Zəngin sərvətə malik, kasıb millət

İçimiz özümüzü, çölümüz özgəni yandırır

Hesablamalara əsasən, Azərbaycan hər min nəfərə düşən təbii sərvətə görə, dünyanın və regionun öndə gedən ölkələrindən sayılır. Buna görə də hazırda ölkəmizin güclü iqtisadi inkişafa malik olması barədə ölkənin iqtidar mətbuatında geniş və ardıcıl təbliğat gedir. Amma ölkəmizin güclü inkişafı barədə gedən bu hay-küylü təbliğat reallıqla heç cür uyğun gəlib, uzlaşmır. Çünki xalq sərvətlərin zənginliyini öz süfrəsində və həyatında hiss etmir. Əksinə, xalq hər dəfə dünyada neftin qiyməti aşağı düşəndə, neftlə birgə sarsıntıya düşür, hökumət isə özünü itirir və həyəcan keçirir.

Əvvəla, Azərbaycan iqtisadiyyatı çox güclü olan ölkədirsə, bəs nə üçün son on il ərzində neftdən əldə olunmuş milyardlar hesabına qeyri-neft sahələrini inkişaf etdirib, ölkə neftin asılılığından qurtarılmadı?! Buna kim və nə maneə oldu, bəlkə, bunu da ermənilər, yaxud müxalifət qoymadı?!

İkinci, güclü iqtisadiyyata malik ölkəmizdə minimum əməkhaqqı və minimum təqaüd heç bir təbii sərvəti olmayan qonşu Gürcüstan və düşmənimiz, "acından ölən" Ermənistan kimi kasıb ölkələrlə eyni səviyyəyə indi gəlib çatıb?!

Hər üç Qafqaz dövlətinin 2020-ci il üçün dövlət büdcəsinə diqqət yetirəndə, ölkəmizin büdcəsinin 26 milyard manat təşkil etdiyini və Gürcüstanın və Ermənistanın dövlət büdcəsindən az qala, iki dəfə çox olduğunu görürük. Lakin dövlət büdcəmizin digər iki qonşu dövlətdən iki dəfə çox olduğu halda, bizdə olan minimum əməkhaqqı və minimum təqaüdün onlardan iki dəfə az olması çox haqlı olaraq, hər bir ölkə vətəndaşını ciddi düşündürür.

Müstəqil ekspertlərə ünvanladığımız yuxarıdakı suala aldığımız cavablardan isə belə məlum olur ki, Azərbaycanın dövlət büdcəsi tərtib olunarkən, büdcənin yarısından çoxu investisiyaya, tikintiyə (2020-ci il büdcəsində bu məqsədlə 12 milyard manat ayrılıb) və sair xərclərə(!) 3,5 milyard manat pul ayrılıb. Beləliklə, 26 milyard manat həcmdə təsdiq olunan dövlət büdcəsinin 15,5 milyard manatı belə xərclər üçün nəzərdə tutulub.

Ekspertlərin rəyinə görə isə, 15,5 milyard manatın yaxşı halda, ən azı 60 faizi, yəni 9,3 milyard manatı, pis halda isə 70 faizi, yəni 10,5 milyard manatı mütləq şəkildə korrupsiyanın qurbanı olacaq.

Bu, çox sadə araşdırmanın nəticəsindən gö-ründüyü kimi, ölkəmizin çox güclü iqtisadiyyata malik olması barədə uzun illərdir aparılan yalan, hay-küylü təbliğata baxmayaraq, bu güclü inkişafın təsiri xalqın həyatında öz əksini tapmır, tam əsassız olduğu məlum olur və hər il bu cür tərtib olunan dövlət büdcəsinin korrupsiya yönümlü olduğu bildirilir...

...Beləcə, dostlar, hər il büdcəsi korrupsiyanın qurbanı olan dövlətin isə, iqtisadi qüdrətindən, gücündən, xalqın isə firavanlığından bəhs etmək böyük yanlışdan başqa bir şey deyil...

Ona görə də işğal altında olan torpaqlarını azad, süfrəsini zəngin, həyatını firavan görmək arzusu ilə yaşayan xalq ümidini Prezidentin başladığı islahatlara bağlayıb. Ona da əgər dağıdıcı məmurlar və dünyanln sümürgən dövlətləri imkan versələr...

Mahir Abbaszadə

1.3824999332428