Koronavirus xofu

Ondan qorxmağa dəyərmi?

 Hə, millət, artıq koronavirus ölkəmizin də sərhədlərini keçdi deyirlər və bu çox ciddi xarakter almaqdadır. Allah bizləri qorusun!

Əvvəla onu diqqətinizə çatdırım, bu virus yenicə Çində ayaq açmağa başlamışdı ki, bu barədə yazmışdım. Nə yazmışdım,  açığını deyim ki, yadımda belə, deyil.

Tövbə-tövbə, indi də deyəcəklər ki, koronavirusun əlamətlərindən biri də yaddaş zəifliyidir və məni də qatacaqlar həmin dəstəyə. Ona görə də əvvəlcədən bütün yetkililərin diqqətinə çatdırıram ki, məndə yaddaş zəifliyi hələ koronavirus doğulmazdan çox-çox əvvəllər yaranıb. Odur ki, bütün xəstəlikləri bu yazıq virusun ayağına yazmaq ən azından insafsızlıq olardı.

Koronavirus insanların canına elə bir qorxu salıb ki, aylarla, illərlə görüşməyən qohum -qonşu da, bu virus səbəbindən bir-birini görəndə uzaq durmağa çalışır.

 İndi də koronavirusa qarşı mübarizəni gücləndirmək işləri çərçivəsində bir sıra məhdudiyyətlərin qoyulması, bu prosesi daha da gücləndirir.

Mən həkim deyiləm, ələlxüsus da virus mütəxəssisi olmadığımdan həkimlərin və mütəxəssislərin istifadə etdikləri tibbi terminlərdən istifadə etməklə insanları daha da qorxuya salmaq istəmirəm.

Ancaq bir şeyi dəqiq bilirəm ki, hazırda dünyada yüzlərlə, bəlkə də minlərlə virus var ki, onların da haçansa aşkarlanaraq reklam olunması, sadəcə olaraq bir zaman məsələsidir. Bu ifadəmə görə oxucularımdan dönə-dönə üzr istəyirəm, yeri gəlmişkən, nə qədər kobud səslənsə də, deməsəm olmaz. Ruslarda belə bir misal var, deyirlər: "Qavno ne troqay vanyat ne budet", yəni nəcisə toxunmasan, iy verməz. Bu gün dünyada reklam olunan bir çox viruslar da, məhz insan müdaxiləsindən sonra fəsadlar törətməyə başlayır.

Dünyanın siyasi səhnəsində "ingilis barmağı" deyilən bir anlayış olduğu kimi, səhiyyə, qida və digər səhələrdə də daha güclü dövlətlərin barmağının fəaliyyəti açıq hiss olunur.

Mən bir fərd olaraq, belə avantüralara və bəşəriyyəti çalxalayaraq öz məqsədlərinə çatmağa çalışan güclərin reklam və təbliğat kampaniyalarına inanmıram. Eyni zamanda belə bir virusun mövcudluğunu da qəbul etmirəm. Həqiqətən də belə bir virus varsa belə, bu heç də təbii hadisə deyil, məhz yuxarıda adını çəkdiyimiz barmağın fəaliyyətinin nəticəsidir. Bu mənim subyektiv fikirlərimdir və mütləq həqiqət kimi qəbul oluna blməz. Hər kəsin məsələyə öz yanaşması var, lakin onların öz fikirləri ilə insanlar arasında ajiotaj, panika, xof yaratmasını da düzgün hesab etmirəm.

Bu gün dünya səhiyyə və əczaçılıq mafiyası bu reklam və təbliğat kampaniyası sayəsində, insanları xofa salmaqla milyonlarla, hətta milyardlarla pul qazanır və əsas məqsədləri də, məhz budur.

Həyatında heç zaman aptekdən maska, spirt almayan insanlar hazırda bu reklam xofu vasitəsi ilə həmin vasitələri almağa məcbur olurlar. Eyni zamanda satışda yüzlərlə dərman vasitələri var ki, insanın immun sistemini gücləndirir. Bu dərmanlara isə tələbat çox deyil. Ancaq virusun qarşısının alınmasında insanın immun sisteminin əhəmiyyətli rol oynaması barədə dövriyyəyə buraxılan reklamlar da, məhz həmin dərmanların satışını stimullaşdırmağa xidmət edir. Bu reklam və təbliğat şousunun arxasında duran qüvvələri, əsla insan amili maraqlandırmır, onları maraqlandıran yalnız qazandığı pullar və dünyanın siyasi arenasında mövqeyini gücləndirməkdir. Bu kimi kampaniyalar insan psixologiyasına da ciddi təsir edir.

Bu gün dünyanın inkişaf etmiş ölkələri bəşəriyyəti daim stress altında saxlamağa çalışır ki, belə cəmiyyətləri idarə etmək daha asan olur. Onların bu istəklərinə qarşı çıxanları isə müxtəlif yollarla cəzalandırırlar ki, bu yollardan biri də virus reklamıdır.

Bu baxımdan son virusun məhz Çində peyda olması, heç də təsadüfi sayıla bilməz. Buna səbəb isə Çinin son illərdə öz iqtisadiyyatını sürətlə inkişaf etdirməsidir ki, bu da bir sıra dövlətlərin maraqlarına ziddir. Lakin virusun təkcə Çində meydana çıxaraq yox olması, bir çox şübhələrə səbəb ola bilərdi və məhz buna görə də, onun yayılmasının şaxələndirilməsi prosesinə start verilib. Bununla da bu virusun yayılmasına təbii don geyindirməyə çalışırlar ki, şübhələri özlərindən uzaqlaşdırsınlar.

Əlqərəz, millət, eşitdiniz də bizim möhtərəm və möhtəşəm səhiyyə nazirimizin qızı da mətbuata bəyan edib ki, dədəsi Oqtay doxtur sutkanın 24 saatını xalqa xeyir vermək üçün çalışır. Buna inanmaq istədim, amma heç cür alınmadı. Çünki bir müddət əvvəl sosial səbəkədə, məhz Oqtay doxtura istinadən belə bir status paylaşılmışdı ki, orada doxtur deyir: "Kim Azərbaycan səhiyyəsinin zəif inkişaf etdiyini deyirsə, qələt eləyir. Mən indi Almaniyada müalicə alıram, qayıdan kimi onlara daha tutarlı cavab verəcəyəm". Bu statusun nə dərəcədə doğru-dürüst məlumat olduğunu deyə bilmərəm, çünki Oqtay doxturla tanışlığım yoxdur, harada müalicə olunduğunu da bilmirəm. Ancaq bir şey tam aydındır ki, ölkə məmurlarından heç kim Oqtay doxturun səhiyyə «kantor»asına etibar etmir. Digər tərəfdən sosial şəbəkələrimiz də elə koronavirus kimi bir şeydir, ancaq kimlərinsə təbliğatına xidmət edir.

O ki qaldı dünya standartları səviyyəsində inkişaf etmiş səhiyyə sisteminə sahib olan Azərbaycanın səhiyyə nazirinin Almaniyada müalicə olunmasına, bax, koronavirusun  kökünü də, məhz burada axtarmaq lazımdır. Məndən demək, qalanını özünüz bilərsiniz.  

P.S. Bu gün Azərbaycanda virusa qarşı mübarizə istiqamətində görülən tədbirlər onu deməyə əsas verir ki, bu proses ciddi xarakter alır. Bununla belə, diqqətinizə çatdırım ki, yetərincə yaşım var, həm də bizim möhtərəm həkimlərimizin illərdir müalicə edə bilmədikləri bir çox xəstəliklərin daşıyıcısıyam. Lutfən, koronavirus reklamı müddətində ölərəmsə, koronavirusdan öldü deməyin. Allahın lütfü ilə öz əcəliylə dünyasını dəyişdi deyin. Çünki koronavirusun mənə gücü çatmaz! 

 Yusif Seyid

0.41290307044983