Maska niyə tapılmır?

Koronavirus təhlükəlidir, yoxsa...

Koronavirusun ölkəmizə ayaq açdığı gündən təxminən bir aya yaxın vaxt keçir. Azərbaycan dövlətinin bu müddət ərzində həyata keçirdiyi bir çox təxirəsanlınmaz tədbirlər nəticəsində bu bəlanın ölkəmizin ərazisində geniş yayılmasını demək olar ki, səngidə bilmişik. Dövlətimizin gördüyü bütün işlərə, həyata keçirdiyi tədbirlərə  baxmayaraq, virusun yayılması faktları hələ də mövcuddur və bu qarşısıalınmaz bir problemə çevrilib.

Bu da hesab edirik ki, səbəbsiz deyil. İlk növbədə onu qeyd edim ki, dövlət səviyyəsində həyata keçirilən tədbirlərin səmərə verməsi üçün bir çox məmurların tutduqları vəzifələrdə öz məsuliyyətlərini hiss etmələri lazımdır. Çünki bu gün ölkəmizdə çatışmayan məhz, məmur məsuliyyətidir.

Bilirsiniz ki, aprel ayının 5-dən ölkəmizin ərazisində karantin rejiminin daha da gücləndirilməsi barədə qərar qəbul olunub. Burada da daha çox ağırlıq Daxili İşlər Nazirliyinin üzərinə düşür. Buna görə də vətəndaşlar çalışmalıdırlar ki, yollarda, küçələrdə polis əməkdaşlarının tələblərini sözsüz yerinə yetirsinlər. Çünki bu rejim çərçivəsində insanlardan özünütəcrid qaydalarına və "Evdə qal" çağırışlarına ciddi əməl olunması tələb olunur. Buna əməl etmək də, hər bir vətəndaşın həm borcu, həm də vəzifəsidir.

Lakin burada bir məqamı qeyd etməyi vacib bilirəm ki, gücləndirilmiş karantin rejimi zamanı insanların necə davranmalı olduğları barədə verilən məlumatlar heç də hamı üçün əlçatan deyil. Bunun da məsuliyyəti hesab edirəm ki, bilavasitə məmurların üzərinə düşür.

Digər bir maraqlı məqam odur ki, bu bir ay müddətində dövlət ölkədə maska qıtlığı problemini aradan qaldıra bilməyib. Məgər, sadə bir maskanı istehsal etmək bu qədər müşkül məsələdir?

Son zamanlar əldə etdiyim məlumatlara görə, bəzi insanlar istər Bakıda, istərsə də ölkəmizin bölgələrində, o cümlədən Zaqatala rayonunda öz təşəbbüsləri ilə maska istehsal edərək vətəndaşlara pulsuz paylayırlar. Bunun sanitar- gigiyeniklik baxımından nə dərəcədə düzgün olduğunu deməkdə çətinlik çəkirəm. Amma heç olmamağındansa, bu da bir çıxış yoludur. Demək istədiyim odur ki, hansısa bir vətəndaş "kustar" yolla öz təşəbbüsü ilə maska istehsal edə bilirsə, bu dövlət üçün niyə problem olmalıdır?

Bir neçə gün əvvəl Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri televiziyaya açıqlamasında bəyan etdi ki, artıq avadanlıqlar quraşdırılıb və maska istehsalına başlanır. 

Mən Abşeron rayonu ərazisində yaşayıram və bütün bu müddət ərzində bu ərazidəki apteklərə dəfələrlə müraciət etsəm də, maska əldə edə bilmirəm. Biri deyir az verirlər, bir başqası deyir, gündəlik cəmi 50 maska verilir ki, o da anındaca qurtarır. Belə çıxır ki, maska almaq istəyən vətəndaş aptekin qarşısında növbə çəkməli və hər dəfə ancaq bir maska əldə edə bilər.

Bakıda "Bakı Tikiş Evi" adında bir müəssisə fəaliyyət göstərir. Əsas vəzifəsi də hər il yeni məktəbli formaları icad edərək  valideynləri soymaqdır. Bu müddətdə həmin müəssisə öz profilini dəyişib maska istesal edə bilərdi. Lakin burada da əsas məsələ məmur məsuliyyətsizliyidir. Bizdə hamı gözləyir ki, kimsə ona yuxarıdan göstəriş versin ki, bu işi gör. Heç bir məmur öz təşəbbüsü ilə iş görmək iqtidarında deyil, bu məmləkətdə. Əsas məsələ və problem də bundadır.

Digər bir problem bugünün əsas mövzusu olan spirtlə bağlıdır. Ölkəmizin ərazisində dünya miqyasında tanınan şərab zavodları fəaliyyət göstərir. Bu bir ay müddətində dövlət həmin zavodların istehsal etdiyi spirti alıb, apteklərə paylanmasını təmin edə bilərdi və heç bir problem də yaşanmazdı. Ancaq biz bu dövrdə nələri gördük və müşahidə etdik? Fantastik qiymət artımı!

Bəzi sahibkarlar yaranmış ağır vəziyyətdən istifadə edərək, ancaq öz ciblərini doldurmağın qayğısına qaldılar. Deyək ki, 1 ay əvvəl bir litri 2,2, 2,5 manata satılan spirtin qiyməti aptek sahiblərinin hərislik dərəcəsindən asılı olaraq 4-5-6 manata satılır. Son zamanlar isə spirt qıtlığı müşahidə olunmasa da, onun qablaşdırılmasından asılı olaraq 100-150 qramının 3 manata satıldığını qeyd etmək lazımdır.

Bizim bəyənmədiyimiz, sovet rejimi adlandırdığımız dövrdə bu kimi hallara görə, həmin insanları göndərərdilər "gedər-gəlməzə", adını da qoyardılar sabataj, təxribat . Bu gün isə onlara bir söz deyən yoxdur, kim nə istəyir onu da edir.  

Məhz buna görə də, Azərbaycan kimi bir dövlət üçün spirt, maska nə üçün "defisit" olmalıdır sualı çoxlarını düşündürdüyü kimi, mən də heç cür anlaya bilmirəm.

Dövlət tələb edir ki, heç kim maskasız küçəyə çıxmasın, maska tapılmırsa, vətəndaş öz zəruri tələbatını ödəmək üçün küçəyə necə çıxsın?

Bu günlərdə Türkiyə telekanallarında müşahidə etdim ki, orda maska problemini bələdiyyələr və yerli icra strukturları həll edirlər. Maskaları avtobuslarda sürücülər, küçələrdə polislər və bələdiyyə yetkililəri pulsuz paylayır. Mən demirəm ki, siz də pulsuz paylayın. Aptekləri təmin edin ki, insanlar onu ala bilsinlər.

Hesab edirəm ki, bu problemlərin həllini yalnız dövlətin üzərinə atmaq da düzgün olmazdı. Burada əsas məsuliyyət sahibkarların və məmurların üzərinə düşür. Çünki yaranmış maska qıtlığından da onlar məsuliyyət daşıyırlar.

Bu gün hamı üçün çətindir. Ələlxüsus da məmurlar üçün. Çünki hər zaman ortada yeyib, qıraqda gəzən məmurların üzərinə çox böyük məsuliyyət düşüb və onlar bundan çıxış yolu tapmaqda çətinlik çəkirlər. Biz də bunu bir jurnalist olaraq anlayırıq və anlamağa çalışırıq. Hesab edirəm ki, məmur da öz nəfsini bir qədər cilovlayaraq həm dövlətimizin onun qarşısına qoyduğu, həm də dinimizin tələb etdiyi kimi, öz vəzifəsinə vicdanla yanaşmalıdır ki, sonradan qınaq obyektinə çevrilməsin, günaha batmasın.

Hörmətli oxucular, mən bu yazımda yalnız iki problemin açıq görünən tərəflərini sizin diqqətinizə çatdırmağa çalışdım. Koronavirusun yaratdığı problemlərin isə sayı-hesabı yoxdur. Nə qədər ki bu bəla yaxamızdan əl çəkməyib, həmin problemləri diqqətdə saxlayacağıq. Bilirsiniz ki, heç bir jurnalistin hansısa qlobal bir problemi həll etmək imkanı yoxdur.

Onun vəzifəsi mövcud problemləri aşkar edərək ictimailəşdirməkdir. Mən də bu bəladan tezliklə qurtulmaq arzusu ilə hər birinizə özünüzü qoruyun ki, ətrafdakıları da qorumuş olasınız deyirəm.

Yusif Seyid

0.30175399780273