Ən zəruri olan...

Məlum virusun dünyaya meydan oxuduğu gündəmdə həyat da öz rəvanlığını itirib. Əslində elə müasir dünyamızın mahiyyəti də adına uyğun olmalıydı. Süni intellektə getdikcə daha çox meydan verən, texniki yeniliklərin anbaan dəyişimini təqdim edən çağdaş dünyamızda hansı sakitlikdən, səssizlikdən söhbət gedə bilər? Doğrudan da, hansısa səssizlik və rəvanlıq, hamar və birmənalı xəttin sözügedən məsələyə qəti dəxli yoxdur. Müasir dünyadan danışırıqsa, əlbət.

Bəli, bu dünyadan hər nə desən gözləmək olardı, lakin külli-aləm bunu öncədən hesablaya bilmədi və hazırkı vəziyyət də göz qabağındadır. Texnoloji inqilabların və digər insan zəkasına sığmayan məsələlərin də əslində, bir dayanma nöqtəsi olmalıydı.

Söylənənlər eşidiləndən, yazılanlar yazılandan, oxunanlar oxunandan sonra görəsən, nə qalırdı? Sonraya da nəsə qalmalıdır axı. Lakin elələri də var ki, liderlik mərəzindən dolayı, gələcəyi bugündə görmək istədilər. Gələcəkdə nə varsa, elə bu gün olsun arqumentiylə, əks arqument eşitmək istəmədilər...

Əks arqumentlər isə hər zaman mövcuddur və özünün layiq, dayanmalı olduğu məqamı, nöqtəni gözləməkdədir. Nöqtəsi anidən qoyularsa, o yerə sonradan hansısa durdurucu işarənin gətirilməsinin özü də artıq suallara səbəb olar. O mənada, arqument gətirərkən, əks həmlə - əks arqument də unudulmamalıdır.

...Məlum virusun yaratdığı hazırkı mənzərədə də eynən dünyanın ilkin yaranışı xatırlanır. Külli insansız torpaqlar, dövlətsiz ərazilər, sərhədsiz çöllər, ucsuz-bucaqsız, izsiz səhralar... Mahiyyət etibarilə, gündəmin qarmaqarışıq, xaotik mənzərəsi fonunda, o qədər də səssizlik var. Bütün tədris müəssisələrindən ayağı çəkilən, səsi kəsilən məktəbli-tələbələrin, istənilən adda olan obyektlərin daimi sakinləri olan insanların özünü “vaxtsız qonaq” sanmaması üçün səssizlik hökm sürür. Məcburən yaradılan bu səssizliyin müvəqqəti xarakteridir bəlkə də insanları darıxdırmayan. Bəlkə də canın doğrudan da hər şeydən “şirin” olmasıdır hər acıya göstərilən dözüm nümayişi?

Bəlkələr nə qədər sual doğursa da, indilikdə ona birmənalı cavab yoxdur. Çünki dünya özü də suallar içində “başını itirib”. Və onun başını tezlikə tapmasının özü də ünvanlanan ilk suallardan biridir...

İnsanların bu qarışıq, suallarla dolu gündəmdə nələrəsə cavab axtarmasının da zamana ehtiyacı var. O zaman ki, onu gözləyən insan da vaxtında çox şeyin, ən sadə həqiqətlərin belə, qədrini-qiymətini bilmədi. Təhlükəsiz sandığı, dörd fəsil uzunu limitsiz, gecə-gündüz bilmədən yararlandığı açıq havaya da müəyyən zaman müqabilində çıxmağa məcburdur indi. Maraqlıdır, təsadüf və zərurət dilemmasına nəzər yetirsək, o zaman məlum virusun təsadüfi təmasından qaynaqlanan, dünya-aləmi havadan, hər tərəfdən təcrid edən zərurəti də göz önünə almalıyıq. Təsadüfən gələn bəlanı lazımi şəkildə qarşılamaq artıq, zərurətdir.

Təsadüfdən zərurətdən doğarsa, zərurətdən yarananları da təsadüfi saymaq olmaz. O zaman gündəmin hazırkı mənzərəsində görünənlər, müşahidə edilənlər, baş verənlər də sıradan olan məsələlər deyil. Bəzən üzləşdiyimiz problemlərin əksəriyyətini həlletməz sayaraq onu virus xarakterli hesab etsək də, problemin ən böyüyü gündəmin hazırkı mövzusudur. O problemin həlli də aidiyyatlı, əlaqədar adlananlarda deyil təkcə. Budəfəki problem yekdil hərəkəti zəruri edir. Sonunda, “yuxarılar” da “aşağılarsız” olmadan, problemin həllinin mümkünsüzlüyü qənaətini anladılar. Bu, əslində, istənilən dönəmdə ən zəruri addım olsa da...

Nigar Orucova 

0.34651207923889