Olqa Boqomolets: “Bu, sadəcə xəstəlik deyil, müharibədir” 

 

 

Ukraynada karantin tətbiq olunub. Metro işləmir, artıq ölkə parlamentinin deputatlarının koronavirusa yoluxduqları barədə məlumatlar yayılıb. Aydındır ki, epidemiyanın pik həddi hələ keçməyib. Fövqəladə rejim qüvvədədir, koronavirus təhlükəsi səbəbindən ölkədə hətta cərrahiyyə əməliyyatları ləğv edilir.

Media.Az ukraynalı siyasi və dövlət xadimi, Ukraynanın Əməkdar həkimi, tibb elmləri doktoru Olqa Boqomolets ilə söhbət edib. Qeyd edək ki, o, Ukrayna prezidentliyinə namizəd idi və ötən ilin yanvar ayında Boqomolets haqqında reportaj dərc etmişdik. İndi isə mövzumuz dünyadakı koronavirus pandemiyasıdır.

- Siz Əməkdar həkim, tibb elmləri doktorusunuz. Dünyanın bir çox ölkəsinin, o cümlədən Ukraynanın tətbiq etdiyi karantin tədbirləri barədə nə düşünürsünüz? Bu tədbirlər nə qədər sərt olmalıdır? Koronavirusu üstələmək üçün nə etmək lazımdır?

- Anlamaq lazımdır ki, indi virusu üstələmək məsələsi əsas deyil. Karantin tədbirlərinin əsas məqsədi səhiyyə sisteminin çökməsinin qarşısını almaqdır. Çünki bu baş verərsə, fiziki olaraq tibb bacısı, həkim və ya mexaniki havalandırma cihazları çatışmazlığı yaşanacaq. Bunun qarşısını almaq üçün karantin tətbiq olunur. Xəstəxana dəhlizlərində 35-ci, ya 350-ci olmaq istəməyənlər karantinin vacib olduğunu başa düşməlidirlər. Xəstələr klinikaya müəyyən həddə qəbul edilməlidir. Buna görə sərt karantin tədbirlərinin tərəfdarıyam.

- Ukraynada - Kiyev, Xarkov və digər şəhərlərdə metro bağlandı. Belə tədbirlərin əsası varmı? Axı yerüstü nəqliyyatda daha çox insan yığılır, halbuki sürücülərə 10-dan çox sərnişin daşımaq qadağan edilib...

- Ukraynadakı ən böyük problem, fikrimcə, kifayət qədər testlərin (koronavirus üçün - red.) olmamasıdır. İnsanlar seçmə qaydada yoxlanılır. Vəziyyəti, ümumiyyətlə, adekvat qiymətləndirə bilmirik, COVID-19-a nə qədər insanın yoluxduğunu bilmirik.

Buna görə, metronun bağlanması kimi tədbirlər tətbiq edildi. Metropoliten, belə deyək, “hermetik” nəqliyyat növüdür. Avtobuslardan fərqli olaraq, burada hava dövranı yoxdur. Hazırda bizdə müəssisələr, teatrlar, bazarlar bağlanır. Bu tədbirlər insanların mümkün qədər evdə qalmasını təmin etmək üçün həyata keçirilir.

- Ukraynada əvvəlcə karantinin iki həftə müddətində tətbiqi barədə məlumat verilib. İndi isə karantinin aprelin 3-dən sonra daha üç həftə uzadıla biləcəyi barədə xəbərlər yayılıb. Bu mümkündürmü?

- Hər şey real xəstəlik və ölüm göstəricilərindən asılı olacaq. Ukrayna ilə bağlı məlumatlar, fikrimcə, bu gün çox etibarlı deyil. Ancaq başqa bir şey demək istərdim. Karantin, özünü təcrid etmək doğru addımdır! Hər bir ölkə, o cümlədən Azərbaycan vəziyyətə uyğun qərarlar verir. Bununla belə, pandemiyanın “digər tərəfi”ni də unutmaq olmaz. Koronavirus sadəcə xəstəlik deyil, müharibədir: İnsanlar və infeksiya arasında müharibə. Buna hazırlaşmalı, yardımçı ola biləcək bütün qüvvələri səfərbər etməliyik.

Bəs kim kömək edə bilər? Elə həkimlər. Və karantin tədbirləri hər zaman yetərli olmaya bilər.

Həkimləri səfərbər etmək lazımdır. Azərbaycanda necə olduğunu bilmirəm, amma Ukraynada, təəssüf ki, bu artıq çox çətindir. Cərgəyə dayana biləcək hər kəsin adbaad doğum tarixini, ixtisasını, iş təcrübəsini bilməlisiniz. Bundan sonra həkimləri qorumaq lazımdır. Və söhbət maska və əlcəklərdən deyil, viruslardan qoruyan real geyimlərdən gedir.

“Tükənmə”nin baş verməməsi üçün rotasiya çox vacibdir. Həkimlər 12 saat işləyir, sonra xəstələrin olmadığı qonşu şöbədə və ya korpusda dincəlirlər, daha sonra yenidən işə qayıdırlar. Lakin rotasiyalar mütəmadi olaraq baş verməlidir.

Əlbəttə, bu rejimdə uzun müddət işləmək mümkün deyil, üstəlik, hələ iki həftəlik karantin də lazımdır.

Planlaşdırmaq, neçə həkimə ehtiyac olduğunu hesablamaq üçün vəziyyət təhlil olunmalıdır. İnfeksiyaya yoluxanların, həkimlərin sayının hesablaya biləcək model üçün düsturlar var. Artıq xəstələrin 20 faizinin stasionar müalicəyə, 5 faizinin reanimasiyaya, 1 faizinin mexaniki havalandırma qurğusuna ehtiyacı olacağı aydındır. Vəziyyəti aydın şəkildə modelləşdirə bilsək, qarışıqlıq olmayacaq. Biz (Ukrayna - red.) Orta Avropadakı ölüm nisbətinə çatacağıq. Lakin ehtiyatları səfərbər edə bilməsək, ölüm nisbəti daha yüksək olacaq.

- Həmişə qeyd edirəm ki, proqnozlar nankor işdir. Bununla belə, necə düşünürsünüz, koronavirus pandemiyası nə vaxt yox olmağa başlayacaq? Bu həftələr, aylar, yoxsa illərin məsələsidir?

- Düzgün cavab vermək üçün bilmək lazımdır ki, sağalan xəstələrdə koronavirusa qarşı uzunmüddətli immunitet yaranırmı? İndiyə qədər elm adamları, həkimlər buna cavab verə bilməyib. Ancaq immunitet yaranarsa, Çinin təcrübəsinə baxmaq olar. Hubey əyalətinin paytaxtı Uhan şəhərində xəstəxanalar artıq bağlanır; insanlar xəstələndi, sağaldı, səhiyyə sisteminə artıq yük düşmür. Beləliklə, hər bir konkret ölkədə üç aydan bəhs edə bilərik.

0.61372494697571