Beynəlxalq təşkilatlar ölkəmizdəki tolerant mühiti yüksək qiymətləndirir

Azərbaycanda bütün dini icmalar arasında dözümlü və tolerant münasibət hökm sürür

İki qitənin qovşağında, "Böyük ipək yolu"nun üzərində yerləşən Azərbaycan uzun əsrlərdir ki, burada məskunlaşan çox sayda etnoslara, azsaylı xalqlara və müxtəlif dinlərə mənsub insanlara qarşı dözümlülüyü ilə seçilir, böyük tolerantlıq nümunəsi göstərir. Bununla da, bu ərazidə məskunlaşan bütün xalqların və etnosların, eləcə də müxtəlif dini konfessiya nümayəndələrinin vətəninə çevrilib.

 Burada yaşayan əhalinin böyük əksəriyyəti mənsub olduqları İslam dininə daim sədaqətlə ibadət edib. Sərt, ateist sovet rejiminin bütün təhdid və təzyiqlərinə, repressiyalara baxmayaraq, xalqımız islami dəyərləri qoruyaraq bugünümüzə qədər gətirib çıxarıb. Ta qədim zamandan öz milli-mənəvi dəyərlərini qoruyan Azərbaycan xalqı, burada yaşayan digər xalqların da milli -mənəvi və dini dəyərlərinə hörmətlə yanaşıb, onlara qarşı ayrı-seçkiliyə yol verməyib.

Bu da danılmaz tarixi faktdır ki, hələ çox qədim dövrlərdən azərbaycanlılar öz pullarına torpaq alıb, yəhudi sinaqoqlarının tikilməsinə yardım göstəriblər. 16-cı əsrdə Azərbaycanda hökmran olan Səfəvilər dövləti də ölkəmizdə atəşpərəstlərin özləri üçün məbəd tikintisinə icazə verib. Bu, tarixi faktdır, xalqımızın ənənəsidir və heç kim bunu inkar etmək gücündə deyil.

Azərbaycan xalqının digərlərinə dözümlü münasibəti, tolerantlığı XX əsrin əvvəllərində qurulan ilk müstəqi dövlətin- Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində də özünü açıq şəkildə göstərib. Belə ki, AXC parlamentində bütün millətlərin, dini qrupların, o cümlədən ermənilərin nümayəndələri təmsil olunub. Baxmayaraq ki, o zaman da torpaqlarımızın bir qismi ermənilərin işğalı altında idi. Tarixin bir çox keşməkeşli məqamlarında ölkəmizə qarşı öz mənfur siyasətlərini gerçəkləşdirmək istəyən ermənilərə qarşı belə, Azərbaycan daim dözümlü münasibət göstərib və bu məsələnin heç vaxt dini müstəviyə keçməsinə imkan verməyib. Paradoksa diqqət edin, ölkəmizə qarşı işğalçılıq siyasətini həyata keçirən bir millətin də dini abidələri Azərbaycanda qorunur və onlara qayğı ilə yanaşılır.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan xalqı və dövləti ölkə ərazisində yaşayan xalqların öz aralarında belə, ayrı -seçkiliyin yaranmasına yol vermir, onların ölkəmizdə heç bir təhdidlə üzləşmədən yaşamaları üçün imkan yaradır.

Məhz buna görə də, dünya ictimaiyyəti, eləcə də bir çox beynəlxalq təşkilatlar ölkəmizdəki tolerant mühiti çox yüksək qiymətləndirirlər.

Yenicə müstəqillik qazanan, gənc bir dövlət olmasına baxmayaraq, bir sıra beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi də bunun bariz nümunəsidir. Belə tədbirlərdən biri də, "Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumudur. İki günlük müzakirələrdən sonra Forumun yekun sənədi - "Bakı platforması" qəbul olunub ki, bu da ölkəmizdə tolerantlığın daha da güclənməsinə öz təsirini göstərib.

Onu da qeyd etmək vacibdir ki, dünyəvi İslam ölkəsi olan Azərbaycanda bütün dini icmalar arasında dözümlü və tolerant münasibət hökm sürür. Azərbaycanda məscidlərlə yanaşı, kilsə, sinaqoq və s. ibadət yerlərinin fəaliyyət göstərməsi də, ölkəmizdəki tolerant mühitlə bağlıdır.

Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin hüquqları Ana yasamızda öz əksini tapıb. Belə ki , Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin III bəndinə görə, "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır". Ali qanunda qeyd olunduğu kimi, milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs ölkəmizdə eyni hüquqlara sahibdir. Yəni ölkəmizdə heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə onların dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq yolverilməzdir və bu qanunda öz əksini tapıb.

Milli -azadlıq mücadiləsinin ilk illərində ölkəmizdə yaranan xaosa, dinlər və millətlərarası anlaşılmazlıqlara baxmayaraq, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət dini və milli azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atıldı. 1992-ci ildə qəbul olunan "Dini etiqad azadlığı haqqında" Qanuna zamana uyğun olaraq, müvafiq düzəlişlər olundu. Bu qanuna görə, Azərbaycan Respublikasında vətəndaş hüququna malik olan "Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir". Dövlət dini etiqad azadlığının təmin edilməsi, dövlət-din  münasibətlərinin tənzimlənməsi sahəsində də bir sıra islahatların həyata keçirilməsinə başladı. "Dini etiqad azadlığı haqqında" Qanunun qəbul edilməsindən keçən müddət ərzində bu qanuna edilən dəyişikliklər onu daha da təkmilləşdirib və müasir prinsiplərə uyğun şəkildə formalaşdırıb.

Bu qanunun müddəaları da Azərbaycanda nümunəvi tolerantlıq mühitinin mövcud olduğunu deməyə əsas verir. Çünki bu qanun ölkəmizdə dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələrinin dostluq, qardaşlıq və qarşılıqlı anlaşma  şəraitində yaşamalarına imkan yaradır.

Azərbaycanın tolerant ölkə olduğunu şərtləndirən əsas göstəricilərdən biri də odur ki,

Bakı şəhərini gəzərkən burada məscidlərlə yanaşı, kilsələrə, sinaqoqlara, hətta erməni-qriqorian kilsəsinə rast gəlirsən. Lakin  təəssüflər olsun ki, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində, eləcə də, azərbaycanlıların 1988-ci ilə qədər yaşadığı tarixi torpaqlarında-indiki Ermənistan adlanan dövlətdə bir dənə də olsun, məscidə rast gəlmək mümkün deyil. Çünki orada mövcud olan məscidlərin hamısı dağıdılaraq, yerlə-yeksan edilib. Buna baxmayaraq, Bakının mərkəzində yerləşən erməni-qriqorian kilsəsinə heç bir zərər dəyməyib, orada hər şey olduğu kimi, qorunub saxlanılır. Ermənilərdən fərqli olaraq Azərbaycan xalqı öz dözümlülüyü, tolerantlığı ilə başqalarına da nümunədir, vandalizm isə bizim üçün yolverilməz və qəbuledilməz haldır. Məhz bu keyfiyyətlərinə görə, Azərbaycan bu gün dünyada mədəniyyətlərarası dialoqun mərkəzi kimi qəbul olunur. Paytaxt Bakı isə mədəniyyətlərarası, sivilizasiyalararası münasibətlərin qurulduğu bir məkana çevrilib. Bu gün Azərbaycan Şərqin və Qərbin ortaq dəyərlərini birləşdirən nadir multikulturalizm modelinə sahib bir dövlətdir. Hazırda bu model bütün dünyada qəbul olunur və onun kökündə bəşəri birgəyaşayışın mümkünlüyü prinsipləri durur.

Bu prinsiplər də onu deməyə əsas verir ki, Azərbaycanda bütün dini azadlıqlar hüquqi və sosial yaşam tərzi baxımdan tam təmin olunub və dövlətimiz də hər zaman tolerantlığın və bütün dini cərəyanların arasında mövcud olan mədəni münasibətlərin qorunaraq inkişaf etdirilməsinə dəstək verir, yardım edir. Yaddan çıxarmamalıyıq ki, din bizim mənəvi sərvətimizdir və biz onu qorumağa borcluyuq. Əsas məqsədimiz isə Azərbaycanın dünyada tolerant ölkə kimi təbliğ olunmasıdır.

 Bunun üçün isə Azərbaycan Respublikasında dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunmasını, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanın yaradılması vacib idi. Bu boşluğu doldurmaq məqsədi ilə  özünün uzaqgörən siyasətilə hər zaman öndə olan Ümummilli lider Heydər Əliyev 21 iyun 2001-ci il tarixdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranması barədə Fərman imzaladı. Bu fərmanla müəyyən edildi ki, yeni yaranan Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etmək, dini qurumlarla dövlət arasında münasibətləri tənzimləməkdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yarandığı gündən ölkədəki dini icmalar arasında gərginliyin aradan qaldırılması, dini ayrı-seçkilik meyllərinin milli münasibətlər səviyyəsinə yüksəlməməsi və dini mərasim adı altında müxtəlif antidövlət meylli şəxs və qrupların qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınması istiqamətində ciddi addımlar atıb. Eyni zamanda ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi üçün mövcud dini duruma lazımi nəzarəti təşkil edir və bu yolda hər cür neqativ halların qarşısının alınması işində müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Bununla yanaşı, Dövlət Komitəsi dini məsələlərə dair müxtəlif seminar, dəyirmi masalar təşkil edir, ölkəmizdə mövcud olan dini icmaların nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirir, onların problemləri ilə maraqlanır.

Məhz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin gördüyü işlər sayəsində ölkəmizdə dini və milli zəmində yarana biləcək xoşagəlməz hallara son qoyulub.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.19026398658752