Milli və dini tolerantlığı inkişaf etdirmək üçün lokal münaqişələrə son qoymaq lazımdır

Rus-sovet rejimi postsovet məkanında lokal münaqişələr yaratmaqla öz hegemonluğunu qorumağa çalışıb

Müasir dünyamızda qloballaşmanın qaçılmaz bir proses olduğunu son zamanlar Ukraynada baş verən olaylar da bir daha təsdiqlədi. Demokratik inkişaf yolu ilə gedən Avropaya inteqrasiya yolunu tutan Ukrayna, bu yolda çox böyük çətinliklərlə üzləşdi. Bunun da bir çox obyektiv və subyektiv səbəbləri var və bu yazıda biz onların bəzilərini açıqlamağa çalışacağıq. Burada onu qeyd etmək vacibdir ki, hər hansı bir ayrıca götürülən dövlətin hansı istiqamətə üz tutmasından, hansı inkişaf formasını seçməsindən asılı olmayaraq ilk növbədə ölkə daxilində milli və dini tolerantlığın təmin olunması və dövlət-din münasibətlərinin tənzimlənməsi əsas şərtlərdən biridir. Çünki ölkədə mövcud olan dini və milli azlıqların hüquqlarının pozulması ölkədə arzuolunmaz proseslərin başlanması ilə nəticələnə bilər. Biz isə Ukraynada bunun müsbət tərəflərini Krım tatarlarının slavyan ukraynalıları müdafiə etməsi formasında müşahidə etdik. Bu nümunədən də gördüyünüz kimi, fərqli millətə və dinə məxsus iki toplum çətin məqamda bir araya gələ bildi. Məlumdur ki, bu gün Ukraynada baş verənlərin də arxasında kənar qüvvələr durur və bu səbəbdən də lokal münaqişənin yaranmasından qaçmaq mümkün olmadı.

Bu da bizə ən azından Dağlıq Qarabağda baş verən erməni separatizmini xatırladır.

Qeyd etmək lazımdır ki, tarixin bütün dönəmlərindən müxtəlif xalqların, o cümlədən ermənilərin də hüquqları və maraqları qorunan Azərbaycanda gözlənilmədən erməni  radikal separatçılarının baş qaldırması, heç də sıradan bir hadisə deyildi. Prosesin gedişatından da aydın oldu ki, bu, əslində, millətlərarası münasibətlərdən yaranan bir hadisə deyil. Rus-sovet rejiminin postsovet məkanında lokal münaqişələr yaratmaqla milli və dini tolerantlığı sarsıtmaq və bu yolla da öz hegemonluğunu qorumaq siyasətindən qaynaqlanır.

Dünyada tolerantlığın, eləcə də multikulturalizmin bir sıra modelləri var. Onlara diqqət etdikdə çox maraqlı məqamlar ortaya çıxır. Burada ABŞ -da yaranan tolerantlıq daha çox diqqət cəlb edir. Məlumdur ki, ABŞ-ın da bir dövlət kimi formalaşması prosesində bir çox ciddi maneələr ortaya çıxıb. Onların arasında qaradərililərlə ağdərililərin toqquşması, irlandlarla almanların bir-birini qəbul etməməsi, italyanlarla ingilislərin üz-üzə gəlməsi çox böyük çətinliklər yaradıb. Katoliklərlə protestantların toqquşması, xristianlarla müsəlmanların bir-birini həzm etməməsi də, Amerikada sözün həqiqi mənasında böyük xaosun yaranmasına səbəb olmuşdu. Dövlət bu vəziyyətdən çıxmaq üçün müxtəlif yollar axtarırdı. Bəziləri hətta ABŞ-da daha çox hansı millətin nümayəndələrinin yaşamasını nəzərə alaraq dövlət dilinin həmin millətin dilində olmasını və onlara müəyyən imtiyazların verilməsini istəyirdilər. O dövrdə bu əsas götürülsəydi almanların şansları daha çox olardı. Daha sonra maraqlı bir məntiq ortaya qoyuldu və bütün millətləri bir araya gətirəcək "amerikalı" məfhumu ortaya qoyularaq qəbul edildi.

Amerikada milli və dini tolerantlığın, millətlərarası münasibətlərin inkişafına yönəlik bu sistem, daha sonralar dünyanın bir çox yerlərində özünü doğrultdu. Məhz bu sistemin tətbiqi ilə qısa zaman ərzində ABŞ-da mövcud olan lokal münaqişələr aradan qaldırıldı, tolerantlıq ən yüksək səviyyədə tətbiq və təşviq olunmağa başladı.

Bu gün də bir çox ekspertlər hesab edirlər ki, milli-dini tolerantlığın qorunması və inkişaf etdirilməsi üçün ilk növbədə lokal münaqişələrdən özünü qorumaq əsas şərtlərdən biridir.

Onu da qeyd edək ki,  belə bir təcrübəni Azərbaycan da müstəqilliyinin ilk illərində yaşadı. 1992-ci ildə AXC hakimiyyəti dövründə millətçilik prinsipləri daha qabarıq şəkildə üzə çıxdı və dövlət dilinin türk dili olduğu elan olundu. Bu prinsiplər həm də dövlət  idarəetmə sisteminə şamil olundu. Bununla da ölkəmizdə yaşayan azsaylı xalqlar, etnik qruplar incik duruma salındılar və cənubda Talış-Muğan Respublikası avantürası, şimalda Ləzgistan eyforiyası baş qaldırdı. Azərbaycanın bir dövlət olaraq parçalanması prosesi başlandı. Bu prosesə artıq 1988-ci ildə ermənilərin əliylə lokal münaqişələr zonası yaratmaqla start verilmişdi, bu da özlüyündə ölkəmizdə mövcud olan milli və dini tolerantlığın məhv edilməsi demək idi. Tarixdən məlumdur ki, lokal konfliktlər daha sonra həm də sosial konfliktlərlə əvəzlənir ki, onların da qarşısını almaq çox çətin olur.

Bu da məlumdur ki, sosial konfliktlər milli-dini tolerantlığa birbaşa təsir edən amillərdən biridir və 1992-ci ildə müəyyən qüvvələr, məhz bu problemi qabartmaq üçün canfəşanlıq edirdilər. Biz sosial konfliktlər dedikdə, onu cəmiyyətdaxili ictimai münasibətlər sisteminə aid edilən fenomen kimi qəbul edirik. Bu da öz növbəsində mənafe naminə qarşı tərəflərin, insanların, sosial qrupların və ya ictimai qüvvələrin fikir müstəvisindəki ziddiyyəti, "soyuq" qarşıdurması və fiziki mənada toqquşması problemini ortaya çıxarır. Əslində, sosial konfliktlərə bu formada verilən tərif, onun mahiyyətinin yalnız müəyyən bir hissəsini əhatə edir.

Bir sözlə, sosial konfliktlərin yaranması artıq lokal münaqişələrin, eləcə də siyasi konfliktlərin ən pik həddə çatması ilə tamamlanar və  bunun qarşısını almaq mümkün olmur.

Lakin tarixdə elə şəxsiyyətlər olub ki, bütün çıxılmazlıqlardan bir çıxış yolu tapmağı bacarıblar. Həmin dövrdə yaranmış sosial-siyasi xaosdan Azərbaycanı xalqımızın böyük oğlu, Ümummilli lider Heydər Əliyev xilas edə bildi. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin elə ilk gündən səsləndirdiyi fikirlər və ideyalar sosial və siyasi konfliktlərin qarşısının alınmasında mühüm rol oynadı. Burada isə ən doğru yol Azərbaycanda yaşayan bütün xalqları bir araya gətirəcək prinsiplərin gerçəkləşdirilməsi idi. Ümummilli lider isə bu yolu çox asanlıqla tapdı və bəyan etdi. Bu, məhz onun təməlini qoyduğu azərbaycançılıq prinsipləri idi. Ulu Öndər bunun üçün ilk növbədə Azərbaycanda yaşayan milli azlıqların təmsilçilərini bir araya gətirdi. Bunun məntiqi davamı olaraq ölkədə qarşılıqlı anlaşma, dözümlülük, tolerantlıq hisslərinin aşılanmasına və onların inkişaf etdirilməsinə başlanıldı. Tolerantlığı inkişaf etdirən cəmiyyətimizdə millətçilik kimi zərərli fikirlər, ideyalar gündəmdən çıxarıldı və onun yerini Azərbaycanın ərazi bütövlüyünə xidmət edəcək, qarşılıqlı inam yaradacaq azərbaycançılıq prinsipləri tutdu.

Uzun müddət sarsıntı və gərginlik altında yaşayan cəmiyyət bu prinsiplərə inamla yanaşdı və sonrakı gedişlər də sübut etdi ki, Heydər Əliyev Azərbaycanın dövlətçiliyini qorumaq üçün mümkün olan ən doğru yolu seçib. Burada o dövrdə Ümummilli lider  Heydər Əliyevin çıxışlarından birində söylədiyi fikirləri qeyd etmək yerinə düşər: "Bütün dünyaya məlumdur ki, Azərbaycan zəngin təbii sərvətlərə, yüksək elmə, mədəniyyətə, təhsilə, tərəqqiyə malik bir ölkədir. Ona görə də bizim öz vətənimizlə, doğma Azərbaycanla fəxr etməyə haqqımız var. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycan torpağı mənim doğma torpağımdır. Mən fəxr edirəm ki, mənim Azərbaycan kimi millətim var. Mən fəxr edirəm ki, mənim doğma ana dilim, Azərbaycan dilim var. Mən fəxr edirəm ki, müstəqil, azad, qüdrətli Azərbaycan dövləti var".

Gördüyümüz kimi, Ümummilli Lider ilk əvvəl doğru-dürüst  bir ideoloji xətt ortaya qoydu və bunun məntiqi davamı olaraq azərbaycançılığın əsaslı olması, milli azlıqlarla sıx təmas və qıcıq yaratmayacaq addımların atılması barədə tövsiyə və tapşırıqlar verdi.

Heydər Əliyev bu addımları ilə ölkədəki xalqlarla, milli azlıqlarla separatçıları bir-birindən ayırdı və sübut etdi ki, biz vahid bir xalq olmasaq, hər hansı uğurlara nail ola bilmərik. Məhz buna görə də, Prezident Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın dövlət dili Azərbaycan dili adlandırıldı və bununla da vahid xalq prinsipini zədələyəcək bütün maneələr aradan qalxdı. Daha sonra isə  milli-dini tolerantlığın qorunması, millətlərarası münasibətlərin inkişafı üçün növbəti addımların atılmasına başlanıldı. İlk növbədə qanunvericilik sahəsində mühüm addımlar atıldı, Prezidentin təşəbbüsü ilə Azərbaycanın yeni Konstitusiyası işlənildi və burada milli-dini tolerantlığın bütün aspektləri nəzərə alındı. "Hakimiyyətin mənbəyi xalqdır" tezisi ilə başlanan konstitusiyada bütün vətəndaşların hüquqlarının təsbit olunması açıq şəkildə ortaya qoyuldu. Bundan sonra dövlət-din münasibətlərinin tənzimlənməsi üçün "Dini etiqad azadlığı haqqında" qanun yenidən işlənildi və bununla da milli və dini tolerantlığın qorunması üçün zəruri hüquqi baza formalaşdırıldı.

Bunu da yaddan çıxarmaq olmaz ki, bütün bu proseslər ölkəmizə ciddi xarici təzyiqlərin mövcud olduğu bir zamanda baş verirdi. Lakin Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevə inanır, onun yürütdüyü siyasəti qəbul edir və dəstəkləyirdi. Bu da onu deməyə əsas verir ki, inam olan yerdə bütün sahələrdə uğur qazanmaq çox asan olur.

Heydər Əliyev həyata keçirdiyi bu siyasətlə bir daha sübut etdi ki, lokal münaqişələr və sosial konfliktlər olan yerdə dövlət quruculuğunda ortaya qoyulan məqsədə çatmaq çox çətindir, amma mümkünsüz deyil.

Ümummilli Liderin bütün ideyalarının daşıyıcısı olan Prezident İlham Əliyev də milli-dini tolerantlığın qorunması, millətlərarası münasibətlərin inkişafı üçün yeni mərhələyə başlayıb və onu uğurla davam etdirir. Məhz bu ardıcıllığın nəticəsidir ki, İlham Əliyevin bu istiqamətdəki fəaliyyəti, artıq intellektual bir inqilab kimi dəyərləndirilir. Dünyanın bir çox beyin mərkəzlərinin Azərbaycanı tolerantlıq və multikulturalizm mərkəzi kimi qəbul etməsi də, bilavasitə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətidir. Hazırda milli-dini tolerantlığın, millətlərarası münasibətlərin inkişafı istiqamətində Azərbaycanda həyata keçirilən layihələrə nəzər salsaq bunun bir daha şihidi olarıq.

Son illər bu istiqamətdə görülən qlobal işlərin nəticəsidir ki, bu gün kənardan Azərbaycanda separatçılığı inkişaf etdirmək istəyən qüvvələr zərrə qədər də olsa, proseslərə təsir etmək gücündə deyil. Bu inam da xalqın və dövlətin birliyindən qaynaqlanır.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

1.5911610126495