Tıxac və təhsil

Və bu perpendikulyarda qalanlar…

 Ölkənin təhsil sahəsindəki müsbət və mənfi məqamlar barədə yazanlar qədər, oxucu da tam məlumatlıdır. Ən azı ona görə ki, bu gün hər bir ailənin öz üzvləri arasında məktəbəqədər və məktəb yaşlı övladı, ali məktəb tələbəsi, təhsil sahəsində çalışanı var. Onlar da təhsilə aid ən adi məlumatdan tutmuş, qlobal miqyasda olan, bu sektorda baş verən bütün məsələlərin qeyd-şərtsiz iştirakçısıdır. Ona görə də bu gün təhsillə bağlı olanlar yazan və oxuyanın ortaq marağına xidmət edən, onların baxışlarını eyni məqsəddə birləşdirən məsələdir. Bu mənada, yazdığımızın hamısı göydəndüşmə mövzular deyil, onlar böyük əksəriyyətdə cəmiyyətdən gələn mesajların yazıda əksidir. Bir sözlə, bizlər sosial sifarişin ictimailəşdirilməsində xidməti olanlarıq ki, bu yöndə kiməsə zərrəcə köməyimiz varsa, nə xoş, deməli, savabı az da olsa, əməl kitabına yazılanlardanıq...

Sosial sifarişdən, daha doğrusu, bu sahədə bir deyil, dəfələrlə səsləndirilənlərdən biri də məktəblilərin dərslərə vaxtında çatmamasıyla bağlıdır. Dəqiq desək, ölkənin birinci, səhər növbəsində oxuyan şagirdlərinin, eləcə də valideynlərin ilk istəyi dərsə vaxtında, gecikmədən çatmaqdır. Lakin həllolunmaza çevrilən bu məsələ uzun zamandır öz aktuallığını saxlamaqdadır. Çünki neçə illərdir ki, ölkənin səhər saat 8-də dərsə başlayan orta ümumtəhsil məktəbləri bu problemlə baş-başadır. Doğrudur, illər öncə bu sahədə vacib bir addım atıldı və ali təhsil müəssisələri dərsləri yarım saat fərqiylə, 8:30-a dəyişdi. Yəni yuxarı yaş qrupunda məsələ nisbətən öz həllini tapdı və bütöv tədris müddətində baş verəcək fövqəltəbii, obyektiv-subyektiv və s. məqamlar hardasa, nəzərə alındı. Fəqət azyaşlıların, yaxud, yuxarı yaş qrupunda olan şagirdlərin səhər tezdən, gecikmədən dərsə çatması üçün təxirəsalınmaz tədbir görən olmadı. Bir məqamı çıxmaq şərtilə, məsələ qaldırıldı və qapadıldı. Belə ki, yeni tədris ili başlamazdan öncə, orta məktəblərdə səhər növbəsində oxuyanların nəqliyyat, tıxac problemi ucbatından dərsə gecikmələrinin qarşısını necə almaq sualı yenidən gündəmə gəldi. Cürbəcür təkliflər oldu, məsələnin aktuallığı etiraf ediləndən sonra, nəhayət, yekdil qərar bu oldu ki, problemi hər məktəb özü müstəqil olaraq həll etsin. Yəni dərslərin səhər saat neçədə başlaması hər məktəbin öz daxili işi hesab edilsin və qərarı da məktəb rəhbərliyi versin. Maraqlıdır ki, şagirdlərinin səhər dərsə gecikmələrindən narazı olan məktəb rəhbərliyi məhz özündən asılı olan, lazım gələn addımı atmadı və dərsin başlanma saatını dəyişməz saxladı.…

Hazırda məlum virus söhbətinə görə, problem müvəqqəti olaraq dondurulsa da, təəssüf ki qapadılmayıb. Yeni tədris ili başlayandan martın əvvəlinə kimi - yəni dərslər müvəqqəti dayandırılanədək - yenə də dərs başlayandan sonrakı vaxtda küçələrdə məktəbə doğru qaçan yuxarı sinif şagirdlərini, qaranəfəs olan aşağı sinif şagirdlərinin valideynlərini görmək mümkün idi. Onlar paytaxtımızın “alnına” yazılan, ömürlük tıxac problemindən, nəqliyyat sıxlığından dolayı yaşanan bu çətinliyi hər gün daşıyanlardır. Ki, tədris ili başlayandan ta bugünə kimi, dərslərin nədən səhər saat 9-da, yaxud, 9:30-da başlanmamasını sual etməkdədirlər…

Haqlı sualdır, əslində. Çünki istər avtomobillə, istərsə də ictimai nəqliyyatla olsun, məktəbə müstəqil gələn, yaxud da gətirilən şagirdin hamısı eyni paytaxtın sakinidir. Onların məktəbə hansı vasitəylə, hansı istiqamətdən gəlməsindən asılı olmayaraq, problem eynidir – tıxac, sıxlıq, narahatlıq, narazılıq, bir sözlə əsəbləri tarıma çəkən paytaxt yolları. O yolu birgə addımlayan, sosial statusu, iqtisadi vəziyyəti, dünyabaxışı, dünyagörüşü, hər mənada səviyyəsi, ağlı, görünüşü, bir sözlə, varlığı müxtəlif olan insanları birləşdirən məqam məhz, haqqında danışdığımız məsələdir. O məsələ ki, ətrafında nəzəriyyə şəklində danışılır, haqqında hərtərəfli müzakirələr aparılır, lakin təcrübədə öz həllini tapmır…

Mövzumuza azacıq yaxın olan bir məlumatı qeyd etmək istərdik bu məqamda. Məlumat yayılıb ki, Bakı Nəqliyyat Agentliyi bir layihəni həyata keçirmək ərəfəsindədir. BNA-nın rəsmi nümayəndəsi Coşqun Məmmədov “AVTO FM” radiosuna bildirib ki, şagirdlərin valideynləri tərəfindən şəxsi nəqliyyat vasitələriylə məktəblərə gətirilməsi və parklanma qaydalarına riayət edilməməsi kimi səbəblər məktəblərin qarşısında tıxacların yaranmasına səbəb olur. O, dünya təcrübəsindən misal gətirərək, nəqliyyat sahəsində inkişaf etmiş ölkələrin “School Bus” anlayışından bəhs edib. Bu da, məlum olduğu kimi, şagird-tələbə heyətinin şəhərin hər yerindən toplanılaraq təhsil müəssisələrinə çatdırılmasına xidmət edir. BNA rəsmisinin açıqlamasından məlum olub ki, ölkəmizdə də belə bir təcrübəyə başlamaq istəyirlər.

Yəni BNA “School Bus” layihəsinin Azərbaycanda tətbiqi ilə bağlı layihə üzərində işləyir və Təhsil Nazirliyi ilə əməkdaşlıq edir. Deyilənə görə, layihənin böyük hissəsi görülüb və sözügedən istiqamətdə marşrutlar və onların xətlərinin hansı ərazilərdən keçməsi müəyyənləşdirilmək üzrədir…

Təki iş deyilən kimi olsun və inkişaf etmiş ölkələrdəki sayaq, məktəblilərin tədris ocaqlarına alışqanlığı evdən çıxan, təyinatı üzrə avtobusa ayağını qoyan andan başlasın. Daha yolların tıxac narahatlığını, valideyninin bu mənada korlanan əsəbini, gecikmələrin tədrisin keyfiyyətinə təsirini, müəllimin, direktorun narazılığını, bütün bu qorxunu ürəyində yük kimi daşımasın. Onsuz da yaşından asılı olmayaraq, hər şagird məktəbə daşıdığı məcburi yükün, çantasının ağırlığını kifayət qədər çəkir.

Məktəblilərin çəkdiyi, gündəlik ağırlıqdan, tıxacların, anormal yolların daha da artırdığı “yük”dən azad olması üçün müvafiq təyinatlı avtobuslara, sanıram, ciddi ehtiyac var. Həmin avtobuslara isə hərəkətin sıxlığı zamanı, tıxac yarananda, bütün hallarda, Təhsilə Yardım olaraq, bütün yollarda yaşıl işıq yandırılmalıdır. Məktəbə, ümumilikdə, təhsilə aparan yoldan hamımızın övladları keçir.…

Ona da qeyd-şərtsiz, vaxtında, zamanında yetişmək vacibdir…

 Nigar Orucova 

1.6170129776001