ATXƏM sədri Prezidentə müraciət etdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Bu gün bütün dünyanın bəlasına çevrilmiş, sosial və iqtisadi problemlərlə qlobal fəlakətlər gətirmiş COVİD-19 pandemiyası dünyanın düzənini dəyişməklə, həm də ölkələr və xalqlar arasında yaratmış olduğu fövqəladə durumla da bir sınağa çevrilib. Dünyanın inkişaf etmiş əsas ölkələrinə, onların pandemiyaya qarşı etdikləri reaksiya qabiliyyətinə nəzər saldıqda görürük ki, bir çox inkişaf etmiş dövlətlər bu fors-major vəziyyətdən çıxmaqda çətinlik çəkir, acizlik göstərirlər.

Belə bir vəziyyətdə ölkəmizin pandemiya ilə bağlı uğurlu mübarizə üsulundan istifadə etməsini, pandemiya ilə mübarizəyə kompleks şəkildə yanaşdığını müşahidə edirik. Belə ki, pandemiya ilə mübarizədə Sizin vaxtında atmış olduğunuz mühüm addımlar həm ölkəmizdə bu epidemiyanın sürətlə yayılmasının qarşısını alıb, həm də əhalinin həssas sosial təbəqələrinin, işsiz əhalinin və günəmuzd işləyən əhalinin sosial müdafiəsinin təminatına dəstək olub.
Bu görülən tədbirlərlə biz bir daha görürük ki, COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycanın həyata keçirdiyi siyasət qlobal miqyasda aparılan mübarizənin tərkib hissəsi olmaqla yanaşı, həm də öz vətəndaşlarının təhlükəsizliyi, sağlamlığı və sosial rifahının yüksəldilməsinə hesablanıb.

Hesab edirəm ki, Azərbaycan Prezidenti kimi Sizin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamınıza əsasən, iqtisadiyyatin müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramların hazırlanıb, dərhal da yerinə yetirilməsi pandemiya ilə mübarizədə vacib bir addımdır.

Çünki, koronavirus pandemiyası nəticəsində zərərə məruz qalmış sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, sahibkarlıq subyektlərinin davamlılığını qorumaqla yanaşı, həm də iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsini təmin etmişdir.

Rəhbərlik etdiyim, “Klassik -Aİ” şirkəti də Koronavirus (COVID-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi Tədbirlər Planına uyğun olaraq, İqtisadiyyat Nazirliyi koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramına uyğun olaraq, dövlət büdcəsindən yardım almışdır.

20 ildən çoxdur ki, fəaliyyət göstərən şirkətimiz dövlət büdcəsinə vaxtlı-vaxtında vergi ödəməklə yanaşı, həm də dövlətimizin marağında olan bir çox milli və sosial layihələrə də dəstək göstərib, qaçqınların və şəhid ailələrinin sosial problemlərinin həllində yaxından iştirak edib.Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri olaraq, ictimai fəaliyyətim dönəmində həyata keçirdiyimiz milli layihələrin dəstəklənməsində də şirkətimiz müstəsna rol oynayıb.

Bu gün belə bir çətin durumda dövlətimizin dəstəyini hiss etmək, ondan yardım almaq təbii ki, bizi çox məmnun etmişdir. Buna görə Sizə şirkətimizin kollektivi adından təşəkkür edirik. İnanırıq ki, Sizin rəhbərliyiniz altında ölkəmiz bu ağır sınaq dövründən üzüağ çıxacaq, post-pandemiya dönəminə zərərsiz qədəm qoyacaqdır.
Hörmətlə,
İlham İsmayılov,
“Klassik - Aİ” MMM-in baş direktoru

0.34215497970581