Prezidentin tapşırıqlarını pozanların aqibəti bəllidir

Prezidentin tapşırıqlarını pozanların aqibəti bəllidir
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

Məmurlar xəbərdarlıqdan nəticə çıxarmalıdır

Bildiyimiz kimi, bir neçə gün öncə cənab Prezident ilin birinci rübünün yekunlarına həsr olunmuş onlayn müşavirə keçirdi və  ölkəmizdə əldə olunmuş nəticələr təhlil olundu. Təhlil nəticəsində məlum oldu ki, dünyanı bürüyən koronavirus təhlükəsinin dünya iqtisadiyyatına ciddi zərbə vurmasına baxmayaraq, ölkə Prezidentinin gördüyü çevik tədbirlər nəticəsində Azərbaycan bu ilin birinci rübünün ilk iki ayında müsbət iqtisadi göstəricilər əldə edib. Bundan əlavə, dünyada tüğyan edən və inkişaf etmiş dövlətlərin iqtisadiyyatını çökdürən, insanlarını məhv edən bu virus bəlası Azərbaycanda dərin böhran yarada bilməyib və bundan sonra da yarada biləcəyi ehtimalı çox azdır. Ölkə Prezidentinin dövlətimizi və insanlarımızı bəladan qorumaq istiqamətində atdığı cəsarətli addımlar barədə təkcə ölkə əhalisi yox, indi bütün dünya ictimaiyyətinin danışması heç də təsadüfi deyil. Hər şey göz önündə aydın görünür və ölkəmizdə koronavirus pandemiyasının qarşısının necə alınmasını isbat edən dəlillər ortadadır. Dost sevinir, düşmən isə dağlanır.

Yəqin, ilin birinci rübünün yekunlarına həsr olunmuş hökumət müşavirəsində bir çox yadda qalan, uzun müddət unudulmayan məqamları xatırlamağı hər kəs özü üçün vacib hesab edir. Cənab Prezidentin müşavirədə qeyd etdiyi yaddaqalan vacib məqamlardan biri də rüşvətxor və korrupsioner məmurlara ünvanladığı ciddi xəbərdarlıq mesajı oldu. Çünki uzun illərin təcrübəsindən ölkə başçısına məlum olan bir sıra mənfi keyfiyyətli məmurların hələ də köhnə vərdiş və əməllərdən əl çəkmədiyi ona yaxşı məlumdur. Xüsusilə rayonların icra hakimiyyəti başçılarının rüşvətxorluq və korrupsiya əməlləri nəticəsində dövlətin və xalqın çox pis duruma düşürülməsi günümüzün reallığıdır və bu bəlaya qarşı ölkədə başlayan mübarizə getdikcə güclənir. Prezidentin müşavirədə qeyd etdiyi kimi, icra başçılarının bir çoxu üç həmkarının həbs olunmasından lazım olan nəticəni çıxarmayıb və hələ də köhnə üsullarla işləməkdə davam edirlər.

Prezidentin ciddi xəbərdarlığını qulaqardına vuran məmurlar dövlətin bütün gücünün koronavirus pandemiyasının qarşısının alınmasına, xalqımızın və dövlətimizin bu bəladan az itkyilə çıxmasına yönəldiyi halda, onlar bu məqsədə yönəldilən tədbirlərdən də qazanc əldə etmək məqsədi güdürlər, xalqa yardım üçün dövlət tərəfindən ayrılmış vəsaiti mənimsəməyə cəhd edirlər. Bu ünsürlər Koronavirusla Mübarizə Fonduna yardım göstərmirlər, əhalinin ağır günündə nəzarətlərində olan ticarət şəbəkələrində qiymətləri qaldırmaqla xalqın güzəranını daha da ağırlaşdırmaqdan çəkinmirlər. Belələri barəsində ölkə başçısının ciddi tənbeh qərarları qəbul edəcəyi, bəzilərinin vəzifədən azad edilərək, hətta məhbəsə atılacağı heç kimdə şübhə doğurmur və həddini aşan məmurlar haqqında hər zaman ciddi tədbirlər gördüyü üçün Xalq öz Prezidentinə böyük ümid bəsləyir və onu sevir!

Dəfələrlə qeyd etmişəm və yenə də qeyd edirəm ki, ölkəmizdə baş verən bütün mənfi halların səbəbkarları sırasında rüşvətxor və korrupsioner məmurlar ön cərgədə dayanır və bu gün də belədir. Məmurlar hansı vəzifə kürsüsündə əyləşmələrindən asılı olmayaraq, ilk növbədə Dövlətin, Xalqın və onu vəzifəyə layiq bilib, etimad göstərən Prezidentin qorunması üçün çalışmalıdırlar. Təcrübədən görünür ki, hər bir dövlət üçün koronavirsla mübarizə aparmaq istənilən güclü düşmənlə müharibə aparmaqdan çox çətindir. Bu çətinliyin məsuliyyətini dərk edən hər bir kəs, indiki məqamda, tək özünü, ailəsini, qohum - əqrəbasını qorumaq barədə deyil, dövlətimizi və xalqımızı qoruyub, bəladan salamat çıxarmaq barədə düşünməli və bütün imkanlarını bu istiqamətə yönəltməlidir.

Sonuncu hökumət müşavirəsində cənab Prezidentin verdiyi tapşırıqlara, tutduğu iradlara və etdiyi xəbərdarlığa hər kəs əməl etməlidir! Ölkə Prezidentinin bütün cəhdlərinin hər birimizi, bütövlükdə Xalqımızı və Dövlətimizi qorumağa xidmət etdiyini dərk edib, hər kəs üzərinə düşən işin öhdəsindən gəlməlidir! Bu sahədə məsuliyyətsizlik edənlər bilməlidir ki, səhvə yol verən heç kim bağışlanmayacaq və ən ciddi cəza alacaqdır!

0.018756866455078