NEKROLOQ

Akademik Hüseyn Əhmədov dünyasını dəyişdi - Allah rəhmət eləsin!

Əziz dostlar, bu gün Azərbaycan pedaqoji ictimaiyyərtinə ağır itki üz verib. Azərbaycan pedaqogikasının canlı əfsanəsi, mənəvi atamız, Əməkdar ali məktəb işçisi, Prezident təqaüdçüsü, akademik Hüseyn Mustafa oğlu Əhmədov 94 yaşında vəfat edib.
Allah rəhmət eləsin!!!

Hüseyn Mustafa oğlu Əhmədov17 iyul 1926-cı ildə Qərbi Azərbaycanın Krasnoselo rayonununToxluca kəndində anadan olmuşdur. Ailəsi ilə birlikdə 1936-1940-cı illərdə İrəvan yaxınlığındakı Kənəkir rayonunun Göykilsə kəndinə köçmüş, 1939-cu ildə orada 7-ci sinfi, Kənkan kəndində 8-ci sinfi bitirmişdir. 1943-cü ildə IX sinfi bitirdikdən sonra Toxluca kənd məktəbinin ibtidai siniflərində dərs demişdir. 1946-cı ildə Kirovabad (Gəncə) şəhərindəki K.Setkin adına Pedaqoji Texnikumun III kursuna daxil olmuş, 1947-ci ildə oranı "əla" qiymətlərlə bitirmişdir. 1947-1951-ci illərdə H.Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunda təhsil almışdır. Təhsil illərində Lenin komsomolu təqaüdçüsü olmuşdur. 1951-1952-ci ilərdə Kirovabad Pedaqoji İnstitutunda baş laborant və Gəncədəki Toxuculuq Texnikumunda tarix müəllimi işləmişdir. 1952-1955-ci illərdə V.İ.Lenin adına ADPİ-nin (indiki ADPU) aspiranturasında oxumuşdur. 1956-cı ildə ADPİ-nin komsomol komitəsinin I katibi seçilmişdir. 1957-1958-ci illərdə Azərb. ETPEİ-də kiçik elmi işçi vəzifəsində işləmişdir. 1958-ci ildə prof. Əhməd Seyidovun rəhbərliyi ilə "İbtidai məktəb şagirdlərinin kommunist əxlaqı tərbiyəsində nümunənin rolu və ondan istifadə etmək yolları" mövzusunda namizədlik dissertasiyası, 1972-ci ildə akademik Mehdi Mehdizadənin elmi məsləhətçiliyi ilə "XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1958-1959-cu illərdə V.İ.Lenin adına ADPİ-nin Pedaqogika kafedrasında assistent, 1964-1977-ci illərdə dosent, 1977-2014-cü illərdə professor vəzifələrində çalışmışdır. 1974-1977-ci illərdə V.İ.Lenin adına ADPİ-də Orta məktəb müəllimlərinin ixtisasartırma fakültəsinin dekanı olmuşdur. 1974-2014-cü illərdə ADPU-nun Elmi Şurasının, Riyaziyyat və Tarix fakültələrinin Elmi Şuralarının üzvü olmuşdur. SSRİ Nazirlər Soveti yanında AAK tərəfindən 1977-ci ildə ona Pedaqogika kafedrası üzrə professor elmi adı verilmişdir. 1977-ci ildə müsabiqə yolu ilə V.İ.Lenin adına ADPİ-nin Ümumi pedaqogika kafedrasına müdir vəzifəsinə seçilmiş, 2014-cü ilə kimi həmin vəzifədə çalışmışdır. H.Əhmədov müxtəlif vaxtlarda - İrəvanda, Tiflisdə və Moskvada rəsmi opponent, Müdafiə Şuralarının üzvü, sədr müavini və sədri kimi fəaliyyət göstərmişdir. Pedaqoji və elmi pedaqoji kadr hazırlığında müstəsna xidmətləri var. Elmi rəhbərliyi ilə 60-a yaxın tədqiqatçı namizədlik, 3 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. 1997-2010-cu illərdə ABU-nun birinci prorektoru vəzifəsində çalışmışdır. "Azərbaycan məktəb və pedaqoji fikir tarixi" adlı xüsusi kursun Azərbaycan və rus dillərində proqramının və dərsliyinin hazırlanması və nəşri onun adı ilə bağlıdır. Azərbaycanda məktəb və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı olan H.Əhmədov Moskva, Leninqrad, Kiyev, Riqa, Daşkənd, Səmərqənd, Tbilisi, Poltava, Penza, Ulyanovsk və başqa şəhərlərdə keçirilmiş simpozium və konfranslarda Azərbaycan pedaqoji elmini ləyaqətlə təmsil etmişdir. O, Moskvada çap olunmuş "Azərbaycan pedaqoji fikir antologiyası"nın (1990), "SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər"in I və IV cildlərinin, ikicildlik Rusiya Pedaqoji Ensiklopediyasının, Azərbaycan Sovet Ensiklopediyasının IV və X cildlərinin müəlliflərindən biri olub. Onun “İbtidai məktəb şagirdlərinin kommunist əxlaqi tərbiyəsində nümunənin rolu və ondan istifadə etmək yolları” (1958), “Uşaqların tərbiyəsində valideynin şəxsi nümunəsi” (1962), “Pedaqogikaya giriş” (1973), "100 yaşlı Yuxarı Salahlı kənd məktəbi" (1978), “N.Nərimanovun pedaqoji fikirləri” (1979), "100 yaşlı Qarğabazar məktəbi" (1983), "XIX əsr Azərbaycan məktəbi" (1985, 2000), “N.Tusi” (1992, 2001), “N.Nərimanovun pedaqoji fikirləri” (2000), “İdarəetmənin pedaqogika və psixologiyası” (2001, 2004), “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” (I hissə) (2001), Azərbaycan məktəb və pedaqoji fikir tarixi” (2014) monoqrafiya, dərslik və dərs vəsaitləri, 600-dən artıq elmi və publisistik məqaləsi nəşr olunub. Onun “Seçilmiş əsərləri”nin Azərbaycan və rus dillərində 29 cildliyi nəşr olunub. Onun "XIX əsr Azərbaycan məktəbi" monoqrafiyası millətimizin yüzillik təhsil tarixinin müfəssəl və möhtəşəm salnaməsidir. Hüseyn Əhmədov XIX əsrdə və XX əsrin əvvəllərində ərəb əlifbası ilə nəşr olunan aşağıda adları göstərilən dərsliklərimizi müasir latın qrafikasına çevirmiş, onlara müvafiq izahat, lüğət və xüsusi məqalələr yazaraq taksimeliya və trensliterasiya yolu ilə çap etdirmişdir.
Hüseyn Əhmədov 1973-cü ildə "Azərbaycan SSR qabaqcıl maarif xadimi", 1977-ci ildə "SSRİ maarif əlaçısı" döş nişanları ilə təltif edilmişdir. 1985-ci ildə Ümumittifaq “Bilik” cəmiyyəti idarə heyəti tərəfindən “Fəalişinə görə” döş nişanı ilə təltif edilmişdir.1981-ci ildə ona "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı verilmiş,1985-ci ildəAzərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilmişdir. O,1990-cı ildə SSRİ PEA-nın müxbir üzvü, 1993-cü ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının, həm də Beynəlxalq PEA-nın həqiqi üzvü seçilmişdir.1998-ci ildə Beynəlxalq Pedaqoji Akademiyanın "Y.A.Komenski adına Böyük Qızıl Medalı" ilə, 2005-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk dünyasına hizmet" qızıl medalı ilə təltif edilmişdir. 2006-cı ildə "El gücü" Beynəlxalq Humanitar Assosiasiyasının qərarı ilə Heydər Əliyev adına "Əsrin Akademiyası"na həqiqi üzv qəbul olunmuşdur. H.Əhmədov 2006-cı ildə Amerika Beynəlxalq Ekspert və Bioqrafiya Araşdırmalar İnstitutu tərəfindən "Pedaqogika elminin məharətli bilicisi" elan edilmişdir. 2007-ci ildəRusiya Elm və Təhsil Nazirliyi tərəfindən “K.D.Uşinski”, 2011-ci ildə Pusiya Təhsil Akademiyası tərəfindən elmdəki nailiyyətlərinə görə Qızıl medal ilə mükafatlandırılmışdır. 2007-ci ildən Prezidentin fərdi təqaüdçüsüdür. Mühasibə və əmək veteranı olan Hüseyn Əhmədov “Böyük Vətən müharibəsində (1941-1945-ci illər) rəşadətli əməyə görə” (1946) medalı, “Böyük Vətən müharibəsində qələbənin 50 illiyi” döş nişanı, “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. 1999 və 2004-cü illərdə Binəqədi rayon Bələdiyyəsinə üzv seçilmişdi.

Allah rəhmət eləsin!

Tapdıq Abbas, Müseyib İlyasov, Fərrux Rüstəmov, Həsən Bayramov, Ramiz Əliyev, Şəhla Əliyeva, Vidadi Xəlilov, Ənvər Abbasov, Kəmalə Quliyeva, Allahyar İmanov, Yasin Qaraməmmədli, İbrahim Bayramov, Əsmət İsmayılxanova,Gülarə Qocayeva, Sahilə Orucova.

0.13756108283997