Bəşəriyyət bu təhlukəli bəlaya qarşı birgə mübarizə aparmalıdır

Azərbaycan özünü müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olaraq dünyada tanıda bilib

Müasir dünyamızın gündəmini zəbt edən koronavirus pandemiyası bəşəriyyət üçün böyük bir sınağa çevrilib. Belə bir zamanda yaranmış təhlükədən daha az itkilərlə çıxmaq üçün də qarşılıqlı əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bunun üçün istər dövlətlər, istərsə də dinlərarası münasibətlərdə tolerantlıq prinsiplərinə çox ciddi yanaşmaq lazımdır. Hansısa bir dövlət belə bir təhlükədən təkbaşına çıxmaq iqtidarında deyil. Buna görə də multikulturalizmin iflasa uğraması kimi iddialardan əl çəkib, bəşəriyyət üçün təhlukə olan bu bəlaya qarşı mübarizə aparmaq lazımdır. 

Bununla belə, bu gün dünya qlobal miqyasda yeni bir mərhələyə - sivilizasiyalararası münasibətlərin inkişafnın müasir dövrünə qədəm qoyur. Hazırda müxtəlif mədəniyyətlərə, dinlərə mənsub insanlar arasında yaranan yeni münasibətlər, milli-mənəvi dəyərlər, multikultural ideyalar, tolerant ənənələr bəşər tarixinin böyük nailiyyəti olan mədəniyyətlərin inkişafı prosesində formalaşır və daha da zənginləşir.

Qloballaşan dünyamızda xalqımızın mənəvi dəyərlərinin qorunub saxlanması, inkişaf etdirilməsi və nəsildən-nəslə ötürülməsi də, mühüm aktuallıq kəsb edən məsələlərdən biridir.

Məlumdur ki, multikulturalizm müasir Azərbaycan dövlətinin müstəqillik dövründə əldə etdiyi ən böyük uğurlardan biridir. Avropa ilə Asiyanı birləşdirən, onların arasında körpü rolunu oynayan Azərbaycan beynəlxalq aləmdə fərqli sivilizasiyaların qovuşduğu, müxtəlif millətlərin, konfessiyaların qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq şəraitində yaşadığı nadir ölkələrdən biri kimi tanınır.

Əgər biz mədəniyyətlərin əməkdaşlığı şəraitində qloballaşmadan danışırıqsa, ilk növbədə, bəşəri məzmunlu, eyni zamanda, təkrarolunmaz milli mədəniyyətləri özündə birləşdirən çoxmədəniyyətliliyi və onların yaxınlaşmasını xüsusi qeyd etməliyik. Belə bir yanaşma isə müxtəlif formalı və tipli mədəniyyətlər arasında qarşılıqlı münasibət və dialoqun aparılması zərurətini meydana çıxarır. Bu da nəticə etibarı ilə müxtəlif insanları və mədəniyyətləri fərqləndirən cəhətləri bir araya gətirmək imkanı verir. Hazırki çətin dövrdə müxtəlif  irq, mədəniyyət, etnik qrup və dinlərin ünsiyyəti və dialoqu getdikcə daha böyük əhəmiyyət kəsb etməyə başlayıb. Bu gün dünyada elə bir mədəniyyət yoxdur ki, etnik, milli və bəşəri aspektləri özündə birləşdirməklə ümumbəşəri bir mədəniyyətin yaradılmasına töhfə verməsin.

Bu da məlumdur ki, bəşər tarixinin ayrı-ayrı dövrlərində çoxsaylı mədəniyyət və sivilizasiyalar mövcud olub. Onların arasında qarşılıqlı anlaşma və yaxınlaşma prosesləri olduğu kimi, anlaşılmazlıqlar və qarşıdurmalar da qaçılmaz olub. Bütün bu faktlar xalqların və dövlətlərin tarixində, folklorunda, ədəbiyyat nümunələrində öz əksini tapıb. Ölkəmizdə tarixən mövcud olan və getdikcə inkişaf edib şaxələnən multikultural şərait və ideyalar Azərbaycan xalqının bədii-obrazlı təfəkküründə də öz əksini tapıb. Xalqımızın qəhrəmanlıq dastanı "Dədə Qorqud", eləcə də,  "Əsli və Kərəm", "Şeyx Sənan" kimi digər folklar nümunələrində tolerant ideyalar və multikultural dəyərlərdən danışılır.

Xalqımızın dahi söz sahibi və filosofu Nizami Gəncəvinin hələ 9 əsr əvvəl qələmə aldığı "Yeddi Gözəl" əsəri təkcə milli ədəbiyyatımızın deyil, bəşər bədii dühasının şah əsərlərindən biri olmaqla böyük tolerantlıq nümunəsidir. N. Gəncəvinin bu əsəri və digər bədii nümunələri də bir daha göstərir ki, xalqlar arasında qarşılıqlı anlaşma və dini yaxınlaşmalar daim olub və belə münasibətlər baxımından Azərbaycan hər zaman başqalarına nümunə göstərib. Məhz buna görə də, bu ideyalar və fikirlər dünya mədəniyyətinin qızıl fonduna daxil edilib,  xalqımızın əvəzsiz mədəni xəzinəsi kimi tanınıb.

Azərbaycanın böyük sufi filosofu Seyid Yəhya Bakuvinin 6 əsr bundan əvvəl səsləndirdiyi "Qəlblər yaxşılıq edənə doğru məhəbbətlə meyil edir", sözləri insanları qarşılıqlı anlaşmaya, birgə yaşamağa, ilahi eşqdən qaynaqlanan sevgi və dostluğa dəvət edir. Böyük filosofun dilə gətirdiyi bu hikmət, sanki, bugünkü dünyamıza ünvanlanıb, insanlar üçün tolerantlıq nümunəsidir.

Qloballaşan dünyamızın səciyyəvi cəhətlərindən biri də müxtəlif xalqlar arasında əlaqələrin sürətlə genişlənməsi, sivilizasiyaların bir-birinə yaxınlaşması və bütün bəşəriyyətə məxsus ümumi ideya və idealların xüsusi çəkisinin artmasıdır. Bu gün Qərb və Şərq sivilizasiyaları arasında sıx qarşılıqlı əlaqə və əməkdaşlığa zərurət daha da artıb və onların arasında əməkdaşlığın və dialoqun yaradılması günümüzün tələbidir.

Bu baxımdan Qərblə Şərqin qovşağında yerləşən Azərbaycan artıq sivilizasiyalararası dialoqa mühüm töhfə verən, beynəlxalq humanitar forumlara ev sahibliyi edən, bütün xalqlara tolerantlıq nümunəsi göstərən nadir ölkələrdən birinə çevrilib. Ölkəmizdə yüksək sivilizasiya və tolerantlıq ənənələrinin formalaşması və təkmilləşməsi onun bir daha dünya sivilizasiyasına mühüm töhfə verdiyini sübut edən faktladan biridir.

Bu da səbəbsiz deyil, çünki məhz Ulu Öndər Heydər Əliyev multikulturalizmi azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təqdim edərək, onu ölkənin demokratik inkişafını təmin edən əsas amillərdən biri olaraq cəmiyyətə təqdim etdi. H. Əliyev separatizm və etnik millətçiliyin əksinə olaraq azərbaycançılıq prinsipini dinindən, milli mənsubiyyətindən, dili və irqindən asılı olmayaraq ölkədə yaşayan bütün xalqların mənəvi birliyinin simvolu olduğun bildirdi.

Ümummilli Lider Heydər Əliyevin bu uzuqgörən yanaşmasından sonra multikulturalizm Azərbaycan xalqının həyat tərzinə çevrildi və dünyada tolerantlıq və multikulturalizm nümunəsi kimi qəbul olundu.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal  Forumunun Azərbaycanda keçirilməsi də bu faktı bir daha təsdiq etdi. Prezidenti İlham Əliyev həmin forumda bu həqiqəti bütün dünyaya bir daha ucadan bəyan edərək dedi: "Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub. Biz Şərq və Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik".

Bu gün bəşəriyyəti düşün-dürən ən əsas problemlərdən biri də dinlər arasında qarşıdurmanın aradan qaldırılması, onların arasında dialoq və əməkdaşlığa nail olmaqdır. Çünki həmin dinlərə inam və etiqad, sözün həqiqi mənasında, indiki qloballaşma dövründə insanlar və dövlətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq üçün əsas şərtdir. Məsələnin aktuallığına münasibət bildirən ərəb mütəfəkkiri Əl-Həsən bin Təlali Qurani-Kərimdə də öz əksini tapan: "Ey insanlar!  Biz sizi kəslər və xalqlar etdik ki, bir-birinizi tanıyasınız. Bir-birinizə nifrət etməyəsiniz" ayəsinə istinad edərək deyib: "Hazırda biz dini dözümsüzlüyə yol verməməliyik. Məlumatın azad mübadiləsini təmin edərək dünyaya, öz müqəddəs kitablarımıza, digər dinlərin müqəddəs kitablarına yeni gözlə baxaraq, bizi ayıran cəhətləri aradan götürməli, bizi birləşdirən cəhətləri ümumiləşdirməliyik".

Məlumdur ki, müqəddəs kitabın mətnində istər dindarlar, istərsə də digər insanlar üçün ümumbəşəri əxlaq və mədəniyyətin norma və prinsipləri öz əksini tapıb və bu dəyərlər hər bir xalqın, millətin, etnik qrupun milli xüsusiyyətlərində də özünü göstərir. Bu baxımdan da, Azərbaycan digərlərinə nümunə ola bilər.

Sovet rejiminin əsarətindən qurtularaq müstəqillik qazanan ölkəmizdə mədəniyyətlərin dini və dünyəvi tərəfləri də daim inkişaf etdirilib. Ölkəmizin bütün vətəndaşları dinindən, dilindən, irqandən asılı olmayaraq qanunların əsas müddəalarına və qaydalarına könüllü əməl edir, dini mərasim və bayramları heç bir ayrı-seçkilik qoymadan bir yerdə keçirirlər. Ümumiyyətlə, İslami dəyərlərin müasir həyatımızda rolu və yeri çox yüksəkdir. Bu da heç şübhəsiz ki, Azərbaycanda multikulturalizmin dövlət siyasəti olmasının, dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinin və qorunaraq inkişaf etdirilməsinin nəticəsidir.

Dövlətin bu siyasəti özünü dini azadlıqların təmin edilməsində, bütün dinlərin, məzhəblərin qanun qarşısında bərabər olmasında, onların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstək göstərilməsində və dinlərarası münasibətlərin qarşılıqlı əməkdaşlıq əsasında qurulmasında göstərir. Yəni, Ulu öndər Heydər Əliyevin dediyi kimi: "Dövlət insanlara bütün azadlıqları verib - vicdan azadlığı, din azadlığı və bunu öz siyasətinin əsas hissəsi hesab edir. Azərbaycan Respublikasının Konstitusiyası din və vicdan azadlıqlarını təsbit edir, biz isə bir dövlət olaraq bunun təmin olunmasının qarantıyıq".

Ölkəmiz tarixin bütün dönəmlərində müxtəlif xalqlara, millətlərə, dinlərə mənsub  insanların birgə yaşayıb-yaratdığı dövlət kimi tanınıb. Azərbaycan bu gün də müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olaraq bütün dünyada özünü tanıda bilib. Müxtəlif xalqların, millətlərin nümayəndələrinin ölkəmizdə azad, bərabər, dinc, sülh şəraitində yaşaması, tolerantlığın təmin olunması, sosial-mədəni münasibətlər sisteminin təkmilləşməsi də, bunu bir daha təsdiq edir. Bu gün dünyada Azərbaycanın multikulturalizm və tolerantlıq təcrübəsinə maraq artır və hər yerdə bir nümunə kimi qəbul olunur.

Onu da qeyd etmək vacibdir ki, multikulturalizm milli, etnik, irqi, dini-mədəni müxtəliflik olaraq yüksək mənəvi dəyərlərin təcəssümü olan sosial prosesdir. Buna görə də  dünyada mədəniyyətlərarası dialoqun inkişafı və getdikcə zərurətə çevrilməsi qlobal problemlərin intellektual - mədəni müstəvidə həlli üçün mühüm əhəmiyyət daşıyır.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.3104100227356