Tolerantlıq insanı təəssübkeşlikdən uzaqlaşdıran, radikallıqdan xilas edən ictimai prinsipdir

İnsanlar eyni cür yaradılmadığı üçün tolerantlıq qaçılmaz dəyər olaraq hər an qarşımıza çıxacaq

Azərbaycan qloballaşan dünyamızın bir parçası olaraq, həm də burada baş verən bütün hadisələrin iştirakçısıdır. Multikulturalizmi və tolerantlığı dövlət siyasəti və xalqın həyat tərzi kimi qəbul edən Azərbaycan dövləti öz ərazisində yaşayan bütün xalqlara və dini konfessiyalara qarşı eyni münasibət göstərir. Bunu ölkəmizdə məskunlaşan çox sayda etnik qrupların, etnosların, eləcə də müxtəlif dini konfessiyaların nümayəndələri də təsdiqləyir.  

Müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq Azərbaycanda yüz illərdir ki, müxtəlif xalqların və dinlərin nümayəndələri əmin-amanlıq, mehriban qonşuluq, qarşılıqlı etimad və anlaşma şəraitində həyatlarını və fəaliyyətlərini davam etdirirlər. Məhz buna görə də, dərin tarixi köklərə malik tolerantlıq ənənələrinin qorunub saxlanılması, multikultural dəyərlərə söykənən ictimai münasibətlərin təbliği və təşviqi Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Ölkəmizdə formalaşan nümunəvi dövlət-din münasibətləri cəmiyyətin bütün təbəqələri kimi, burada yaşayan xristian icmasına da öz dini-mənəvi dəyərlərindən lazımınca faydalanmaq imkanı verir. O da danılmaz faktdır ki, cəmiyyətimizdə özünəməxsus yeri olan pravoslav xristianlar ölkəmizdə gedən böyük inkişaf və quruculuq prosesində yaxından iştirak edirlər. Bu da ölkəmizdə mövcud olan tolerant və multikultural mühitlə bağlıdır.

Bu günlərdə dövlətimizin başçısı, Prezident İlham Əliyevin ölkəmizdə məskunlaşan bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə təbrik etməsi də, dövlətimizin burada yaşayan bütün dinlərə və xalqlara qarşı tolerant münasibətinin açıq təzahürüdür. Təbirkdə deyilir:

«-Hörmətli həmvətənlər!

Sizi - Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm...

Əziz həmvətənlər!

Builki Pasxa bayramı bütün dünyanı bürümüş təhlükəli epidemiyanın bəşəriyyəti təhdid etdiyi bir vaxta təsadüf edir. Əminəm ki, üzləşdiyimiz qlobal bəla ilə mübarizədə həmvətənlərimiz yüksək məsuliyyət, həmrəylik və mütəşəkkillik nümayiş etdirəcək, xalqımız bu çətin sınaqdan da uğurla çıxacaq.

Yeniliyin, dirçəlişin, birlik və bərabərliyin rəmzi sayılan nurlu Pasxa bayramı günündə bir daha hər birinizə cansağlığı, xoşbəxtlik, ailələrinizə əmin-amanlıq arzulayıram.

Bayramınız mübarək olsun!»

Dövlət başçımızın təkcə xristianlara deyil, olkəmizdə yaşayan bütün dini konfessiya nümayəndələrinə göstərdiyi diqqət və qayğının özü də böyük tolerantlıq nümunəsidir.

Dövlətimizin və xalqımızın tolerantlıq prinsiplərinə sadiqliyinin əsas qayəsi, həm də onun İslam dininə məxsusluğundadır. 

Bu gün bütün dünya dövlətləri və beynəlxalq təşkilatları üçün maraq kəsb edən də məhz, Azərbaycanın müstəqil, dünyəvi, demokratik islam dövləti olmasıdır. Əhalisinin 90 faizdən çoxunun İslam dininə mənsubluuğ bir çoxları üçün təəccüblü olsa da, İslam dininin özündə tolerantlığın ana xətt kimi keçməsi heç kimdə şübhə yaratmamalıdır. Çünki müqəddəs kitabımız olan Qurani- Kərimdə tolerantlıq islamın əsas prinsipləri kimi göstərilib.

Bu gün sizə bu prinsiplər barədə bəzi məlumatları çatdırmaq istəyirik.

Çünki tolerantlıq fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan bir anlayışdır. Başqalarının fərqli ifadə tərzinə hörmətlə yanaşmaq, onların fikirləri ilə ziddiyyət təşkil etməsinə baxmayaraq, dözümlü münasibət nümayiş etdirmək də tolerantlıqdır. Tolerantlıq bizim kimi düşünməyənlərə qoşulmaq, öz dəyərlərimizdən uzaqlaşmaq deyil, əksinə, onları olduğu kimi qəbul edərək, yaxşı davranmağı bacarmaq prinsipidir. Tolerantlıq həm də din və vicdan azadlığını özündə ehtiva edir.

Tarixi mənbələrdə tolerantlıq sözünün latın dilindəki "tolerare" feilindən törəndiyi bildirilir və "dözmək, tab gətirmək, fikir verməmək, səbirli olmaq, göz yummaq" kimi mənalar daşıyır.

Müxtəlif insanların yaşadığı hər yerdə həmişə fikir müxtəlifliyi olub və olacaq, əsas məsələ bu fərqliliyə münasibət, bu müxtəlifliyə yanaşma və tolerant olmaq bacarığıdır. Çünki tolerantlıq başqalarının haqq və hüquqlarına hörmətdir, müxtəlif fikir, inam, əqidə və dünyagörüşlərinə qarşı insanın mədəni səviyyəsinin meyarıdır, insanı ifrat təəssübkeşlikdən uzaqlaşdıran, radikallıqdan xilas edən ictimai prinsipdir.

Bu da məlum bir aksiomdur ki, bizim üçün qəbuledilməz olan, başqası üçün dəyər ola, yaxud, bizim üçün dəyər olan başqası üçün cəhalət sayıla bilər. Tolerantlıq isə bütün ziddiyyətlərə, fikir ayrılıqlarına baxmayaraq, dinləmək bacarığı, dözümsüzlük nümayiş etdirməklə qarşısındakını olduğu kimi qəbul etmək, həm də onun konsepsiyasını anlamaq bacarığıdır.

Onu da qeyd edək ki, tolerantlıq qarşısındakına insan olduğu üçün dəyər vermək,  başqasına mənəvi hisslərinə, öz mənəvi duyğularına hörmət gözlədiyi üçün hörmətlə yanaşmaq prinsipidir. Bu prinsiplərin yaranma ideyası  XVI-XVII əsrlərdə Avropada baş verən dini münaqişələrin aradan qaldırılması ilə bağlı olub. 1648-ci ildə bağlanan Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəd kimi qəbul edilir. Bununla belə, həmin müqavilədən sonra daha 30 il davam edən müharibə zamanı nümayiş olunan dözümsüzlük tolerantlığın formalaşmasına ciddi maneə yaradıb. Buna görə də  tolerantlıq dini təəssübkeşliyin güclü oldduğu Qərb ölkələrində əsrlər boyunca tədricən formalaşıb.

Bu da məlumdur ki, 1995-ci il, noyabrın 16-da keçirilən UNESCO Baş Konfransının 28-ci sessiyasında, 50-ci ildönümü münasibətilə Tolerantlıq prinsiplərinə dair Bəyannamə qəbul olunub və həmin gün beynəlxalq dözümlülük günü elan edilib. Hazırda bütün düyada noyabr ayının 16-ı Beynəlxalq Tolerantlıq Günü kimi qeyd edilir.

Azərbaycanda da Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hər il noyabr ayının 16-ı Tolerantlıq

Günü kimi qeyd edilir.

Azərbaycan bir dünyəvi islam dövləti olaraq, hər zaman həm islami, həm də dünyəvi demokratik dəyərlərə böyük diqqətlə yanaşır. Məlumdur ki, İslam dinində tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir və müqəddəs kitabımız olan Qurani, Kərimdə Uca Allah belə buyurur: "Sizin dininiz sizə, mənim dinim mənə aiddir" ("Kafirun" surəsi, 6). Bu ayədə insanların müxtəlif inamda və fikirdə ola biləcəyi və həmin insanlara qarşı münasibətin necə formalaşacağı öz əksini tapıb. Bir ayədə qarşı tərəfin "tanrı" olaraq qəbul etdiyi bütlərə qarşı necə davranılmalı olduğu bildirilir: "Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər..." ("Ənam" surəsi, 108). Bu ayə də insanların müxtəlif inamda, əqidədə, düşüncədə, dünyagörüşündə ola biləcəkləri göstərilir. Bu ayəyə görə onlar səhv olsalar da, varlıqları inkar edilə bilməz. Bir məsələni də yaddan çıxarmayaq ki, insanlar fikirləri ilə doğulmurlar, sonradan aldıqları təlim-tərbiyə ilə müəyyən əqidəyə yiyələnir və formalaşırlar.

Usa Yaradan  Qurani-Kərimdə Peyğəmbər (s.ə.s.) belə buyurur: "Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən! Sənin vəzifən ancaq təbliğ etməkdir" ("Ənam" surəsi, 107; "Ali-İmran" surəsi, 20), "Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz" ("Ənam" surəsi, 164). Bu ayələrdə birlikdə yaşamaq və hər bir şəxsi öz seçiminin nəticəsini görməsi baxımından öz inamında, dinində və fikrində qəbul etmək tolerantlıqdır və bu prinsiplərə əməl olunmalıdır.

Çünki islama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. Allahutəalə belə buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq..." ("Hucurat" surəsi, 13). Gördüyünüz kimi, insanların bir-birini tanıması, qarşılıqlı münasibətlərinin formalaşmasının əsası tolerantlıqdan keçir və islam dini də həmişə dözümlülüyü və  tolerant olmağı əmr edir. Ancaq bu heç də, güclü qarşısında dözümlülük nümayiş etdirmək demək deyil. Tolerantlıq özündən zəifə, yaxud özünə bərabər olana eyni cür münasibəti bəsləməyi bacarmaqdır. Məlumdur ki, islamın gəldiyi ilkin dövrlərdə müsəlmanlar tolerantlıq göstərdikləri kimi, güclü olduqları dövrlərdə bu qaydadan heç vaxt dönməyiblər. İslam nəinki "əhli-kitab" sayılan xristian və yəhudilərə, hətta Allaha şərik qoşan müşriklərlə, bütpərəstlərlə münasibət haqqında görün nə deyir: "Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin. Sonra onu əmin olduğu yerə çatdır..." ("Tövbə" surəsi, 6).

İnsanlar eyni cür yaradılmayıb. İnsanlar eyni cür yaradılmadığı üçün də tolerantlıq qaçılmaz dəyər olaraq hər an qarşımıza çıxacaq. İslama görə müxtəliflik dünya imtahanının bir zərurətidir. Əgər müxtəliflik olmasaydı, tolerantlıqdan danışmağa da ehtiyac olmazdı.

İnsanlar din və vicdan azadlığı məsələsində azad olmasaydılar, ya hamısı dini inkar etməyə məcbur edilərək haqsızlığa məruz qalacaq, ya da bütün bəşər Allaha inanmağa məcbur edilərək müxtəlif yaradılan ruhlar, qabiliyyətlər, cəhdlər bərabər sayılaraq ədalətsizliyə səbəb olacaqdı. Və imtahanın da bir mənası qalmayacaqdı. Quran tolerant olmaq üçün ədalətli olmağımızı əmr edir: "Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun..." ("Ənam" surəsi, 152).

Qurani- Kərim "Dində məcburiyyət (zorakılıq) yoxdur" ("Bəqərə" surəsi, 256) ayəsi ilə inanmaq azadlığının prinsiplərini ortaya qoyur: "Nə qədər istəsən də insanların əksəriyyəti iman gətirməzlər", "Sən istədiyinə hidayət verə bilməzsən, ancaq Allah istədiyinə hidayət verər", "Onlar iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlakmı edəcəksən?" ("Şuəra" surəsi, 3) kimi ayələr tolerantlığı anlamaq üçün ən gözəl sözlərdir.

Tolerantlıq İslamda o dərəcədə qətidir ki, hətta peyğəmbərlərin iman mövzusunda məcbur etmək səlahiyyətləri olmayıb. Bununla bağlı Qurani- Kərimdə belə buyurulur: "Peyğəmbərin öhdəsinə düşən yalnız açıq-aşkar təbliğ etməkdir" ("Nur" surəsi, 54).  "Əgər (bu müşriklər sənin dəvətindən) üz döndərsələr (əsla ürəyini qısma). Biz səni onlara gözətçi göndərməmişik. Sənin öhdənə düşən ancaq təbliğ etməkdir..." ("Şura" surəsi, 48). "Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!" ("Yunus" surəsi, 99).

Bütün qeyd etdiklərimiz belə bir nəticəyə gəlməyə imkan verir ki, Azərbaycan dövləti həm dini, həm də bəşəri dəyərlərə söykənərək, dünyada sülhün və harmoniyanın bərqərər olması istiqamətində çox böyük işlər görür. Bu işlərin əsasını isə dünyada tolerantlığın və multikulturalizmin təbliği tutur.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.37121415138245