Azərbaycan multikulturalizmi modeli daha geniş təbliğ olunmalıdır

Multikulturalizm və tolerantlıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Müasir dünyamızda son illər baş verən bir çox qarşıdurmalar və münaqişələr, təkcə həmin olayların baş verdiyi region dövlətlərini deyil, ümumilikdə bəşəriyyəti narahat edir. Əsasən dini və milli dözümsüzlük, ksenofobiya, antisemitizm və islamofobiya kimi halların daha da qızışdırılması səbəbindən meydana çıxın bu hadisələrin arxasında hansısa siyasi qüvvələrin durduğu da, heç kimdə şübhə doğurmur.  

Lakin onu da qeyd etmək lazımdır ki, bu siyasi qüvvələrin əlində alətə çevrilən bəzi radikal dindarlar və millətçilər də, öz mənfur məqsədlərinə çatmaq üçün, məhz bu situasiyadan və yaranmış şəraitdən istifadə etməyə çalışır. Radikal millətçilik isə son nəticədə separatizmə və terrorizmə çevrilir. Keçən əsrin sonunda məhz radikal erməni separatizmi nəticəsində, Azərbaycan torpaqlarının 20 faizi işğal olundu. On minlərlə insan öldürüldü, əsir götürüldü, itkin düşdü. Erməni separatizmi nəticəsində dünyada misli görünməmiş Xocalı soyqırımı törədildi.

Bütün bunların eyni bir mərkəzdən idarə olunması da, əslində heç kimdə şübhə doğurmur. Bununla belə, beynəlxalq güclərin hələ də bu kimi hallara öz hüquqi qiymətini verməməsi səbəbindən, dünyanın müxtəlif bölgələrdə eyni ssenarilərin təkrarlandığının şahidi oluruq.        

Bu da məlumdur ki, bu proseslərin qarşısının alınması üçün dünyada birgəyaşayışın ən mükəmməl forması olan tolerantlığı və multikulturalizmi inkişaf etdirmək lazımdır. Bunun üçün örnək  bir nümunə də var-Azərbaycan multikulturalizmi modeli. Bu modelin dünyada tətbiqi istiqamətində həyata keçirilən əsas işlərin də mərkəzində Azərbaycan dövləti durur. Müasir dövrdə öz torpaqlarında separatizmin və radikalizmin təzahürləri ilə üzləşən, onun acı nəticələrini görən Azərbaycan dövləti bütün bu naqisliklərə qarşı hər bir vasitə ilə mübarizə aparır. Məhz buna görə də multikulturalizm və tolerantlıq hazırda Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

Ta qədim zamanlardan bəşəri birgəyaşayışın, insanlar və dinlər arasında harmoniyanın mövcud olduğu Azərbaycanda, multikultural və tolerant dəyərlər həm də xalqın həyat tərzi olub və proseslər bu gün də davam edir. Azərbaycan burada yaşayan bütün insanlar və dinlər üçün qarşılıqlı anlaşma, dostluq və qardaşlıq məkanıdır. Məhz bu dəyərlərə verilən yüksək qiymətə görə, müasir Azərbaycan dövləti dünyanın multikulturalizm mərkəzi kimi qəbul olunur. Azərbaycan heç zaman özünə qapanmış bir dövlət olmayıb və hər zaman bütün sivil cəmiyyətlərə inteqrasiyada maraqlı olub. Bu gün də bütün müstəqil, demokratik dövlətlərlə qarşılıqlı anlaşma şəraitində əməkdaşlıq edir. Azərbaycanda mövcud olan tolerant və multikultural mühit də öz növbəsində dünya dövlətlərini ölkəmizlə qarşılıqlı əməkdaşığa sövq edir. 

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) də, istər Azərbaycanın dünyaya inteqrasiyası, istərsə də dünya dövlətlərinin ölkəmizlə əlaqələrini gücləndirməsi istiqamətində mühüm işlər görür.

Bu işlərin də əsasında Azərbaycan multikulturalizmi modelinin təbliği mühüm yer tutur.

Məlumdur ki, bu ideyaların gerçəkləşdirilməsi məqsədi ilə bu yaxınlarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), eləcə də Azərbaycanın müxtəlif dini icmaları və dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti ABŞ-ın Yuta ştatında səfərdə olub. Səfər çərçivəsində ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən biri olan və Yuta ştatında yerləşən Brigham Young Universitetində (BYU) Azərbaycanın multikulturalizm və dinlərarası tolerantlıq ənənələrinə dair müzakirələr keçirilib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu, ABŞ-ın Stirlinq Fondunun və ölkəmizdən olan nümayəndə heyətinin birgə təşkilatçılığı ilə daha bir tədbir Universitetin nüfuzlu Kennedi Mərkəzində keçirilib və həmin tədbirdə bu ali təhsil ocağının müəllim və tələbə heyəti iştirak edib.

Qeyd edək ki, ABŞ-ın nüfuzlu ali təhsil ocaqlarında keçirilən tədbirlərdən əvvəl Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edən film nümayiş olunub ki, bu film tədbir iştirakçıları tərəfindən də böyük maraqla qarşılanıb.

Belə tədbirlərdən birinə ev sahibliyi edən Brigham Young Universitetinin Hüquq fakültəsinin Hüquq və Dini Tədqiqatlar üzrə Beynəlxalq Mərkəzinin direktoru professor Kol Durham bu önəmli tədbirə ev sahibliyi etmələrindən məmnun olduqlarını bildirib və Azərbaycan nümayəndə heyətini tədbir iştirakçılarına təqdim edib.

Ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev nümayəndə heyətinin səfəri haqqında mətumat verərək bildirib ki, bu səfərin əsas məqsədi Azərbaycanın multikulturalizm və dinlərarası harmoniya üzrə nadir təcrübəsini ölkəmizin müsəlman, yəhudi və xristian din xadimləri, eləcə də dövlət qurumlarının təmsilçiləri vasitəsilə ştat rəsmiləri və ictimaiyyətə çatdırmaqdır.

Müzakirələr zamanı çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov, DQİDK sədrinin müavini Gündüz İsmayılov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Mefodi Əfəndiyev Azərbaycanda mövcud olan multikulturalizm, qarşılıqlı anlaşma və dinlərarası tolerantlıq mühitindən ətraflı danışıb, bu ənənələrin ölkəmizdə artıq dövlət siyasəti səviyyəsinə yüksəldildiyini və dövlət tərəfindən hərtərəfli dəstəkləndiyini bildirib. Tədbirdə çıxış edən digər natiqlər də ta qədim dövrlərdən bəri Azərbaycanda bütün xalqlar və dinlər arasında mehriban qardaşlıq əlaqələrinin hökm sürdüyünü bildiriblər.

Azərbaycan nümayəndə heyəti həmçinin ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan, Yuta ştatında yerləşən Sutherland İnstitutunda olub və burada da Azərbaycanın multikulturalizm və dini tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Suzerlənd İnstitutunun prezidenti Rik Larsen (Rick Larsen) hər kəsi bu önəmli tədbirdə görməkdən məmnun olduğunu deyərək, Azərbaycan nümayəndə heyətini salamlayıb.

Tədbirdə daha sonra çıxış edən Stirlinq Fondunun baş icraçı direktoru Ed Rou Azərbaycanın müxtəlif dini icmaları və dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyətinin Yuta ştatında ilk dəfə səfərdə olduğunu qeyd edərək, bunu tarixi səfər adlandırıb. Stirlinq Fondunun baş icraçı direktoru 20 il əvvəl Azərbaycanda yaşadığını, Azərbaycan xalqı və mədəniyyətinə heyran olduğunu vurğulayaraq, o illərin xatirələrini görüş iştirakçıları ilə bölüşüb.

Ölkəmizin Los- Ancelesdəki baş konsulu Nəsimi Ağayev isə çıxışında Azərbaycanın bu gün dinlərarası harmoniya və qarşılıqlı anlaşma üzrə bütün dünyaya örnək bir ölkə olduğunu, ölkəmizdə insanların bir-birinin inanclarına hörmətlə yanaşdığını və bu müxtəlifliyi qəbul edərək heç bir anlaşılmazlıq hallarına yol vermədən əsrlər boyu  birgə yaşadıqlarını qeyd edib.

Digər görüşlərdə olduğu kimi, Sutherland İnstitutunda keçirilən tədbirdə çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov, DQİDK sədrinin müavini Gündüz İsmayılov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Mefodi Əfəndiyev tədbir iştirakçılarına Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb. Ölkəmizdə müsəlman, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində birgə yaşadıqlarını eşidən təbdir iştirakçıları bunu böyük heyranlıqla və təəccüblə qarşılayıblar. Tədbirin sonunda çıxış edən qonaqlar belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd edərək bildiriblər ki, Azərbaycan multikulturalizmi kimi mütərəqqi bir model mütləq daha geniş təbliğ olunmalıdır.

Məlumdur ki, Azərbaycan multikulturalizmi modelinin təbliği və təşviqi heç də Azərbaycan nümayəndə heyətinin xarici səfərləri ilə məhdudlaşmır və bu istiqamətdə  həm də digər tədbirlər görülür. Belə tədbirlərdən biri də kitab və digər məlumat kitabçalarının nəşridir. Bu yaxınlarda AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən "Azərbaycan multikulturalizmi" adlı dərslik, artıq ingilis dilində təqdim olunub.

Kitabxanadan bildirilib ki, Azərbaycanın ali təhsil müəssisələrində keçirilən "Azərbaycan multikulturalizmi" fənninin dünyanın nüfuzlu universitetlərində uğurlu tədrisini həyata keçirmək məqsədilə eyniadlı dərsliyin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən ingilis dilinə tərcümə edilərək nəşr olunması çox vacib məsələdir.

Onu da diqqətinizə çatdıraq ki, bu dərsliyin müəllifləri akademik Kamal Abdulla və  professor Etibar Nəcəfovdur.

Əldə etdiyimiz məlumata görə, dərslik kitabxananın elektron kataloqunda qeyd olunaraq, MEK-in 2017-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən "Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması" layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında yerləşdirilib. Bu da həmin dərsliyin daha geniş oxucu kütləsi tərəfindən istifadəsinə imkan verəcək.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.45329689979553