Canlanan millətim...

Və onu hərəkətə gətirən qüvvə...

 Yeni təqvim ili dünyaya “xoş gördük” deyəndən, bizlər də ona “xoşgəldin” edəndən, külli-aləmin başı ağlagəlməz hadisələrə qarışıb. Yoluxma, üzə çıxma, aşkarlanma halı yeni ildən də əvvələ təsadüf edən, hazırda arealı getdikcə yayılan koronavirus təhlükəsindən 2020-ci ildən başlayaraq daha qorxunc formada bəhs edilir. Doğrudur, xarici ölkələrdə baş verənləri günün hər dəqiqə və saatında yenilənən xəbərlərdən alırıq. Lakin təəssüf, sözügedən virusla bağlı ölkəmizdə də məlumatlar var. Hər gün bu barədə kiçik də olsa xəbərlər eşidilir, yoluxma təhlükəsi, karantinə alınma, yoxlanma, müvafiq təmayüllü müəssisələrə aparılma barədə məlumatlar hamını addım-addım məlum təhlükəyə qarşı ehtiyatlı olmağa hazırlayır. Bəziləri isə bu xəbərlərdən, hər gün yenilənən məlumatlardan həyəcana, təşvişə düşərək başqa hazırlıqlara başlayır...

Deməyək ki, bizim xalqın daşlamış adətlərindən biri də qida tədarükünün vacib hissəsi olan qış hazırlığı görməkdən, qışı az qala müharibə, aclıq səviyyəsində təsvir etməkdən ibarətdir. İllərin ənənəyə çevrilən bu adətini təəssüf, koronavirus səbəbindən təkcə yaydan soyuq fəslə deyil, qışdan yaza da keçirməli olmuşuq. Bu fikri cəm şəklində işlətməyimin səbəbi indi qeyd edəcəklərimdə yalnız müşahidəçi deyil, iştirakçı qismində olmağımdır. Beləliklə, son günlər baş verənlər vaxtilə kitablarda, bədii-tarixi, sənədli materiallarda oxuyub-görmədiklərimizi indi əyani şəkildə qarşımızda canlandırır...

Canlanma demişkən, məlum virus səbəbindən bütün təhsil müəssisələrindən ayrılan, kütləvi istirahət və əyləncə mərkəzlərindən perik düşən, hətta-küçə bayırda da seyrələn soydaşlarımız nədənsə yeganə obyektdir ki, oradan ayağını kəsmir. Bəlli, anladınız, hansı obyektlərdən bəhs edirəm. Həmin obyektlər ki, insafsız dietoloqların haqlı-haqsız məsləhət-tövsiyələrindən, aramsız, canüzən arıqlatmaq seanslarının ucbatından indiyədək nə qədər maddi zərər görüb... Amma indi ölkənin qida, ərzaq satışı mağazaları, iri və kiçik supermarketlər şəbəkəsi hazırda heç vaxt olmayan canlanma, kütləvilik, basırıq, sıxlıq içindədir. Baxmayaraq ki, koronavirus təhlükəsi barədə dayanmadan təbliğat aparılır, əhaliyə zərurət olmadığı təqdirdə, kütləvi yerlərdə, toplantı formasında olmamaq məsləhət edilir. Lakin əhali bütün bunlara və burada qeyd edilməyənlərə əhəmiyyət vermədən, gündə neçə dəfə mağazalara axışır. Çünki istənilən təhlükəli virus belə, insanların aclıq, ac qalmaq təhlükəsini qabaqlaya bilməz.

Bəli, bir neçə gündür ki, ölkənin neçə aylıq ərzaq ehtiyatının olmasına, bu ehtiyatın tükənməsinin qarşısının hər vasitəylə alınacağı barədə rəsmi açıqlamalara baxmayaraq, insanlar öz işindədir. Onlara hansısa rəsmi açıqlamalar deyil, bu gün - səhər, günorta, axşam, hətta bəlkə gündə üç dəfədən də çox qidalanmaq, eləcə də nə ilə qidalanmaq lazımdır. Bu günü, səhəri, bəlkə bir neçə ay sonranı da öncədən düşünən insanların koronavirusa yoluxmaqdan çox, ac qalacağının qorxusudur ərzaq və qeyri-ərzaq satışı obyektlərinə olan axına səbəb. Onların hazırda etinasızcasına baxdığı, lakin yaxın keçmişdə bütün ölkəni bürüyən “arıqlamaq trendi”nə indi baş qoşmağa vaxtı, marağı da yoxdur. Kalorili-kalorisiz, insanı kökəldən, hormonlu məhsullar hazırda əl-əl gəzir, adamlar məhsulun hansı keyfiyyətdə olmasına baxmayaraq, qutu-qutu, bağlama şəklində almaqla məşğuldur. Bu mənzərəni görəsən, hansı digər təhlükənin doğurduğu məqamla müqayisə etmək olar?

Sualıma özüm də cavab tapmadığım üçün keçirəm nəqli cümlələrə. Beləliklə, adi kartof-soğanın, göyərtinin, un, quru un məhsullarının və sair, ilaxır məhsulların həddən çox alınması nəticəsində marketlərdə adıkeçən qida vasitələri dayanmadan yenilənir. Dünənədək alıcının az qala “üzünə baxmadığı” məhsullar belə, satış obyektlərində anındaca satılır. Bir sözlə, ərzaq məhsullarının evlərə çatdırılmasıyla bağlı marketlərə verilən tapşırıqları qulaqardına vuran əhali, özünə gərək olanı, hətta lazım olmayanı belə, öz əliylə almağı üstün tutur. Təki soyuducusu dolu, ərzaq anbarı bol olsun. Gətirdiyi arqument də budur – “indi heç kəsə və heç nəyə etibar yox”, yəni “işini ehtiyatlı tut”, necə deyərlər, “kasıbın malı göz qabağında gərək” və s. və ilaxır...

İlaxır dedim, yadıma sonuncu çərşənbə düşdü. Adətən, bütün millətimin bayramı Novruzdan az əvvəl başlanardı. Evlərdə bayramın əsas atributları olan paxlava, şəkərbura, badambura, şirin qoğal bişirilərdi, müxtəlif çərəzlər, xonça bəzəyi olan aksessuarlar, ən keyfiyyətli aş düyüsü və ona aid qurumeyvələr alınardı. Lakin bayramqabağı baş verənlər, yəni son olaylar hamıda bayram əhvalını, ovqatı minimuma endirib. Maksimum müşahidə edilən isə koronavirus təhlükəsindən dolayı, nə vaxtsa (Bəlkə də heç vaxt. N.O.) yaranacaq aclıq təhlükəsidir. Bu mənada, marketlərdə olan canlanma, qaynarlıq heç də bahar bayramıyla əlaqəli deyil.

...Bahar bayramında, məhz bu Novruzda millətimə əsas, ənənəvi, hər zaman arzuladığımız arzu-diləklərdən, dua-sənalardan başqa, görəsən, daha nə söyləmək olar?

Satış obyektlərindən, daimi tələbat məhsulları mağazalarından, istənilən təyinatlı məkanlardan təkcə bayramlarda deyil, hər zaman səsiniz gəlsin! Aldıqlarınızı daşımaqdan qollarınız ağrımasın, ayaqlarınız yorulmasın, boşalan pulqabınız vaxtaşırı dolsun, bütün bunları edə bildiyinizə görə, ürəyiniz daim fərəhlə dolsun!

Bəli, deyilənlər, qeyd edilənlər təkcə ildə bir dəfə - bayramda deyil, millətimin istənilən günündə, anında, saatında həyata keçsin. Amma bircə istisna ilə - aclıq təhlükəsindən yaranan həyəcan, qorxu, təşvişdən panikaya düşərək mağazalara axın etməkdən savayı...

 Nigar Orucova 

0.18466997146606