Prezidentin son xəbərdarlığının hədəfləri

Prezidentin son xəbərdarlığının hədəfləri
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Pis vərdişi tərgitmək məmurlara asan deyil..

 Bu həftə ərzində Prezident əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayevi qəbul edəndən sonra cəmiyyətdə formalaşmış rəydə yeni şəkillənmə formalaşdı. Azərbaycan cəmiyyəti ölkə başçısının son zamanlar ardıcıl gələn kəskin fikirlərini yenidən eşitdi. İcra başçıları haqqında ökə rəhbərinin söylədiyi ciddi tənqidi fikir xalqın tarıma çəkimiş əsəblərini bir qədər də olsa, sakitləşdirdi. Cənab Prezident nazirlə söhbətdə ona verdiyi tapşırıqların icrası barədə məlumat almaqla yanaşı, eyni zamanda, ölkənin sosial müdafiəyə ciddi ehtiyacı olan 4 milyona yaxın əhalinin vəziyyəti barədə ətraflı bəhs etdi və son illər xalqın güzəranını yaxşılaşdırmaq istiqamətində dövlətin atdığı addımların məmurların müdaxiləsi nəticəsində pozulduğunu qeyd etdi. Prezidentin məmurlar, xüsusən bəzi icra başçıları barədə söylədiyi kəskin tənqidi fikirlər xalqda böyük sevinc hissi yaratdı, desəm, yəqin ki, səhv etmərəm.

Prezident tərəfindən ölkədə başlayan inqilabi islahatların bütün sahələri əhatə etməsi xalq tərəfindən güclü dəstəklənsə də, öz kreslosunu itirəcəyindən qorxan məmurların çox ciddi müqavimətinə rast gəldiyi müşahidə olunur. Əhalinin problemlər ilə məşğul olan icra başçılarının islahatların həyata keçməsinə maneə olan qrupda yer alması əhalinin sosial problemlərinin sürətlə həll olmasına imkan vermədikləri qeyd olundu. Çünki uzun müddətdir icra başçısı kreslosunda əyləşmiş, rüşvətxorluq və korrupsiya ilə məşğul olmağa vərdiş etmiş bu şəxslər köhnə vərdişlərindən heç cür əl çəkmək istəmirlər. Naziri qəbul edərkən cənab Prezident belə icra başçılarının rüşvətxor fəaliyyətdən əl çəkmək istəməmələrinə işarə edərək, qeyd edib: “... Çoxları birinci həbsdən lazımı nəticə çıxarmadı, ikinci həbs hadisəsi baş verdi və yenə də bundan ciddi nəticə çıxarmadılar və nəhayət, üçüncü həbs baş verdi, Neftçalanın icra başçısı həbs olundu. Gör, nə qədər həddini aşıb ki, bu adam işsiz insanlar üçün nəzərdə tutlmuş 73 nəfərin əməkhaqqı kartını öz təsərrüfatında səhərdən axşama kimi pulsuz işlətdiyi adamlara verib. Bu adam tam ifşa olundu və bütün ölkə vətəndaşları bu icra başçısına nifrət edir! Bu proses bundan sonra da davam edəcək və çirkin yoldan çəkinməyən hər bir məmur, kimliyindən asılı olmayaraq, həbs olunub, ifşa olunacaqdır”.

Gətirdiyim sitatdan da görünür ki, cənab Prezident bir daha xəbərdarlıq edir ki, rüşvətxorluqla, korrupsiya ilə məşğul olan, bu çirkin yoldan əl çəkməyən məmurlara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq, lazım gəlsə, bundan sonra da həbslər silsilə şəkilində davam etdiriləcəkdir. Yəni hər bir məmur bundan sonrakı həyatını özü seçməlidir, ya normal vəzifə sahibi kimi, təmiz işləməlidir, ya da günlərin birində qollarına DTX – nın qandallarının vurulmasına və özünü həbsxana həyatı yaşamağa hazırlamalıdır. Ölkə başçısının son zamanlar etdiyi çıxışların, verdiyi bəyanatların, gördüyü tədbirlərin xarakteri də təsdiq edir ki, rüşvətxor və korrupsioner məmurlarla mübarizə müvəqqəti yox, ardıcıl xarakter daşıyır. Buna görə də ölkədə yeni dövrün başlandığını hər bir məmur nəzərdən keçirib, fəaliyyətində konkret korrektələr aparmalıdır.

Ölkə başçısının bundan əvvəlki çıxışlarında Prezident Administrasiyasında yüksək vəzifəli şəxslər tərəfindən vətəndaşlardan gələn şikayət məktublarının gizlədilməsi əksini tapmışdır. Bu cür ağır ittihamın hazırda hakimiyyətin müxtəlif səviyyəli pillələrində əyləşmiş məmurların ünvanına Prezidentin dilindən səsləndirilməsi durumun olduqca düşündürücü və təhlükəli olmasından xəbər verir. Dözülməz haldır ki, hakimiyyətin yuxarı eşalonunda əyləşən yüksək vəzifəli şəxslər ölkədə baş verən mənfi hallar barədə ölkə rəhbərliyinə gələn məktubları gizlədərək, onlardan öz məqsədləri üçün istifadə etmişlər. Çox güman ki, bu proses uzun illər təcrübədən keçirilərək, gəlirli praktikaya çevrilib və əksər sahələrdə fəaliyyət üçün şəhadətnamə alıb, geniş yayılıb. Ona görə də uzun illərdir olkə vətəndaşları yuxarı orqanlara yazdıqları şikayət məktublarına cavab ala bilmədiklərindən şikayət edirlər. Şikayətlərin lazım olan ünvanlara çatmayacağından arxayın olan məmurlar da ona görə, əksər yerlərdə şikayətçilərə heç nədən çəkinmədən deyirlər ki, hara istəyirsən, get, şikayət et!

Yəni qeyd etdiyim durumdan anlaşılan odur ki, ölkə Prezidentinin ətrafını tutmuş yüksək vəzifəli məmurlar vətəndaşlardan daxil olan informasiya, şikayət, məlumat xarakterli bütün məktubları öz nəzarətlərində saxlayaraq, ölkə rəhbərindən gizlədərək, haqqın ədalətin zəfər çalmasının qarşısını kəsiblər. Bu xəyanətkar hərəkətə isə, sadə hal kimi yox, dövləti cinayət kimi qiymət verilməlidir!

Ölkə prezidentinin yüksək vəzifə verib irəli çəkdiyi, etibar etdiyi şəxslərin bu cür yanlış hərəkətlərinə haqq qazandırmaq qeyri-mümkündür və çox haqlı olaraq, cənab Prezident bu cür xəyanətkarları bağışlamır və bağışlamayacaq!

0.028176069259644