Gözlənilən böhranı dəf edə bilərik

Bunun üçün məmurlar "tamah dişin" çəkdirməlidir

 Dünyanın neft ölkələri neft qiymətinin, inkişaf etmiş ölkələri isə birja indekslərinin ucuzlaşmasının şokunu yaşayır. Ötən ilboyu dünya iqtisadiyyatında gedən qütbləşmə - rəqabətin antoqonist mübarizə mərhələsinə keçməsi, bu ilin əvvəlində siyasi şoklara səbəb oldu. Meydanda əsasən ABŞ və Çin qarşıdurması müşahidə edilsə də, bu savaş dünyanın iki qütbü arasında gedən vəkalətən müharibə sayıla bilər. Böyük Britaniya başda olmaqla, Avropa və onu dəstəkləyən ölkələr adından Amerika Birləşmiş Ştatları, Rusiya başda olmaqla onun himayə etdiyi ölkələri isə bu savaşda Çin təmsil edir. Yəni bu savaşda yalnız Çin və ABŞ maraqları deyil, dünya maraqları ifadə olunur, bu iki ölkə yalnız vəkil edilmiş persona rolunda çıxış edir. Ötən ilin yayında  Rusiyanın OPEC ölkələri tərəfindən təklif etdiyi hasilat kvotasına loyal yanaşması, bu ilin mart ayının 6-da isə ümumiyyətlə, razılaşmadan imtina etməsi dünyanı şoka saldı. Ötən il ərzində Rusiyanın neft strategiyasında xeyli dəyişiklik qeydə alınıb və belə görünür ki, bu strategiya ABŞ-ın onu təhdid etdiyi vasitə üzərində qurulub. Amerika 2015-ci ildən başlayaraq rəsmi Moskvanı neftin qiymətinin ucuzlaşması ilə təhdid edir. 2019-cu il boyu Rusiya neftin qiymətlərinin ucuzlaşmasına immunitetli olduğunu nümayiş etdirməyə başladı. Bu özünü Rusiyanın məhdudiyyətsiz hasilata meyilliliyində biruzə verdi. Əldə edilən məlumatlara görə, rus neftinin maya dəyəri ötən ilə qədər 40 dollar təşkil edirdisə, indi artıq Sibir neftinin bir bareli 15-20 dollara başa gəlir. Rus mütəxəssislərinin hesablamalarına görə, onun rəqibləri olan ABŞ və müttəfiqlərinin malik olduğu karbohidrogen ehtiyatları Uzaq Şərq ehtiyatlarının cəmi 40 faizini təşkil edir. Ona görə də Rusiya dünya bazarına ucuz neft çıxarmaqla rəqiblərini ya tükəndirərək, ya da müflis edərək bazardan çıxarmaq strategiyasını götürüb. Əgər rus neftinin maya dəyəri barədə verilən məlumatlar doğru çıxarsa, dünya bazarında neftin qiyməti uzun müddət 20-30 dollar arasında dəyişəcək. Növbəti mərhələdə ABŞ və Böyük Britaniya daha ucuz texnologiyalar üzərində işləyə, neftin barelini 10 dollara qədər ucuzlaşdıra bilər.

Bununla yanaşı, alman mütəxəssislər bəyan edir ki, iyirimi ildən sonra Almaniya iqtisadiyyatının neftə tələbatı sıfra bərabər olacaq. Yəni ölkə iqtisadiyyatı tamamilə alternativ və bərpa olunan enerji ilə çalışmağa başlayacaq. Bu amansız rəqabətin dünyanı hara aparıb çıxaracağını isə hələ heç kim proqnozlaşdıra bilmir. Amma bu proseslərin Azərbaycana təsiri aydın şəkildə ortadadır. Çünki hər bir halda dünya bazarında neftin qiyməti ucuzlaşacaq. Respublikamızın iqtisadiyyatı isə tamamilə neft gəlirlərindən asılı vəziyyətdədir.

Hər il ölkəyə neft satışından təxminən 7 milyard dollar vəsait daxil olur. Onun altı milyard dollardan bir qədər çoxu (11,35 milyard manat) dövlət büdcəsinə transfert olunur, qalanı isə milli valyutanın dəyərinin saxlanması üçün hərraca çıxarılaraq kommersiya banklarına satılır. Azərbaycan iqtisadiyyatı bu cür primitiv üsulla idarə edilirdi. İndi isə artıq ölkə iqtisadiyyatının qeyd etdiyimiz üsulla idarə edilməsi mümkün deyil. Çünki 2020-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 55 dollardan götürülüb. Bu o deməkdir ki, neftin hər barelindən 55 dollar dövlət büdcəsinin təmin edilməsinə kifayət edir. Hazırda neft birjalarda 35 dollara satılır, onun gələcəkdə 15-20 dollara, uzunmüddətli proqnozlarda isə 10-15 dollara qədər ucuzlaşması gözləniləndir.  Deməli, neft bu gün büdcədə nəzərdə tutulduğundan 63,6 faiz ucuz satılır. Əgər qiymət bu cür sabitləşsə, il ərzində neft satışından ölkəyə 7 milyard (11,9 milyard manat) deyil, cəmi 4,4 milyard dollar vəsait daxil olacaq ki, bunu da manata çevirsək, 7,5 manat vəsait alınır. Yuxarıda da qeyd etdiyimiz kimi 2020-ci ilin dövlət büdcəsinə 11,35 milyard manat Neft Fondundan transfert nəzərdə tutulsa da, cəmi gəlirlərimiz 7,5 milyard manat olacaq. Yəni neftdən gələn gəlirlərin hamısını büdcə xərclərinin ödənilməsinə yönəltsək belə, dövlət büdcəsindən transfertlərin çatışmaması üzündən 3,85 milyard manat kəsirdə qalacaq. Neft gəlirlərinin azalması ilə yanaşı, koronavirus problemlərindən dolayı həm ölkə daxilində ticarət dövriyyəsi azalır, həm də idxal problemləri ortaya çıxır. Bir neçə aydan sonra turizm şirkətlərinin yarıdan çoxu, ticarət şəbəkələrinin isə yarıya qədəri bağlanacaq. Bu halda dövlət büdcəsinin vergilərdən daxilolmaları da kifayət qədər aşağı düşəcək.

Bundan əlavə, hələ manatın məzənnəsinin saxlanılması üçün də azı 2-3 milyard dollar vəsaitə ehtiyac yaranır. Builki büdcə ilini başa vurmaq üçün Azərbaycan hökuməti və Mərkəzi Bank öz valyuta ehtiyatlarından istifadə edə bilər, amma bu, uzunmüddətli idarəetmə üçün səmərəli üsul sayıla bilməz.

Lakin istənilən çətin vəziyyətdən çıxış yolları həmişə var, bu baxımdan indiki durum da çıxılmaz deyil. Qısamüddətli tədbir kimi ilk növbədə 2020-ci ilin dövlət büdcəsi ən azı Dövlət Neft Fondundan transfertlər qədər (11,35 milyard manat) ixtisar edilməlidir. Bunun üçün bütöv xərc maddələri ixtisar edilə bilər. Məsələn, "tikinti və şəhərsalma" və "əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)" adlı xərclərin hərəsinə 4,9 milyard, 9,8 milyard manat vəsait ayrılıb ki, bunun da 60-70 faizi korrupsiyanın yeminə çevrilir. Bu iki maddə üzrə ortalama korrupsiyanın həcmi 6,4 milyard manat təşkil edir. Bu xərc maddələrini elə korrupsiya səviyyəsində ixtisar etməyi təklif edirik. Bu il dövlət büdcəsindən vəsaitlər sub-icarədarlar arasında bölüşdürülmədən birbaşa icraçıların hesabına köçürülə bilər. Bu halda nəzərdə tutulan layihələr problemsiz icra edilə və büdcə korrupsiya həcmində kiçildilə bilər. Bununla yanaşı, ümumi dövlət xərcləri (4 milyard manat) idarəetmədə ixtisarlar nəticəsində 20-30 faiz, müdafiə və milli təhlükəsizlik (3,8 milyard manat) xərclərinin 15-20 faiz ixtisar edilməsi nəticəsində bir milyard manatdan çox vəsaitə qənaət etmək olar. Hələ bununla da dövlət büdcəsindəki izafi xərclər bitib tükənmir. Belə ki, builki dövlət büdcəsinin sair xərclərinin (təyinatsız xərclər) cəmi 3,5 milyard manat təşkil edir ki, bunu tamailə ixtisar etmək mümkündür. Beləliklə, bizim göstərdiyimiz xərclər üzrə ixtisarlar 11 milyard manata qədər vəsaitin qənaət edilməsinə imkan verir. Ciddi təhlil aparsaq bu qənaəti bir qədər də genişləndirmək olar və bu yolla builki dövlət büdcəsini neft gəlirlərindən azad etmək mümkündür.

Amma təkcə xərcləri ixtisar etməklə iş bitmir. Ölkədə milli iqtisadiyyat qurulmalı, bazar iqtisadiyyatı modelinin bütün prinsiplərinin bərqərar olması üçün gərəkən bütün addımlar atılmalıdır. İlk növbədə məmur biznesinə - oliqarxiyaya son qoyulmalıdır. Məmur seçim qarşısında qalmalıdır - ya vəzifə, ya biznes - iqtisadiyyat siyasətdən ayrılmasa, inkişafa nail olmaq mümkün deyil. Dünyanın heç bir yerində siyasiləşmiş iqtisadiyyat uğur qazana bilməyib. Bunun ardınca iqtisadiyyatda rəqabət mühitinin formalaşmasına əngəl olan bütün maneələr aradan qalxmalı, sahibkarın əmlakına əsaslı dövlət zəmanəti verilməli, məhkəmə hakimiyyəti müstəqilləşməlidir. Hökumət korrupsiya və rüşvətxorluğa aparan bütün yolları qapatmalı, bu qəbildən olan fakt iştirakçılarına layiqli cəza verilməlidir. Hakimiyyətin bütün qolları biznesin inkişaf etməsinə yardımçı rolunda çıxış etməli, mümkün hallarda sahibkarlara tenderlər vasitəsi ilə ucuz kreditlər təklif olunmalıdır. Bütün bu tədbirləri reallaşdıra bilsək, üç ildən sonra ölkədə karbohidrogen ehtiyatlarından gələn gəlirlər heç kimi ilgiləndirməyəcək, dövlət büdcəsinə transfertlərə ehtiyac olacaq, nə də Neft Fondundan kommersiya banklarına satmaq məqsədilə hərraca dollar çıxarmaq lazım gələcək. Çünki iqtisadiyyat özü bütün məsələləri tənzimləyəcək.

 Akif Nəsirli

1.4354050159454