Çap media cəmiyyətə lazımdır...

Çap media cəmiyyətə lazımdır...
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Amma düzü düz, əyrini əyri yazmaqla

 Qeyri - bərabər inkişaf qanunu dünyada hər şeyi dəyişməyə qadir olduğunu çoxdan təsdiq edib. Lakin insanın gücü çatmasa da, bu gerçəklə hesablaşmaq istəmir. Daima müqavimət göstərir, öz istəyini ortaya qoymağa cəhd edir. Bu işdə insana media kömək edir. Dünya xəbərlə, informasiya ilə idarə olunur.

Dostlarımız deyir ki, zamanı qabaqlamaq olmaz. Bizimkilərin "mədə"si çox balacadır, sizin təqdim etdiyiniz "böyük tikə"ləri həzm etmək gücündə deyil. Başqaları deyir ki, hələ XV əsrdə dünyanın bəzi ölkələri qəzet buraxanda, bizdə qəzet yox idi, dünya dağılmırdı ki? Başqa biri isə Mirzə Cəlildən, Üzeyir bəydən misal çəkib deyir ki, bu kişilər deyib ki, başqa ölkələrdə qəzetlər bağlansa, dünyada tufan qopar, aləm bir-birinə dəyər, amma bizdə belə hal baş versə, heç kimin tükü də tərpənməz. Doğrudan da otuz ilə yaxındır müstəqillik qazanmış Azərbaycan cəmiyyətini silkələyən çoxminlik oxucu ordusuna malik olan əksər qəzetlər məmurlar tərəfindən satın alındı, heç kimin cınqırı belə, çıxmadı.

Dünyada qəzet sənayesinin inkişaf etdirildiyi hazırkı vaxtda Azərbaycanda qəzetlərə oxucu marağının azalmasını, ictimai rəyə təsir vasitəsi kimi, sıradan çıxmasını çoxları internetin, sosial şəbəkənin inkişaf etməsinin üzərinə atır. Amma dünyada idarəetmədə ön sırada yer alan qəzet sənayesinin və bütün media quruluşunun ölkədə məqsədli şəkildə məmurlar tərəfindən məhv edildiyini və nəticədə qəzetlərin ölkə reallığını əks etdirmək hüququndan tam məhrum oldunduqlarını etiraf etmək istəmirlər.

Ölkənin bütün sahələrində olduğu kimi, inkişafı dövlətin, xalqın mənafeyinə uyğun olmayan, yalnız ayrı - ayrı məmurların şəxsi "yaradıcılığına" tabe edilən media Prezidentin vəzifədən çıxardığı köməkçisi Əli Həsənovun şəxsi nəzarətinə verildi və o, da ölkənin digər məmurları kimi, bu imkandan sui - istifadə edib, medianı öz gəlir mənbəyinə çevirib, dövləti onun xidmətindən məhrum və məhv etdi. Qısası, Əli Həsənov heç kimdən çəkinmədən, bizi başa salmağa çalışdı ki, media, qəzet boş şeydir. Düzü, əvvəllər bizə "qəzet boş şeydir" deyən hakimiyyət nümayəndələrinin fikirlərini "boş şey" sayırdıq, indi isə özümüz də bu barədə ciddi fikirləşməyə başlamışıq. Qəzet ictimai rəyə təsir etmək üçündür. Hakimiyyətin qəzet sənayesini məhv etməsinə rəğmən, bu ölkədə əhalinin, ən azı, 98 faizi qəzet oxumursa, hətta rayon mərkəzlərinə, kəndlərə reallığı əks etdirməyən qəzet-jurnalın özü gedib çıxmırsa belə, bu cür yayılmayan, oxucu kütləsinə çatmayan mətbuat ictimai fikrə necə təsir edə bilər?!

Yaxud, qəzet oxuyan yaşlı nəsil oxuduqları qəzetdə, jurnalda reallığı əks etdirən ibrətamiz heç bir yazıya rast gəlmirsə, ətrafında gözünü, qulağını deşən haqsızlıqlar barədə qəzetdən bir kəlmə oxumursa, belə yararsız qəzetlər kimə lazımdır? Ölkədə hər kəs acı taleyi ilə barışıbsa, əzənin, haqqını yeyənin qarşısında ikiqat əyilib sınırsa, amma və lakin onun haqqı üçün mücadilə aparan jurnalistə diqqətsizlik göstərirsə, qəzetçilər özlərini məhbəsə atılmağa nə üçün rəva bilsinlər?!

Medianın müqəddəs vəzifəsi dünyada və ölkədə baş verənləri olduğu kimi insanlara vaxtında və doğru çatdırmaq, yuxarının sözünü aşağıya, aşağının sözünü yuxarıya düz, olduğu kimi xəbər verməkdən ibarətdir. Yəni mətbuat xalqın, cəmiyyətin sözünü qəzet vasitəsi ilə yuxarıya çatdırmalıdır ki, ay ölkəni idarə edənlər, bəlkə siz bilmirsiniz, xəbəriniz yoxdur, bilin ki, aşağı vəzifədə əyləşdirdiyiniz məmur bəd əməllər törədir. Amma sənə məlum olanda ki, bu balaca məmur elə o böyük məmura verdiyini çıxartmaq üçün tarana gedir, qısası, onun sifarişi ilə xalqı talayır, onda həmin sözləri yuxarı ötürməyin nə mənası var?!

Qəzet xalqdan impuls alır. Amma xalqın öndə gedənlərinin bir çoxunun normal yazmaq qabiliyyəti yoxdursa, həqiqəti yazanlar təzyiqdən, təqibdən qorxub, yazıda adını, ünvanını belə, gizlədirsə, savadını acizliyinə bəraət qazandırmaq üçün sərf edirsə, bəs biz həmin "impulsu" kimdən və haradan alaq?!..

Əli Həsənovun imzası ilə dövlət büdcəsindən maliyyələşən və digər özəl qurumlara qəzetlərə abunə yazmaq məqsədilə rəsmi məktub gedirdi. Bu məktubda dövlət və Əli Həsənova yaxın qəzetlərə məcburi abunə yazılışı aparılırdı. İnsanlara zorla xoşlamadıqları, aylarla, illərlə bir nüsxəsini ala bilmədikləri qəzetlərə 50-100 manatlıq abunə yazdırılırdı! Rəsmi və iqtidarın siyasətinə dəstək vermək pərdəsi arxasında gizlənib, çoxlu maliyyə qazanan bəzi "müstəqil" qəzetlər ölkədə mövcud olan nöqsanlardan, hətta ölkə Prezidentinin səsləndirdiyi qüsurlardan bir kəlmə də olsun, yazmır. Beləcə, dünyada qəzetlərin normal şəkildə reklamla təmin edildiyi, satış və yayım imkanını genişləndirmək təcrübəsini təmin etmək əvəzinə, abunə yazılışı eybəcər şəkildə saxta aparılan ölkədə inkişaf etmiş mediadan bəhs etmək, mümkün deyil...

Sonda qeyd edim ki, tutduğu vəzifədə yalnız şəxsi qazancı üçün çalışdığını çox aydın şəkildə, xalqın qəzəbindən və dövlətin sərt qanunlarından çəkinmədən, nümayiş etdirən məmurların əksəriyyət təşkil etdiyi dövlətdə eyni mühitdə yaşamaq, yaratmaq, jurnalistika ilə məşğul olmaq və  normal qəzet istehsal etmək, nəinki çox çətindir, hətta dəhşətdir.

0.015738964080811