Şillə 25, təpik 50 manat

Endirim 0 %

 Redaksiyadan: Tarixin bütün dövrlərində müəllim - şagird, müəllim-tələbə, valideyn-müəllim münasibətiləri cəmiyyətin ən aktual məsələlərindən biri kimi həmişə müzakirə mövzusu olub. Antik və orta əsrləri bir kənara qoyub, çox da uzaq olmayan tariximizə nəzər salsaq görərik ki, övladını oxutmaq istəməyənlə yanaşı ("Uşaq mənimdir, baba, oxutmuram əl çəkin"!), "Əti sənin, sümüyü mənim", deyib övladının savad alması üçün müəllimə hər cür imtiyazlar verildiyi zamanlar da olub. Qapalı, sərt nizam-intizamın hökm sürdüyü keçmiş sovet dönəmində belə, müəllimin təlim-tərbiyədə tətbiq etdiyi yüngül cəzalandırma metodlarına qeyri-rəsmi yaşıl işıq yandırılmışdı.

Əsla nostalji hisslərlə yaşayanlardan, imperiyanın xiffətini çəkənlərdən deyilik. Bununla belə, həqiqət budur ki, cəmiyyətimizdə istər savad, istərsə də etik davranış qaydalarında nümunə ola biləcəklərin əksəriyyəti məhz həmin dövrün yetirmələridir. Təəssüf ki, son onilliklər  bir çox mənəvi dəyərlərimizlə yanaşı, təhsilimiz də deformasiyaya uğradı və biz əvvəliki dövrün müsbət cəhətlərini qoruyub saxlaya bilmədik. Nəticədə "Məmələrə azadlıq" şüarı ilə küçələrə çıxan toplumla qarşılaşdıq.

Mövzü geniş və aktualdır, ancaq biz sosial şəbəkədə diqqətimizi cəlb edən bir statusa giriş yazdığımız üçün burada dayanmaq zorundayıq.

Qeyd edək ki, bu günlərdə "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli özünün Feysbuk səhifəsində maraqlı bir yazı paylaşıb. Yazını oxuyanda bilmirsən guləsən, yoxsa ağlayasan. Hərçənd yazıda qeyd olunan məqamlara bir az dərindən yanaşanda, daha çox ağlamaq lazım gəlir.

Yazının aktuallığını və "Paralel" qəzetinin oxucuları üçün də maraqlı olacağını nəzərə alıb, sözügedən statusu olduğu kimi dərc etməyə qərar verdik.    

 Bilirəm, indi çoxu koronavirus həyəcanı yaşayaraq ucuz ərzaq axtarışındadır. Yox, dostlar, mənim marketim-filanım yoxdu. Sadəcə, sizə, daha çox müəllim ordusuna maraqlı olacaq, əsasən mənəviyyatla bağlı bir olaydan danışacam. Məlumat üçün deyim ki, özüm də ixtisasca tarix müəllimiyəm və 2 il də dərs demişəm, sadəcə, həyat elə gətirdi ki, zorən jurnalistikaya keçdim.

Beləliklə, hələ orta məktəbin 7-8-ci sinfində oxuyanda riyaziyyatdan bir teoremi bilmədim və müəllim məni skafa saldı ki, haçan əzbərləyərsən, onda da açaram, çıxarsan. Səhər növbəsi oxuyurdum, nahardan sonraya qədər əlimdə kitab şkafda qaldım. Və o teoremi bu gün də məni yuxudan oyadıb soruşsalar, həmən deyərəm. Amma sizcə bu hadisə bugün yaşansaydı, ona gicbəsərlər nə ad verərdi? Suala özüm cavab verim: Azadlıqdan qanunsuz məhrumetmə, yaxud girov götürmə və təbii ki, minimum 2-3 il həbs. Özüm də müəllim işlədim, kənd yerində. Oxumayan, üstəlik həm də dərsdə nadinclik edəni yaxşıca kötəkləyirdim. 1-ci Pyotr da deyirdi ki, uşağa söz və dilətutmalar yetərli olmasa, onu yaxşıca kötəkləmək lazımdır..

 OLMUŞ ƏHVALAT

 Savadına əsla şübhə etmədiyim, mədəni, hətta inanılmış pedaqoq kimi repetitorluq edən müəllimin mənə söylədiklərindən. Düzdür, ilk baxışdan lətifəyə bənzəyir, amma inanın ki, baş vermiş olaydı. Müəllim danışır: “ Tənəffüs vaxtıdır, bayırda durmuşam. 2-ci mərtəbədən dərs dediyim şagirdlərdən biri məni adımla cağırır və gizlənir. Sinifə daxil olub həmin şagirdi qaldırıb bu tərbiyəsizliyi irad tutdum, irişib yenə qaba cavab qaytardı və mən əsəblərimi cilovlaya bilməyib ona 2-3 şillə vurdum. Valideynləri polisə verdi məni. Yüksək rütbəli bir tanış polis də guya məni paqon yoldaşlarına tapşırdı ki, müəllimi yola verin, işdi də olub. Nəyi necə yazıb pozdular bilmədim, sonda işi aparan polis müstəntiqi mənə dedi ki, müəllim, hər şilləyə görə 25 manat, təpiyə görə 50 manat ödəməlisən. Hesablayıb 300 manat istədilər. Pulu başqasından göndərdim. Aradan 2-3 saat keçmişdi müstəntiq zəng elədi ki, müəllim, bir şillənin pulun, yəni 25 manat artıq göndərmisən, istəyirsən gəl götür, ya da qalsın, gələn dəfə hesablaşarıq”

Hə, yəqin siz də bu tragikomediyanın sonunda güldünüz. Amma inanın ki, bu, ağlamalı durumdu. Mən də orta məktəbdə dəcəl olmuşam, amma hətta əlaçı olmağıma baxmayaraq, əməlimə adekvat şillə də yemişəm, nar, yaxud tut çubuğuyla döyülmüşəm də. Fəqət hətta valideynlərim döyülməyimdən başqa mənbələrdən xəbər tutsalar da, müəllimi deyil, mənim özümü danlayıblar ki, görünür, nəsə etmisən ki, müəllim səni döyüb.

Özümün müəllim kimi döydüyüm uşaqlar bu gün mənimlə qarşılaşanda xüsusi ehtiram və sayğı nümayiş etdirir. Çünki yaşa dolduqca anlayır ki, ona vurulan şillə səbəbsiz olmayıb. Bəzən dostlar mənə məsləhət görürlər ki, ali məktəbi “Qırmızı diplom”la bitirmiş birisi kimi, niyə müəllim işləmirsən. Dostlar, aldığım maaşı da polisə verəcəyəmsə, daha ağır maddə ilə mühakimə olunma ehtimalım da varsa, nədən müəllim işləyim? Mənim olduğum pedaqoji kollektivdə hansısa müəllimin alt paltarında seçki bülleteni gizlətməsi məni həbsxanaya qədər aparsa, gözüm görə-görə nədən bu peşəyə qayıdım?

Müəllimə hörmət edin millət!

 Rövşən Kəbirli

1.2261569499969