Koronavirus pandemiyası multikulturalizm ənənələrini poza bilməz- "Biz birlikdə güclüyük!"

Ölkəmizdə yaşayan bütün milli və dini azlıqlar vahid azərbaycançılıq ideologiyası ətrafında sıx birləşib

Koronavirus adlı bir bəlanın dünyanı təşviş və qorxu içində saxladığı bu gərgin dövrdə də, insanlar və dövlətlər arasında həmrəyliyin mövcudluğu mühüm əhəmiyyət kəsb edir. Koronavirusa qarşı mübarizə çərçivəsində irəli sürülən "Biz birlikdə güclüyük!" şüarı da bəşəri bir məna daşıyır.

Çünki insanlar dinindən, dilindən, irqindən asılı olmayaraq, bəşəri bir təhlükə yarandığı zaman, bu bəlaya qarşı birlik və həmrəylik nümayiş etdirməlidirlər. Bu baxımdan, ölkəmiz də istisna deyil. Pandemiyanın yayılmasının ilk günündən başlayaraq, Azərbaycan dövlətinin həyata keçirdiyi ciddi tədbirlər və bu məsələnin bilavasitə Prezidentin nəzarətində olması, bizə imkan verdi ki, təhlukənin miqyasını xeyli azaldaq.

Heç şübhəsiz ki, Azərbaycanda mövcud olan milli-mədəni müxtəliflik, etnik-dini dözümlülük mühiti, ölkəmizin çoxmillətli, çoxkonfessiyalı diyar olaraq, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevrilməsi də burada mühüm rol oynayır. Məlumdur ki, Azərbaycan multikultural ənənələr əsasında inkişaf edən, zəngin milli-mədəni dəyərlərə malik dünyəvi bir islam dövlətidir. Tolerantlıq və multikulturalizm Azərbaycan xalqının həyat tərzi olmaqla yanaşı, həm də müasir Azərbaycan dövlətinin inkişafını stimullaşdıran bir siyasətdir.

Onu da xüsusi qeyd etmək lazımdır ki, müstəqilliyin ilk illərində ölkəmizdə mövcud olan xaotik vəziyyətlə bağlı yaranan anlaşılmazlıqlar, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və onun uzaqgörən siyasəti ilə öz həllini tapdı və  multikulturalizmin inkişafı üçün xüsusi dövlət dəstəyi proqramı həyata keçirilməyə başladı. Bu dəstəyin nəticəsidir ki, hazırda Azərbaycanda müxtəlif xalqların nümayəndələri qarşılıqlı dostluq və əməkdaşlıq şəraitində yaşayır, ölkənin inkişafında yaxından iştirak edirlər. Bu da onu deməyə əsas verir ki, multikulturalizmin dövlət siyasəti və xalqımızın həyat tərzi olaraq ölkəmizdə təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Xalqımızın böyük oğlu, dünya miqyaslı siyasətçi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanda həm də vətəndaş müharibəsinin qarşısı alındı. Ölkəmizdə mövcud olan bütün milli azlıqlar və dini konfessiyalar vahid azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdi. Heç şübhəsiz ki, bu da Ulu Öndərin uğurlu multikultural xarici və daxili siyasətin nəticəsi idi. O dövrdən etibarən   Azərbaycanda irqindən, dinindən, dilindən və milliyyətindən asılı olmayaraq bütün xalqlar və dini konfessiya nümayəndələri yüksək rifah və firavanlıq içərisində yaşayırlar.

Ulu Öndər Heydər Əliyev bununla yanaşı, ölkəmizin tarixi irsinin qorunub saxlanılması, xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün geniş hüquqi bazanın yaradılmasına ciddi diqqət yetirib. Bu diqqət və qayğının nəticəsidir ki, vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, daha geniş formada isə "Dini etiqad azadlığı haqqında" Qanunda öz əksini tapıb. Belə ki, Konstitusiyamızın 48-ci maddəsində qeyd olunub ki, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir.

Bu gün təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizmin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 may 2014-cü il tarixli fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və bu siyasətin davamı kimi 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi də mühüm rol oynayıb. Bütün bunlar onu deməyə əsas verir ki, müstəqil Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc- yanaşı yaşamasının unikal nümunəsidir və bunu bir çox beynəlxalq təşkilatlar da etiraf edir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkə olaraq bu gün həm də  dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirən dövlətdir. Azərbaycanda mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini tolerantlıq da dövlətin gerçəkləşdirdiyi milli siyasətin nəticəsidir. Artıq uzun illərdir ki, Azərbaycan ayrı-ayrı dinlərə, irqlərə və dillərə məxsus insanların azad, sərbəst və heç bir təzyiq və təhdidlə üzləşmədən yaşadıqları bir məkan kimi tanınır.

Çünki hələ qədim zamanlardan Azərbaycan çoxmillətli, çoxdinli bir ölkə olaraq özünü  bütün dünyaya tanıda bilib. Ta qədim zamanlardan burada tarixi ənənəyə söykənən və uzun əsrlik tolerantlıq mühiti formalaşıb. Zamanla, tarix və mühit dəyişsə də  Azərbaycan xalqı özünün humanist mövqeyini heç zaman dəyişməyib. Yeni gələn nəsillər ata-babalardan əmanət qalan ənənələri davam etdiriblər. Məhz bunun nəticəsidir ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və firavan hiss edir, buranı vətəni sayır. Azərbaycan xalqının özünəməxsus mehribanlığı, qonaqpərvərliyi, sülhsevər və humanistliyi, ölkəmizdə məskunlaşan bütün azsaylı xalqların, etnosların və etnik qrupların nümayəndələrinin özlərini hərtərəfli ifadə etmələrinə imkan verib. Ölkəmizdə azsaylı xalqların, eləcə də digər dini konfessiya nümayəndələrinin hüquqları hər zaman qorunub və qorunur. Onlara ana dilini, mədəniyyətini, dinini, adət və ənənələrini yaşatmaq üçün lazım olan bütün şərait yaradılıb. Məhz bu şəraitin və imkanın yaradılmasının nəticəsidir ki, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və ictimai fikrinin formalaşmasında, eləcə də torpaqlarımızın ərazi bütövlüyünün qorunmasında, həmin xalqların nümayəndələri də böyük vətənpərvərlik nümunəsi göstəriblər. Azərbaycanda məskunlaşan azsaylı xalqlar və qeyri-islami dinlərin daşıyıcıları olan insanlar ölkəmizi doğma Vətəni saydıqlarından və məhz burada özlərini azad, sərbəst hiss etdiklərindən Azərbaycanın müdafiəsini özlərinə borc biliblər. Məhz buna görə də, elan olunmayan Qarabağ  müharibəsində, Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşən, şəhid, müharibə veteranı və əlili olanlar arasında yüzlərlə, minlərlə azsaylı xalqın və qeyri-islami dini konfessiya nümayəndələrini də gördük.

Məlumdur ki, ölkəmizdə hələ 1992-ci ildə "Dini etiqad azadlığı haqqında" qanun qəbul edilib. Zaman keçdikcə, bu qanunda bir sıra boşluqlar olduğundan təkmilləşdirilməsinə ehtiyac yaranıb və Ümummilli lider Heydər Əliyev sözügedən qanuna müəyyən əlavə və dəyişikliklərin edilməsi ilə bağlı tapşırıq verib. Bununla yanaşı, Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin formalaşdırılması və dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktının tələblərinə riayət olunması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalanıb. Bütün bunlar da sübut edir ki, demokratik, başqa xalqlara və dinlərə qarşı sayğı ilə yanaşan Azərbaycan dövləti, artıq bütün dünyada nümunəvi tolerantlıq və multikulturalizm məkanı kimi  tanınır.

Azərbaycan bu gün də çoxmillətli, çoxdinli bir məmləkət imicini qoruyub saxlayır və inkişaf etdirir. Ölkəmizin ərazisində etnik və dini icmalar arasında möhkəm dözümlülük, tolerantlıq əlaqələri davam etdirilir, milli, irqi və dini ayrı-seçkiliyə yol verilmir. Azərbaycanda bütün azsaylı xalqların, millətlərin və toplumların nümayəndələri vahid və mehriban bir ailə kimi yaşayır, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində dinc fəaliyyət göstərə bilirlər. Buna görə də Azərbaycan hər zaman fərqli dinlərin, müxtəlif millətlərin qardaşlıq şəraitində yaşadığı ölkə olaraq qalır və bu gün də ölkəmizdə dinlərarası və millətlərarası münasibətlər ən yüksək səviyyədədir.

Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikulturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğində  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əvəzolunmaz xidmətləri var. Mehriban xanım Əliyeva Azərbaycan reallıqlarını, ənənələrini, multikulturalizmi, tolerantlıq mədəniyyətini hər zaman ölkə daxilində və  xaricdə beynəlxalq konfranslarda, tədbirlərdə dünya ictimaiyyətinin diqqətinə çatdırır, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verir və milli mədəniyyətimizin təbliği istiqamətində mühüm layihələr həyata keçirir.

Bu da danılmaz faktdır ki, mədəniyyətlərarası əlaqələr prosesində özünəməxsus mövqeyi ilə seçilən Azərbaycanda tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailə kimi yaşayıb və bu ənənə bu gün də davam etdirilir. Məhz bunun nəticəsidir ki, çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə dini etiqad azadlığı tam təmin edilib və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdir və öz hüquqlarından heç bir maneə ilə üzləşmədən istifadə edə bilirlər. Azərbaycan xalqının genetik yaddaşından süzülüb gələn dözümlülük, multikultural ənənə bizim üçün normal yaşayış, həyat tərzidir desək, əsla yanılmarıq. Bu səbəbdən də tarixin heç bir dönəmində Azərbaycanda dini, milli zəmində qarşıdurma halları baş verməyib.

Ölkəmizin hər kəs üçün multikultural məkana çevrildiyi təkzibedilməz faktdır və Azərbaycanda birgəyaşayış ənənəsinin mövcudluğu əksər dünya ölkələri, beynəlxalq təşkilatlar, diplomatlar, din xadimləri tərəfindən də qəbul edilir və bir çox dövlətlər üçün nümunə kimi təqdim olunur.

Heç bir koronavirus pademiyası bu ənənəni poza bilməz- "Biz birlikdə güclüyük!".

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.11659789085388