Aleksandr Razuvayev: “Azərbaycan vasitəçi kimi çıxış etdi və bu, çox yüksək qiymətləndirilməlidir” 

 

 

Mayın 1-də Azərbaycanın da qoşulduğu OPEC+ ölkələrinin yeni sazişi qüvvəyə minir. Razılaşma ən azı 2022-ci ilin ortalarına qədər davam edəcək. Eyni zamanda, Azərbaycan neft hasil edən ölkələr arasında əməkdaşlığın yenidən qurulmasında böyük rol oynadı.

OPEC+ ölkələri neft hasilatının azaldılması barədə razılığa gəldilər. Artıq may və iyun aylarında “qara qızıl”ın hasilatı sutkalıq 9,7 milyon barel azalacaq. Saziş əldə etmək üçün elə Azərbaycan tərəfinin elan etdiyi iki təcili iclas keçirilməli idi. Ən çətini Meksikanı hasilatı azaltmağa inandırmaq idi. Nəticədə, Amerika Birləşmiş Ştatları Meksikanın yerinə kvotasını azaltmaqla güzəştlər etdi.

Meksikanın istehsalı azaltmaq istəməməsinin səbəblərindən biri qiymətlə bağlı yaranan risklərin sığorta olunmasıdır. Məlum oldu ki, bu ölkə hər il neftin qiymətini hedcinqə (bazarların birində mövcud itkiləri kompensasiya etmək üçün digər bazarda sövdələşmələrin açılması) məruz qoyur və xərclər ildə təxminən 1 milyard dollar təşkil edir.

Bunun sayəsində Meksika hökuməti neft gəlirlərinin nə qədər olacağını dəqiq bilir. Məsələn, mediada yayılan məlumatlara görə, 2019-cu il üçün Meksika opsionu 1,23 milyard dollar dəyərində olan neftin qiymətinin bir barel üçün 55 dollardan aşağıya düşməsi riskini sığortaladı. 

Media.Az Rusiyanın “Alpari” maliyyə şirkətinin analitika şöbəsinin rəhbəri, iqtisad elmləri namizədi Aleksandr Razuvayev ilə söhbət edib.

- OPEC+ təşkilatının telekonfrans yolu ilə keçirdiyi iki iclasın yekunundan sonra neft hasilatında görünməmiş azalma ilə bağlı qərar qəbul edildi: gündə təxminən 10 milyon barel. Bu, çox əhəmiyyətlidir, çünki dünyada “ideal neft fırtınası” başlayıb. Bu vəziyyətə necə gəlindi və hansı yolla qarşılıqlı məqbul həll yoluna çıxıldı?

- Deməliyəm ki, koronavirus səbəbindən neftə olan tələbatın azalması gündə 15 milyon barel qiymətləndirilir. Belə çıxır ki, hasilat ən az həcmə qədər azaldılıb. Səudiyyəlilərin “qiymət müharibəsi”nin başlamasından sonra hasilatı nə qədər artırdığı çox da aydın deyil. Bəlkə də, yığılan ehtiyatlardan neft satırdılar. ABŞ-ın şist neftinin yüksək qiymətə başa gəldiyi anlaşılandır. Rusiyanın OPEC+ sazişi ilə razılaşmamasına (mart ayında - red.) gəlincə, burada hər şey aydındır. Ölkələri şantaj etmək olmaz. 

Nəticədə, qiymətlərdə çökmə baş verdi. Davam etsəydi, bir barel neftin qiyməti 15 dollar və ya daha az olardı. Bu isə, yumşaq desək, heç kimə sərf etmir. Bəli, Rusiyanın böyük maliyyə ehtiyatları var. Lakin koronavirus fonunda onların nə qədər kifayət edəcəyi çox aşkar deyil. Büdcə sahəsi üçün ehtiyatlar uzunmüddətlidir, amma iqtisadiyyatı dotasiya etmək də lazımdır. Zənnimcə, indi “Brent” markalı neftin qiyməti bir barel üçün 30-35 dollar aralığında qalacaq. Əsas olan önümüzdəki ayları bu qiymətlərlə “yola verməkdir”. 

ABŞ isə dollar əsginasları çap edəcək. İlin sonuna qədər, düşünürəm ki, neftin bir barelinin 50 dollara satıldığını görəcəyik. Əsas amil neftə tələbatın çox aşağı düşməməsidir.

- OPEC+ danışıqları davam edərkən diqqət neftin qiymətinin düşməsi riskini sığortalayan və buna görə də, çox da zərərə uğramayan Meksikaya yönəldi. Niyə başqa ölkələr bunu etməmişdi?

- Əslində, neftin qiyməti dəyişkəndir və bir çox amillərə bağlıdır. Buna görə də, neft sənayesinin ümumi mövqeyi həmişə “bazarın özünün hər şeyi tənzimləyəcəyi” yönündə olub. Rusiyaya gəldikdə, neft bahalı olanda əsas “qaymağı” büdcə alır. “Qara qızıl” ucuzlaşdıqda büdcə az qazanır, neftçilər isə “ayaq üstə qalmalıdırlar”. Rubl zəifləyir, müvafiq olaraq ixracatdan gəlir o qədər də kəskin azalmır.

- Bəs Azərbaycanda necə?

- Sizdə vəziyyət fərqlidir. Azərbaycanda manatın kursu sabitdir. Bu, sadə vətəndaşlar üçün faydalıdır. Eyni zamanda, kifayət qədər uzun müddət ərzində hər hansı bir çətinlikdən xilas olmağınıza imkan verən müvafiq ehtiyat fondu da var.

- Maraqlıdır ki, son həftələrdə Azərbaycan OPEC ilə əlaqəli nəşrlərdə tez-tez xatırlanır. “Reuters”, BBC, bir çox digər mediada dünya mətbuatının əsas “nyusmeyker”lərindən birinə çevrilən Azərbaycan Energetika Nazirliyinə aid materiallar dərc olunur. Hətta Bakının əsas vasitəçi olmasına və bunun OPEC+ çərçivəsində yeni sazişin bağlanmasına imkan verməsinə aid məlumatlar var idi.

- Heç təəccüblənmirəm. Gəlin Qazaxıstanın vasitəçi olduğu Suriya məsələsindəki danışıqları xatırlayaq. Beləliklə, burada hər şey sadədir: hər kəsin hörmət etdiyi, heç bir mənfi cəhəti olmayan tərəfə ehtiyac var. Bəli, Azərbaycan vasitəçi kimi çıxış etdi və bu, çox yüksək qiymətləndirilməlidir.

0.11921691894531