"Koronavirus bioloji silah ola bilər..." - "Təbii yolla belə sürətlə mutasiyaya məruz qalması mümkün deyil"

“Mümkündür ki, bu, yeni dünya düzənini quranlar üçün bir fürsətdir...”

Dünyanı sürətlə ağuşuna alan koronavirusu bioloji silah olaraq nəzərdən keçirənlər az deyil. Ümumiyyətlə, bakterioloji və viruslu silahların xüsusiyyətləri ondadır ki, bu xəstəliklər digər xəstəliklər kimi özünü tez bir zamanda göstərmir. Onların gizli inkubasiya dövrü mövcuddur və onlar xarici faktorlarla özlərini bəyan etmir.

Bunlardan cüzam, vəba, Sibir xorası, botulizm əsasən xəstə insandan sağlam insana keçmə funksiyası ilə fərqlənir və bu zaman yayılma faktoru çox böyük və təhlükəlidir. Bu xəstəliklərin aşkar olunması və qarşısının vaxtında alınması çox çətin olduğundan ən təhlükəli elementlər sayılır, çünki bakteriya və mikroblar gözlə görünmür, iylənmir, dadı yoxdur.

Bu gün tüfəng, güllə, qumbara, tank, artilleriya ilə də heç kimi təəccübləndirmək olmur. Qeyri-ənənəvi silah vasitə və növləri də günü-gündən dəyişməyə, müasirləşməyə və ən əsası, təhlükəli olmağa doğru meyllənir. İnsan öldürmək, məhv eləmək üçün nüvə, hidrogen bombaları kəşf etdi. Ardından gizli hərbi elmi-tədqiqat mərkəzlərinin laboratoriyalarında yaradılan, insanlarla birlikdə təbiətə də ölümcül ziyan vuran ən qəddar və amansız müharibə vasitələri ortaya çıxmaqdadır. Hərbçilər bu silahlara “İblislər” deyir.

Bioloji və bakterioloji silah - patogen mikroorqanizmlər, viruslar, bakterial toksinlər, bioloji genlənmə vasitələri ilə əldə olunmuş toxlardır ki, vəzifəsi - insanları, canlıları, flora və mikrofloranı, əkin vasitələrini, kənd təsərrüfatı heyvanlarını, qida vasitələrini, su mənbələrini, habelə bir sıra hərbi təmayüllü vasitə, məmulatları və s. məhv etmək üçün nəzərdə tutulub. Belə silahlar bir neçə növ sursatlar vasitəsilə tətbiq olunmaqdadır. Bu sursatların içliyi fərqli bakteriya və viruslarla doldurulur ki, tətbiq zamanı da bu içliklər infeksiyalı, hətta epidemiyaya gətirib çıxara bilən xəstəliklər yaradır. Bu silahın bir neçə növü var.

Bioloji silahın bir növü olaraq entomoloji silahdan - hücum üçün həşəratlardan istifadə edilir. Belə silahın yaradılması fikri 100 illər boyu aparılsa da, 20-ci yüzillikdə aktiv olaraq silahın yaradılması üzrə işlər davam etdirilib. Yaponiya və bir neçə ölkə bu silahı tətbiq etdikdən sonra onun hazırlanmasına görə günahlandırılıblar.

Paralel.az bildirir ki, Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər “Yeni Müsavat”a deyib ki, bu gün koronavirusun birmənalı olaraq bioloji silah olmasını söyləmək mümkün deyil: “Dünya mətbuatında bir-birinə zidd olan fikirlər var. Alimlər, təhlükəsizlik ekspertləri, siyasətçilər bir-birinə zidd olan müxtəlif fikirlər yayırlar. Bir qrup insan deyir ki, bu təbii şəkildə yayılmış bir virusdur, digər qrup insanlar da deyir ki, bu bioloji silahdır. İnandırıcı olan isə budur ki, Çində, Uhanda laboratoriyada aparılan tədqiqatlar nəticəsində virusun mutasiyaya məruz qalması və oradan dünyaya yayılmasıdır. 2018-ci ildə Çin alimləri özləri açıqlama veriblər ki, yarasalarda olan koronavirus üzərində təhqiqatlar aparırıq. Bu virusu yarasa uzun müddət ərzində daşıyır, amma donuzlara ötürməyinə rəğmən, özü xəstəliyə düçar olmur. Yarasa daşıyıcı olsa da, özü xəstəlikdən ziyan görmür, tələf olmur. Çinli alimlər düşünüblər ki, insanlar da yarasalar kimi yoluxduğu halda xəstələnməməsi üçün nə etmək lazımdır. Bu yöndə təhqiqat aparıblar. Çinli alimlərin 2018-ci ildə verdikləri bu açıqlamadan sonra Amerikanın Xəstəliklərin Profilaktikası və Xəstəliklərə Nəzarət Mərkəzi açıqlama verib ki, koronavirus heyvanlardan insana keçməsi üçün mutasiyaya məruz qalmalıdır

Yəni birinci mərhələdə yarasadan digər heyvana keçməsi üçün mutasiyaya məruz qalmaldır. İkinci mərhələdə isə yenidən mutasiyaya məruz qalmalıdır ki, heyvandan insana ötürülə bilsin. Koronavirusun insana keçməsi üçün 2 mutasiya dövrü keçməli olduğunu bəyan ediblər. 2018-ci ildə koronavirusun insana keçməsi üçün 2 mərhələli mutasiyasi baş verməmişdi. Təbii yolla koronavirusun belə sürətlə mutasiyaya məruz qalması mümkün deyil. Görünür, süni yolla, genetik mühəndislik yolu ilə təhqiqat aparılıb. Bu təhqiqat hərbi məqsədlər üçün gerçəkləşdirilib və ya digər məqsəd daşıyıb bilinmir. Koronavirusun 2 il müddətində bu şəkildə mutasiyaya məruz qalması mümkün deyil. Deməli, burada gen mühəndisliyi nəticəsində virusun yayılmasından söhbət gedir".

Sülhəddin Əkbərə görə, koronavirusun süni şəkildə, ard-arda mutasiyaya məruz qalmasına dəlalət edən açıqlamalar ortadadır: “Ola bilsin ki, laboratoriyadan sızma baş verib. Və ya eksperiment aparılıb və bu gün gözlənilməz nəticələr ortaya çıxıb. Çin Xarici İşlər Nazirliyinin rəsmisi koronavirus yayılandan sonra belə bir açıqlama verdi ki, infeksiyanın Çindən yayılması mütləq deyil. Ola bilər ki, Amerika hərbçiləri də virusu ölkəyə gətiriblər. Virusun yayılma zamanına da diqqət edilməlidir. Bu gün dünyada yeni nizamın qurulması üçün proses gedir. Mümkündür ki, koronavirusdan bir fürsət kimi istifadə edilir. Yaranan krizdən dünya kapitalına nəzarət edən sərmayəçilərin qalib çıxacağı da şübhəsizdir”.

Sülhəddin Əkbər deyir ki, yəhudi-yevangelist qruplar, anqlosakson qruplar yeni dünya düzəninin qurulmasında maraqlıdır. Təhlükəsizlik eksperti koronavirusun ölkəmizə təsirsiz ötüşməyəcəyi qənaətindədir: “Koronavirus dünyada artıq böyük nəticələrə səbəb olub. Pandemiya elan olunub. Sosial-iqtisadi təsirləri ortadadır. Bir qədər də belə davam edəcəksə, artıq siyasi nəticələrini də görəcəyik. Çünki sosial-iqtisadi nəticələrin siyasi nəticələr doğuracağı qaçılmazdır. Mümkündür ki, bu, yeni dünya düzənini quranlar üçün bir fürsətdir. Strateji ağlın üstünlüyü ondadır ki, hər böhranı fürsətə çevirə bilir. Koronavirus pandemiyasına fürsət kimi baxılması, nəzərdən keçirilməsi mümkündür. Bütün dünyada 2030-cu ildən sonra postneft dövrünə hazırlıq gedirdi. Koronavirus pandemiyası bu prosesi tezləşdirilə bilər. Koronavirus infeksiyası bioloji silah olmasa belə, ondan bir fürsət kimi istifadə olunarsa, dünyada iqtisadi böyümə kəskin aşağı düşəcək, zəncirvari olaraq enerjidaşıyıcılarının qiyməti kəskin aşağı enəcək, enerjidaşıyıcılarına tələbat azalacaq. Bu da büdcəsi enerjidaşıyıcılarından asılı olan dövlətlərdə sosial-siyasi çalxalanmalara gətirib çıxaracaq. MDB məkanı və Yaxın Şərq enerjidaşıyıcılarından gələn gəlirlərdən asılı durumdadır”.

Sülhəddin Əkbərin sözlərinə görə, bu gün dünyanı idarə edən güclərin strateji qərarı istənilən halda Azərbaycana da təsirsiz ötüşməyəcək: “Bu gün 2 aparıcı fikir var.

1. Strateji hədəf kimi Çin götürülməlidir. Çünki ABŞ-ın maliyyə-iqtisadi rəqibi, bir müddət sonra isə hərbi rəqibi Çin ola bilər - İranla birgə. Çinin enerji tələbatını əsasən İran ödəyir. İrana strateji təzyiqlərin səbəbi də budur.

2. Anqlosakson mərkəz isə əksinə, hesab edir ki, Çin nə qədər maliyyə-iqtisadi güc olsa da, hərbi güc deyil, əsasən də ABŞ-ı təhdid edəcək güc deyil. Əsas təhlükə kimi Rusiya götürülür. Bu il ərzində məsələ aydınlaşacaq. Rusiya hədəf seçiləcəksə, bundan bütünlükdə MDB məkanı təsirlənəcək. Azərbaycan gəldikdə isə iki mümkün variantın hər ikisində təsirlənəcəyik. Çin-İran hədəf götürülsə, indiki İran ərazisində yaşayan türklərin ölkəmizə axını baş verə bilər. MDB məkanı hədəf götürülərsə, bu halda da xeyli azərbaycanlı orada yaşayır. Yaxın 1 il ərzində qeyd olunan planlardan birinin gerçəkləşməsi gözlənilir və ölkəmizi ikibaşlı olaraq təsirlənəcəyi qaçılmazdır. Koronavirus pandemiyası prosesi tezləşdirmək gücündədir. Bu baxımdan infeksiyanı bioloji silah olaraq dəyərləndirənlərə də haqq verməmək olmur".

Sülhəddin Əkbər onu da deyib ki, koronavirusun bioloji silah olub-olmamasını bu işin mütəxəssisləri düzgün söyləyə bilər.

0.45757699012756