Multikulturalizmin birləşdirə bilmədiyi bəşəriyyəti koronavirus birləşdirir

Bəşəriyyət yeni ciddi bir sınaq, hətta terrordan daha təhlükəli, gözəgörünməz təhdid qarşısında aciz qalıb. Üç aydır ki, koronavirus pandemiyası müasir səhiyyənin bütün imkanlarına və texnoloji uğurlarına meydan oxuyaraq, hər gün öz coğrafiyasını genişləndirir. Ölkələr özünün iqtisadi zərərinə olsa belə, sərhədləri bağlamaq, quru və hava əlaqələrini kəsmək məcburiyyətində qalırsa, məktəbləri bağlayıb, kütləvi tədbirləri ləğv edirsə, aydın məsələdir ki, demək, məsələ daha ciddi mərhələdədir. Səhiyyə mütəxəssisləri, alimlər, professor və akademiklər boşuna SOS siqnalı vermir. Deməli, vəziyyət mürəkkəbdir. “Sürünən bəla”nın dünyaya yayılma riski hər gün artır. 

İstənilən təhlükəni önləməyin ən yaxşı yolu isə ona qarşı getməkdir, nəinki, oturub gözləmək. Səmərəli profilaktika, ilkin tədbirlər, hamı üçün əlçatan qorunma metodlarının təbliği xüsusilə vacibdir. Panika, təlaş, dezinformasiya belə vəziyyətdə ən zərərli tendensiya hesab oluna bilər. Çünki bu halda epidemiya ilə səmərəli mübarizə əmsalı aşağı düşür, ağıllı başların təklifləri eşidilməz olur. Bu səbəbdən də indiki mərhələdə kütləvi informasiya vasitələrinin üzərinə ağır məsuliyyət düşür. Virus yayılması ilə bağlı xəbərlərin rəsmi mənbələrə istinadən hazırlanması və dezinformasiya kanallarının kəsilməsi xüsusi əhəmiyyətə malikdir…

Bu gün bəşəriyyət çox ciddi bir sınaq qarşısındadır – Yer kürəsini lərzəyə gətirən koronavirus pandemiyası bəşəriyyəti həmrəy olmaq, çəkici zindanın eyni nöqtəsinə vurmağı bacarmaq imtahanı qarşısında qoyub. Artıq neçə illərdir Azərbaycan dövləti və cəmiyyəti dünyanı bütün dəyərləri bir kənara qoyaraq, insanlıq dəyəri – multikulturalizm dəyərləri ətrafında birləşməyə çağırır. Əslində, multikulturalizmin Azərbaycan modelinin qayəsi məhz bundan ibarətdir – dininə, dilinə, irqinə, milliyyətinə, mədəniyyətinə və sair dəyərlərinə görə, kim olursan ol, amma sən fərd olaraq bütün bunlardan öncə, İnsansan. Bəşəriyyət də məhz bu dəyər – insanlıq dəyəri ətrafında birləşməlidir.

Bu gün bəşəriyyətin başı üzərini almış koronavirus pandemiyası da dünya əhalisinin zəif yerindən tutmuş bir yırtıcıya bənzəyir. Sanki bu bədheybət bəla başa düşür ki, bu gün bəşəriyyətin birləşmək, həmrəy olmaq imkanları çox zəifdir. O, kimsənin hansı dinə biət etməsinin, hansı millətin və ya etnosun nümayəndəsi, hansı mədəniyyətin daşıyıcısı olmasının fərqinə varmır. Sonunda hamı insandır və bu bəla da insanlığa gəlib…

Amma bu məqamda təzadlar da görünən həddədir. Belə ki, nə qədər təzadlı olsa da, dünyada geniş yayılaraq bəşəriyyəti vahiməyə salan bu pandemiya dünyada son illərdə diqqət mərkəzində olan multikulturalizmin, tolerantlığın və dözümlülüyün inkişafında sıçrayışlı irəliləyişə səbəb ola bilər.  Ona görə ki, müasir multikulturalizm modellərinin hamısınım qayəsində bəşəriyyəti birləşdirmək, tam kürəsəl bir cəmiyyət yaratmaq ideyası dayanır. Başqa sözlə desək, multikulturalizm müxtəlif dəyərlərə malik insanları təbliğat vasitəsi ilə birləşdirməyi, bir ortama gətirməyi qarşısına ali məqsəd kimi qoyub. Nə qədər ülvi bir məqsəd olsa da, kiçik uğurlar əldə edilsə də, bu məsələ dünyada çox ləng inkişaf edir. Hətta, bəzi inkişaf etmiş dövlətlərin ictimai-siyasi xadimləri multikulturalizmin – bəşəri birliyin əldə edilməsinin mümkün olmadığını da iddia edir. Lakin iş ondadır ki, koronavirus infeksiyası bəşəriyyəti “olum, ya ölüm” seçimi qarşısında qoyub. Dünya ya multikulturalizmin qayəsini təşkil edən birliyə nail olaraq infeksiyanın yayılma zəncirini qırmalı, ya da bu infeksiyanın qurbanına çevrilərək Yer üzündən silinməlidir.

Diqqət etsəniz, sözügedən pandemiya multikulturalizmin inkişaf etdiyi ölkələrdə geniş yayıla bilmir. Çünki həmin ölkələrdə cəmiyyət multikulturalizm dəyərləri ətrafında birləşərək insanlığı ön plana çıxarmağı bacarır. Bu dəyərin gücünü görmək üçün heç də uzağa getməyə ehtiyac yoxdur. Misal üçün, Azərbaycan cəmiyyətinin multikultural dəyərləri onun qısa zaman çərçivəsində özünü toparlamasına imkan verdi. Statistikaya diqqət etsək, bir ay ərzində ölkədə cəmi 200 nəfərə yaxın insan bu virusa yoluxub ki, onların da yarıdan çoxu ölkəmizə xaricdən gələn insanlardır. Son 24 saat ərzində artıq bu virusa yoluxan yoxdur. Deməli, Azərbaycan cəmiyyəti artıq birləşərək infeksiyanın yayılma zəncirini qıra bilib. Diqqət etsək, görərik ki, eyni regiona aid olan digər ölkələrdə, məsələn, Ermənistan və Gürcüstanda infeksiya bir həftə ərzində yüzlərlə insanı əhatə edə bilib. Ermənistanda hətta, hərbçilər də koronavirusa yoluxub.

Təhlükəli virusa qarşı önləyici tədbirlər, atılan vacib addımlar da nəzərəçarpacaq həddədir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytında bildirilir ki, koronavirusa qarşı Azərbaycanda məqsədyönlü mübarizə aparılır, bununla bağlı Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb.

Bununla bağlı qurumun rəhbəri Mübariz Qurbanlı bildirib ki, qərargahın təlimatına uyğun olaraq, ölkədə kütləvi tədbirlər dayandırılıb: “Ona görə də Azərbaycanda dinə aid olan məbədlərdə, ziyarətgahlarda, məscidlərdə, kilsələrdə, sinaqoqlarda kütləvi toplaşma ilə bağlı məsələlərə baxılıb və dini ayinlər dayandırılıb. Bununla da insanların kütləvi şəkildə dini ayinlərə toplanması aradan qaldırılıb. Bu qayda Operativ Qərargahın kütləvi tədbirlərin keçirilməsi ilə bağlı növbəti müvafiq qərarına qədər davam edəcək”.

Komitə sədri vurğulayıb ki, koronavirusla bağlı mübarizədə hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət düşür: “Hesab edirəm ki, burada vətəndaş məsuliyyəti çox mühüm rol oynayır. Çünki bu virusa qarşı mübarizə ümummilli, dövlət təhlükəsizliyi ilə bağlı olan məsələdir. Burada hər bir Azərbaycan vətəndaşı bu məsuliyyəti üzərində hiss etməlidir, Operativ Qərargahın verdiyi qərar və tövsiyələrə tam şəkildə əməl etməlidir və bizim vətəndaşlarımız burada milli birlik, milli həmrəylik və dövlətçilik məsələlərində tam birlik nümayiş etdirməlidir.

Bu gün möhtərəm Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa təbriki zamanı söylədiyi fikirlər, Prezidentin apardığı siyasət xalq tərəfindən yüksək dərəcədə dəstəklənir. Ona görə də koronavirusa qarşı aparılan mübarizədə birgə olmalıyıq, tələbləri və tövsiyələri yerinə yetirməliyik. Bununla bağlı dövlət çox ciddi addımlar atıb, vəsait ayrılıb. Cənab Prezidentin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və mübarizəyə əlavə 20 milyon manat vəsait ayrıldı. Görülən bu tədbirlər koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınmasında mühüm rol oynayır”.

Qeyd edək ki, Azərbaycan cəmiyyəti bu bəlaya qarşı mübarizədə artıq müəyyən uğurlar qazanmış sayıla bilər. Çünki son iki gün ərzində apardığımız müşahidələr onu deməyə əsas verir ki, ölkə vətəndaşları, xüsusilə də paytaxt sakinləri üçün pandemik şərait tam aydındır. Belə ki, hökumətin və kütləvi informasiya vasitələrinin çağırışlarına uyğun olaraq “Evdə qal, sağlam ol!” şüarı altında Bakı sakinləri şəhəri tamamilə boşalda bilib. Bu gün səhər saatlarından etibarən, paytaxtda müxtəlif istiqamətdə hərəkət edən marşrut avtobuslarında və metroda xüsusi sərnişin seyrəkliyi müşahidə edilib. Hər avtobusda 2-3 nəfər sərnişin müşahidə olunub. Bu isə o deməkdir ki, Azərbaycan cəmiyyəti öz birliyi, həmrəyliyi ilə koronavirus infeksiyasının yayılma zəncirini qırmaq əzmindədir.  Sözügedən virusa qarşı mübarizədə cəmiyyətin həmrəyliyi, insanlıq ətrafında sıx birləşmək qabiliyyəti çox önəmli məsələdir. Bu, hətta, indiki halda, inkişaf etmiş səhiyyə sistemindən də önəmlidir. Çünki ortada təcrübə var – Avropanın səhiyyə sistemləri ilə qürurlanan inkişaf etmiş ölkələri belə, koronavirusa qarşı səmərəli şəkildə mübarizə apara bilmir. Ona görə ki, cəmiyyətdə insanlıq ətrafinda birləşmək immuniteti yoxdur. Başqa sözlə desək, insan haqları adlanan dəyər koronavirus qarşısında acizdir, cəmiyyət yalnız insanlıq ətrafında birləşəndə bu virusa qarşı güclü olur.

Dövlət başçısının qərarına uyğun olaraq, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz yardım və ianələrini əsirgəmir. Belə ki, Mədəniyyət Nazirliyinin strukturuna daxil olan Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar, Masallı, Lənkəran regional mədəniyyət idarələri Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 71 000 (yetmiş bir min) manat məbləğində ianə edib.

 

...Qədim bir Roma misalında deyilir ki,  ağacın başında sirli nəsə varsa, kökünə baxmaq lazımdır. Gündəlik informasiya axını altında onsuz da psixoloji dayanıqlığını itirən dünya əhalisinə  panika yaşatmaqdansa, Uhan vilayətinin sakinlərinə mənəvi dəstək vermək, maddi yardım göndərmək daha məntiqli və ədalətli olardı. Bu gün demokratiya bayrağı ilə iç üzünü pərdələyən “inkişaf etmiş dünya” bəşəriyyəti maska və antiseptiklərlə qoruya bilmirsə, o zaman onların əməllərini daha dərindən təhlil etmək, Afrika çöllərində acından qırılan insanların aclıq səbəbini araşdırmaq gərəkir. Bu gün bəşəriyyəti vahiməyə salan qüvvələrin tanınması, onların iç üzünün açılaraq dünyaya göstərilməsi vacib məsələlərdən biri və bəlkə də, birincisidir...

Bəşəriyyət özü boyda bir Uhan vilayətinə çevrilməlidir. Cəmi 40 gün hərəkəti, qaçışı, möhtəkirlyi, azğınlığı, birjaları saxlamadan, bütün 7.7 milyardlıq dünya üçün onu təlim kimi qəbul etmədən, qlobal meşə yanğınını söndürmək mümkün olmayacaq. Sükunətdən Yer üzü dağılmayacaq, onsuz da planetin özü fırlanır. Yada salaq, 80 il əvvəl faşizmlə yaxınlaşan dünya müharibəsi qarşısında dövlətlər və ordular gec birləşdiyi üçün 50 milyona qədər itki verməyə məhkum edilmişdi. Ona görə də qələbənin qiyməti çox baha oldu.

İndi ümumi düşmən qarşısında biri digərinin hansı trofeyanı götürəcəyini, kimin virusa necə məğlub olacağını gözləmədən, hamının qələbəsi və birgə gələcəyi naminə qərar verməyin vaxtıdır. Yoxsa, hər gün Nyu-York və Nasdaq kotirovkalarını, stok marketlərin ruhsuz, dinsiz, imansız faiz savaşlarını Koronalı Virusun ölüm indeksləri əvəz edəcək.

Bəli, bəşəriyyət bəlkə də artıq bütün dəyərləri pul ekvivalentinə çevirə bilən qüvvələrin əlində acizdir. Amma ola bilsin, xilas üçün nicat yolu tam qapanmayıb, zombiləşdirilmiş intellektlərin içərisində bəlkə də qəlbində Allah xofu olan və bu üzdən də Tavestaka nifrət edən bəşər övladı tapmaq mümkündür...

Sonda qeyd etməyi vacib sayıram ki, istənilən ümidsiz məqamda bütün digər dəyərləri bir kənara qoyaraq, yalnız insanlıq ətrafında birləşmək, multikulturalizmi bəşəri şüara çevirmək insan sivilizasiyasına qurtuluş verə bilər.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

 

0.090675115585327