“Konstruktiv dialoqun alternativi yoxdur” – Səidə Qocamanlı

Paralel.az Teleqraf.com-a istinadən İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri, hüquq müdafiəçisi Səidə Qocamanlı ilə müsahibəni təqdim edir:

- Səidə xanım, artıq yeni seçilən Milli Məclis fəaliyyətə başladı. Parlamentin rəhbər heyətinin tamamilə dəyişməsinə, xanım deputat Sahibə Qafarova spiker seçilməsinə münasibətiniz necədir?

- Bizim xanımlarımız həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə, həm sovetlər zamanı, həm də müstəqillik dövründə həmişə çalışıblar ki, irəlidə, yüksək mövqedə olsunlar. Buna da öz çalışqanlığı, intellekti və zəkası sayəsində nail olublar. Onlarla qadının adını çəkmək olar ki, bu xanımlar həm siyasət, həm elm, həm ictimai fəaliyyət, həm sənaye, həm də mədəniyyət sahəsində öz töhfələrini veriblər.

Yeni Milli Məclisin ilk iclasında məhz Sahibə Qafarovanın spiker seçilməsi məmnunluq yaradır. Qeyd edim ki, bu seçim çox uğurludur və buna sevinməmək mümkün deyil.

Sahibə Qafarova bütün parametrləri, intellekti və ziyalılığı, habelə insanlarla işləmək bacarığı ilə hər zaman fərqlənib. O, ali məktəbdə dərs deyib, parlamentin deputatı olduğu dövrdə AŞPA-dakı nümayəndə heyətimizin tərkibində çox uğurlu fəaliyyəti ilə seçilib, ilk azərbaycanlı xanımdır ki, Avropa Şurasında Miqrasiya komitəsinə sədrlik edib. Həmçinin elmi, əcnəbi dil bacarığı ilə də daim öndə olub. Hesab edirəm ki, onun spiker seçilməsi uğurlu addımdır. Fikrimcə, Sahibə xanım həm orada əyləşən deputatlarla, həm də millətlə, seçicilərlə işləməyi bacaracaq. Hər halda parlament Sahibə xanımın timsalında dəyişikliklərə və yeniliklərə imza atacaq.

Arzum budur ki, yeni spiker Azərbaycan vətəndaş cəmiyyətinin və mətbuatının nümayəndələri ilə tez-tez ünsiyyətdə olsun. Beləcə ölkədə olan problemlərin həlli üçün birlikdə çalışaq və onların aradan qaldırılmasına ümumi töhfəmizi verə bilək.

- Son dövrlər xanımların yüksək və məsuliyyətli postlara təyinatlar aldığının və ya seçildiyinin şahidi oluruq. Məsələn, Bahar Muradova komitə sədri təyin olundu, Qənirə Paşayeva və Hicran Hüseynova isə parlamentin komitə sədri seçildilər. Bu faktları necə dəyərləndirirsiz?

- Hesab edirəm ki, bu, cənab Prezident İlham Əliyevin apardığı böyük islahatlar paketinin nəticəsidir və çox sevindirici haldır. Əslində bilirəm ki, kişilər hər zaman xanımların vəzifədə olmasına qısqanclıqla yanaşır. Azərbaycan bu məsələdə müstəsna deyil. Yəni, bu, dünyanın hər yerində belədir. Amma Azərbaycan qadınları, Milli Məclisdə təmsil olunan xanımların komitə rəhbəri olmaları uğurlu seçimdir. Çünki qadın cəmiyyətin problemlərini daha incə formada anlayır. Qadın anadır, bacıdır. Ümid edirəm ki, parlamentdə əyləşən xanımlar Azərbaycanın gələcək həyatına yeniliklər gətirə biləcəklər. Məsələn, Qənirə xanım çox aktiv deputatdır, biz də onu çox sevirik. Hər zaman fəallığı ilə seçilib. Xanımlarımız Milli Məclisdə bizim qadınların ən gözəl işlərə imza atmağa qadir olduqlarını nümayiş etdirəcəklər. Bunu mümkün hesab edirəm.

- Son günlər Azərbaycan iqtidarının siyasi mövqeyindən asılı olmayaraq, bütün siyasi partiyalarla görüşlər keçirməsi, onlarla maraqlanması, dialoq qurması prosesi müşahidə olunur. Siz də dəfələrlə belə bir dialoqun olmasının ölkəmizin xeyrinə işləyəcəyini qeyd etmisiniz. Son günlər başlanan bu dialoq prosesini necə qiymətləndirirsiniz?

- Qeyd edim ki, Azərbaycan prezidenti tərəfindən böyük islahatlara start verilib. Fikrimcə, Prezident Administrasiyasındakı dəyişikliklər də əslində bu islahatların bir hissəsidir. Digər tərəfdən, yeniliyə can atmaq lazımdır. Yenilik yeni nəfəslə, yeni ideyalarla gəliməlidir. Əgər bu gün bizim hər zaman dediyimiz konstruktuv dialoqun bir hissəsi kimi siyasi partiyaların sədrlərini görüşə dəvət edib müzakirələr aparırlarsa, fikrimcə, bu, ölkəmizə müsbət ab-hava gətirəcək.

Yəni burada vətənin və ölkənin maraqlarını şəxsi ambisiya və maraqlardan yüksəkdə tutmaq lazımdır. Və bu görüşlərə getmək lazımdır. Biz bir millətik, bir millətin övladlarıyıq. Nəhayət, “bu iqtidardır”, “bu müxalifətdir” kimi anlayışlardan uzaqlaşmalıyıq. İqtidarsan, çox gözəl, müxalifətdəsən, çox gözəl, amma bizim ümumi bir amalımız olmalıdır. Bu amal vətəndir, Azərbaycandır. Unutmamalıyıq ki, işğal altında olan torpaqlarımız hələ də bizim yolumuzu gözləyir. Bu torpaqları qaytarmaq üçün bir-birimizə arxa çevirməli deyilik, Azərbaycanı düşünməliyik. Bu mənada hesab edirəm ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti şöbəsinin müdri Ədalət Vəliyevin görüşlərə hər zaman açıq olması və buna çalışmasını müsbət qiymətləndirmək lazımdır.

- Amma bəzi partiyalar dialoqa getmir...

- Mən hesab edirəm ki, dialoq olmalıdır. Əgər getmirlərsə, zamanla düşünüb, görərlər ki, buna getmək lazımdır. Hesab edirəm ki, bu məsələdə bir qədər səbrli olmaq lazımdır. Azərbaycanda uzun illər müxalifət-iqtidar münasibətləri çox hamar olmayıb. Ona görə əgər kimsə bu görüşlərə getməyə tərəddüd edirsə, buna zaman lazımdır. Düşünürəm ki, bu da baş verəcək. Unutmayaq ki, cəmiyyət bunu gözləyir. Cəmiyyət müxalifət partiyası nümayəndəsinin Prezident Administrasiyasına dəvət edilməsini, orada müzakirə aparılmasını, dövlət və vətən naminə birgə addımlar atılmasını alqışlayır. Biz cəmiyyət arasına çıxır, , müxtəlif təbəqlərin nümayəndələri ilə daima ünsiyyətdə oluruq. Hesab edirəm ki, insanların ümidlərini sındırmaq olmaz. Ölkəni, vətəni və cəmiyyəti düşünmək lazımdır. Konstruktiv dialoqun alternativi yoxdur.

1.2446827888489