Gəlin, hərəkətimizi dərk edək

Gəlin, hərəkətimizi dərk edək
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Niyə halal ruzi qazanmaq çətindir?

 Dünya yaradıldığı, bəşəriyyətin təşəkkül tapdığı andan insanın qazandığı bütün nemətlər halal və haram kimi, iki qismə bölünüb. Dünya tarixini yaxından incələdikcə, bəşəriyyətin zorla harama, istismara daha çox cəlb olunması ilə qarşılaşırıq.  Hər bir insan kimi, müdriklik həddinə yetişənə qədər halal, haram bölgüsünə ciddi xüsusi diqqət yetirməsəm də, haram işə, hərəkətə heç zaman haqq tanımamışam. Bu cür hərəkətin yanlış olduğunu dərk etmişəm. Haram hərəkət və qazancla məşğul olanları tənqid edib, pisləmişəm. Pis hesab etdiyim hər bir hərəkəti özümə də rəva bilməmişəm. Əksinə, daim tənqid etmişəm. Bu gün də bu yoldayam.

Bəzi insanlar yaradıcılıqda, həyata münasibətdə tənqidə çox meyl etməyimin səbəbini tez-tez soruşurlar. Bu zaman sual verən insanlara belə cavab verirəm ki, dünyada tərifin və təqdirin yalnız Uca Allaha məxsus olduğu bəlli deyilmi? İnsan isə, ilk növbədə, hər bir hərəkətinə Tanrının buyurduğu kimi, daim diqqət yetirməlidir. Əksər hallarda sualıma insanlardan müsbət cavab alıram. Amma cavabların səmimi olduğuna ehtiyatla yanaşıram. İnsanların danışanda həqiqəti deməyə vərdiş etdiyini, hərəkətdə isə, ona sərf edənə, "xeyir" verən tərəfə meyl etdiyini yaxşı bilirəm.

Yazının məqsədini oxucuma aydın çatdırmaq məqsədilə dünyanın gedişinin hər birimizin müşahidə etdiyimizdən yaranan düşüncəmi mücərrəd fikirdən konkret faktlar üzərinə yönəldirəm ki, qavramaq asan olsun.

Bunun üçün öncə diqqəti hər birimizin gündəlik qazancımızı necə əldə etdiyimizə yönəldirəm. Biz hər gün qazandığımız ruzinin halal və ya haram olmasını düşünürükmü? Halallığına və haramlığına diqqət yetirmədən, qazandığımız ruzi ilə bəslədiyimiz ailənin, övladların taleyini Tanrı qatından gələn vacib hökmlər baxımından dəyərləndirə bilirikmi? Əsla!

Bunun bir neçə obyektiv və subyektiv səbəbləri var. Bu səbəblərin hamısını yox, bir neçə əsasını qeyd etməyi vacib sayıram. Birincisi, hər birimizdə olan nöqsan və qüsurların çoxunu əvvəlcə doğulduğumuz ailədə, sonra isə içinə düşdüyümüz cəmiyyətdə hökm sürən mənfi mühitin təsiri ilə qazanırıq. İkincisi, bizə təhsil verən məktəbin, müəllimlərin, şagird yoldaşlarımızın, ətrafımızda olan digər adamların pis hərəkətlərini təqlid edərək, korlanırıq. Üçüncüsü, dövləti idarə edən hakim siyasi qüvvənin idarəetmə siyasətinə uyğunlaşıb, istədiyimiz kimi yox, həmin hakim qüvvənin sevmədiyimiz, yanlış icra etdiyi qaydalara, hətta qanunsuz hərəkətlərinə dözüm göstərib, əxz edirik.

Səbəblərin sırasını artıra da bilərəm. Amma buna ehtiyac duymuram. Çünki qeyd etdiklərimi normal düşüncəyə malik olan hər kəs yaxşl bilir.

Yazıda qoyduğum problem - niyə halal qazana bilmirik və haram bizə bu qədər cəlbedici gəlir? - üzərində gəzişməklə, dünyada başımıza gətirilən və kökündə özümüz dayandığımız bəlaların günahkarı olduğumuzu isbat etməkdən ibarətdir.

Bəli, düz oxudunuz, insanın həyatda bütün başına gələn, gətirilən, pis nə varsa, məhz hamısı özünün buraxdığı səhvlərin nəticəsində baş verir.

Dünyada və Azərbaycanda baş verən bütün mənfi halların kökündə hökumətlərin təsiri ilə insanların halaldan imtina etməyə məcbur edilməsi və cəmiyyətə zorla qəbul etdirdiyi haram qazancla yaşamağa vərdiş etməyin məhsulu kimi qiymətləndirmək olar!

Bütün hallarda günah, zora tabe olub, halal həyat tərzindən imtina edən, özündən sonrakı nəslinin gələcəyini və axirətini unudan insanın özündədir!

Müqəddəslərin dua etdiyi kimi, "Allah zalıma da, zalımı zalım yapan məzluma da lənət eləsin!" Amin!

Əziz oxucu, onbir ayın sultanı Ramazan ayının başlanması ilə hər bir müsəlmanı təbrik edirəm! Allah oruc və namazlarınızı dualarınızı qəbul etsin! Amin!

0.06295919418335