriciləri ilə dünyanın qabaqcıl ölkələri sırasında layiqli yer tutursa, bu həm də onun müxtəlif etno-mədəni qrupları özündə birləşdirməsi və qoruması siyasətindən irəli gəlir.

O ölkələrdə ki, multikulturalizmin inkişafına ciddi diqqət ayrılır, orada həm iqtisadiyyat inkişaf edir, həm də insanların rifahı yüksək səviyyədə olur.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.13037180900574