Mixail Roşin: “Azərbaycanda məktəblərin bağlanması doğru qərardır” 

 

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən elan edilən koronavirus pandemiyası (COVID-19) bir sıra ölkələr arasında əlaqələrin məhdudlaşmasına səbəb olub. Bəzi dövlətlər artıq sərhədlərini bağlayıblar.

Turizm biznesi, aviaşirkətlər, ümumilikdə dünya iqtisadiyyatı böyük itkilər verir. “The New York Times” qəzetinin yazdığına görə, təkcə ABŞ-da 160 milyondan 214 milyona qədər insan infeksiyaya yoluxa, 1,7 milyona qədər insan isə ölə bilər. 

Bəzi mütəxəssislər hazırkı koronavirusun “İspan qripi” qədər təhlükəli olduğunu söyləyirlər. Qeyd edək ki, “İspan qripi” 1918-1920-ci illərdə 100 milyona yaxın insanın ölümü ilə nəticələnmişdi.

Bütün dünyada ticarət mərkəzləri, kinoteatrlar, muzeylər, təşkilatlar distant rejimə keçirlər. Bununla belə, Çində, Cənubi Koreyada, Yaponiyada artıq yoluxanların sayında kəskin azalma var. Lakin İtaliya, İspaniya və digər Avropa ölkələrində məhdudlaşdırıcı tədbirlərin gecikməsi, həmçinin virusun yoxlanılması üçün testlərin olmaması səbəbindən koronavirus geniş yayılıb.

Qazaxıstanlı maliyyəçi Aydan Qəribcanov “Goldman Sachs” investisiya bankının koronavirus mövzusunda proqnozlarını bölüşüb. Onun sözlərinə görə, bankın vəziyyətlə bağlı görüşü belədir: yaxın altı-səkkiz həftə ərzində iqtisadiyyatın və səhiyyə sisteminin qlobal çöküşünü görəcəyik. Amerikalıların 50 faizi (150 milyon nəfər), almanların 70 faizi (58 milyon nəfər) koronavirusa yoluxacaq, onlardan 80 faizi yüngül formada, 15 faizi orta, 5 faizi isə kritik səviyyədə xəstələnəcək. 

Aydındır ki, dünyanın demək olar ki, hər bir ölkəsində hökumətlər COVID-19 epidemiyasının yayılmasının qarşısını almaq üçün müstəsna tədbirlər görürlər. Eyni zamanda, bəşər tarixində bir çox epidemiyalar olub. “İspan qripi” barədə artıq xatırlatma etdik.

Media.Az tarix elmləri namizədi, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Mixail Roşin ilə bu barədə danışıb. O, koronavirus pandemiyasına hazırkı reaksiyanın bəşəriyyətin genetik və tarixi yaddaşı olduğuna inandığını bildirib:

- Siz lap vaxtında zəng etmisiniz. Mən sərhədi keçib Rusiya ərazisinə daxil oldum. Sizə deməliyəm ki, sanitariya nəzarəti olduqca sərtdir. Məsələn, gözlərimin önündə Fransa vətəndaşı diqqətlə müayinə və sorğu-sual edildi. Ümumiyyətlə, təşvişin bu şəkildə artırılmasını xatırlamıram. Ancaq bu mütləq şəkildə pis deyil. Məlumat əsrində yaşayırıq, hər bir hal (xəstəlik - red.) qeydə alınır.

- Dünya ölkələrinin hazırkı reaksiyası yaxşı göstəricidir?

- Sözün düzü, həddən artıq təlaş var. Amma təbii ki, tədbir görmək lazımdır. Məsələn, məktəblər bağlanır. Fransada belə bir qərar verildi...

- Elə bizdə - Azərbaycanda da…

- Bu, doğru qərardır. Dünyadakı son real epidemiya “İspan qripi” idi. Onun nəticələrini hamı bilir. Görün ki, dünya hazırki böhranla nə qədər sürətli mübarizə aparır. Çin artıq bu problemin öhdəsindən gəlir.

- Dünya ictimaiyyətinin belə bir reaksiyasının tarixi yaddaşdan qaynaqlanması mümkündür? Orta əsrlərdə “Qara ölüm” - vəba Avropa əhalisinin yarısının ölümünə səbəb oldu. Ondan əvvəl isə Aralıq dənizinin demək olar ki, bütün ölkələrini boş qoyan “Yustinian vəbası” olmuşdu.

- Bəli, təbii ki, bu tarixi və genetik yaddaşdır. Bütün bunlar xalqların yaddaşında saxlanılır və təsir göstərir. Rusiyada dəfələrlə vəba, vərəm və tif epidemiyaları baş verib. Yeri gəlmişkən, Aleksandr Puşkinin həyatında ən məhsuldar vaxt hesab olunan “Boldinski payızı” vəba epidemiyası səbəbindən mümkün olub. O, həmin vaxt məcbur karantində saxlanılırdı.

 

 

1.2929539680481