Mixail Neyjmakov: “Paşinyan Rusiyaya qarşı tənqidə təhrik edir” 

 

 

Ermənistanda sözdən əmələ keçilib. Bu ölkədə 99 il əvvəl, 1921-ci ildə imzalanan Moskva müqaviləsini ləğv etmək çağırışı ilə imza toplanışına başlanıb. Həmin hərəkatın təşəbbüskarı olan Ermənistanın “Siyasi Liqa”sı 1921-ci il müqaviləsinin erməni xalqına qarşı ədalətsiz, alçaldıcı, misli görünməmiş vəhşi bir hərəkət olduğunu iddia edir. Təşəbbüs müəlliflərinin fikrincə, “dostluq və qardaşlıq müqaviləsi”nin tərəfləri olan Türkiyə və Rusiya “cinayətkar sui-qəsd planı hazırlayaraq, erməni xalqının ərazilərinin çox hissəsini parçalayıb və ələ keçiriblər, tarixi vətənlərinin yalnız 1/10 hissəsini erməni xalqına veriblər”.

Bəyanat, əlbəttə ki, cəsarətlidir. Əksər ekspertlər, o cümlədən Rusiyalı mütəxəssislər belə hesab edirlər ki, Moskva və daha sonra Qars müqavilələri olmasaydı, planetin siyasi xəritəsində, ümumiyyətlə, Ermənistan adlı dövlət olmazdı. Ancaq “Siyasi Liqa” daha da irəli gedərək, Türkiyə və Rusiyanı “erməni xalqının soyqırımı”nda ittiham edirlər. “1921-ci il Moskva müqaviləsinə xeyr” şüarı altında 16 mart razılaşmasının ləğv edilməsini tələb edən bir sıra ümumxalq etirazlarına çağırışlar edilib.

Media.Az Rusiya Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakova şərh üçün müraciət edib.

“Siyasi Liqa” bu təşəbbüslə çıxış edib, onun təsisçisi Narine Mkrtçyan ənənəvi olaraq rəsmi Moskvanı, Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu və lokomotivi Kreml olan beynəlxalq birliklərdə Yerevanın iştirakını tənqid edir. “1921-ci il Rusiya-Türkiyə müqavilələri” ilə bağlı müraciətdə “bolşevik Rusiyası” tənqid olunsa da, həmin təşəbbüsün tərəfdarlarının çox hissəsi Moskvanın keçmiş siyasəti ilə indiki siyasəti arasında paralellərini məhz mənfi yozumlarla çəkir.

Mixail Neyjmakov qeyd edib ki, elə həmin Narine Mkrtçyanın 2016-cı ilin aprelində aparılan müzakirələr zamanı verdiyi açıqlamanı xatırlamaq yerinə düşər, o vaxt erməni siyasətçi “Rusiyanın Ermənistanı daha da zəiflədəcəyini gözləmək olar” demişdi.

Müsahibimizin sözlərinə görə, bu təşəbbüsün indi ortaya çıxması izah olunandır: “Ermənistanda əvvəlki bir neçə həftə konstitusiya üzrə referenduma hazırlıq (ümumxalq səsverməsi bu günlərdə təxirə salındı) işarəsi altında keçdi. Bu cür böyük kampaniyalar vətəndaşların siyasətə marağının artmasına səbəb olur, yəni siyasi və ictimai təşkilatları həmin dalğa üzərində öz ictimai təşəbbüslərini elan etməyə məcbur edir. Ancaq koronavirus mövzusu (bildiyiniz kimi, Ermənistanda son vaxtlar müvafiq təhdidlər səbəbindən fövqəladə vəziyyət elan edilib) hər kəsi getdikcə daha çox informasiya məkanına itələyir və xarici siyasət haqqında deyil, sosial mövzularda müzakirələr üçün drayver rolunu oynayır. Bu amil sözügedən təşəbbüsə həm Ermənistanın daxilində, həm də müəlliflərin müraciət etdiyi xarici auditoriyada marağı daha da azaldacaq”.

Eyni zamanda, Mixail Neyjmakovun fikrincə, “Ermənistanın Baş naziri Moskva ilə münasibətləri baxımından, Rusiyanı (hətta “bolşevik Rusiyası” olsa belə) tənqid edən siyasətçilərin və fəalların əməyindən obyektiv şəkildə faydalanır. Radikalların həmin fəaliyyəti bu fonda Paşinyanı “olduqca əlverişli tərəfdaş” imici ilə ortaya qoyur”.

1.299015045166