Multikulturalizm və tolerantlıq alternativi olmayan yüksək bəşəri-mənəvi dəyərdir

Azərbaycan milli-mənəvi dəyərləri qoruyan və özündə tolerant və multikultural dəyərləri daşıyın dövlətdir

Azərbaycan tarixin bütün dövrlərində dünyada baş verən müharibələrə, qarşıdurmalara, terrora və təbii fəlakətlərə baxmayaraq, özünün başqalarına qarşı tolerant mövqeyin qoruyub saxlaya bilib.

Öz qoynuda yer verdiyi mənfur ermənilərin xəyanətkarlığına qarşı belə, beynəlxalq hüquq normaları çərçivəsində münasibət bildirir. Bu gün dünyanın böyük koronavirus pandemiya bəlasını yaşadığı bir dövrdə də, ölkəmizdə yaşayan bütün isanlara dinindən, dilindən və irqindən asılı olmayaraq eyni münasibət bəslənilir. Məhz buna görə də Azərbaycan ərazisində məskunlaşan bütün dinlərin və azsaylı xalqların nüməyəndələri, ölkəmizi özlərinin doğma vətəni hesab edir, bütün çətin və xoş günlərində biri-birilərinə dayaq olurlar. Bunu ölkəmizdə yaşayan azsaylı xalqların və dini konfessiya nümayəndələri də etiraf edirlər.  

Məsələn, rus pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr  Azərbaycanda dövlət-din münasibətlərinin nümunəvi xarakter daşıdığını qeyd edərək deyib ki, Bakıda mütamadi olaraq yüksək səviyyədə dinlərarası dialoqun təşkil olunması bütün xalqlar və dinlər üçün əvəzsiz töhfədir.

Azərbaycan dövləti təkcə ölkəmizdə yaşayan xalqlar və dinlər arasında münasibətlərin düzgün formalaşdırılmasına diqqət ayırmır, ümumiyyətlə, dinlər və sivilizasiyalararası əməkdaşlıq və dialoqa ciddi yanaşır, bu humanist təşəbbüsə xüsusi diqqət ayırır.

Dünyada multikulturalizm və tolerantlıq mühitinin bərqərar olması məqsədlə ölkəmizdə, xüsusilə Bakıda keçirilən beynəlxalq tədbirlərə dünyanın nüfuzlu din və ictimai-siyasi xadimlərinin, alimlərin, tədqiqatçıların və jurnalistlərin böyük maraq göstərməsi də, bu diqqətdən qaynaqlanır. Bu tədbirlərə qatılan iştirakçılar da öz çıxışlarında ölkəmizdə multikulturalizmlə bağlı görülən işlərə çox yüksək qiymət verirlər. Buna görə də beynəlxalq aləmdə ölkəmizə olan münasibət müsbətə doğru yüksələn xətlə davam edir.

2015-ci ilin martında Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Fransa parlamentinin üzvü Natali Qulen böyük heyranlıqla qeyd edir ki, Azərbaycan gənc bir ölkə olaraq, həm də Ermənistanla müharibə şəraitində yaşasa da, milli-mənəvi dəyərləri qoruyan və özündə əzmlə tolerant və multikultural dəyərləri daşıyan bir dövlətdir. Natali Qulen daha sonra deyib: "Cənubi Qafqazda real suverenliyini saxlayan yeganə ölkə Azərbaycandır. Bu tam dünyəvi bir ölkədir. Burada yəhudi icması, xristian kilsəsi var, xristianlarla heç bir problem yoxdur. İslam Konfransına aid ölkə olmasına baxmayaraq, digər ölkələrlə sıx əməkdaşlıq edir. Azərbaycan radikal islama qarşı mübarizə aparır və bu sahədə xüsusilə fərqlənir". Bu da o deməkdir ki, Azərbaycanın dünyəvi, demokratik  İslam dövləti olduğunu, artıq avropalılır da qəbul edirlər.

Türk toplumuna öz ənənəvi antipatiyası ilə seçilən Rusiyalı deputat-siyasətçi V.Jirinovski də

2015-ci ilin aprelində Dövlət Dumasının iclasında erməni soyqırımını dəstəkləyən qüvvələrə qarşı çıxaraq deyib: "Burada Ermənistan haqqında danışmağa heç bir ehtiyac görmürəm. 1991-ci ildə ən çox rusları, məhz Ermənistandan qovub çıxarıblar. Ermənistan bu gün dünyada ən monoetik ölkədir. Ruslar və digər xalqların nümayəndələri hər yerdə sərbəst yaşayırlar, yalnız Ermənistandan başqa".

Azərbaycana, ümumiyyətlə türklərə qarşı daim öz kəskin çıxışları ilə fərqlənən bu qatı millətçi də, artıq reallığı dərk edərək bildirir ki, Ermənistandan fərqli olaraq, Azərbaycanda çoxsaylı rus məktəbləri fəaliyyət göstərir, rus dili  və mədəniyyətinə sayğı və qayğı göstərilir. Rusiyanın ən yaxın müttəfiqi olan Ermənistanda isə nə rus, nə də rus dili və mədəniyyəti var. Bununla belə, Rusiya bu gün də işğalçı Ermənistana hər cür dəstək verməkdə davam edir.

Min illərdir Azərbaycan ərazisində məskunlaşan yəhudilər də, buradakı tolerant və multikultural mühitdən məmnunluq duyduqlarını bildirirlər.

2014-cü ildə ölkəmizə səfər edən İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycan haqqında təəssuratlarını bölüşərkən deyib: "Azərbaycan tolerantlığın unikal nümunəsidir. Yəhudilər min illərdir ki, Azərbaycanda yaşayırlar və həmişə özlərini buradakı cəmiyyətin tamhüquqlu üzvi kimi hiss ediblər". Belə münasibətlərin nəticəsidir ki, bu gün dünyanın hər yerindən tədqiqatçılar, siyasətçilər, dövlət və din adamları tolerantlıq nümunəsi görmək, dialoq aparmaq mədəniyyətlərini yaxınlaşdırmaq üçün ölkəmizə gəlir və buradakı multikultural mühitə heyranlıqlırını gizlədə bilmirlər.

Bu heyranlığın əsas səbəbi isə Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin dünyanın mədəniyyətlərarası dialoq mərkəzi kimi tanınmasıdır.

Bu da danılmaz faktdır ki, 2008-ci ilin dekabrında Bakıda "Mədəniyyətlərarası dialoq" mövzusunda keçirilən konfransda tolerantlıq və mültikulturalizmin inkişaf etdirilməsinin yeni bir mərhələsinin əsası qoyuldu. 48 ölkənin, 8 beynəlxalq təşkilatın təmsil olunduğu konfransda həm də "Mədəniyyətlərarası dialoqa dair Bakı Bəyannaməsi" öz təsdiqini tapdı.

Bu gün multikulturalizm və tolerantlıq ölkəmizdə alternativi olmayan yüksək bəşəri-mənəvi dəyər kimi qəbul olunur. Buna görə də BMT Sivilizasiyalararası Alyansıın VII Qlobal Forumunun Bakıda keçirilməsini də  təsadüfi hesab etmək olmaz.

Çünki 2016-cı ilin aprelində keçirilən bu forum ölkəmizdə təşkil edilən beynəlxalq tədbirlər arasında öz miqyası, millətlər və ölkələrarası əhəmiyyəti ilə bütün dünyanın diqqətini cəlb edə bildi.

Ölkəmizdə keçirilən 41-ci Dünya Skaut Konfransı və 13-cü Dünya Skaut Gənclər Forumu da Azərbaycanı dünyaya bir daha nadir tolerantlıq məkanı və multikulturalizm örnəyi kimi tanıtdı.

Belə nüfuzlu beynəlxalq forumların, məhz Azərbaycanda keçirilməsi dünya birliyinin dövlətimizə yüksək etimadının, ölkəmizdəki multikultural siyasətin əyani təzahürüdür. Bu da onu deməyə əsas verir ki, bu kimi tədbirlər zəngin mədəni irsimizin dünyanın dörd bir yanında yüksək səviyyədə təqdim və təbliğinə  geniş imkanlar yaradır.

Ölkəmizdə mövcud olan multikulturalizm xalqımızın əsrlərdən bəri qoruyub saxladığı, tarixən dəyişməz olan zəngin mənəviyyat çalarlı milli-bəşəri səviyyəsi ilə fərqlənən çoxmədəniyyətliliyin göstəricisidir. Bu həm də  xalqımıza xas olan və çox qədimdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsasını təşkil edir, eyni zamanda ölkəmizdəki bütün konfessiya və etnosların birgə yaşayışının tarixi-mədəni  formasıdır.

Bu formanın qorunub saxlanması üçün ölkəmizdə ardıcıl olaraq multikulturalizmin tədqiqi və təbliği işləri görülür, müxtəlif tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunması da, belə genişmiqyaslı tədbirlərdən biridir. Bu da o deməkdir ki, ölkəmizdə tək öz dininə və mədəniyyətinə deyil, böyük və kiçikliyindən asılı olmayaraq bütün xalqların, müxtəlif dini təriqət və cərəyanların birgə, bərabər yaşam və fəaliyyətinə dövlət və cəmiyyət səviyyəsində böyük diqqət və dayğı ilə yanaşılır. Bu gün Azərbaycanda təxminən 80-dən çox etnik qrup və azsaylı xalqların nümayəndələri yaşayır və fəaliyyət göstərirlər. Bütün bu azsaylı xalqlar qafqazdilli, irandilli, türkdilli qruplara aid olub, respublika əhalisinin etno-konfessional tərkibini təşkil edir. Onların bir qismi Azərbaycan köklü, digər qismi isə müxtəlif səbəblərdən başqa ölkələrdən gələn, yaxud ta qədim dövrlərdən bəri ölkəmizdə yaşayanlardır. Respublikamızda mövcud olan tolerant mühit nəticəsində burada məskunlaşmaq imkanı qazanan azsaylı xalqlar, etnik qruplar və müxtəlif dini konfessiya nümayəndələri nəinki çoxəsrlik ənənələrini, mədəni özünəməxsusluqlarını qoruya biliblər, həm də onu inkişaf etdiriblər. Onlar bu gün də respublikamızda öz ana dillərində danışır, öz dini adət-ənənələrini icra edir, onu yaşadır, heç bir ayrı-seçkiliklə üzləşmədən azad fəaliyyət göstərə bilirlər.

Onu da diqqətinizə çatdıraq ki, Bilik Fondunun təşkil etdiyi "Qardaşlaşmış məktəblər" layihəsində göstərilən konkret faktlar sübut edir ki, ölkəmizin əhalisinin 96 faizini müsəlman, qalanını isə başqa dinlərin nümayəndələri təşkil edir. Layihədə qeyd olunur ki, müxtəlif xalqların nümayəndələri - Balakəndə avarlar, Qəbələdə udilər, cənub zonasında talışlar, Zaqatalada inqiloylar, İsmayıllıda malakanlar azərbaycanlılarla eyni məktəblərdə təhsil alırlar. Onlara öz istəkləri ilə ana dillərində təhsil almaq hüququ da verilir.  Bütün bu göstəricilərə görə, Azərbaycan tolerantlıq anlamında bir model kimi dünyaya nümunə olaraq təqdim olunur. Buna görə də tam əminliklə deyə bilərik ki, Azərbaycan dini və milli tolerantlıq baxımından dünya dövlətləri arasında liderdir və bu ənənələr xalqımızın milli-mənəvi sərvətidir.

Qloballaşan dünyamızda mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşkilində, onun beynəlxalq miqyasda təbliği və yayılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti də xüsusi yer tutur. Fond tərəfindən həyata keçirilən bütün tədbirlər, təşəbbüslər, ardıcıl olaraq aparılan təbliğat heç də adi tədbirlər toplusu deyil, dinamik, daim inkişaf edərək dəyişən, zənginləşən bir fəaliyyət formasıdır.

Müasir dünyamızda sivilizasiyalararası konsepsiyanın işlənib hazırlanması ən aktual məsələlərindən biridir, çünki söhbət ümumbəşəri mövcudluq və dünya inkişafının yeni, müasir formasından gedir. Prezident İlham Əliyev Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında bu məsələ ilə bağlı deyib: "Biz hamımız istəyirik ki, dünyada dinlərarası, mədəniyyətlərarası münasibətlər sağlam zəmində həllini tapsın, əməkdaşlıq meyilləri güclənsin, xoşagəlməz halların qarşısı alınsın, ümumiyyətlə, dünyada sivilizasiyalararası dialoqun inkişafında müsbət meyillər üstünlük təşkil etsin".

Azərbaycan dövləti və xalqı da bütün dövr ərzində bu ideyanın, yəni multikultural və tolerantlıq dəyərlərinin qorunaraq inkişaf etdirilməsi uğrunda mübarizə aparır və əminik ki, bu mübarizədən qalib çıxacaq.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.090069055557251