Dini və elmi vəhdət həyatın mənbəyidir

Dini və elmi vəhdət həyatın mənbəyidir
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

  Qanında cinlə şeytan daşıyan insan xoşbəxt ola bilməz

 Yaradan yer üzünü idarə etməyə göndərdiyi peyğəmbərlərə verdiyi müqəddəs kitablarda bu dünyanın fəlsəfəsi aydın göstərilib. Hazırda yer kürəsində yaşayan insanların həyat tərzi ilə dünyanın yaşam fəlsəfəsi arasında mövcud olan ziddiyyət o qədər dərindir ki, bu ziddiyyəti ortadan qaldırıb, insanları normal yaşam tərzinə istiqamətləndirmək mümkün deyil. Dünyanı təşkil edən altı qitədə, altı materikdə hökmranlıq edən insan fani dünyanın sərvətlərini ələ keçirib, həddi bilinməyən nəfsinin doymaq bilməyən qurdunu öldürmək üçün bir-birini həlak etməkdən belə çəkinmir. Bu barədə hər kəsin aşağı – yuxarı məlumatı, bilgisi olduğunu nəzərə alaraq, ətraflı şərh yazmağa ehtiyac duymuram.

Bəhs etdiyim mövzuya aid dünyada və ölkəmizdə kifayət qədər nümunələr var. Bu nümunələrin timsalında hər kəsə məlum olan, lakin təkrar gündəmə gətirib, oxucularla müzakirə etməyin faydalı iş olduğunu düşünürəm. Bu məqamda xalq arasında “təkrar biliyin anasıdır” fikrinin fəlsəfəsinin də işimizə yarayacağı düşüncəsindəyəm. Xülasə, keçək əsas mətləbə. Mətləbimiz isə, hazırda ölkəmizi və dünyanı bürüyən koronavirus epidemiyasının bəzi səbəbləri barədə fikir və mülahizələrimizi reallıq əsasında oxucularla bölüşməkdən ibarətdir.

Müzakirəyə ondan başlayaq ki, dini mənbələrin bildirdiyi və elmin də təsdiq etdiyi kimi, bəşəriyyət tək olan Allah tərəfindən insan məskəni kimi yaradılıb. Dünyanın düzəni də insanların yaşam fəlsəfəsini təmin etmək məqsədilə düzəlib. İlahi tərəfindən insan həyatının şərtləri, hədləri, ölçüləri müəyyən edilib. Halal – haram və mizan – tərəzi qurulub. Buna uyğun olaraq, axirətdə hər biri yeddi qatdan ibarət olan əbədi dünyada cənnət – cəhənnəm məskəni yaradılıb.

Lakin bütün bunlara baxmayaraq, insanların həyat tərzində müşahidə olunan mənfi hallar onların yaxşı axirətə sahib olmaq istəmədiklərini söyləməyə əsas verir. İnsanların seçdiyi dini və elmi tələblərlə ziddiyyət təşkil edən yanlış həyat tərzi yer üzərində yaşayan bəşər övladının əksər çoxluğunun cəhənnəm alovunda yanmağa daha çox həvəsli olduğunu göstərir.

İnsan həyatının müşahidə etdiyimiz indiki xoşagəlməz mənzərəsi nə dini, nə də elmi baxımdan normal qəbul olunur. İnsan Tanrı və bəşəriyyət tərəfindən yer üzünün ən qiymətli varlığı kimi qiymətləndirilsə də, əslində, insan ona verilən qiymətə və göstərilən rəğbətə layiq həyat tərzi yaşamır. Bu da, təbii olaraq, nə fani dünyada, nə də axirətdə insanlara yaxşı heç nə vəd etmir.

Həyatın bütün sahələrində çalışan insanların həyat tərzinin müşahidələri də sübut edir ki, insanların böyük əksəriyyəti əbədi axirətdə insan üçün daha xeyirli və faydalı olan halal həyat tərzini deyil, çox pis olan həyat tərzini seçirlər.

Düzdür, dünyanın inkişaf etmiş dövlətlərilə inkişaf etməkdə və geridə qalan dövlətləri müqayisə edəndə, insanların tam fərqli həyat tərzi yaşadıqlarının şahidi oluruq. Lakin inkişaf etmiş dövlətlərdə baş verən müsbət dəyişiklikləri inkişaf etməkdə olan dövlətlər tədricən mənimsəməyə başlasalar da, Afrikada inkişafdan tam geri qalmış əksər dövlətlər insani münasibətlər sistemində yol verilən yanlışlıq üzündən hələ də normal həyat tərzinə keçə bilmirlər. Bu dövlətlərdə rəhbər vəzifədə çalışanların vəhşiliyinə görə, nə dini, nə də elmi bilgilərdən düz istifadə olunmur və burada yaşayan insanlar ağır həyat tərzinə tab gətirməyərək, həyatlarını itirmək təhlükəsindən belə çəkinmədən, Avropaya və dünyanın inkişaf etmiş dövlətlərinə qaçırlar. Qeyd etdiyim ağır durum tək Afrikada yox, Asiyanın əksər dövlətlərində də hökm sürür. Yəqin, insanlar bir neçə il öncə çinlilərin miqrasiya edərək, Azərbaycanda küçə ticarəti ilə məşğul olduqlarını unutmayıb. Əfqanıstandan, Pakistandan, Hindistandan və digər ölkələrdən ölkəmizə və qonşu dövlətlərə axın edənlərin xeyli olması günün reallığıdır.

Koronavirus pandemiyasının dünyada geniş yayılmasının əsas səbəblərindən biri də geridə qalmış, insan hüquq və azadlıqlarının kobudcasına pozulduğu, həyat tərzi çətin olan dövlətlərdən insanların inkişaf etmiş ölkələrə axın etməsidir.

Sonda qeyd edim ki, dünyada dinlə elmin sintezinə nail olmadan insanların xoşbəxt həyat yaşaması mümkün olmayacaq, arzu olaraq qalacaq. Firavan həyat tərzi dedikdə belə, dini və elmi biliklərin birliyini təmin etmək başa düşülməlidir, bu prinsip önə çəkilməlidir. İstər fərdi və istərsə də, ictimai birgəyaşayış şəraitində bu prinsipə əməl olunmadan uğur əldə edilməsi qeyri -mümkündür. Təəssüf ki, dövlətləri idarə edənlərin böyük əksəriyyəti bu mühüm amili yaddan çıxarır. Dini tələblər təmin olunmayanda fəlakətlər, elmi həqiqətlər tətbiq olunmayanda böhranlar baş verir.

Koronavirusun dünyanın başının bəlasına çevrilməsinin əsl səbəbini də, məhz dünyada dini hökmlərin və elmi tədqiqatların icra olunmasında bəzi dünya ağalığı eşqinə düşmüş azğınların cümlə insanların həyatına etdiyi qəsd və xəyanətin nəticəsi hesab edirəm!

  

0.035447120666504