Azərbaycan öz ərazisində yaşayan bütün xalqlara azadlıq və hürriyyət bəxş edib

Dövlətimiz ölkədə çoxmədəniyyətli bir cəmiyyətin mövcudluğunu təsdiq edir

Dünya qloballaşdıqca, burada baş verən bir çox terror hadisələrinin, dini və milli zəmində baş verən qarşıdurmaların kökündə, məhz dözümsüzlüyün durduğunu görürük. İstər milli, istərsə də dini dö-zümsüzlük isə son nəticədə qarşıdurmalara, anlaşılmazlıqlara, multikultural və tolerant dəyərlərin aşılanmasına gətirib çıxarır. 

Bütün bunların qarşısının alınması üçün multikulturalizmin qorunaraq inkişaf etdirilməsi, müasir dünyamızda həyati əhəmiyyət kəsb edən bir problemə çevrilib. Artıq dünyanın bir çox dövlətləri, xalqları, müxtəlif beynəlxalq qurumlar, dini təsisatlar və sadəcə, adi insanlar da dərk edirlər ki, kütləvi qırğın silahlarının durmadan artdığı, mütəmadi olaraq baş verən iqtisadi, maliyyə böhranı şəraitində mövcud olmaq, inkişaf etmək, sosial rifahı təmin etmək üçün yeganə yol mədəniyyətlərarası dialoqdan və əməkdaşlıqdan keçir. Bunun da təməl prinsipləri multikulturalizmə nail olmaq, onu yaşam tərzinə çevirməkdir. Çünki hər hansı bir dövlətin milli-etnik və çoxkonfessiyalı bir cəmiyyətə sahib olması, onun uğuru və gələcək mövcudluğu üçün bir şansdır. Bir çox mədəniyyətləri özündə birləşdirən cəmiyyətin idarə olunmasının ideal forması da, multikulturalizmin və tolerantlığın inkişaf səviyyəsi ilə bağlıdır. Buna görə də mədəni identiklik son dövrlərdə daha çox aktuallıq kəsb etməyə başlayıb. Qeyd etmək lazımdır ki, İkinci Dünya Müharibəsindən sonra dünyanın siyasi səhnəsi və dövlət idarəçiliyi formaları mühüm dəyişikliklərə məruz qaldı. Əvvəllər mövcud olan ideologiya fərqləri aradan götürüldü. Artıq heç bir xalqı hər hansı bir siyası ideologiya (kommunist, faşist və s.) ilə identikləşdirmək mümkün olmadığından, hər bir xalqı digərindən yalnız onun mədəniyyətinə görə fərqləndirmək olardı. Gözlənilməyən miqrasiya prosesi nəticəsində Avropa dövlətlərində milli-etnik cəmiyyətlərin sayı kəskin artdı. Bir dövlət çərçivəsində onlarca fərqli mədəniyyətə sahib xalqların mövcudluğu problemi ortaya çıxdı. Bu da  istər-istəməz dövlət idarəçiliyi sahəsində müəyyən çətinliklər yaratdı. Bir çox dövlətlər keçən əsrin 70-ci illərinə qədər gəlmə mədəniyyətlərə qarşı assimilyasiya və ya izolyasiya siyasətlərini həyata keçirməklə yerli (aborogen) xalqın mədəniyyətini qorumağa cəhd etdilər. Əsində, bu digər azsaylı xalqlara qarşı siyasi haqsızlıq və qeyri-demokratik yanaşma idi. Buna görə də hər bir xalq öz mədəni identikliyini qorumaq uğrunda mübarizəyə başladı və bununla da "mədəniyyətlərin toqquşması" anlayışı meydana gəldi.

Bu toqquşmanın qarşısının alınması üçün 1971-ci ildə Kanada öz daxilindəki etno-mədəni müxtəlifliyi qorumaq və idarə etmək məqsədi ilə rəsmi şəkildə alternativ bir siyasi xətt olaraq "Multikulturalizm" siyasətini dövlət siyasəti elan etdi. Bundan bir müddət sonra bir sıra Qərb dövlətləri də, bu modeli öz ölkələrində tətbiq etməyə başladılar.

Məlumdur ki, multikulturalizm sözünün hərfi mənası "çoxmədəniyyətlilik" kimi anlaşılır və multikulturalizm siyasəti dedikdə, bir dövlətin sərhədləri çərçivəsində müxtəlif mədəniyyətlərin qorunması, inkişafı və təbliğinə yönəlik humanist və demokratik dövlət siyasəti nəzərdə tutulur. Buna görə də, belə demək mümkündür ki, çoxmədəniyyətli cəmiyyət dövlətin multikulturalizm siyasəti olmadan mövcud ola bilməz. Çünki multikulturalizm fəlsəfəsinin əsaslandığı 7 mühüm prinsiplər var və həmin prinsiplər olmadan etnik müxtəlifliyi multikulturalizm adlandırmaq mümkün deyil:

- Etno-mədəni müxtəlifliyin mövcudluğu prinsipi: Bu prinsip bir dövlətin daxilində müxtəlif mədəniyyətin daşıyıcıları olan milli azlıqların və eyni zamanda müxtəlif dini konfessiyaların mövcudluğu mənasını verir. Multikulturalizm siyasətini həyata keçirən dövlətlər (Kanada, Avstraliya, Azərbaycan) bu cür müxtəlifliyi özünə qarşı təhlükə kimi görmür. Əksinə, cəmiyyətin zənginliyi kimi qəbul edərək həmin xalqlara öz mədəniyyətlərini qorumaları üçün dəstək göstərir;

- Mədəni indentiklik hüququ: Bu prinsip hər bir kəsin və ya qrupun öz mədəni identikliyini və ya xarakterini qoruyub saxlamaq hüququ olduğunu qeyd edir. Ancaq yaddan çıxarmaq olmaz ki, bu, vəzifə yox, sadəcə, hüquqdur. Heç bir kəs məcburi şəkildə bir qrupa daxil edilə bilməz və ya hər hansısa bir mədəni qrupa üzvlüyünə görə alçaldıla bilməz;

- Mədəni bərabərlik və qarşılıqlı dözümlülük prinsipi: Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, bütün etno-mədəni qruplar bərabərdir və yalnız qarşılıqlı hörmət və dözümlülük şəraitində mövcud ola bilərlər. Etnik mənşə identikliyi vətəndaşlıq identikliyindən sonra gəlməlidir. Beləliklə, ierarxik ikili identiklik mövcud olur. Buna ən gözəl nümunə Azərbaycan və ya Kanadanı misal göstərmək olar. Bütün milli azlıqlar ilk öncə azərbaycanlıdır, daha sonra ləzgi, avar, tatdır və s.;

- Etno-mədəni qruplararası əlaqə prinsipi: Hər bir etno-mədəni və dini qrup və ya onun hər bir nümayəndəsi digər qruplarla və ya nümayəndələri ilə təhlükəsiz və sərbəst ünsiyyət qura bilməlidir. Eyni cəmiyyətdə mövcud olan hər bir kəs digər qruplara qarşı açıq fikirli olmalıdır;

- Bərabər imkanlara sahib olmaq hüququ: Azərbaycan multikulturalizminin ən mühüm özəlliklərindən biri də onun sosial-liberal ikili təbiətə malik olmaqla ikili fundamental hüququ özündə birləşdirməsidir. Liberal hüquq olan mədəni müxtəliflik hüququnun sosial hüquq olan bərabər imkanlara sahib olma hüququna əsaslanması Azərbaycan cəmiyyətindəki müxtəlifliyi qorumağa və icmalararası sosial ədalətsizliyi aradan qaldırmağa imkan verir;

- Siyasi idarə prinsipinin mövcudluğu: Multikulturalizm və ya multikultural cəmiyyət özü təkbaşına inkişaf edə bilməz. Bunun üçün siyasi idarəetmə və dövlət dəstəyinin mövcudluğu mütləqdir;

- Müxtəliflikdə mövcud olan təklik prinsipi: Hər bir milli azlıq və ya etnik qrup öz mədəniyyətinin yalnız ümumi mədəniyyətə ziyan vurmayan hissəsini qoruya bilər. Bəzən bu prinsipə, mədəniyyətin selektiv qorunması da deyilir.

Burada onu da qeyd etmək vacibdir ki, multikulturalizmi dövlət siyasəti elan edən hər bir dövlət bu prinsiplərin hər birinə qarant durmalıdır. Çünki bu prinsiplər multikulturalizm siyasətinin əsasını  təşkil edir.

Müasir Azərbaycan dövlətinin bu gün həyata keçirdiyi siyasi kurs, ölkəmizdə tarixi inkişafdan keçərək formalaşan çoxmədəniyyətli bir cəmiyyətin mövcudluğunu təsdiq edir. Bu cəmiyyəti qoruyub saxlamaq üçün dövlətin siyasi iradəsinin mövcudluğu da, əslində multikulturalizmin bariz göstəricisidir. Bütün bunlara baxmayaraq, bu siyasəti qoruyub saxlamaq üçün mütəmadi olaraq qanunvericilik bazası təkmilləşdirilməli və multikulturalizm siyasətinin hüquqi bazası formalaşdırılmalıdır. Bunun üçün 1988-ci ildə Kanada xüsusi olaraq "Multikulturalizm qanunu"nu qəbul edib.

1993-cü ildə xalqın tələbi və təkidi ilə Azərbaycanda hakimiyyətə qayıdan xalqımızın Ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldiyi ilk andan bu məsələyə xüsusi diqqət ayrıb. Onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində milli azlıqlar və dini qruplarla bağlı çox sayda normativ hüquqi aktlar qəbul olunub. Bununla da Ulu Öndər Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğunun əsasını qoydu və apardığı islahatlarla ölkədə tarixən mövcud olan etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının möhkəmlənməsini təmin etdi. Onun 1994-cü il sentyabrın 29-da BMT Baş Məclisinin sessiyasındakı çıxışında söylədiyi bir fikri diqqətinizə çatdırmaq istəyirik: "Respublikamızda artıq çoxpartiyalı sistem mövcuddur, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olub. Dərisinin rəngindən, din və dil mənsubiyyətindən asılı olmayaraq, çoxmillətli Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlardan istifadə edirlər. Qarşımızda duran ən mühüm vəzifə konstitusiyanın əsas prinsiplərini dərindən mənimsəmək, respublika həyatına tətbiq etmək və onun verdiyi təminatları reallaşdırmaqdır".

Bu ideyaları əlində dəstək tutan Ümummilli liderin rəhbərliyi ilə hazırlanan və 12 noyabr 1995-ci ildə referendum yolu ilə, demokratik tərzdə ümumxalq müzakirəsinə çıxarılmaqla qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında da multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipləri aydın şəkildə öz əksini tapıb. Ulu Öndər Heydər Əliyevin 22 fevral 1998-ci il tarixində imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı və 18 iyun 1998-ci il tarixli "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" Sərəncamı insan hüquqları sahəsində ən mühüm sənədlərdir və bu, mütəxəssislər tərəfindən həmin sahədə ilk strateji sənəd kimi çox yüksək qiymətləndirilib.

Prezident Heydər Əliyev multikulturalizmin əsas prinsiplərindən olan dövlət-din münasibətlərinə də böyük önəm verərək deyirdi: "Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratik dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə, dinindən, irqindən, siyasi mənsubiyyətlərindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir". Məhz Ulu Öndərin müəyyənləşdirdiyi bu strateji istiqamətdə inkişaf edən Azərbaycan dünyaya örnək ola biləcək multikultural dəyərlər sistemini və modelini formalaşdıra bilib.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.30512595176697