Allahı unutmağın cəzası ağırdır

Allahı unutmağın cəzası ağırdır
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected] 

Koronavirus da bunu sübut edir

Allah insanı yaradanda onun hansı keyfiyyətlərə malik varlıq olacağını mələklərə bildirir. İnsanın olduqca qorxunc və təhlükəli əməl sahibi olacağını biləndə, mələklər Allahın belə bir varlığı yaratmasına etiraz edirlər. Amma Allah mələklərin qanlı fitnə-fəsad törədəcək insanı yaratmamaq istəyilə razılaşmır və deyir ki, Mən hər şeyin əvvəlini və axırını bilirəm, insanın yaranışının vacibliyini görəcəksiniz. Allah mələklərə sual verdi, lakin onlar suala cavab verə bilmədilər. Allah sualların cavabını Adəmə öyrətdi. Sonra ona dedi ki, ey Adəm, bunların adını de! Adəm də adları dedi və mələklər insanın onlardan daha bilikli, güclü olduğunu görüb, razılaşdılar...

Müqəddəs Kitabdan öyrəndiyim bu gerçəyi oxuculara ona görə xatırladıram ki, on səkkiz min aləmi yaradan Uca Allah koronavirus pandemiyasını bəşəriyyətə «ərməğan» edərək, hər şeyə qadir olduğunu bir daha həddini aşan, Onu tanımaq istəməyən, yolunu azan, bir-birinə qarşı zülmkarlığa, amansızlığa, istismara yol verən insanlara öz yerini tanıtsın və insanı mələkdən güclü yaratsa da, Tanrı qarşısında çox aciz varlıq olduğunu göstərsin.

Bəzi filosof və poetik düşüncə sahibləri insanı yer üzünün əşrəfi adlandırsalar da, insanın bəçəriyyət üçün törətdiyi fitnə-fəsada görə, bu ideyalarla razılaşmaq mümkün deyil. Çünki müasir dünyada insanların bir-birinə, bütövlükdə bəşəriyyətə qarşı törətdiyi ağır cinayətlərə, dəhşət saçan əməlləriə, insanlığa bəla, fəkakət gətirdiyinə görə-görə insanı yer üzünün əşrəfi yox, qatı cinayətkarı kimi səciyyələndirməyi doğru sayıram!..

Dünya ağalığı iddiasına düşən ABŞ və digər güclü silaha malik, bəşəriyyəti məhv etməklə hədələyən dövlətləri demirəm, on minlərlə şəhid verib müstəqillik qazanan Azərbaycanda yaz çəyirtkəsi zəmilərə hücum çəkib məhv etdiyi kimi, dövlətin sahibi olan xalqı daim istismar edən, zəlil duruma salan, ac-yalavac qoyan bəzi qudurğan məmurlar mütləq Allahın qəzəbinə gəlməliydilər və gəldilər, koronavirus bəlasına düçar oldular! Doğrudur, bu virus fəlakətindən yer üzündə yaşayan hər kəs əziyyət çəksə də, fəlakəti bəşəriyyətə gətirən, «bəxş edən», məhz oğurladığı haramın təsirindən qudurub, harınlayan, hətta Allahı belə, tanımaq istəməyən insanların hərəkətinə Uca Allahın cavabı sayıram!...

Baxın, Rəbbim koronavirusu elə yayıb ki, Azərbaycanı talayıb, ABŞ-a, Avropaya üz tutan məmurlar, batmaqda olan gəmidən qaçan siçovullar kimi, indi də oraları tərk edib, qaçaraq ölkəyə qayıdırlar!..

Biz millət olaraq, dünyanın ən zəngin ölkəsinə sahib olsaq da, haqq uğrunda mübarizə aparmaq qabiliyyətini, sanki itirmişik və gözümüz önündə baş verən haqsızlığa qarşı belə, etiraz etməyi bacarmırıq. Allah insanı fayl-muxtar (azad, güclü) yaradıb və insana haqq-ədalət uğrunda mübarizə aparmaq görəvi verib. Lakin biz bir millət kimi, Allahın bizə verdiyi görəvi yaddan çıxarıb, qorxaqlığımız üzündən zalım məmurlar ordusunun yaranmasına və güclənməsinə meydan açmışıq. Ona görə də, on səkkiz min Aləmi yaradan Allahın koronavirusu yer üzündə çoxalmaqda olan Zalımlardan və yolun azanlardan qisas almaq üçün yaratdığını düşünürəm. Baxın, koronavirusun dünyada ən geniş yayıldığı və çox sayda can aldığı ölkələrə diqqət edin! Bu həmin ABŞ, İtaliya, İspaniya, Rusiya, Fransa, Böyük Britaniya, Çin, İran və digər ölkələrdir ki, ağıllarını itirib dünya ağalığı iddiasına düşüblər, amma bu gün koronavirusla mübarizədə çox acizdirlər!...

Bəli, əziz oxucu, bil, dünya sahibsiz deyil, Yaradan və hər şeyə çarə tapan Qüdrət sahibi lazım bildiyi məqamda varlığını insanlara xatırlatmağın yolunu çox yaxşı bilir və koronavirus kimi bir bəla ilə imtahan edir!..

Odur ki, bütün fəaliyyətinizi Allahın kurallarına münasib qurmağı unutmayın və hər bir hərəkətinizi onun iradəsinə uyğun şəkildə etməyə çalışın. Çalışın ki, hər iki dünyada cəzanız ağır olmasın...!

0.015147924423218