Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli

(III Yazı)

Firidun bəy Köçərli belə hesab edirdi ki, dünyada nə qədər kəşf və ixtiralar olsa da, əsas sirrlər insanlara bəlli deyil. O yazırdı: “Əgərçi bizim bu tərəqqi əsrində çox şeylərin və əlamətlərin ülumi-mütənəvveə sayəsində künhü mahiyyəti açılıb bilinməkdədir və gün-gündən növbənöv ixtiraat və kəşfiyyat olunmaqdadır və lakin dünyada çox sirrlər və hikmətlər vardır ki, əqli-bəşər onları dərk etməkdə aciz və qasirdir”. O, daha sonra yazırdı: “Doğrudur, elm sayəsində çox gizli sirrlərin və naməlum şeylərin səbəbi-xilqəti və mahiyyəti kəşfü bəyan olunubdur və olunmaqdadır, amma daha da çox şeylər var ki, onlar təhqiqü tədiqi olunmayıbdır və bu yolda hükəmavü filosoflar xeyli zəhmətlərə və məşəqqətlərə giriftar olublarsa da və ömürlər sərf ediblərsə də, yenə də bir məqama vasil olmayıblar və çox üləmavü hükəma axır nəfəsində həsrətlə canlarını təslim etdikdə dünyaya cahil gəlib, cahil getdiklrini söyləyiblər. Hasili-kəlam biz dediyimiz budur ki, xudavəndi-aləm öz qüdrəti ilə yaratdığı aləmin hər şeyində bir hikmətü sirr vardır və hər nə ki, yaradıbdır, tamamisini öz yerində xeyli gözəl və qəşəng yaradıbdır və bu xüsusda bir etirazü irad ola bilməz”.

Onun fikrincə, insanı digər canlılardan fərləndirən cəhətlərdən biri də şüur, ağıl vasitəsilə iradə azadlığını dərk etməsidir. Başqa sözlə, iradə azadlığının əhəmiyyətini irəli sürən Köçərliyə görə, insan öz hərəkət və davranışlarında başqalarını yamsılamamalıdır: “Əqlü fərasət haqq-taalanın öz bəndəsinə verdiyi ən ali və gözəl nemətlərdir ki, insan onların vasitəsilə sair məxluqat və heyvanatın əfzəli və əşrəfi olubdur. Hər şəxs gərəkdir bu gözəl nemətin qədrini bilib onunla şərafətlənsin. Özgə ağıl ilə, özgə tədbir ilə dolanan, öz ağlını unudub, öz fəhmü dərrakəsini yatızdırıb qeyrilərə təqlid edən, müridbazlıqda ömrünü zay edən kəs həmişə fəlakətdə və zillətdə olacaqdır. Amma müsəlman ruhaniləri və onlar ilə müttəfiq müsəlman edib və fazilləri məqamında olan ağayi-mmmöhnərəmin çoxu bu əqidədədir ki, adam öz əqli-qasiri ilə iş görsə, axırda peşmanlıq çəkər. Bəs lazımdır ki, öz rəyincə iş görməyib qeyrilərin buyurmağına qulaq asasan və əmrinə tabe olasan”.

Ona görə, müsəlmanların çoxu bu əqidədədir ki, hürriyyət və azadlıq ancaq fəsad və inqilab törədir. Deməli, onların sayəsində rahatlıq tapmaq qeyri-mümkündür. Köçərli bu cür düşünənlərin dilindən yazırdı yazırdı: “Avama hürriyyət verilsə, o öz bildiyini eləyəcəkdir və belə olan surətdə bir kəs onun xətasından və bəlasından eymən və fariq qalmayacaqdır. Bəs, bu xətalardan və fəsadlardan salamat qalmaq üçün nə lazım gəlibdir hər kəs öz əqlü rəyini işlətsin, ağıllılarımız və işbilənlərimiz hər nə buyursalar, sairləri də onların əmrlərinə müti olsunlar və onlar göztərdiyi yol ilə getsinlər. Bir yana baxsan, bu yaxşı məsləhətdir. Amma iş budur ki, ağıllılarımız və işbilənlərimiz həmişə avamın xeyrini mülahizə eləmir, onun nəfinə çalışmır, bəlkə onların əksər övqat fikrü xəyalları budur ki, avamı avamlıqda saxlayıb, onların avamlığı və qanmazlığı sayəsində özləri kəmali-rifahət və səadət ilə güzəran etsinlər”.

Köçərliyə görə, hər şeydən əvvəl bizə lazım olan elm və bilikdir, çünki elm və kamalsız tərəqqi etmək qeyri-mümkündür: “Elm və kamalmız olsa, öz başımız ilə iş görməyə müqtədir ola bilərik, o halda bizə qəyyum dəxi lazım olmaz. Onda qoyunluq halından çıxıb çobansız da başımızı dolandıra bilərik, onda hürriyyətin də səməri acı olmaz. Və bir kəsin qeyrisinə xeyirdən başqa zərəri olmaz. Hər bir şəxsin zəhməti təklikdə özünə nəf gətirən kimi, ümum nassə də onun xeyri yetişər”.

O inanırdı ki, Yaradana sidqi-dil ilə ümid edən insan öz arzusuna yetişər, hər niyyəti hasil olar. Ancaq Yaradana ümid bağlamaqla yanaşı, Köçərliyə görə insanın səy və zəhmət göstərməsi də lazımdır: “Əlbəttə, Rəzzağə (yəni Yaradana-F.Ə.) ümid bağlamaq hər cəhətdən yaxşıdır. Məsəldir ki, ümidsiz düşmənin olsun. Ümid olmayan yerdə insanın zindəganlığı nəyə lazımdır? İş ümid ilədir, ümidə bağlıdır. Ümidsiz kim bir işə şüru edə bilər? Ümid işin ruhudur. Amma söz buradadır ki, ümidə yetişmək üçün onun səmərini dadmaq üçün səy və zəhmət lazımdır. Zəhmətsiz murad və mətləbə yetişmək mümkün deyil, mümkün olsa da, zəhmətsiz muradın meyvəsi bir o qədər ləzzətli və şirin olmur. Necə ki, zəhmətlə yetişən meyvənin dadı ləzzətli olur. Haqq özü dəzi ona ümid bağlayanı dost tutur, bəşərti ki, ümid bağlayan şəxs əl ayağını boşaldıbn böyrü üstə yatmaya ki, “Allah yetirəcəkdir” ki, “Alalhdab buyruq, ağzıma uqyruq”, bəşərti ki, ümid bağlayan şəxs alının tərini silə-silə zəhmət çəkə və haqqdan anümid olmaya. Atalar haqqın dilindən deyiblər: “Səndən hərəkət, məndən bərəkət”. Hərəkətsiz bərəkət hərgiz müyəssər olmaz”.

O, daha sonra yazırdı: “Kəsbinə ümidvar olan, yəni zəhmət çəkən adam heç vaxt məhrum qalmaz. Bu şərt ilə ki, onun kəsbi halal olsun. Çün halal kəsb özü ibadətdəndir. O ki qaldı “qəzaya riza vermək” bu xüsusda bizim də rəyimiz budur ki, qəzaya lazımdır riza olmaq, yəni insanın başında qəzadan bir iş gəlsə, artıq cəza-fəza etməmək. Çünki ağlamaq və ah-zar etmək ilə vüqua gələn bəlavü müsibəti rəf etmək olmaz və lakin insanın öz məişətini düzəldib arəstə qalmasa və boş-bikar oturub “hər nə müqəddərdir, o olacaqdır” – deyib bir şüğlü kəsb dalınca getməsə, gün-gündən pozğun və pərişan hala düçar olacaqdır və öz pərişan halını qəzavü qədərə həml eləməyin (bu əqidə eyni batil əqidədir) nəticəsi axırda fəqirlik və dərvişlikdir...”.

Beləliklə, Köçərli insanın yalnız bədəninin qayğısına qalıb bu dünyada yeyib-içməklə, yatmaqla, sakit yaşamaqla ömrünü keçirməsini doğru hesab etməmiş, onu daim mübarizəyə səsləmişdir. O, yazırdı: “Həqiqətdə məhz-istirahəti bədən və fərəqati-cism ilə dolanmaq heyvaniyyətdən bir az bəridir. Künci-üzlət və qənaəti qənimət bilib, beş günlük ömrü xabi-qəflətdə, yəni ancaq yeyib-içməkdə keçirmək, məhz bir bədənə xidmət edib, onun zəruriyyatını mühəyya etməyə çalşmaq və ruhun varlığından bilmərrə bixəbər olmaq insanən sırf cəhalət və və avamlığına dəlaələt edir”.

Köçərli hesab edirdi ki, ədalətsizliyə, haqsızlığa qarşı təkbaşına qalsa belə, insan daima mübarizə aparmalı, sonuna qədər müharibə meydanını tərk etməməlidir. Köçərli yazırdı: “Əlbəttə, tək öz nəfsinin salamatlığını mənzurda tutmayıb, ümumnasın xeyir və salahı yolunda səy və təlaş edən şəxsin başında bəlalar çoxdur, nəinki o adamın ki, cümlə məxluq ilə müdara edib, hər işdə vahid öz mənfəəti-şəxiyyəsini gözləyə. Əlbəttə, rastrovluqda, dürüstkirdarlıqda və həqiqətpərəstlikdə xəta və xətər çoxdur, nəinki haqq söyləməkdən çəkinib, məhz öz səlahı üçün künci-fəraqətdə sükunət ixtiyar etməkdə. Amma bununla belə, bizim ixtiyarımız yoxdur ki, xalqı haqq söylə¬məkdən, düristkirdar olmaqdan və haqq qolunda fədakar olmaqdan daşındıraq. Biləks, hər bir sahibi-vicdanın və əhli-daniş və mərifətin əvvəlinci vəzifəsi əbnayi-milləti düzlüyə və doğruluğa dəvət etməkdir. Vətən uğrunda və millətin tərəqqisi və təalisi yolunda onları candan və başdan keçməyə, cürətli, şəci və müstəqim olmağa tərğib və təşviq etməkdir. Və illa adam bir öz başını və nəfsini qorumaqla, öz mənfəəti-şəxiyyəsini güdməklə, hər qisim cövr və sitəmə tab gətirib, hər bir bari-töhmət və məzəmmətə mütəhəmmil olmaqla və bu qədər xar və zəlil olub, qeyrilərin təhti-hökumətində əsirvar güzəran edib, bu günə dolanmağın adını “müdara” qoymaqla həqiqi səadətə və həqiqi nicata vasil olmaz. Belə dolanmağın nəticəsi qorxaqlıq, kəmcürətlik və yasarlıqdan başqa, zillət və məşəqqətdən səva bir şey olmaz. Öz rəy və fikrimizi açıq deməkdən çəkinib, əyri ilə doğruya fərq qoymayıb, haqqa və nahaqqa “bəli, bəli” deməklə belə fəna hala düşmüşük. Bizim əqidəmizə görə, tərəqqi və səadətimizə lazım olan əsbablardan birisi də cürətli, fədakar və düristkirdar olmaqdır”.

İnsanı təkbaşına qalanda belə, mübariz olmağa səsləyən Köçərli, bu baxımdan onun bütün hər şeyi alın yazısına bağlayıb “Allaha təvəkkül” düşüncəsindən çıxış etməsini də xeyli dərəcədə doğru hesab etməmişdir. Ona görə, belə düşünmək doğru deyildir ki, Allah insanları bilərəkdən varlı ya da kasıb yaratmış, eyni zamanda, birinə xoşbəxtlik, digərinə isə bədbəxtlik qismət etmişdir. F.Köçərlinin fikrincə, bu düşüncələri həm də ona görə doğru deyil: “Haqq-taala hamı adamları bir halda, bir surətü heyətdə yaradıbdır və cümləyə ağıl, zehin və fərasət əta edibdir. İnsanı yaradanda birisinin alnına ağalıq və birisininkinə rəiyyətlik nişanəsi vurmayıbdır. Birini fəqir və birini münim yaratmayıbdır. İnsan arasında vüqua gələn bu fərqü təfavüt, bu ədalətsizlik və ədavət insanın əməlindən, tamah və hirsindən törəyib zühura gəlibdir və necə ki, adamlar öz nəfslərinə və bətnlərinə qulluq edəcəklər, öz hirs və tamahlarına tabe olacaqlar, yer üzündən zülm və sitəm əksilməyəcəkdir. İnsanlar firqə-firqə olub, bir-biri ilə cəngü cidal edəcəklər. Yer üzündən büğzü ədavət, nifaqü fəsad qurtarmayacaqdır. Və bu büğzü ədavəti, nifaqü fəsadı Allah yaratma¬yıbdır, insanın özü yaradıbdır. Həmişə fəqir istəyibdir ki, fəqirlikdən və yoxsulluqdan xilas olsun, dövlətli də istəyibdir ki, dövləti və malı əldən verməsin və hətta bacardığı qədər dövlətinin üstünə daha da dövlət artırsın. Bu yolda hər iki sinfin arasında həmə vəqt nizavü nifaq olubdur və olacaqdır”.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent,
fəlsəfə üzrə fəlsəfə doktoru
Faiq Ələkbərli
(Qəzənfəroğlu)

0.41897296905518