Hökməli camaatı dövlət başçısından kömək istəyir! - Prezidentə müraciət etdilər

Sakinlər "Azəravtoyol" ASC - nin nümayəndəsi Əzizin kanalizasiyanı magistrala qoşmağa qoymadığından şikayətlənir 

Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən M.P.Vaqif küçəsinin sakinləri bu günlərdə ölkə prezidentinə, Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovaya, "Azərsu" ASC, "Aztelekom" MMC və "Azəravtoyol" ASC-yə müraciət edib. Müraciət məktubunda bildirilir ki, sözügedən küçə yeni salındığından burada kanalizasiya xətti çəkilsə də, ümumi xəttə birləşməyib: "Yaşayış məntəqəsində kanalizasiya sularının yaratdığı gölməçələrdən aşıb-daşan çirkab yaşayış evlərinə və sahibkarların tikdiyi obyektlərə dolur. Bu küçədə yığılan çirkab gölməçələrinin iyi bütün qəsəbəni bürüyür. Ərazidə yaşayan uşaqlar bu üfunətli, infeksiya mənbəyi olan gölməçələri keçərək məktəbə getmək məc-buriyyətində qalır".

Surəti redaksiyamıza ünvanlanan məktubda bildirilir ki, bu dözülməz vəziyyəti aradan qaldırmaq üçün sakinlər öz hesablarına kanalizasiya xətti çəkiblər. Sakinlərin sözlərinə görə kanalizasiya xətti küçə boyu standartlara uyğun çəkilib, lakin həmin xəttin yaxınlıqdakı aparıcı kanalizasiya magistral xəttinə qoşulması problemə çevrilib. Sakinlər bildirir ki, küçə kanalizasiya xəttinin aparıcı kanalizasiya xəttinə qoşulmasına "Azərsu" ASC, "Aztelekom" MMC və xüsusən "Azəravtoyol" ASC-nin yetkilisi Əziz adlı şəxs rüşvət almaq məqsədilə ciddi manə yaradır, sakinlərə deyir ki, mütləq Saleh Məmmədovdan icazə alınmalıdır. Məktubda qeyd edilir ki, qoşulmanı həyata keçirmək istəyən ustalara həmin qrumların səlahiyyətli şəxsləri tərəfindən hədə-qorxu gəlinir, onlar təhqir edilir.

Məktubda dövlət başçısından kömək istənilir ki, sakinlər öz hesabına çəkdiyi kanalizasiya xəttinin magistral xəttə qoşulmasına şərait yaradılsın, işə mane olan "Azəravtoyol"un rüşvət tələb edən Əziz adlı nümayəndəsi isə cəzalandırılsın!

Şikayətdə adı keçən qurumlarla heç cür əlaqə saxlamaq mümkün olmadı. Karantinlə bağlı, yoxsa iş gününün sonu olduğundanmı, telefon zənglərimizə cavab verən olmadı.

«Paralel.az»

0.34561204910278