Dinimiz Allahdan, dindarlığımız özümüzdəndir...

(Əvvəli 12 mart tarixli sayımızda)

 İmam Əhməd b. Hənbəl (781-855) və məzhəbi

 Əhməd b. Hənbəl 781-ci ildə Bağdadda anadan olub. Həmin dövrdə nadir kitabların saxlanıldığı kitabxanaları ilə məşhur olan Bağdad həm də imamın yaşadığı, dərs dediyi və şöhrətinin yayıldığı yer olub. Mənbələrə görə, Hənbəlin mənsub olduğu qəbilə Peyğəmbər(ə) soyuna çatır. Onun ailəsi çalışqan və səxavətli idi. İmamın babası Əməvilər dövründə vali olsa da, fəqət onların iqtidarının son illərində Abbasilərə rəğbət bəslədiyi üçün Əməvilər tərəfindən vəzifədən kənarlaşdırılıb və işgəncələrə məruz qalıb. Hənbəl atasını çox tez itirib və anasının himayəsində olub. Uşaqlıqdan dini elmləri və hədisləri öyrənib. Döv-rünün alimlərindən biri onun haqqında deyib: "Yaşayacaqsa, bu çocuq dövrünün hüccəti (dəlili- V.C.) olacaq".

 Əhməd b. Hənbəl hədislə elmi birləşdirən fiqh təhsilini Əbu Hənifənin tələbəsi və dövrünün ən böyük qazisi olan Əbu Yusifdən alıb. O, hədis üzrə biliyini artırmaq məqsədilə Yəmən, Misir, Bəsrə, Hicaz və digər islam bölgələrində dəfələrlə olub. Hafizəsi çox qüvvətli olan Hənbəl Peyğəmbər(ə)-nin kəlamlarını toplayıb, sistemləşdirib və gələcək nəslin istifadəsi üçün yazıb. O, Əbu Hənifə kimi fətva verməyə 40 yaşından (kamillik yaşı, bax: Əhraf 15) sonra başlayıb.

Həmin dövrdə xəlifə Məmun (813-833) xilafətdə hakim mövqe tutan mötəzililərin (827-851)  "Quran məxluqdur" ideyasını dəstəklədiyi üçün, bu fikrin xalq tərəfindən də qəbul edilməsi məqsədilə geniş təbliğat işlərinə start verilmişdi. Belə ki, Bağdadda xəlifənin vəkili ölkənin bütün aparıcı fiqh və hədis alimlərini toplayır. Əhməd b. Hənbəl də dəvətlilər içərisində idi. Toplantıda alimlərə əvvəlcədən deyildi ki, siz xəlifənin qəbul etdiyi tezisi müdafiə etməli, onunla ittifaqda olmalısınız. Əks halda,  sizi cəza və işgəncələr gözləyir. Yığıncaqda dörd alimdən başqa hamı "Quran məxluqdur" ifadəsini qəbul edir. Etiraz edən dörd nəfər- Əhməd b. Hənbəl, Məhəmməd b. Nuh, əl-Kəvarari və Səccadi idi. Onların ayaqlarına zəncir, əllərinə qandal vuraraq işgəncə verirlər. Ertəsi gün Səccadi xəlifənin əmrini qəbul etdiyi üçün azad edilir. Az sonra işgəncələrə tab gətirməyən  Kəvarari də təslim olur.  Qalan 2 nəfər xəlifənin hüzuruna  göndərilərkən  onlardan biri - Məhəmməd b. Nuh yolda vəfat edir. Bu zaman tək qalan Əhməd b. Hənbəl yolda ikən xəlifə Məmunun ölüm xəbəri yayılır. Lakin məlum olur ki, ölüm yatağında olan xəlifə növbəti xəlifəyə- qardaşı əl- Mötəsimə vəsiyyət edib ki, əmri qüvvədədir.

İmam Əhməd b. Hənbəl yeni xəlifə Mötəsimin (833-842) hüzurunda da "Quran məxluqdur" sözünü rədd edir. İmamın sarsılmaz iradə, kamil iman, qüvvətli elmini sındıra bilməyən Mötəsim ona işgəncə verdirir və yenidən zindana atdırır. Əhməd b. Hənbəl bu minvalla 28 aya qədər işgəncə altında zindan həyatı sürür. Nəhayət, şikəst edilən imamın sözündən dönməyəcəyinə əmin olan xəlifə onu evinə buraxdırır.

 Mötəsimin ölümündən sonra hakimiyyətə gələn əl- Vasiq (842-847) də sələflərinin  əmrini nəinki dəyişdirmir, hətta evə buraxılan və şikəst edilən imam Əhməd b. Hənbəli yenidən zindana atdırır. Maraqlıdır ki, ölümünü hiss edən Vasiq, Əhməd b. Hənbəl ilə "Quran məxluqdur" ifadəsini müdafiə edən bir alimin elmi mübahisəsini təşkil edib. Hənbəl həmin alimə xitabən: "Sən elə bir  şeyə dəvət edirsən ki, ona nə Allahın elçisi, nə Əbu Bəkr, nə Ömər, nə Osman, nə də Əli dəvət edib. Deyə bilərsən ki, onlar bunu bilirdilər və ya bilmirdilər? Əgər onlar bilirdilərsə, fəqət söyləmədilər desən, bu mövzu barəsində  sənə də, mənə də susmaq lazımdır. Onlar bilmirdilər, mən bilirəm desən,  ey heyvan oğlu heyvan, Peyğəmbər(ə) və 4 rəşidi xəlifənin bilmədiyini sənmi bilirsən?". Bu  açıq söz və qüvvətli məntiqdən sonra xəlifə Vasiq yerindən sıçrayaraq həmin sözləri təkrar edə-edə imam Hənbəli evə buraxır. Fəqət "mərhəmətli" xəlifə ona fətva verməyi, hədis söyləməyi qadağan edir və deyir: "Sənin yanına heç kim gəlməyəcək və sən heç vaxt mənim olduğum yerdə olmayacaqsan". Beləliklə, ev dustağı edilən Əhməd b. Hənbəl xəlifə Vasiq ölənə qədər fitnə ilə üz-üzə qalır...

  Lakin heç kim Rəbbin səbrini imtahan etməsin. Məgər bəxtiyarlar həm də səbr edənlər deyilmi? Həz. Əyyubun, aləmlərə rəhmət olaraq göndərilən  Məhəmməd Mustafa(ə)-nın səbri haqqında oxumuşuq, bilirik. Və Rəbbimizin sonda nə etdiyini də bilirik. Çünki Rəbbimizin şəfqət və mərhəməti sonsuzdur. Belə ki, Rəbbimiz öz sonsuz mərhəmət və ədalətinin bir damlasını bəndəsinə göstərmək üçün Vasiqi yeni xəlifə ilə əvəz etdi. Növbəti xəlifə əl-Mütəvəkkəl (847-861) hakimiyyətə gələn kimi "Quran məxluqdur" deyən mötəzililəri saraydan uzaqlaşdırdı, onların səlahiyyətlərini ləğv etdi, fiqh və hədis bilicilərini ətrafına topladı.

Göründüyü kimi, Abbasi xilafətinin 4 xəlifəsi dövründə yaşayıb fəaliyyət göstərən imam Hənbəl ömrünün 34 ilini təqib altında olub, müxtəlif fitnələrə məruz qalıb. O, 34 ilin ən azı 7 ilini zindanda,  fiziki işgəncələr altında keçirib.  Səbəb isə onun ilk 3 xəlifənin  mənimsədiyi Mötəzili əqidəsini inkar etməsi olub. Qurani-Kərimin yaradılmış olduğunu söyləyən mötəzililər bu üç dəlilə söykənirdilər: 1) Allahdan başqa hər şey məxluqdur, sonradan yaradılıb; 2) Quran insanlar tərəfindən oxunan hərf və kəlimələrdən əmələ gəlib. Onlar olmasaydı, Quran da olmazdı. Bu da onun ancaq yaradılmış olduğunu təsdiq edir; 3) Quranın məxluq olmadığı fərz edilsə, onun qədim olması lazımdır. Çünki yaradılmayan bir şeyin başlanğıcı yoxdur (Mötəzililərə görə, Quranın qədim olduğunu deyən müsəlman Allaha şərik qoşmaqla, xristianların durumuna düşür- V.C ). Bəs Əhməd b. Hənbəlin əks arqumenti necə olub?  Bu suala toxunmazdan öncə deməliyik ki, belə məsələlərdə o, sələfi- salihin elmi ilə hərəkət edirdi. Sələfi-saleh isə həmin məsələlərə toxunmurdu. Lakin rastlaşdığımız mənbələrə görə, Hənbəl deyib: "Bir şəxs Quranın məxluq olduğunu iddia edərsə, o Cəhmidir (Quranın məxluq olduğunu deyən Cəhi b. Safvana işarədir- V.C). Bir şəxs də Quranın məxluq olmadığını iddia edərsə, o da bidətçidir. (İmamın xəlifə Vasiqin hüzurunda dediyi sözə işarədir- V.C.)." Digər mənbələrə görə, imam Əhməd "Quran hərf, söz, ibarə və mənaları ilə birlikdə məxluq deyildir", deyib. Başqa bir mənbə isə imamın bu mövzu üzrə xəlifə Mütəvəkkilin sualının cavabına istinad edir. Xəlifəyə göndərilən cavab məktubuna görə, Əhməd b. Hənbəl yaratma ilə əmr arasında bir fərqin mövcudluğunu ("Bilin ki, yaratma da, əmr də Ona məxsusdur", Əraf 54), Quranın Allahın əmrindən, kəlam və elmindən olduğunu,  yaratmasından olmadığı fikrində olub. Deməli, 34 il təzyiq altında qalan imam Hənbəl Quranı məxluq saymayıb.

 Qeyd edək ki, müasir Əhli-sünnət alimlərinin bəziləri bu məsələ barəsində orta mövqedədirlər. Məsələn, İslam hüququ professoru misirli Məhəmməd Əbu Zəhra yazıb: "Quranın mənaları Allahın əzəli elminə daxildir. Allahın elmi isə qədimdir- məxluq deyil. Quranın söz və hərflərini Allah Peyğəmbər(ə)-yə Cəbrail(ə) vasitəsilə göndərib. Quran təvatür (nəql etmə, şifahi- V.C) yolu ilə öyrədilib. Buna görə Quran məxluqdur".

Xəlifə Mütəvəkkil dövründə Əhməd b. Hənbələ müxtəlif vəzifələr təklif olunub. Lakin çox ağır maddi durumda olmasına baxmayaraq, imam həmin vəzifələrdən (qazilikdən) imtina edib. Əhməd b. Hənbələ görə: iman qəlb ilə təsdiq, dil ilə söyləmək və əməldir.

İslam təsdiq və söyləməkdir. İnsan Allaha şirk qoşmazsa və Onun hər hansı əmrini (namaz, oruc, həcc və s.) inkar etməzsə, İslamdan çıxmış hesab edilməz. Küfr isə Allaha şirk qoşmaq və Onun əmrlərini inkar etməkdir. İmam Hənbəl mötəzililərin "böyük günah edən mömin deyil", sözünü rədd edərək deyib: "Əgər bir kimsə böyük günah edənin mömin olmadığını qəbul edərsə, o, həz. Adəmin və atalarına yalan söylədikləri üçün həz. Yusifin qardaşlarının da kafir olduğunu iddia etmiş olar". İmamın siyasətlə bağlı baxışları səhabə və tabiinlərin fikrinə söykənir. Əhməd. b. Hənbəl xilafəti zorla ələ keçirib xalqı məmnun edən və ədalətli olan şəxsin xilafətini qanuni hesab edib. İmam Əhməd b. Hənbəlin "Müsnəd" əsəri 30 mindən artıq hədisi ehtiva edir.

İbni Teymiyyə (1263-1328)

və baxışları

 Bir sıra müasir dini-siyasi təriqətlərin (məsələn, radikal vəhhabizm və sələfilərin)  İbni Teymiyyənin dini-siyasi görüşlərindən bəhrələndiyini nəzərə alaraq, məqalədə  İbni Teymiyyə haqqında məlumata da ehtiyac duyulur. O, Harranda savadlı bir ailədə anadan olub.  Atası əş-Şeyx Şihabuddin Abdulhəlim yaşadığı yerin adı ilə çağırıldığı üçün  ailə UƏl-HarraniF ismi ilə tanınıb. Həmin səbəbdən mənbələrin bir qismi onun qeyri-ərəb, digərləri isə ərəb əsilli olmasını rəvayət ediblər. Atası vəfat edərkən İbni Teymiyyənin 21 yaşı olub. Kiçik yaşlarında Quranı əzbərləyən İbni Teymiyyə həmişə müqəddəs kitabı oxuyub. Bir rəvayətə görə, o, həbsxanada olarkən Quranı 80 dəfə xətm edib.

  O, Əhməd b. Hənbəlin "Müsnəd"ini, Buxari ( vəf. ed. 870), Müslim (vəf. ed. 875), Tirmizi (vəf.ed.893), Əbu Davud (vəf.ed. 889) və digər məşhurların hədis kitablarını mənimsəyib. İmam Əhməd  (ibni Teymiyyə) Şamda dini dərslər verib. Lakin Hənbəli məzhəbinə bağlı olan imam, bu məzhəbin bəzi müddəalarını radikallaşdırdığı üçün birmənalı qəbul edilməyib. Belə ki, onun fikirlərini dəstəkləyənlər olduğu kimi, ona müxalif və orta mövqedə qərarlaşan alimlər də olub.

 İbni Teymiyyənin yaşadığı dövrdə müsəlman dünyası da monqolların işğalına məruz qalıb. Elm şəhəri Bağdad yandırılarkən, dünyada analoqu olmayan İslam incilərinin əksəriyyəti- yeganə nüsxələrdə yazılan qiymətli kitablar da yandırılıb. Bu zaman ibni Teymiyyə bir vətəndaş kimi dərs deməyə ara verib vətəninin müdafiəsinə qalxıb. Onun elm mehrabından müvəqqəti ayrılıb silaha sarılması şübhəsiz ki, monqollara qarşı  döyüşən Misirin türk əsilli sultanı Məhəmməd Nəsirəddin b. Qalavun tərəfindən alqışlanıb.

ardı var

 Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

1.5838639736176