Müxtəlif dinlərin və azsaylı xalqların məskunlaşdığı məkan – Azərbaycan

Tolerantlıq iqtisadi inkişafın, sosial tərəqqinin və siyasi sabitliyin əldə olunmasında mühüm rol oynayır

Son illər qloballaşan dünyamızda baş verən ictimai -siyasi proseslər, dövlətlər, dinlər və millətlərarası anlaşılmazlıqlar və qarşıdurmalar bəşəri birgəyaşayışın təmin olunması üçün tolerantlığın və multikulturalizmin daha da inkişaf etdirilməsinin vacibliyi məsələsini bütün açıqlığı ilə ortaya qoydu.

Bu problemə münasibət bildirən Prezident İlham Əliyev çıxışlarında dönə-dönə qeyd edib ki, multikulturalizmin alternativi yoxdur. Azərbaycan da əsrlər boyu multikulturalizmin, dinlər və millətlərarası münasibətlərin inkişafında öz müstəsna rolunu oynayan çox nadir dövlətlərdən biridir. İctimai-siyasi quruluşundan asılı olmayaraq tarixin bütün dönəmlərində Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub və bu ənənə günümüzə qədər gəlib çatıb. Bununla da multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat və yaşam tərzinə çevrilib.

Bu həm də, müstəqilliyinin ilk illərində Azərbaycan dövlətinin uğurla həyata keçirdiyi millətlərarası münasibətlər və din siyasətinin nəticəsidir.  Azərbaycanda fəaliyyət göstərən dini qurumlar və eləcə də çox sayda azsaylı xalqları öz ətrafında birləşdirən müxtəlif ictimai təşkilatlar və birliklər də dövlətin bu siyasətini yüksək qiymətləndirir və onu dəstəkləyir.

Azərbaycan ta qədim zamanlardan müxtəlif dinlərin və azsaylı xalqların məskunlaşdığı bir məkan olaraq, öz dini və milli rəngarəngliyini bu gün də qoruyub saxlayır. Respublikamızda yaşayan bütün xalqların və dini konfessiya nümayəndələrinin ölkəmizi özlərinə vətən seçməsinin də özəl səbəbləri var ki, bu səbəblər də tarixi faktlarda öz təsdiqini tapıb. 

Məsələn, eramızdan əvvəl 586-cı ildə Babil hökmdarı II Novuxodonosurun Qüdsü işğal etməsi nəticəsində talan olunan İudeya çarlığından qaçan yəhudilər, məhz Azərbaycana pənah gətiriblər. Bir qədər sonra isə İsa peyğəmbərin tərəfdarları Azərbaycana gəlirlər və burada ilk Alban aftokefal kilsəsinin əsasını qoyurlar. Azərbaycanda İslam dininin geniş yayıldığı dövrlərdə də, dini dözümlülük, tolerantlıq ənənələrinə münasibət dəyişməz qalıb.

Azərbaycan ikinci dəfə öz müstəqilliynə qovuşduqdan sonra isə ölkəmizdə tolerantlığın daha da möhkəmləndirilməsi, onun təkcə cəmiyyətdə deyil, hər bir vətəndaşın şüurunda, mövqeyində, münasibətində və həyat tərzində xüsusi yer tutması istiqamətində çox böyük işlər görülüb. Bunun da bir sıra səbəbləri var.

Birincisi, ölkəmizdə milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyini təmin edən milli siyasətin əsas müddəaları Azərbaycan Konstitusiyasında, geniş şəkildə isə "Dini etiqad azadlığı haqqında" Qanunda öz əksini tapıb. Eyni zamanda, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğun şəkildə formalaşdırılıb.

İkincisi, Azərbaycanda müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat yerinə yetirmələri üçün geniş imkanlar yaradılıb. Dini və milli azlıqların öz bayramlarını qeyd etməsi, hətta həmin günlərin ölkə başçısı tərəfindən təbrik edilməsi də ənənə halına çevrilib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü  ilə 16 noyabr tarixinin  Azərbaycanda və ümumilikdə regionda  Beynəlxalq tolerantlıq günü kimi qeyd edilməsi və bu əlamətdar gündə ölkəmizdə  fəaliyyət göstərən dini konfessiyaların başçıları ilə görüşməsi də, artıq oturuşmuş bir ənənədir.

Üçüncüsü, dövlət əhalinin 95 faizini təşkil edən müsəlmanların hüquqlarını təmin etməklə yanaşı, respublika ərazisində yaşayan bütün ənənəvi dinlərin nümayəndələrinə də, heç bir ayrı-seçkiliyə yol vermədən diqqət  və qayğı göstərir.

Bizə belə gəlir ki, burada bəzi faktları qeyd etmək yerinə düşər. Məsələn, 1920-ci ildə sovet rejimi tərəfindən qapadılan Jen Mironosets kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə qaytarılıb. 1999-2001-ci illərdə Bakıda katolik Müqəddəs Məryəm kilsəsinin tikintisinə dövlət yaxından yardım göstərib. 2003- cü ildə Azərbaycanda rəsmi səfərdə olan Roma papası I Varfolomey ölkəmizdəki tolerant mühitlə bağlı fikirlərini bölüşərək deyib: "Mən Azərbaycandakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə, istədiyi kimi etiqad və ibadət edə bilir".

Bu da ondan irəli gəlir ki, Azərbaycan xalqı müxtəlifliyə qarşı hər zaman tolerant münasibət göstərib və qonaqpərvər ev sahibi olaraq ölkəmizə gələn bütün digər xalqların nümayəndələrinə qarşı dözümlülük nümayiş etdirib. Bununla bağlı öz fikirlərini dilə gətirən Azərbaycanda yaşayan dini icmaların liderləri xalqımızın öz təbii dini tolerantlığı ilə seçildiyini və bu dəyərin həm cəmiyyətin təbii xüsusiyyəti, həm də dövlətin siyasəti olmasını qeyd edir və onu yüksək dəyərləndirirlər.

Azərbaycan dövləti dünyanı bürüyən sosial gərginliklərə, dini qarşıdurmalara və müxtəlifliklərə qarşı dözümsüzlük hallarına rəğmən, dövrün aktual anlayışı olan tolerantlığın qorunaraq inkişaf etdirilməsinin vacibliyini daim gündəmdə saxlayır. Müasir dünyamızda tolerantlıq, sadəcə müxtəlif xalqlar arasında münasibətlərin tənzimlənməsi vasitəsi deyil, dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilən bəşəri bir dəyər səviyyəsinə qalxıb. Əgər biz tolerantlıq anlayışına tarixi mövqedən yanaşsaq, bu anlayışın əvvəllər daha çox qarşılıqlı münasibətlərdə ehtiva olunduğunu, indi isə xüsusi qanunlarla tənzimləndiyinin, müxtəlif təşkilatlar və qurumlar tərəfindən qəbul olunan sənədlərdə vacib müddəa kimi öz əksini tapdığının şahidi olaraq.

Baxmayaraq ki, tolerantlıq hər hansı fərdə və ya qrupa məxsus yanaşmaların, inancların, fikirlərin və mövqelərin digər fərd və ya qrup tərəfindən qəbul edilməsini

özündə ehtiva edir. Bu anlayış həm də ənənələri, irqi və ya etnik kökləri çoxluqdan fərqlənənlərə qarşı daha yumşaq münasibətin təzahürüdür.

Tarixi faktlarda qeyd olunur ki, "Tolerant" termini XV əsrdə yuxarı dairələrdən icazə almaq mənasında işlənib. O dövrlərdə tolerantlığın ilkin elementləri özünü işğaldan sonra əsarət altına alınan hər hansı xalqın nümayəndələrinin azadlığa buraxılması və vətənlərinə qayıtmağa icazə verilməsi, işğal olunmuş ərazilərdə yaşayan xalqların öz tanrılarına ibadət etməyə imkan verilməsi formasında göstərib. Daha sonrakı dövrlərdə isə ilahiyyatçılar fərqli dinlərə məxsus fikirlərin dilə gətirilməsinə icazə verilməsi məsələsinin də tolerantlıq termininə aid olmasını  gündəmə gətiriblər. Bundan sonra tolerantlıq həm dini, həm milli, həm də siyasi-ictimai müstəvilərdə və dövlətlərarası münasibətlərin tənzimlənməsində mühüm bir element kimi qəbul olunub. Tolerantlığın dövlətlər tərəfindən tətbiq edilən siyasi kurs kimi dəyərləndirilməsinə XVI əsrdən sonrakı dövrlərdə təsadüf edilir. İntibah dövründə siyasətçilər və tədqiqatçılar dini tolerantlığın qanunla tənzimlənməsinə dair müzakirələrə başlayıblar və 1689-cu ildə Britaniya parlamenti "Tolerantlıq aktı" adlanan sənəd qəbul edib və bununla da non-konformistlərin inanclarında azad olmaq hüququ tanınıb. Yüz il sonra -1789-cu ildə Fransa inqilabı ərəfəsində Milli Assambleya tərəfindən qəbul edilən Deklarasiyada isə insanlar fikirlərinə görə müdaxilə edilməməsi, dini inanclara hörmət bəslənilməsi müddəası yer alıb.

Aradan 150 ildən artıq bir zaman keçdikdən sonra, XX əsrdən etibarən bu termin beynəlxalq sənədlərdə də vacib müddəa kimi geniş əks olunmağa başlayıb. BMT Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi Ümumdünya İnsan Haqları Bəyannaməsinin 18-ci maddəsində qeyd olunur: hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir: bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, dini təlimdə, ibadətdə və dini mərasim qaydalarının yerinə yetirilməsində açıq və özəl qaydada etiqad etmək azadlığı aiddir.

UNESCO-nun  Baş Konfransının 1995-ci ilin noyabrında keçirilən 28-ci sessiyasında Tolerantlıq prinsiplərinə dair bəyannamə qəbul olunub. Həmin bəyannamədə "dözümlülük, ilk növbədə insan azadlıqları və universal hüquqların etirafı əsasında formalaşan fəal münasibətdir", bununla yanaşı "dözümlülük, insan hüquqlarına dair beynəlxalq hüquq aktlarında müəyyən olunmuş normaları iddia edən, həqiqətin mütləqləşdirilməsindən və ehkamçılıqdan imtina edən bir anlayışdır" fikirləri öz əksini tapıb.

Bu gün isə tolerantlıq anayışı daha geniş mahiyyət daşıyır və artıq ənənəvi mənasından uzaqlaşaraq, daha çox insan haqlarına liberal münasibəti özündə əks etdirir. Ən maraqlısı isə odur ki, hazırda tolerantsızlığa qarşı tolerant münasibətlər formalaşmağa başlayıb. Bu mülahizələri irəli sürən tədqiqatçılar bu növ münasibətin daha mürəkkəb bir akt olduğunu, lakin sakit və təhlükəsiz cəmiyyət üçün vacibliyini xüsusi qeyd edirlər.

Dünya şöhrətli italiyalı yazıçı Umberto Eko yeni dövrdə tolerant cəmiyyətin hansı nəticələrə gətirəcəyi barədə fikirlərini açıqlayarkən deyib: "Ən vacib məqam odur ki, növbəti minillikdə Avropa multikultural qitəyə çevriləcək. Qəbul olunsa da, olunmasa da bu, baş verəcək". Umberto Ekonun tolerantlığın müasir formasında əksini tapan məqamlar şərhçiləri iki qrupa bölür: bəziləri tolerant cəmiyyətin yaşadığımız dünyanın ən mükəmməl ideyalarından biri olduğunu, dövlətin inkişafına və xalqlar arasında münasibətlərin tənzimlənməsinə müsbət təsir göstərdiyini, əksər gərginliklərə və qarşıdurmalara son qoya biləcəyini düşünür. Digər bir qrup isə həddindən artıq tolerant olmağın özünün də bir sıra problemlər yarada biləcəyini, müəyyən mərhələdən sonra xaosa səbəb olacağı fikrini irəli sürərək, ehtiyatlı olmağı təklif edirlər. Bunun təsdiqi üçün isə müasir Avropanın son illər üzləşdiyi miqrant problemini gündəmə gətirirlər və yaşanan gərginliyin Köhnə Qitənin həddindən artıq "mülayim və tolerant" olması ilə əlaqələndirməyə çalışırlar. Əslində isə bu cür yanaşma tolerantlıq anlayışının siyasi xarakterini ortaya qoymaqla, həm də bəzi siyasilərin multikulturalizmin iflasa uğraması iddiasının təsdiqidir. Lakin qeyd etmək lazımdır ki,  tolerantlıq təkcə müxtəlif beynəlxalq qurumların sənədlərində əksini tapan, siyasətçilərin çıxışlarında səsləndirilən müddəa deyil, həm də həyat tərzidir, ənənədir, hər hansı bir xalqın, o cümlədən Azərbaycan xalqının xarakterik xüsusiyyətidir.

Tolerantlıq və multikulturalizm bu gün əksər cəmiyyətlər tərəfindən qəbul edilən və müsbət qarşılanan bir anlayışdır. Çünki qloballaşan dünyamızda "qapalı" qalmaq, fərqli ideyalara və yanaşmalara qarşı dözümsüz olmaq heç bir məna kəsb etmir. Əksinə, tolerantlıq və multikulturalizm iqtisadi inkişafın, sosial tərəqqinin və siyasi sabitliyin əldə olunmasında mühüm rol oynayır.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.091497898101807