Təbii fəlakət nəinki xalqları, hətta dövlətləri də birləşdirir

Ölkəmizdə yaşayan azsaylı xalqlar və dini konfessiyalar hökumətin qərarlarını anlayışla qarşılayır

Müasir dünyamız ciddi sınaq qarşısındadır. Bu sınaqdan daha az itkilərlə çıxmağımız üçün həmrəylik və vətəndaş məsuliyyəti nümayiş etdirməliyik. Məlumdur ki, qloballaşan dünya düzənində multikultural və tolerant bir dövlət kimi tanınan Azərbaycanda yaşayan bütün azsaylı xalqlar, etnoslar və müxtəlif dini konfessiya nümayəndələri ölkəmizin üzləşdiyi hər hansı bir xoşagəlməz hallar zamanı həmişə birlik nümayiş etdiriblər. Bu gün dünyanı təhdid altında saxlayan koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmaması üçün də, məhz vətəndaş həmrəyliyinə və məsuliyyətinə ehtiyacımız var. Bu ehtiyacın qarşılanmasında heç şübhəsiz ki, dövlət də hər zaman vətəndaşının yanındadır. Azərbaycanı Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu yolla daim irəli aparan Prezident İlham Əliyev koronavirus pandemiyasının ölkəmizə ayaq açdığı ilk gündən böyük uzaqgörənlik və müdriklik nümayiş etdirərək respublikamız üçün əhəmiyyətli olan çox qəti və ciddi qərarlar qəbul etdi. Məhz həmin qərarların nəticəsidir ki, bu gün Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə nümunəvi ölkə kimi qəbul edilir və hökumətimizin bu istiqamətdəki fəaliyyəti Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təqdir olunur.

Azərbaycanda yaşayan və fəaliyyət göstərən azsaylı xalqları təmsil edən muxtəlif  qurumlar, dini konfessiyalar, onların rəhbərləri, dini icmalar, din xadimləri hökumətin qəbul etdiyi bütün qərarları böyük anlayışla qarşılayırlar. Eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, onun tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu da ilk gündən ölkə Prezidentinin qətiyyətli çağırışlarına qoşularaq onu dəstəklədiklərini ortaya qoydular.

Onu da qeyd etmək vacibdir ki, müxtəlif dini konfessiyaların liderlərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin və din xadimlərinin iştirakı ilə Qafqaz Müsəlmanları İdarəsində koronavirus pandemiyası ilə bağlı keçirilən toplantıda da din xadimlərinə və dindarlara müraciət edilərək, onlara ölkədə təşkil olunan xeyriyyə aksiyalarında, ümumiyyətlə cəmiyyətimizin maddi və mənəvi cəhətdən səfərbər olunmasında aktiv iştirak etmələri tövsiyə olunub.

Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna dini icmalar, ziyarətgahlar, din xadimləri, müxtəlif konfessiyalar, o cümlədən sadə dindarlar, eləcə də Dövlət Komitəsinin, Mənəvi Dəyərlərin Təbliği Fondunun, habelə Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları könüllü ianələr köçürüblər. Onu da qeyd edək ki, bu prosesə müxtəlif qurumlar, xeyriyyəçi insanlar da qoşulub, proses bu gün də uğurla davam edir.

Bu gün həqiqətən də çox ağır bir gündür. Hər birimzin bir-birmizin köməyinə ehtiyasımız var, həm maddi, həm də mənəvi. Bu baxımdan qeyd etmək istərdik ki, hər il minlərlə ölkə vətəndaşımız etnik mənsubiyyətindən alsılı olmayaraq, bir müsəlman olaraq xarici ölkələrdəki müqəddəs məkanları ziyarət edirlər. Bu il də istisna deyil və həmin ziyarətlərə getmək niyyətində olan çoxsaylı insanlarımız artıq hazırlıq işlərini görürlər. Lakin bu il vəziyyət bir qədər fərqli olduğundan, bu məqsəd üçün nəzərdə tutulan vəsaiti həmin şəxslər tərəfindən ehtiyacı olan insanlara kömək məqsədi ilə sərf etmələri daha böyük savab olardı. Hədislərin birində peyğəmbərimiz Həzrəti Mühəmməd buyurur: "Qonşusu ac ikən özü tox yatan bizdən deyildir". Bax, bu gün məhz həmin məqamdayıq. Pulları başqa məqsədlər üçün xərcləməkdənsə, imkansız insanlar yardım etməklə daha böyük savab qazanmaq imkanı yaranıb. Bu imkandan yararlanmaq həm insaniyyətlik, həm də dini baxımdan böyük savab qazanmaq şansıdır.

Bu gün həyata keçirilən dövlət siyasətinin də əsas məqsədi dinindən, dilindən və irqindən asılı olmayaraq hər bir ölkə vətəndaşının təhlükəsizliyini və sağlamlığını təmin etməkdir. Buna görə də Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri çevik və məqsədyönlü şəkildə həyata keçirilir.

Avropanın və Asiyanın, Şərqin və Qərbin qovuşduğu bir çoğrafi məkanda yerləşən, dünyaya multikultural və tolerant dəyərləri ilə nümunə olan Azərbaycanda   digər dövlətlərlə müqayisədə pandemiyaya qarşı mübarizənin ilkin mərhələsində məqsədyönlü və ciddi qabaqlayıcı addımların atılması da təsadüfi deyil. Belə ki, Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması infeksiyanın yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi də, bu baxımından böyük əhəmiyyət daşıyır. Onu da diqqətinizə çatdıraq ki, bu cür təyinatlı qurum dünyada ilk dəfə, məhz Azərbaycanda yaradılıb.

Bakıda müasir standartlara cavab verən "Yeni klinika" tibb müəssisəsinin istifadəyə verilməsi və pandemiya başa çatana qədər orada yalnız koronavirus xəstələrinin müalicə olunmasının nəzərdə tutulması da, bu sahədə atılan növbəti mühüm addımlardan biridir.

 Azərbaycan hökuməti tərəfindən məhdudlaşdırıcı qaydaların tətbiq edilməsi pandemiyaya qarşı mübarizənin səmərəli və qətiyyətli şəkildə aparılması niyyətini daşıyır ki, burada əsas məqsəd virusdan yoluxma hallarının dinamikasını azaltmaqla ölkə vətəndaşlarının sağlamlığını qorumaqdır.

Çünki pandemiya insanların sağlamlığı üçün böyük təhlükə olmaqla yanaşı, həm də dünya ölkələrinin iqtisadi inkişafına ciddi zərbə vurur, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsir göstərir, əhali arasında ciddi təşviş yaradır.

Məhz buna görə də, Azərbaycan hökumət həm vətəndaşların sağlamlığını qorumaq, həm də ölkənin sosial-iqtisadi inkişafına mənfi təsir göstərə biləcək faktorların təsirlərini azaltmaq üçün lazım olan bütün işləri həyata keçirməyi qarşısına məqsəd qoyub.

Çünki Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas məqsədi vətəndaşların təhlükəsizliyini və sağlamlığını təmin etməkdir. Ancaq unutmaq olmaz ki, burada vətəndaşların da üzərinə müəyyən vəzifələr düşür. Prezident İlham Əliyev də çıxışında qeyd etdi ki, koronavirusa qarşı mübarizədə vətəndaşların üzərinə də mühüm məsuliyyət düşür və çox təəssüflər ki, bəzən bu sahədə arzuedilməz hallar da müşahidə olunur:"Hesab edirəm ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir. Çünki bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilən qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz. Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın".

Bəzi insanların məsuliyyətsiz hərəkətləri isə panldemiya bəlasının daha böyük əraziləri əhatə etməsi ilə nəticələnə və böyük fəsadlar törədə bilər. Buna görə də istər fiziki, istərsə də hüquqi şəxslər koronavirusla mübarizədə yaxından iştirak etməlidirlər.

Azərbaycanda mövcud olan multikultural və tolerant mühitin, ümumiyyətlə multikulturalizmin Azərbaycan modelinin dünyada təbliği istiqamətində qlobal layihələrə imza atan Heydər Əliyev Fondu da pandemiya ilə mübarizəyə ciddi dəstək verir. Bu məqsədlə Fond pandemiyanın yayılmasının qarşısınının alınmasını nəzərdə tutan tədbirlər çərçivəsində böyük sosial layihələrin həyata keçirilməsinə başlayıb.  Layihənin məqsədi Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud qaydalarına, sosial təcrid rejiminin tətbiq olunmasına lazımi təşkilati dəstək verməkdir. Azərbaycanda yayılan koronavirus pandemiyası ilə bağlı  xalqa müraciət edən ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva "COVID-19"un hər birimizin həyatı və sağlamlığı üçün ciddi təhlükə olduğunu bildirərək deyib: "Bu gün koronavirus epidemiyası ilə mübarizədə ön cəbhədə olanlara sizin ən gözəl minnətdarlığınız özünütəcrid rejiminə riayət etməyinizdir. Biz bu qaydalara nə qədər ciddi və səmərəli riayət etsək, epidemiya ilə mübarizə aparan qardaş və bacılarımız adi həyat tərzinə, öz ailələrinin yanına bir o qədər tez qayıda bilərlər".

Koronavirus pandemiyasına qarşı mübarizədə ölkəmizin ərazisində fəaliyyət göstərən dini qurumların və icmaların, eləcə də müxtəlif etnosları təmsil edən ictimai qurumların da üzərinə mühüm məsuliyyət düşür. Çünki koronavirus nə din tanıyır, nə də kimin hansı millətdən olmasına fərq qoyur. Buna görə də bu bəlaya qarşı birgə mübarizə aprmaq lazımdır. Adi vətəndaşların üzərinə düşən əsas vəzifə isə Nazirlər Kabinetinin yanında Operativ Qərargahın təlimatına uyğun olaraq özünütəcrid rejiminə doğru-dürüst əməl etməkdir.

 Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda dini məbədlər, ziyarətgahlar, məscidlər, kilsələr və sinaqoqlarda kütləvi toplaşma ilə bağlı məsələlərə baxılaraq, dini ayinlər dayandırılıb. İnsanların kütləvi şəkildə dini ayinlərə toplaşmasının qarşısının alınması Operativ Qərargahın növbəti müvafiq qərarına qədər davam edəcək.

Buna görə də ölkəmizin bütün vətəndaşları dilindən, dinindən və irqindən aslılı olmayaraq Nazirlər Kabinetinin yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarına qeyd-şərtsiz əməl etməlidirlər.

Yaddan çıxartmayaq ki, hər kəsin öz imkanlarından çıxış edərək pandemiyaya qarşı mübarizəyə dəstək verməsi sayəsində artıq bütün beynəlxalq sərhədləri aşan bu bəlaya qalib gəlmək olar, sadəcə olaraq əzmkar və səbirli olmaq lazımdır.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.10824990272522