Cinayətkar mütləq cəza almalıdır

Vəzifədən çıxarmaq cəza deyil

 Qədim dövlətçilik  tarixi olan Azərbaycan! XX əsrin əvvəllərində müsəlman dünyasında ilk demokratik respublika kimi cəmi 23 ay müddətində formalaşdırdığın dövlətçilik ənənələrinə sahibsən!

70 il ərzində SSRİ tərkibindəki formal müstəqilliyinin müxtəlif aspektlərini və XX əsrin sonlarında respublikamızda milli özünəqayıdış hərəkatının başlamasını yaxşı xatırlayırıq. Müstəqilliyimizin bərpa olmasının ilk illərində ölkəmizdə cərəyan edən ictimai-siyasi, sosial-iqtisadi hadisələri də unutmamışıq. Baxmayaraq ki, unutqan xalqıq.

Artıq ölkəmiz müstəqilliyinin 30 ilini qeyd etməyə hazırlaşır. Bu illər ərzində nələrlə üzləşmədik ki?

Ötən illər ərzində tutduğu vəzifədə rüşvətxorluq və korrupsiya ilə məşğul olduqlarına görə xeyli məmur vəzifədən azad olundu. Olundu da, lakin törətdikləri cinayət əməllərinə görə heç bir məsuliyyətə cəlb olunmadılar. Tutduqları vəzifədən sui-istifadəyə görə azad olunmuş bu məmurların cinayət məsuliyyətinə cəlb edilməməsi xalqa pis təsir edirdi. Haqlı olaraq bu hal insanlarda təəccüb və qəzəb doğururdu. Bu, olduqca təzadlı və qəribə hal kimi, dünya və ölkə mediasında müntəzəm işıqlandırılırdı ki, bu da ölkəmizin ziyanına işləyirdi.

Ötən yazımızda da qeyd etmişdik ki, son zamanlar Ağstafa, Yevlax və Neftçala rayonlarının icra başçılarının korrupsiya və rüşvətə görə DTX tərəfindən həbs olunması, həbs olunmuş icra başçıları ilə əlbir olan rayondakı digər vəzifəli şəxslərin həbs olunması, əməllərinin video görüntülər əsasında ifşa olunması ölkədə cinayət törədən məmurların yalnız işdən çıxması ilə cəzalanması praktikasına son qoydu. Ölkədə rüşvətxorluq mənbəyi sayılan icra başçılarının cinayətkar komandaları ilə bərabər yaxalanmasını məmurların rüşvət və korrupsiya əməlindən hədsiz məhrumiyyətlərlə üzləşən xalq  böyük rəğbətlə qarşıladı. Xalqın dövlətə və ölkə başçısına inamı artdı. Məmurlar arasında təşviş və qorxu yarandı. Bu kələkötur işlər formasını dəyişərək,  gizli şəkildə həyata keçsə də, bu gün məmurların rüşvət və korrupsiya əməlindən çəkinməsi hiss olunur.

Bu həbslərdən əvvəl törətdikləri ağır cinayətlərə görə vəzifəsindən alınan məmurların işdən azad edilməsinin səbəbi ictimaiyyətə açıqlanmırdı və bu da əhali arasında mənfi məcrada geniş müzakirə olunurdu. Məmurların heç bir səbəb göstərilmədən işdən azad olunması cəmiyyətdə hakimiyyətə inamı azaldırdı. Müstəqil mediada isə həmin məmurun milyardlarla dövlət pulunu  talan etdiyi barədə xəbər tirajlanırdı. Lakin böyük miqyasda korrupsiya cinayəti törədən məmurlar yalnız vəzifədən azad olunurdu. Hətta bu məmurların əksəriyyətinin bir müddət sonra başqa vəzifəyə təyin olunması adamlarda həyəcan yaradırdı. Məsələn, son illər nazir vəzifəsindən azad olunmuş sabiq təhsil naziri Misir Mərdanovun az sonra institut direktoru təyin olunması, sabiq rabitə naziri Əli Abbasovun tutduğu vəzifədən korrupsiya cinayətlərinə görə azad olunub AMEA-da vəzifəyə təyin olunması, sabiq ƏƏSM naziri Səlim Müslümovun nazir postundan 2,5 milyard manat dövlət vəsaitini mənimsəməsi iddiası ilə azad olunub universitetə kafedra müdiri təyin olunması, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun vəzifədən azad olunub, başqa vəzifəyə təyin olunması kimi qəribə hallarla bağlı ciddi narahatlıq yarandı.

Başqa misal. Ötən il iyul ayının əvvəlində ölkəni qaranlığa qərq edən " Azərenerji" ASC-nin sədri Etibar Priverdiyevin cinayətkar fəaliyyəti haqqında o boyda həngamədən sonra hər hansı ciddi cəza tədbirinin görülməməsi, hadisənin səbəblərini araşdıran komissiyanın yekun rəyi nəticəsində yalnız E. Priverdiyevin vəzifədən azad olunması ilə bitməsi, cinayət məsuliyyətinə cəlb olunmaması hər kəsi heyrətləndirdi!.

E. Priverdiyevdən soruşan da olmadı ki, son illər ərzində "Azərenerji" ASC-yə dövlət büdcəsindən ayrılmış təxminən 5 milyarddan çox pul vəsaitini neynəmisən ki, Mingəçevir AES-in istismar müddəti keçmiş hissələri yeniləri ilə əvəz olunmayıb?! Sadəcə, E. Priverdiyev tutduğu vəzifədən azad olundu, yığdığı milyonları rahat yeməyə göndərildi!

Ölkədə baş vermiş bu cür hadisələrə aid misalların sayını istənilən qədər uzatmaq olar. Düşünürəm ki, yazıda irəli sürdüyüm fikri əsaslandırmaq üçün çəkdiyim sabiq məmur nümunələri kifayət edər. Ona görə də baş verən bu cür mənfi halların ətrafında cəmiyyətdə, ictimaiyyət arasında uzun illərdir dolaşan "ölkədə icazəli, məqsədyönlü korrupsiya"nın olması barədə şayiə heç də təsadüfi yayılmırdı. Çünki hər şey cəmiyyətin gözü qarşısında çox aydın şəkildə, heç bir izaha ehtiyac olmadan baş verirdi. Hər kəs ölkədə məmurların korrupsiya əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmamasını, artıq norma kimi qəbul edirdi. Məmur cəzadan yayındırılır və yeni vəzifəyə təyinat alırdı! Bunun nə demək olduğunu şərh etməyə isə artıq heç bir lüzum qalmırdı...

Bu hadisəni məntiqlə izah etmək və haqq qazandırmaq, əlbəttə, çox çətin idi. Məntiqlə izahı çətin olan bu hadisənin yaratdığı ən böyük təhlükə isə, xalqda öz dövlətinə inamsızlığın yaradılması idi!..

Əlbəttə, ölkəmizin müstəqilliyini ABŞ, Avropa, Rusiya kimi dünya sümürgənlərinin təhlükəli hücumundan qorumaq indi də çox vacibdir. Bu məqsədlə ölkəmizin təbii sərvətlərinin və mühüm coğrafi imkanlarının çox böyük hissəsinin həmin sümürgənlərin sərəncamına verilməsinin mahiyyəti, təbii olaraq, başadüşüləndir.

Son zamanlar ölkə prezidentinin həyata keçirdiyi islahat proqramı nəticəsində rüşvət və korrupsiyaya qarşı aparılan ciddi mübarizə həm ölkə daxilində, həm də xaricdə Azərbaycana olan münasibətləri müsbətə doğru dəyişib. Artıq vəzifədə cinayət törədən məmurların vəzifə başında həbs olunması müsbət nəticələrini verir.

Prezidentin səyi nəticəsində artıq Azərbaycan cinayətkarın cəzasız qaldığı və günahsızın cəzaya məhkum olunduğu ölkəyə çevrilmək təhlükəsindən xilas olur.

Prezidentin Azərbaycanda qanunları pozan rüşvətxor və korrupsioner məmurlara, o cümlədən onların cəzasız qalmasına şərait yaradan vəzifəli şəxslərə qarşı ən sərt cəza tədbirləri görməsinə xalq dəstək verir!..

Hazırda ölkəmizdə dövlət vəzifəsini ələ keçirmiş bəzi yüksək çinli məmurlar xalqın və prezidentin qəzəbindən yayınmaq üçün islahatlara qarşı gizli müqavimət təşkil etməklə məşğuldurlar.

Lakin ölkəmizdə baş verən ciddi dəyişikliklərin dönməz xarakteri islahatların qarşısının alınmasının mümkünsüz olduğunu sübut edir.

Bu günlərdə Prezidentin ƏƏSM naziri Sahil Babayevi qəbul edərkən söylədiyi qəti fikirlər də təsdiq edir ki, Azərbaycanda rüşvətxor və korrupsioner məmurlara qarşı başlamış barışmaz və amansız mübarizə bundan sonra da şiddətlə davam edəcək, xalqa qarşı sayğısızlıq göstərən kadrlar yeniləriylə əvəz olunacaq.

 Şahnaz Salehqızı

[email protected]

1.1049890518188